elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

27 июля 2015 г.

Hacızadə Suada Elxan qızı

Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlmişdir. Körpəlikdən çox gülərüz, məzəli, sakit təbiətli və ətrafda olan hər bir şey ilə maraqlanan bir uşaq olmuşdur. Hələ uşaqlıqdan böyük həvəslə musiqiyə qulaq asırdı, hətta anası onun üçün sevdiyi musiqilərin videokliplərini xüsusi kassetlərə yazmaqla məşğul idi. Bundan əlavə mahnılar oxuyurdu, televizorda yayımlanan uşaq verilişləri, konsertləri və hətta reklam kliplərini həvəslə izləyirdi. Uşaq oyunlarını və xüsusi ilə rəqs etməyi olduqca çox sevirdi. Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlamışdır. İlk kitablarını anası ilə birgə nağıl oxumaqla başlamışdır, sonradan isə Bakı Avropa Liseyinin hazırlıq kurslarına gedərkən yazmağı və oxumağı daha da təkmilləşdirmişdir. Hələ Avropa Liseyinə daxil olmamış uşaq ensiklopediyasını oxumuşdur və hətta qalaktimamız və planetlər barədə ilkin məlumatları öyrənmiş, təbiətlə, flora və fauna ilə çox maraqlanırdı. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansamba gətirmişdirlər. Oqtay müəllimlə məşğul olmağı Suadanın gələcəyinə böyük təsir göstərmişdir. Suadanın anası və nənəsi şeirlər, poemalar yazırlar. Azərbaycanın məşhur tarizənlərdən biri Şirin Axundovun qohumla genləri də balaca Suadanın ilk cixişlarından ozünü büruzə vermişdir. Oqtay Zulfüqarovun rəhbərliyi altında atılan ilk addımlar Suadanı Yasamal rayonundakı 16 saylı Uşaq Musiqi Məktəbinə gətirib çıxarmışdır. Burada isə Qara Qarayevin tələbələrindən biri olan Afa Fiqarova ilə fortepiano dünyasına Suada ilk addımlarını atır. İlk məktəb təhsilinə Bakı Avropa Liseyində başlamışdır. Hazırda isə Namiq Axundov adına 1 saylı orta məktəbdə təhsilini uğurla davam etdirir. Sevimli fənləri - ədəbiyyat, ana dili, xarici dillərdir. 7 sentyabr 2012-ci il tarixində Estoniyanın Tallin şəhərində “Narva ulduzları yandırır” adlı beynəlxalq fortepiano müsabiqəsində III yer laureatı, Azərbaycan bəstakarlarının əsərlərinin parlaq ifasına görə diploma və xüsusi improvizasiyalarına görə diploma layiq görülüb. 22-23 mart 2013-cü ildə Estoniyanın Narva şəhərində dahi bəstəkar İohan Sebastyan Baxın şərəfinə gənc pianoçular arasında keçirilən Beynəlxalq müsabiqəsində 2 yerin laureatı, dünya şöhrətli müsiqiçi Mixail Kazinnik tərəfindən təşkil edilən usta dərslərdə iştirak etmiş və fəal iştirakına görə fəxri diplomla təltif olunub. Həmin il Hollandiyanın Hilversum şəhərində “Perpetuum Mobile” fortepiano üzrə Beynəlxalq Müsabiqəsində II yerin laureatı, 23-30. 03. 2014-cü il tarixində Polşanın Varşava şəhərində “Juliyus Zarebski” adına fortepiano üzrə XIV Beynəlxalq Müsabiqəsində II yerin laureatı, 30. 05-13. 06. 2014-cü il tarixində Rus Mədəniyyəti Mərkəzinin Mixail Lermontovun 200 illik yubileyi ilə əlaqədar keçirdiyi “Rodniki Dushi” adlı X respublika müsabiqə-festivalında ən yaxşı rus xalq və klassik musiqisinin ifasına görə I yerin laureatı, 30. 05. 2014-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Muğam mərkəzində keçirilmiş “İstedadlı Uşaqlar Festivalı”-da musiqi sahəsində qazandığı uğurlara və nailiyyətlərinə görə “Azərbaycanın Gələcəyi” mukafatına layiq görülmüş və diplomla təltif olunmuşdur. Bu hadisə Suadanın yaddaşına ən maraqlı və uğurlu gün kimi həkk olunmuşdur. 2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunmuşdur. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər vermişdir. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olmuşdur. 
“Hər insanın bir arzusu var, mənim də arzum dünyanın ən tanınmış ifaçıları sırasında olmaqdır və ən məhşur dünya səhnələrində Azərbaycan mədəniyyəti və musiqisini bütün dünyaya tanıtmaq və bizim tariximizi, Qarabağ haqqında bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır” - söyləyən istedadlımız onu bu çətin yolda istiqamətləndirən və addım-addım musiqi yolunda əlindən tutub birgə yeriyən valideyinlərinə və üzərində çalışan musiqi müəllimlərinə minnətdar olduğunu vurğulamışdır. Gələcəkdə ixtisası üzrə ən yüksək nailiyyətlər əldə etmək və dünya səhnələrində Azərbaycanın görkəmli pianoçusu kimi tanınmaq arzusundadır. Dövlət Filarmoniyasının səhnəsində ilk uğurlu çıxışından sonra gələcəkdə karyerasını pianoçu kimi davam etdirmək fikrinə gəlmişdir. Dünyanın tanınmış bəstəkarlarının musiqisininin analizi, əsərlərinin improvizasiyası, müasir caz və pop janrını klassik janrla birləşdirib, yeni musiqi bəstələnməsi və onun vokal və piano ifası ilə məşğul olur. Dostları ilə görüşüb kinoya baxmaq, gəzmək, musiqi dinləmək, dərsləri və həyatlarında baş verən hadisələri müzakirə etməklə asudə vaxtını səmərəli keçirdir. Ümumtəhsil və musiqi məktəbini bitirdikdən sonra, Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına daxil olmaq və sonrakı təhsilini Avropanın aparıcı musiqi ali təhsil məktəblərində davam etdirmək, yeni biliklərə nail olmaq və məqsədlərimə çatmaq istəyindədir. Yeni musiqi əsərləri bəstələmək, onları dünyada tanıtmaq, yeni musiqi janrı yaratmaq və dünya musiqi tarixində ozünəməxsus iz saxlamaq arzusu da vardır.
Qəhrəmanımızın fəaliyyəti dəfələrlə müxtəlif telekanallarda, yazılı və elektron kütləvi informasiya vasitələrində işıqlandırıl­mışdır.

Novruzlu Əlixan Elxan oğlu

Azərbaycanlıların və Azərbaycan idmanının tarixi qədimlərə söykənir. Bu günə qədər də Azərbaycanda idmana və onun inkişafına böyük yer ayrılır. 
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin hələ yüz illər bundan əvvəl yazdığı poemalarda Azərbaycan övladlarının qəhrəmanlığı, şücaəti, xüsusilə də pəhləvanların məharətləri öz əksini tapmışdır. 
Bu gün ölkəmizdə idmana və idmançılara olan qayğı göz qarşısındadır. Bu il ölkəmizdə keçirilən ilk Avropa Oyunları da buna bariz nümunədir. 
Gənc nəsil bu gün idmana böyük maraq göstərir, orta məktəb yaşlarından başlayaraq, gənclər müxtəlif idman klublarına yazılır, həvəskar və ya professional şəkildə idmanla məşğul olur, uğurlar  əldə etmək üçün əllərindən gələni edirlər. 
İndi sizə Əlixan adlı balaca idmançıdan danışacağıq. Hələ 7 yaşında olan bu oğlan çox sayda uğurlara imza atıb. Ailədə və məktəbdə öz fəaliyyətindən dolayı yüksək mövqeyə sahib olub. Məktəbinin qürur duyduğu şagirdlərdən biridir. 
Novruzlu Əlixan Elxan oğlu 25 fevral 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur.   Əlixan körpəlikdə sakit, təmkinli, sözə baxan olub . Nağılları, musiqini, şeirləri çox sevib . Sakitliyinə baxmayaraq bütün gün hərəkətdə olub, onu ram etmək üçün mütləq bir oyun qurmaq lazım gəlirdi. 
Əlixan 5 yaşı olanda sərbəst oxuyub, yazırdı. Ona oxuyub, yazmağı , bibisi -  Türkan qəsəbəsi 119 saylı orta məktəbin ibtidai sinif müəlliməsi  Zərnişan müəllimə öyrətmişdi. Oxuyub-yazmağı öyrənəndən sonra Əlixan evdə olan bütün kitablarla maraqlanmağa başlayıb. Ən çox şeir kitablarını oxuyurdu. 
Bir gün onun Nəsiminin “Sığmazam” qəzəlini oxuduğunu görüblər. Əvvəlcə fikir verməyiblər, sonra ondan nə oxuduğunu soruşanda , Əlixanın kitabı bir kənara qoyub qəzəli çox səlis və aydın tələffüzlə əzbərdən dediyinə şahid olublar. Valideynləri buna çox təəccüblənib. Hələ 6 yaşı tamam olmayan uşağın belə bir qəzəli tez əzbərləyə bilməsi ailə üzvlərini çox təəccübləndirib. Hətta məktəbə yeni qədəm qoyanda müəlliməsi uşaqlardan şeir deməyi xahiş edəndə, Əlixan həmin qəzəli , həmçinin bir neçə başqa şeir və qəzəlləri səsləndirib. Əlixan bu gün 7 yaşında olmasına baxmayaraq, çoxlu qəzəl və şeirlər bilir. Klassiklərin kitablarına daim müraciət edir. Nəsimini, Füzulini, Sabiri, Müşfiqi, Vahidi oxuyur, hansı şeir xoşuna gəlsə onu əzbərləyir. 
Əlixan Xəzər rayonu, Türkan qəsəbəsi, Dərdayıl Cəbrayılov adına 119 saylı tam orta məktəbin şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur. Azərbaycan dili və riyaziyyat fənlərini , həmçinin idman və rəsmi çox sevir. 
Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edir. Şeirlərlə çıxış edir. Məktəbə getdiyi ilk gün Mikayıl Müşfiqin “Bəxtiyardır” şeirini səsləndirib. Bütün məktəb kollektivinin qarşısında şeirlə çıxış etmək onun çox xoşuna gəlib. Həmin gün ilk dəfə olaraq onu çoxlu alqışlayıblar.  
Məktəbdə keçirilən “Yeni il” şənliyi, “Novruz” şənliyində də Əlixan fəal iştirak edib. 
Sinif rəhbəri Zəmirə müəllimə və Fidan müəllimə Əlixanın səsləndirdiyi qəzəlləri sosial şəbəkələrdə yerləşdiriblər. Hətta 2015-ci ilin sentyabr ayında Əlixan, M.Ə.Sabir fondunun prezidenti və M.Ə.Sabirin nəvəsi olan Sevda Tahirli ilə keçirilən görüşdə də iştirak etmiş, həmin görüşdə də qiraət qabiliyyətini nümayiş etdirərək, Sevda xanımın sevgisini qazanmışdır. 
Əlixan 5 yaşından “Dinamo” İdman Cəmiyyətində “Ciu-Citsu” idman növü  ilə məşğul olur. 
Həyatında ilk uğurlu günü ilk dəfə medal qazandığı gün olub. 26 aprel 2014-cü ildə “Ciu-Citsu” üzrə 4-5 yaşlılar arasında keçirilən yarışda 28 kq çəki dərəcəsində 1-ci yerə layiq görülüb. Həmin gün Əlixanın qələbəsi ilə dövlət himni səsləndirilib . Bu qələbə ilə Əlixan özünü əsl idmançı hesab edib. O gündən başlayaraq hər zaman himnimizi səsləndirmək üçün çalışıb. Əlixan deyir : “Mən hər zaman  hər yerdə himnimizi səsləndirmək , bayrağımızı ucaltmaq və dövlətimizi qorumaq üçün çalışacağam.” 
9 may 2014-cü ildə Azərbaycan Respublikası “Ciu-Citsu” Federasiyasının Avropa Şurasının “hər 5 uşaqdan biri” kampaniyası çərçivəsində “İdmanla məşğul olan uşaqlar daha güclüdür” devizi altında Bakı şəhər birinciliyində 6 yaşlılar qrupunda Əlixan 2-ci yerə layiq görülüb. 
14 avqust 2014-cü ildə isə Azərbaycan Respublikası “Ciu-Citsu” Milli Federasiyası , Beynəlxalq Ciu-Citsu Federasiyasının üzvü kimi Əlixan  “Dinamo” İdman Klubunun 069 № li diplomu ilə , CCMF prezidenti, Əməkdar məşqçi, 8 Dan Ciu-Citsu, 6 Dan Karate-Do Mirəli Seyidovun təsdiqi və imzası ilə Federasiyanın təşkil etdiyi imtahanda bacarıq göstərərək “7 (SİCH-KYU) ” – ya  layiq görülüb . 
6 avqust 2015-ci ildə Federasiyanın təşkil etdiyi imtahanlarda bacarıq göstərərək “6 (Roku-Kyu)” – ya layiq görülmüş, diplomla təltif olunmuşdur. 
Əlixan həmçinin Olimpik Tir klubunun atıcılıq olimpiya növü olan pnevmatik tapança və pnevmatik tüfəng üzrə məşğələlərə başlayıb və təlim-məşqlərini müvəffəqiyyətlə bitirdiyinə görə 12 noyabr 2015-ci ildə məşqçisi Elman Rzayev və Huntsman Atıcılıq Klubunun icraçı direktoru Cəlal Axundovun təsdiqi ilə sertifikatla təltif olunmuşdur. 
Əlixan tez-tez atıcılıq yarışlarında iştirak edir. 3 oktyabr 2015-ci ildə “Üçlük” atıcılıq yarışında III yer tutduğuna görə, 15 noyabr 2015-ci ildə isə “Hədəf” atıcılıq yarışında I yer tutduğuna görə diplomla təltif olunmuşdur. 
İdmanda əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası “Ciu-Citsu” Milli Federasiyasının yaradıcısı və onun prezidenti Mirəli Seyidova borcludur. Məhz o, Əlixanın atası Elxan müəllimə təkid edərək, onu idman klubuna gətirməsini istəmişdir. Buna görə də qazandığı uğurlarda Əlixan,  Mirəli müəllimə borclu olduğunu xatırladır. 
Məşqçisi İlham müəllim də Əlixanın gələcəkdə çempion olacağına inanır. Əlixan həm idmanı, həm də ona vaxt ayıran müəllimlərini, məşqçilərini çox sevir. Onların etimadını doğrultmağa çalışır. 
Təhsil sahəsində də məktəbdəki müəllimlərinə minnətdarlıq edir. Məhz müəllimlərinin sayəsində hər gün yeni şeylər öyrəndiyini vurğulayır. 
Fəaliyyəti ilə bağlı, idmandakı nailiyyətləri və təhsili ilə əlaqədar ən yüksək pilləyə qədər irəliləməyi  hədəfləyib. Qızıl medal qazanmaq üçün çox çalışır. Həmçinin, Atıcılıq Federasiyasının “Snayper” məktəbinə qəbul olmağı da özünə başlıca hədəf seçmişdir. 
Əlixan gələcəkdə hüquqşünas olmaq istəyir. Qohumlarının  fəaliyyətini gördükdən sonra  o da bu qərara gəlib. Atası Elxan müəllimin dayıları polis orqanlarında çalışıblar. Əlixan da onların geyimlərinə, geyimlərdə olan ulduzlarına həsədlə baxaraq, “böyüyəndə sizin kimi olacam” deyib. Onlar da cavabında bildiriblər ki, “dərslərini yaxşı oxu, idmanla hər zaman olduğu kimi böyük səylə məşğul ol , həyatda istədiyin zirvəyə qalxa biləcəksən.” 
Əlixanın asudə vaxtı az olur. Belə vaxtlarda şəkil çəkməyi, yeni kitablar oxumağı, atası ilə balıq tutmağı xoşlayır.  Futbol oynamağı da çox sevir. Amma demək olar ki, oynamaq üçün vaxtı olmur. 
Vətənpərvərlik mövzularında şeirlər əzbərləyir və çoxlu qəzəllər oxuyur. Klassiklərə müraciət edir. 
Rəsmlə məşğul olanda Əlixan təbiət mövzusuna, idmana aid olan rəsmlər çəkməyə üstünlük verir. İnsan rəsmləri çəkməyi , eyni zamanda cizgi filmlərində gördüyü personajların şəkillərini çəkməyi də xoşlayır. 
Gələcək planları təhsilini yenə də indi olduğu kimi uğurla davam etdirmək, idmandan geri qalmamaq, yeni nailiyyətlər əldə etməkdir. 
Əlixan idman sahəsində yeni cığır açmaqla tarixin yaddaşında qalmaq istəyir. Bunun üçün də  yeni şeylər öyrənməyə çalışır. 
O, vətəninə layiq ola bilmək üçün çox uğurlu addımlarla irəliləməkdədir. 
Bu günə qədər Əlixanla bağlı hər hansı KİV-də məlumat verilməyib. Lakin bütün bu uğurların sahibi olan Əlixanı bundan sonra  çoxları tanıyacaq, biz də onu tez-tez görəcəyimizə inanırıq!