elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 октября 2012 г.

Mehribanlıq, səmimiyət onun üçün xoşbəxtlikdir (Əkbərov Elçin Etibar oğlu)


 
Elçinin adı məhşur “Səni axtarıram” tamaşasından götürüb. Uşaqlığından çox mehriban, səmimi, istiqanlı və dəqiqdir. Hələ uşaq olanda velosiped sürməyi, konstruksiyalar qurmağı ilə seçilirdi. Məktəbə gedənə qədər ata-anası Elçinə yazıb-oxumağı öyrətmişdi.
Elçin Etibar oğlu Əkbərov 5 iyul 1985-ci ildə Şəki şəhərində anadan olub. 1991-2002-ci illər ərzində Şəki şəhər 7 saylı orta məktəbdə oxuyub. 2001-2002-ci illərdə “Araz” hazırlıq kurslarında təhsil alıb. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə ali təhsilə başlamış, 2003-cü ildə isə imtahan verərək həmin universitetin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin tərkibində yaradılmış “Xüsusi İstedadlar Qrupu”na daxil olmuşdur. 2006-cı ildə bakalavr pilləsi üzrə təhsilini başa vuraraq, ADİU-da MBA (Master of Business Administration) istiqamətində maliyyə ixtisası üzrə magistr təhsilinə başlamışdır. 2008-ci ildə magistr təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşdur.
Onda iqtisadiyyata maraq orta məktəbdə oxuduğu zaman yarandı. Beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməyi düşünərək bu ixtisası seçdi.
Elçin orta məktəbdə dərslərimi əla qiymətlərlə oxuyub. Sevimli fənləri coğrafiya, tarix, riyaziyyat olub. Kimya üzrə şəhər olimpiadasında iştirak edərək II yer tutub.
Ali məktəbdə dərslərini əla qiymətlərlə oxuyub. Beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq ticarət, ictimaiyyətlə əlaqələr kimi fənlər diqqətini daha çox cəlb edib. Özünün söyləməsinə görə həyatımda ən uğurlu hadisə “Xüsusi İstedadlar Qrupu”na daxil olmasıdır.
Uğurlarına görə əsasən valideynlərinə, sonra Araz” kursunda ona dərs deyən Yasin və Nuru müəllimlərə minnətdarlığını bildirdi.
Hazırda özəl bir şirkətdə işləyir. Xoşbəxtliyi dürüst, sağlam, düşüncəli, mehriban, səmimi olmaqda və belə insanlarla əhatə olmaqda görürəm. Elçin sayılıb-seçilən mütəxəssis olmaq istəyir.
Asudə vaxtlarını ən çox idmanla məşğul olmaqla və yeni nəsə öyrənməklə keçirir.
Təhsilini doktorantura pilləsi üzrə davam etdirmək, elmi biliklərini maksimum dərəcədə artırmaq istəyir. 

Məmmədov Urxan Əli oğlu

Ailə həyatı qurduqdan sonra yaxınların və qohumların iştirak etdiyi bir məclisdə kiçik bacım Südabə xanım bizə 2 oğlan övladı arzuladı: Orxan və Urxan. Ulu tanrının köməyi ilə bacımın arzusu gerçəkləşdi. 1987-ci ildə Orxan, 1989-cu ildə isə Urxan adlı 2 oğlan övladını dünyaya gətirən Gülnarə xanım və bu vaxta kimi çox xoşbəxt idi. Bu adların seçilməsi o vaxt dəbdə olması ilə yanaşı türk soykökünə bağlılığa bir işarə idi. Urxan körpəlikdə çox maraqlı uşaq olub. Olduqca cəld və qıvraq idi. Urxan 5 yaşında olanda anası Gülnarə xanım ona yazıb-oxumağı öyrətmişdi.
Urxan Əli oğlu Məmmədov 1989-cu ildə yanvarın 15-də Bakıda anadan olmuşdur. 1995-ci ildə Nərimanov rayonundakı Natiq Tağıyev adına 212 saylı orta məktəbin I sinfinə getmiş, 2006-cı ilə həmin məktəbin XI sinfini bitirmişdir. 2005-2006-cı illərdə ali məktəbə hazırlıq məqsədilə “Zirvə” kursuna təhsil almışdır. Dil hazırlığı üzrə ümumi sınaq imtahanlarında qazandığı uğurlarına görə tərifnamə ilə təltif olunmuşdur. 2006-cı ildə ADU-nun roman, german fakültəsinə qəbul olunmuşdur. 2010-cu ildə isə universiteti bitirmişdir. 2006-cı ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bir müddət çalışmış, ona verilən on minlərlə cümləni sintaktik təhlil edərək təhvil vermişdir.
Urxan BDU-nun tarix fakultəsinə qəbul olmaq istəyirdi. Təsadüfi deyil ki, dilçiliyə və tarixə aid bütün suallara düzgün cavab vermişdir. Həmin il BDU-nun keçid balı 491 olduğu halda, birdən-birə III qrup üzrə keçid balları 100,120 bal arasında artmışdır. Elə ona görə də, 515 bal toplamasına baxmayaraq ADU-ya qəbul olmuşdur. Bütün bunlara baxmayaraq dilçiliyə böyük maraq göstərmişdir. Hələ “Zirvə” kursunda əlavə hazırlıq məqsədilə təhsil alarkən “İctimai” radioda Azərbaycanda dilçiliyin vəziyyətinə həsr olunmuş bir verilişə dəvət olunmuş, aparılan müzakirələrdə fəallıq göstərmiş, ayrıca çıxışı olmuşdur.
Asudə vaxtlarında idmanla məşğul olurdu. Özünü hərbi xidmətə hazırlayırdı. Bədii kitablara böyük maraq göstərirdi. Tahir Kazımovun “Qisas”, Elxan Elatlının “Qan ləkəsi”, “Yeddinci mərtəbədə qətl”, Ernst Heminqueyin “Əlvida Silah”, Cəmil Əlibəyovun “Dünyanın o biri üzü”, Cəmşid Əmirovun “Qara Volqa”, Sabir Rüstəmxanlının “Ömür kitabı”, Sadıq Elcanlının “Mənim mövqeyim”, Bəxtiyar Vahabzadənin “Axı, dünya fırlanır” əsərləri onun kitab rəfini bəzəyir. Bundan əlavə Urxan bir neçə kitabxananın üzvü idi və oradan aldığı, geri qaytardığı adlarını unutduğumuz çoxlu sayda kitablar oxumuşdur. O, eyni zamanda qəzələ və şeirə böyük maraq göstərirdi “Qaldı” adlı bir şeir yazmışdır. Həmin şeirin bir neçə bəndi indi onun məzarlıqdakı sinə daşının üstünə həkk olub:
                                                    
Urxan, arzuların tükənməz yolu,
Döndü xəyallara ürəkdə qaldı.
Bülbüldən yarıçün çox etdim fəqan,
Göz yaşım tökülüb şişədə qaldı.
      
Əzabdan bezəndə ölüm axtardım,
Ölümçün fərmanım fələkədə qaldı.
Ömür boyu zəhmət çəkib gülmədim,
Bütün arzularım ürəkdə qaldı.

Hər gün

Öldürür yarın həsrəti məni vallah,
Gözüm istər görə cananı hər gün.
Eşitməyəndə səsini kar oluram.
Səsləməkdir təsəllim adını hər gün.

Çatmasa da sənə əli divanənin,
Röyada görmək istər yarını hər gün.
Sənsiz həyat ölümdür, onunçün bu aşiq,
Öz əliylə qazır məzarını hər gün.
Bilmək istəsən halını mehmanım ol,
Urxanın eşit ahu-zarını hər gün.

Atası Əli bəyin dedikləri: “ - Urxanın həyatından maraqlı bir faktı qeyd etmək istəyirəm. Hərbi xidmətə getməyinə təxminən bir həftə qalmışdı. Günorta idi. Divanda oturub kitab oxuyurdu. Birdən kitabı kənara qoyaraq məndən soruşdu: “Ata Badamdarda qəbiristanlıq varmı? Hər iki tərəfi dağla əhatə olunubmu? Orada Xocahəsən şosesi varmı? “Qurd qapısı” o qəbiristanlığın yanındadırmı? Mən “Qurd Qapısı”nın harada olduğu və onun yanında qəbiristanlıq olduğunu izah etdim. Sonradan Urxan hərbi xidmətə yola düşdü. 2010-cu ilin iyulun 14-də vətən qarşısında xidmətini yetirərkən MN-nin “N” saylı hərbi hissəsində şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. Xeyli vaxt keçdikdən sonra bir gün yoldaşım göz yaşları axa-axa mənə bir kitab verdi ki, Urxan tapşırmışdı ki, atama deyərsən bu kitabın cırılmış vərəqlərini yapışqanla yapışdır. Kitabın vərəqlərini yapışdırarkən bunun mənə sual edib qəbiristanlıq haqda kitab olduğunu bildim. Qəhər məni boğurdu, kitaba diqqət etdim. Məlum oldu ki, bu Tahir Kazımovun “Qisas” kitabıdır. Kitabı oxuyarkən məlum oldu ki, Urxan məndən indi özünün məzarı olduğu qəbristanlığı soruşurmuş. Hər iki tərəfdən əhatə olunmuş Şubanı dağıdır. Ortadan gedən şosse isə Xocahəsən şossesidir. Sanki oğlum harada dəfn olunacağını əvvəlcədən bilirdi. Bu onun uzaqgörənliyi, həyatın möcüzəsi idi. Mən bundan çox təsirləndim, göz yaşları içərisində onun cib dəftərçəsindən bir cümləni başlıq seçərək aşağıdakı şeiri oğlumun ruhuna ithaf etdim: “Doğulandan ölənə, öz neçə minillik yolu, təcrübəsi, dərdli, qələbə və itkiləri ilə Vətən bizim içimizdən, ömrümüzdən, qanımızdan və canımızdan keçir.”

Urxan

Özün seçdin, özün getdin bu yolu
Getdiyin bu yolun mübarək oğul!
Namus, qeyrət, vicdan oldu amalın,
Seçdiyin bu amal mübarək oğul,

Bir gün “Qurd qapısı” hardadır? deyə
Orda qəbiristanlıq varmı? - soruşdun.
Xocahəsən şossesi, o dağlar,
Oxudun kitabdan, məndən soruşdun.

Mən hadan biləydim sorduğun məkan,
Müqəddəs yeridir əbədiyyətin.
Bizimçün ziyarət yeri olacaq,
Bəlli məzarında mübarək, oğul!

Əlimə alaraq həmin kitabı,
Oxudum, öyrəndim mən bunları:
Şubanı dağıdır, o qoşa dağlar
Qoşa dağlarına mübarək, oğul !

Şahidlik eləyir Şubanı dağı,
Necə yoxlayırıq biz məzarını.
Dumanlı o dağın ətəklərində
Qurduğun yuvana mübarək, oğul !

Ana şairə olub, atan yazıçı,
Gəzdirir qəlbində dərdi ağrını 
Bizm üçün yazılıb ayrılıq vaxtı,
Ömrünün baharına mübarək, oğul !
        
Sən
              
Əbədi qonağısan röyamın sən !
Qəlbimdəsən, ruhumdasan, canımdasan sən
Bir ürəkdə iki cansan, yaşayırsan sən !
Ruhun göylərdə, özün canımdasan sən

Qaranlıq dünyamın ulduzuydun sən !
Zülmət gecələrin səhəriydin sən
Düzgün yol göstərən mayak idin sən !
Hər yana nur saçan işıq idin sən

Həyat bağçasında bir gün idin sən !
Nəşəli həyatın özün idin sən
Atanın döyünən qəlbi idin sən
Ananın vüqarı, fəxri idin sən

Ağıl, elmin dünyasında lider idin sən !
Üfüqdə parlayan günəş idin sən
Tanrının verdiyi mələk idin sən !
Ailənin başının tacı idin sən
Dumanlı dağların zirvəsiydin sən !
Allahın ən gözəl övladı idin sən           

Nə qədər ömrüm var, yaşayıram mən !
Röyamın əbədi qonağısa sən
Həqiqət aşiqiydin, ədalətin özüydün sən!
Ailənin əzizi, istəklisi, gözüydün sən
Sənsiz qalan kitabların səni məndən soruşur
Axı, sən niyə qayıtmadın, de niyə qayıtmadın?!

Bütün bunlara rəğmən Urxan dinə bağlı adam idi. Son illər müntəzəm olaraq oruc tuturdu. Dostları ilə birlikdə tez-tez məscidlərə gedərdi. Mir Möhsün Ağanın ziyarətgahında olmuşdur. Dünyasını dəyişdikdən sonra anası Gülnarə xanım namaz qılmağa başlamışdır.Bu zaman ona bəzi dini materiallar lazım olmuşdur. Gecə anasının yuxusuna girərək kitabların arasında belə materiallar yazıb qoymağını demişdi. Sən demə namaz qılmaq üçün qabaqcadan bu materialları əldə etmişdir. İndi anası ondan istifadə edərək namaz qılır. Onun 21 illik parlaq həyatı bugünki gənclik üçün örnəkdir. Urxan onu tanıyanların qəlbində əbədi yaşayacaqdır!

e-mail: offended@box.az.

Onun uğursuz günü olmayıb (Məmmədov Xəyal Vidadi oğlu)


Xəyalın adını atası qoyub. O, körpəlikdə çox şirin və sakit uşaq idi. Danışmağa tez başlayıb, yaddaşı çox yaxşı idi. Kiçik yaşlarından bir çox şeirləri və tapmacaları əzbər bilirdi. Orta məktəbə gedənə qədər babası ona “Quran”dan bəzi surələri öyrətmişdi. O, özünü əxlaqi cəhətdən o qədər yaxşı aparırdı ki, heç kim onda bir nöqsan görmürdü.
Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Özünün marağı olduğu üçün valideynləri onunla daim məşğul olurdular.
Kənd məktəbini bitirməsinə baxmayaraq, 2002-ci ildə orta məktəbi bitirəndə qəbul imtahanında Bərdə rayonu üzrə ən yüksək bal toplamışdı (570.25 bal). Buna görə bütün müəllimlərinə minnətdardır.
Xəyal Vidadi oğlu Məmmədov - 23 iyul 1985-ci ildə tarixində Bərdə rayonunun Yeni-Əyricə kəndində anadan olub. 1991-2002-ci illərdə B. Məmmədov adına Yeni-Əyricə kənd orta məktəbində orta təhsil alıb. 2002-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı” fakültəsinə qəbul olunub. 2006-cı ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib, həmin universitetin magstraturasına “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə qəbul olunub. 2008-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib həmin universitetin “Aspirantura və doktorantura şöbəsinə” dissertant qəbul olunub. Hazırda “İnvestisiya layihələrinin idarə edilməsi və səmərəliliyinin yüksəldilməsi yolları” mövzusu üzrə ADİU-nun “Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor T.Ə.Hüseynovun rəhbərliyi ilə namizədlik dissertasiyası üzərində işləyir.
Orta məktəbdə oxuyanda sinif nümayəndəsi olub və bütün olimpiada yarışlarında, siniflərarası, məktəblərarası bilik yarışlarında iştirak edib. Rayon olimpiadalarında V sinifdən XI sinfə qədər ingilis dili fənni üzrə həmişə I yeri tutub. Füzuli Məmmədovun keçirdiyi “Frenk olimpiadası”nda isə III yeri tutmuşdu.
Ali məktəbdə oxuyanda müntəzəm olaraq müxtəlif intellektual oyunlarda və yarışlarda iştirak edirdi.
Bakı Dövlət Universitetində “Xəzər” intellektual klubunun təşkil etdiyi intellektual oyunlarda iştirak etmək üçün tələbə dostları ilə birlikdə “Kapital” adlı komanda yaratmışdı. Həmin komanda ADİU-də keçirilən fakültələrarası “Nə? Harada? Nə zaman” intellektual oyununda I yeri tutub. 2005-ci ildə Səbail rayonundakı ali təhsil müəssisələri arasında keçirilən “Breyn-rinq” intellektual oyununda I yeri tutan ADİU-nun komandasının üzvü olub. Təhsil aldığı müddətdə demək olar ki, ADİU-da keçirilən bütün fakültədaxili və ümumuniversitet konfranslarda iştirak edib. Bir neçə diplomla təltif olunub. Qrup üzrə Tələbə Gənclər Təşkilatının sədri, magistraturada oxuduğu müddətdə isə Magistr Hazırlığı Mərkəzinin Tələbə Elmi Cəmiyyətinin sədri olub. İndiyədək 3 elmi məqaləsi çap olunub.
Əmək fəaliyyətinə 2006-cı ildə başlayıb. Təhsilin bakalavr pilləsini bitirən kimi ADİU-da keçirilən ilk “Məzun yarmarkası”nda müsabiqə yolu ilə “Amrahbank” ASC-nin valyuta şöbəsinə mütəxəssis vəzifəsinə işə götürülüb. 2007-ci ildən “Amrahbank” ASC-nin Səbail filialında mühasib, 2008-ci ildən Baş mühasibin müavini, 2009-cu ildən isə Baş mühasib (Nəzarət şöbəsinin rəisi) vəzifəsində çalışır. Həmçinin “Gənc Mühasiblər Birliyi”ndə bank işi üzrə mühazirələr aparır.
Xəyal Vidadi oğlu Məmmədovun dediklərindən: - Təhsildən əlavə orta məktəbdə oxuyanda hərdən şeir yazır və portret şəkillər çəkirdim. Məktəbdə keçirilən bayram tədbirlərində sinif yoldaşlarımla müxtəlif yumoristik səhnəciklər və ya dram səhnələri hazırlayırdıq. Bütün fənləri eyni dərəcədə mənimsəməyə çalışmışam. Sevimli fənlərim coğrafiya, Azərbaycan dili, riyaziyyat, kimya, iqtisadiyyatın əsasları, insan və cəmiyyət, ingilis dili, ali məktəbdə isə iqtisadi nəzəriyyə, müəssisənin iqtisadiyyatı, iqtisadiyyatın dövlət tənzimlənməsi, pul, kredit və banklar, maliyyənin əsasları, beynəlxalq iqtisadi münasibətlər, sənaye istehsalının təşkili, fəlsəfə, neft sənayesinin iqtisadiyyatı və idarə edilməsi olub.
Ali məktəbə qəbul olmağıma görə bütün müəllimlərimə minnətdaram (ibtidai sinif - Qənahət Ağayeva, riyaziyyat - Tofiq Hüseynov, coğrafiya - Vüsalə Mənəfova, ingilis dili - Elza Nəbiyeva, tarix - Şaban Hüseynov və başqaları).
Xoşbəxtliyi sağlamlıqda, doğmaların, yaxınların əhatəsində olmaqda, əsl müsəlman kimi həyat tərzi sürməkdə görürəm. Məncə maddi nemətlərə sahib olmaq xoşbəxtlik gətirmir. Xoşbəxtlik bu gün səndə olanları dərk edib, şükr etməkdədir.
Kitab oxumağı çox sevirəm”.   
ADİU-nin “Müəssisənin iqtisadiyyatı” kafedrasının professoru Zahid Abdullayev Xəyal haqqında müsbət fikirlər söylədi: “ - Xəyal Məmmədovu tanıdığım ilk gündən sezdiyim xüsusiyyətlərindən ən başlıcası əxlaqlı olmasıdır. Daha sonra müşahidəçilik, dinləmə, təmkinlilik kimi xüsusiyyətlərini qeyd edə bilərəm. Öyrənilən mövzunu bir növ özününküləşdirmə qabiliyyəti var idi. Tam aydın olmayan bütün məqamları aydınlaşdırmağa çalışırdı. İqtisad elmini yalnız öz ixtisası çərçivəsində deyil, çox geniş şəkildə öyrənirdi ki, bu onun digər sahələri də daha yaxşı mənimsəməsinə kömək etdi. Bunun nəticəsidir ki, qısa bir müddətdə bankda filialın baş mühasibi vəzifəsinədək yüksələ bilmişdir.
Xəyal Məmmədova bakalavr və magistraturada dərs dediyim üçün əminliklə deyə bilərəm ki, zaman keçdikcə iqtisadi təfəkkürü həqiqətən sürətlə inkişaf edir. Magistraturada oxuduğu dövrdə liderlik xüsusiyyətlərini daha da inkişaf etdirdiyi aydın hiss edilirdi. Orijinal qərar qəbuletmə qabiliyyəti onun gələcəkdə çox yaxşı idarəçi olacağını göstərməkdədir. İnanıram ki, həm elm adamı kimi, həm də idarəçi kimi gələcəkdə ölkəmiz üçün əhəmiyyətli işlər görənlərdən biri olacaqdır”.
e-mail: mxv85@yahoo.com

BİZİM ELŞƏN (Əliyev Elşən Firudin oğlu)


İstedadlı gənclərdən biri də Elşəndir. Elşənin valideynləri ilə söhbətimiz də maraqlı oldu, anası dedi Nağıl eşitməyi, kitabdakı şəkilləri ona danışmağı çox xoşluyurdu. Körpə vaxtı mən ona çoxlu şəkilli kitablar almışdı. Şəkilə baxıb nağıl danışırdı.
Məktəbə getməzdən əvvəl oxumağı bilirdi. Mən öyrətmişdim. Elşən məktəbə gedən ili əlifba dəyişildi. Qəzetdə latın əlifbası çıxmışdı, hamısını özü qəzetdən öyrənib. Yazmağı örgətməmişdim. Hesabı daha yaxşı bilirdi. Mağazaya tez-tez göndərirdim, özü her şeyi hesablayırdı. Uşaqlıqdan meyli riyaziyyata daha çox idi.
Əliyev Elşən Firudin oğlu 1985-ci ildə Ermənistanın Vedi rayonu Qaralar kəndində anadan olub. I sinfə 1998-ci ildə 171 nömrəli məktəbdə gedib, 3 il orada oxuduqdan sonra IV sinfi 88 nömrəli məktəbdə oxuyub. V-VI sinfi 287 nömrəli Zəkalar liseyində əlaçı oxuyub. Sonra Bakı Özəl Türk Liseyinə imtahan verib, yüksək balla ora daxil olub. VII-XI sinifləri orada oxuyub. Liseydə oxuduğu gündən yaxşı oxumağı ilə fərqlənib. Oxuduğu ilk ildən XI sinfi qurtarana kimi hər yarım illikdə tərifnamələrə və fəxri fərmanlara layiq görülüb, valideynlərinə isə təşəkkür məktubları göndərilib. Riyaziyyatdan olimpiadalarda yüksək bal toplayırdı. IX sinifdə isə respublika olimpiadasında riyaziyyat üzrə II yer tutaraq diplom və medalla təltif olunub. Bir çox müsabiqələrdə və testlərdə iştirak edirdi. Hər dəfə yer tutub hədiyyələr alırdı. Amerikalıların dərs dediyi İLC ingilis dili kursuna gedib və oradan da sertifikat alıb, bilgisayar kurslarını bitirib. Futbolla, karate ilə məşğul olub.
2003-cü ildə məktəbi əlaçı qurtardıqda dörd sertifikata layiq görüldü: ingilis dili,türk dili, bilgisayar üzrə sertifikatlar. BÖTL-ni bitirərək sənədlərini II qrupa vermiş və İqtisad Universitetinə daxil olmuşdur. 2007-ci ildə universitetin bakalavr pilləsini bitirdikdən sonra magistraturanı oxumaq üçün sənədlərini Türkiyəyə göndərdi və orada ingilis dilndə imtahan verərək, 800 ballıq imtahan üzrə 786 bal toplayaraq Almaniyanın Maqdeburq şəhərində Otto-fon-Guericke Universitat Magdeburg - adlı Universitetə daxil oldu. Orta məktəbdə oxuyan vaxtdan onda biznesə maraq yaranmışdı və bu həvəslə gələcəyini yaxşı qurmaq üçün biznes fakultəsininin menecment ixtisasının seçdi. Biznesmen olmaq istəyi var.
Orta məktəbdə yaxşı oxuyub, əlaçı olub. Bütün sınaq testlərinə, məktəb yarışmalarına gedib. Sevdiyi fənlər riyaziyyat, ingilis dili, biologiya idi. Öz məktəblərində, Çağ Öyrətimdə, Araz kurslarında həmişə bilik yarışlarında iştirak edib, yüksək bal toplayıb, diplom və medallar, hədiyyələr alıb. Çağ Öyrətimin sərgilərində və tədbirlərində hər zaman iştirak edirdi. Orada kimyadan ixtira etdikləri təcrübələri nümayiş etdirirdilər.
Ali məktəbdə də hər zaman yaxşı oxuyub, bəzi tədbirlərdə iştirak edib.

e-mail: eliyev_elshen@yahoo.com

Abdullayeva Yeganə Qəhrəman qızı

Qəhrəman bəy yeni dünyaya gələn qızına Yeganə adını verəndə istəyirdi ki, cəmiyyətdə həmişə seçilsin və hər bir işdə bacarığı ilə hamıdan fərqlənərək yeganə olsun.
Yeganə uşaqlıqda təkliyə çəkilib öz oyunlarını qurmağı sevmişdir. Oyuncaqları içərisində “Doktor Aybolit”i daha çox sevirdi. Gəlincikləri ilə “həkim” oynamağa daha çox üstünlük verərdi. Onlara iynə vurmağı, dərman içirməyi, yedizdirməyi, həkim kimi onlara qayğı göstərməyi çox sevərdi. Artıq məktəbə gedənə qədər yazmağı və oxumağı bilirdi. Valideynləri və xalası demək olar ki, bütün I sinif materiallarını ona öyrətmişdilər.
Yeganə Qəhrəman qızı Abdullayeva 8 mart 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Xətai rayonundakı 245 saylı orta məktəbin ingilis təmayüllü birinci sinifinə daxil olmuş və 2001-ci ildə həmin məktəbi bitirmişdir. 2002-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsinə yüksək balla daxil olmuşdur. 2009-cu ildə universiteti müvəffəqiyyətlə bitirib təyinatla Mingəçevir şəhər Birləşmiş Uşaq Xəstəxanası nəzdində “Ana və Uşaq” müalicə-sağlamlıq mərkəzinin poliklinika şöbəsinə işə qəbul edilmişdir. Hazırda sahə həkimi kimi fəaliyyət göstərir.
Orta məktəbdə təhsil almaqla yanaşı 36 saylı Uşaq  Musiqi Məktəbinin fortepiano şöbəsində yeddiillik musiqi təhsili də almışdır. Orada oxuduğu müddətdə bir sıra musiqi tədbirlərində, Uşaq Filarmoniyasında konsert proqramı ilə çıxış etmiş və müvəffəqiyyət əldə etmişdir.   
Yeganə hələ uşaqlıq illərindən həkimlik sənətinə maraq göstərmişdir. Anası ona həkimliklə bağlı çoxlu oyuncaqlar alardı. Ona görə də hələ aşağı siniflərdə həkim olmaq qərarına gəldi.
Orta məktəbdə yaxşı oxuyub, sinifdə həmişə fərqlənib. Sevimli fənnləri ingilis və rus dili, fizika, riyaziyyat, kimya, biologiya və ədəbiyyat fənnləri olub. Orta məktəbdə keçirilən bütün tədbirlərdə, müxtəlif şair və yazıçıların həyat və yaradıcılığına həsr olunmuş ədəbi gecələrdə, fənn olimpiadalarında, məktəblərarası fənn yarışmalarında fəal iştirak edib.
Ali məktəbdə də dərslərini yaxşı oxuyub. Ən sevimli fənnləri ixtisasıyla bağlı olan uşaq xəstəlikləri, neonatologiya, patoloji anatomiya, uşaq cərrahiyəsi, uşaq yoluxucu xəstəlikləri fənnləri olmuşdur. Universitet illərində ixtisasıyla bağlı referatlar yazaraq Tələbə Elmi Cəmiyyətində çıxışlar edib.
İxtisası üzrə professor Adilə Namazova onun idealıdır.
Ən böyük arzusu körpələrimizin sağlam böyüməsi üçün daha çox ehtiyacı olan bölgələrdə və Ana və Uşaqları Mühafizə İnstitutunda işləməkdir.
Asudə vaxtlarında ixtisasıyla bağlı ən yeni elmi nailiyyətlər haqqında məlumatlar almağı, elmi araşdırmalar aparmağı, mütaliə etməyi, piano çalmağı çox xoşlayır.
Yeganə: “ - Həkim işlədiyim ilk gündə xəstə körpənin xəstəliyini təyin edib, onu müalicə edərək sağaltmağımı ilk uğurum hesab edirəm. Körpənin valideyinləri mənə öz təşəkkürlərini bildirəndə özümü çox xoşbəxt hiss etdim. İxtisasımı daha da təkmilləşdirmək, elmi tərəqqidə mənim də payımın olmağını istəyirəm”. 

Xalıqova Səbinə Malik qızı


Səbinə körpəlikdən çox həssas, qayğıkeş və düşüncəli, ədalətli, mərhəmətli bir uşaq olub. Bayram və ad günlərində valideylərinə, bacısına xüsusi zövqlə təbrik açıqcaları hazırlayar, islam dini və peyğəmbərlərin həyatı ilə bağlı mütaliə edən və filmlərini seyr etməyi xoşlayardı. Nənəsi Tahirə xanım ibtidai sinif müəllimi olduğu üçün hələ 4 yaşından “Əlifba”nı ona öyrətmişdi. 10 dairəsində toplama və çıxmanı bilirdi və kiçik həcmli mətnlər, qəzet başlıqlarını oxuyurdu. 3 yaşından 250 saylı uşaq bağçasında Təranə Qasımovanın qrupunda tərbiyə alıb. Bağçada yaşıdlarından rəvan hekayə danışmaq, çoxlu sayda şeir söyləmək, rəqs etmək, şirin avazla mahnı oxumaqla fərqlənmişdir. Yaşına uyğun kiçik həcmli şeirlər də yazırdı. Şeirlər əsasən anasına, atasına, nənəsinə həsr edilirdi.
Səbinə Malik qızı Xalıqova 27 iyun 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə Bakı şəhəri Xəta rayonundakı Murad Hacıyev adına 116 nömrəli orta məktəbin I sinfinə getmiş, sonra yaxınlıqda “Zəkalar” liseyi açıldığı üçün müsabiqə yolu ilə qəbul edilmiş və V sinfədək təhsilini burada davam etdirmişdir. V-VII sinifləri Xətai rayonundakı 245 saylı məktəbdə oxumuşdur. VIII- XI sinifləri yenidən 116 saylı məktəbdə davam etdirmişdir. I sinifdən XI sinfə kimi əla qiymətlərlə oxuyub. Orta məktəbdə bilik yarışlarında disputlarda, olimpiadalarda iştirak edib. Biologiya olimpiadasının rayon turunda I, şəhər turunda II yeri tutub.
2002-ci ildə TQDK-nın keçirdiyi qəbul imtahanlarında 527 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə ödənişsiz əsaslarla qəbul olunmuşdur. Universtetdə oxuduğu illərdə seçdiyi ixtisasa olan böyük həvəsi onu daha ciddi şəkildə çalışmağa sövq etmiş, mühazirələri diqqətlə dinləmiş, seminarlarda fəallığı ilə seçilmişdir. Dərsdən sonraki və ümumiyyətlə boş vaxtlarını müxtəlif kafedraların nəzdindəki müvafiq laboratoriyalarda əyani vasitələri dərindən öyrənməklə, universtetin nəzdindəki kitabxanada axtarışlar aparmaqla məşğul olmuşdur. Səylə çalışması nəticəsində semestr və dövlət imtahanlarını əla qiymətlərlə verərək 2008-ci ildə universteti fərqlənmə diplomu ilə bitirmişdir. Əla qiymətlərlə oxuduğu üçün universtet rəhbərliyi tərəfindən ixtisas seçimi zamanı ona sərbəst seçim hüququ verilmişdir. O, qastroenteroloq ixtisasına üstünlük vermişdir. ATU-nu bitirdikdən sonra 5 saylı şəhər Klinik Xəstəxanasında həkim-interna kimi ilk əmək fəaliyyətinə başlamış və seçdiyi ixtisası doğruldaraq oranı da müvəffəqiyyətlə bitirmişdir. İnterna-həkim işlədiyi müddətdə ixtisası üzrə həkimlərin attestasiya suallarının hazırlanmasında, elektron variantının çap olunmasında, cavabların doğruluğunun dəqiqləşdirilməsində, dərs vəsaitlərindən, digər tibb ədəbiyyatlarından və internetdən son məlumatlardan istifadə etmişdir. Hazırda “Real” tibb mərkəzində həkim-qastroenteroloq işləyir.
Ali məktəbdə də elmi mübahisələrin, disputlar, konfransların iştirakçısı olub.
Özünü dinləyək: “ - Günümün çoxunu kitabxanalarda keçirdiyim üçün heç bir yarışa qatılmamışam. Ən uğurlu günüm universtetə qəbu olunduğum gündür. Çünki valideynlərimin arzusu real olmuş idi. Seçdiyim ixtisasa yiyələnməkdə atama və anama borcluyam. Atam bu yolu keçmiş bir mütəxəssis kimi mənə tibbi biliklərə yiyələnməyimdə, keçdiyim dərslərin öyrənilməsində, tədris zamanı ortaya çıxan sualların, cavabların hazırlanmasında, seminarlara və imtahanlara hazırlaşarkən qarşıma çıxan çətinliklərin çözülməsində və ümumiyyətlə bir həkim kimi yetişməyimdə yollarıma işıq saçan bir mayak kimi olmuşdur.
Qəbul imtahamlarında göstərdiyim nəticələrə görə mənimlə bərabər səhəri yuxusuz açan anama və əlbəttə ki, mənə elm, bilik verən 116 nömrəli məktəbin müəllimlərinə borcluyam. Bundan başqa mənim bir gənc kimi formalaşmağımda 116 saylı orta məktəbin direktoru Rəhilə Məmmədovanın böyük rolu olmuşdur.
Arzum mərkəzi Neftçilər xəstəxanasında və ya ona müvafiq klinikaların birində işləməkdir.
Asudə vaxtlarımı internetdə ixtisasımla bağlı xəstəliklərin müasir diaqnostikası və müalicəsi ilə bağlı interaktiv müalicə üsulları axtarmaq, oradakı mütəxəssislərə qulaq asmaqla keçirirəm. İslam dini ilə bağlı kitablar oxumağı, televizorla müxtəlif kanallarda tibbi verilişləri izləməyi, musiqi və şeir dinləməyi, kiçik yaşlı uşaqlar üçün corab, əlcək və s. toxumağı, xəmir xörəkləri bişirməyi, köhnəlmiş çanta və geyimlərə dəbə uyğun aksessuarlar əlavə etməklə onları işlək vəziyyətə gətirməyi xoşlayıram”. 

Qədiməliyev Rəşadət Nəsrəddin oğlu


Körpəlikdə çox sakit, sağlam, ağıllı bir uşaq olub. 3-4 yaşlarında özünün haqlı olduğunu sübut edə bilməyəndə hirsindən gözləri qızarırdı. Şahmat fiqurları, ev əşyalarının balaca maketlərini hazırlayırdı. Uşaqlıqda düzəltdiyi oyuncaqları anası indi də saxlayır. Xoşladığı məşğuliyyət kitab oxumaq, balıq tutmaq, müxtəlif ölkələrin vayutalarını toplamaq idi.
Anası dedi: “ - Məktəbə gedənə kimi yazıb-oxumağı bilirdi. Böyük bacısının kitablarını vərəqləyir və səhifələrə diqqətlə baxırdı. Çoxlu şeir öyrənmişdi. Kiçik bacısı da bu şeirləri bilirdi. Rəşadətin bunları bilməsi bizi təəccübləndirmirdi. Buna adi hal kimi baxırdıq. Ancaq onun bütün ikirəqəmli və üçrəqəmli ədədləri öyrənməyi bizi bu uşağın taleyi haqqında çox maraqlanmağa vadar etmişdi. Evdən bir qalın səhifəli kitab tapıb mənim yanıma gətirdi. 10 qədər rəqəmləri bilirdi. Kitabı vərəqləyib 11 göstərib dedi ki, bu neçədir? Dedim on bir. Başladı 19-a qədər öyrənməyə. Sonra 20-ni göstərib onuda öyrəndi. Beləliklə, mənim etirazıma baxmayaraq, məni məcbur eləyib, soruşub 200-ə qədər ədədləri bir günə öyrənmişdi”.
Rəşadət istedadlı uşaq olsa da bu istedadı inkişaf etdirdiklərinə, övladımıza atalıq qayğısı göstərdiklərinə görə Azərbaycandakı bütün türk liseylərinə, onların kollektivinə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Rəşadətin dediklərindən: “ - Mən Rəşadət Nəsrəddin oğlu Qədiməliyev 12 may 1984-cə ildə Quba rayonun Yenikənd kəndində anadan olmuşam. 1991-ci ildə Quba şəhər 6 saylı məktəbdə oxumuşam. VI sinifdə imtahan verib Quba Özəl Tərk liseyinə qəbul olmuşam. 2001-ci ildə həmin liseyin XI sinfini bitirmişəm. Həmin il Türkiyənin Samsun şəhərindəki 19 Mayıs Universitetinə (fizika) qəbul olundum. İki il təhsil aldıqdan sonra səhhətimlə əlaqədar təhsilimi yarımçıq qaldı. Azərbaycana gəlib Topçubaşov adına Elmi-Tədqiqat Eksperimental Xəstəxanasında əməliyyat olundum. 6 ay sonra 2004-cü il də hərbi xidmətə getmişəm. Hərbi xidməti layiqincə yerinə yetirib Mingəçevir Türk Liseyində çalışmışam. 2 il orada işlədikdən sonra 2007-ci ildə Qafqaz Universitetinə daxil olmuşam. Riyaziyyat və fizika fakültəsinin tələbəsiyəm. Türk liseyləri ilə əlaqələrim var və onların bütün tədbirlərində iştirak edirəm.
Uşaqlıqdan riyaziyyata marağım var idi. Fizikaya isə marağı müəllimlərim yaradıblar.
Orta məktəbdə bütün fənləri sevirdim. Bilik yarışlarında ilk uğurum türk liseyində keşirilən sınaq imtahanında zona üzrə II yeri tutmağım oldu. VII-VIII siniflərdə liseyin tərifnamələri, diplomları, fəxri fərmanlar anamın sandığına yığılmağa başladı. 1999 və 2000-ci illərdə fizika fənni üzrə respublika olimpiadasının qalibi olmuşam və I dərəcəli, 2001-ci ildə III dərəcəli diplomla təltif olunmuşam. Həmin il Xəzər universiteti də məni I dərəcəli diplomla təltif etdi. 2000-ci ildə İngiltərənin Leisester şəhərində, 2001-ci ildə isə Türkiyənin Antalya keşirilən beynəlxalq fizika olimpiadasında iştirak etmişəm.
Ali məktəbdə yaxşı oxuyuram. 2008 və 2009cu illərdə ali məktəb tələbələrinin respublika fənn olimpiadasında fizika fənni üzrə I yerə layiq gürülmüşəm.
Asudə vaxtlarımda kitablarla, bilgisayarla məşğul oluram”.