Hacıyeva Ülkər Çingiz qızı 1995-ci il iyunun 6-da Zaqatala rayonunda dünyaya gəlib.
Ülkər məktəbəqədər dövrdə rəqs dərnəyində milli rəqsləri həvəslə öyrənib. 5 yaşında məktəbəqədər hazırlıq kursunda yazıb-oxumağı öyrənib. 6 yaşında Zaqatala rayonu 2 saylı orta məktəbin I sinfinə gedib. 2004-cü ildə ailəsinin birlikdə Bakıya köçməsi ilə əlaqədar təhsilini burada davam etdirmişdir. IV-VIII sinifləri 211 saylı orta məktəbdə oxuyub. 2008-ci ildə Zərifə Əliyeva adına liseyə, 2010-cu ildə isə BDU nəzdində “Gənc istedadlar” liseyinə qəbul olub. Və buradan 2012-ci ildə orta təhsilini başa vurub.
Elə həmin ildə 505 balla Azərbaycan Dillər Universitetinin tərcümə (rus dili-ingilis dili) ixtisasına qəbul olunub. Hazırda Azərbaycan Dillər Universtetinin tərcüməçilik fakultəsinin II kurs tələbəsidir.
Ülkər: “ - Anam həmişə danışır ki, məni doğum evindən gətirəndə nənəm üzümə baxıb dedi: “Bu qız tərcüməçi olacaq”. Nənəmin bu sözləri anama ideya verdi və I sinfə gedəndə anam məni ingilis dili kurslarına yazdırdı. Oradakı müəllimlərim anama həmişə tövsiyə edirdilər ki, məni dil-təmayüllü ixtisasa yönəltsin. Mənə dil öyrənmək həmişə maraqlı və asan olub. Orta məktəbdə ən sevimli dərsim ingilis dili olub. Məktəbdə oxuyarkən 3 dəfə olimpiadalarda iştirak etmişəm. Ali məktəbdə ingilis və alman dillərini öyrənirəm və dərslərə böyük həvəslə hazırlaşıram. Həyatımın ən maraqlı və çox arzuladığım günü universtetə qəbul olunduğum gün idi. Qazandığım bütün uğurları ailəmin dəstəyilə qazanmışam. Təhsilimi bitirdikdən sonra magistraturaya qəbul olmaq, sinxron tərcüməçi işləmək istərdim. Boş vaxtlarımı filmlər izləmək, kitab oxumaq və ya dənizkənarı bulvarda gəzintidə keçirirəm.”
Комментариев нет:
Отправить комментарий