Ayna Sənan qızı Ələsgərоva 24 aprеl 1999-cu ildə Bakı şəhərində dünyaya gəlib. Ayna məşhur fotoqraf-rəssam Sənan Ələsgərovun qızı, karikaturaçı rəssam Arif Ələsgərovun nəvəsidir. Hələ kiçik yaşlarından məmnuniyyətlə kitab və jurnalları vərəqləyər, şəkil və fotolara diqqətlə baxardı. Ona oxunan nağıl və şeirləri maraqla dinləyərdi. Saatlarla Motsartın, Şopenin musiqilərini yorulmadan dinləyərdi. Danışmağa və oxumağa çox erkən başladı. Hər gün yüzlərlə sual verər və vəcdə gəlircəsinə cavabları dinləyərdi.Rəsm çəkmək də onun sevimli və əsas məşğuliyyətlərindən idi. Atası ona fırça tutmağı öyrətdi və molbert bağışladı. Ayna fırça, quaş, akvarel, rəngli qələm və rəsm çəkmək mümkün olan hər şeylə çəkirdi. Onun rəsmləri fantaziyası və rəng bolluğu ilə diqqət çəkirdi. Özünün düzəltdiyi gəlinciklərlə tamaşalar qurmağı sevirdi.
Ayna artıq 4 yaşında yazıb oxumağı öyrənmişdi. Oxumağı çox sevirdi, hətta gəzinti zamanı belə kitablar onun ayrılmaz dostu idi. Gəzinti zamanı atası ilə Aynanın gələcək rəsmlərinin süjet xəttini müzakirə etməyi xoşlayırdı. Atasının incəsənət barədə söhbətlərini çox sevirdi Ayna.
Ayna hazırda 160 saylı Klassik Gimnaziyanın şagirdidir. Dərslərini əla oxuyur. Xüsusilə xarici dil, biologiya və kimyanı sevir. I sinifdən məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Tədbirlərlə bağlı səhnələşdirilən tamaşallarda baş rolları oynamağı çox sevir. Eyni zamanda bilik yarışlarında da fəallıq göstərir. Fənn olimpiadalarının məktəb və rayon turlarında xarici dil üzrə iştirak edir. Aynanın şeir və hekayələr yazmaq bacarığı da var. Bundan əlavə fotoqrafiya ilə də maraqlanır.
2007 və 2008-ci ildə “Hewlett Packard”-ın Makkabidə keçirdiyi Uşaqlar arasında Beynəlxalq Şahmat Turnirində iştirak edib. 2008-ci ildə şeiri kitabda dərc edilib, “Kiçik hekayələr” müsabiqəsində II, qiraətçilərin “Qızıl Payız” müsabiqəsində isə III yerləri tutub. 2009-cu ildə “Puşkinin əsərlərinin ən yaxşı bilicisi” fəxri fərmanı və “Elmi məlumatların ən yaxşı tərtibçisi” diplomu ilə təltif olunub. 2010, 2011 və 2012-ci illərdə dalbadal rus dili və ədəbiyyatı olimpiadasının məktəb turunda III yer tutub. 2012-ci ildə eyni zamanda ingilis dili olimpiadasında I yer tutub. 2013-cü ildə H. Əliyevin 90 illik yubileyi ilə əlaqədar respublika müsabiqəsində fəxri fərmanla təltif olunub.
O eyni zamanda C. Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdidir.
Burda da əlaçıdır. Eyni zamanda məktəbin ansamblının və xor kollektivinin də üzvüdür. Məktəbdə keçirilən konsert proqramlarında fəal iştirak edir. İlk dəfə səhnəyə çıxdığı konserti isə heç zaman unutmayacağını deyir. Musiqi sahəsində də uğurları var. 2012-ci ildə müsabiqədə I yer tutub.
Onun əldə etdiyi nailiyyətlərdə valideynlərinin, müəllimlərindən Rəşadət Badalоva, Fəridə Şеyхоva, İnna Şaşkоva, Svеtlana Abramоva və Sеvda Əmrahovanın xüsusi zəhməti var. İncəsənət sahəsindəki nəzərəçarpacaq istedadına baxmayaraq Ayna diplomat olmaq niyyətindədir. Lakin musiqinin onun həyatında daim yer alacağını bildirir. Hətta gələcəkdə musiqi bəstələməyi belə düşünür.
Ayna asudə vaxtlarını kitab oxumaq, musiqi dinləməklə keçirir. Fotoqrafiya onun həyatında xüsusi yer tutur. Atasının sayəsində o başqalarının görə bilmədiyi nüansları görməyi öyrənib. Atası ilə səyahət etməyi, təbiət gözəlliklərini fotolara köçürməyi xoşlayır. Ümumiyyətlə atasının ona böyük təsiri var. Klassik musiqi, opera və teatr isə həyatına sevinc qatan əsas ünsürlərdir.
Комментариев нет:
Отправить комментарий