Ulduzlardan birinin adı olduğuna görə, oğlunun həyatda ulduz kimi parlaq olmasını istəyərək ana dünyaya gələn övladına Pərvin adı verdi. Pərvin körpəlikdə olduqca şən uşaq olub. 3-4 yaşlarından musiqiyə həvəs göstərib. Əşyalar üzərində nağara kimi çalmağı çox sevirdi. Bu marağını görüb ona uşaq qarmonu alırlar. Elə bu maraq onu musiqi məktəbinə gətirib çıxarır. 1995-ci ildə Neftçala rayon Uşaq Musiqi Məktəbinin qarmon ixtisasına qəbul olunur, 2000-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurur. Məktəbə getməzdən əvvəl Pərvin uşaq bağçasında tərbiyə alıb. Uşaq bağçası onun inkişafında əhəmiyyətli rol oynamışdır. Məktəbə getmədən öncə ixtisasca mühəndis olan atası Eyvaz müəllim ona əlifbanı və rəqəmləri öyrətmişdi. Artıq 5 yaşında Pərvin əlifbanı bilirdi. Anası, orta məktəb müəllimi olan Aliyə xanımın xatirələri: “ - Çox yaxşı yadımdadır ki, körpə vaxtı Pərvin yerində tez-tez yırğalanardı. Bir dəfə onu çarpayıda yatızdırıb mətbəxə keçdim. Sən demə, yatmayıb və yerində o qədər yırğalanıb ki, sürüşüb çarpayının altına düşsə də, səsini çıxarmayıb. Otağa qayıdıb gələndə gördüm ki, uşaq yerində yoxdur. Bir anlığa qorxdum, evin otaqlarını bir-bir gəzdim. Hətta yadımdadır ki, həyəcandan yoldaşımın iş yerinə də zəng etmişdm ki, uşaq yoxdur. Çarpayının altına baxmaq ağlıma gəlmirdi. Nədənsə, elə bil kimsə dedi ki, ora bax. Gördüm ki, çarpayının altında yatıb-yuxuya gedib. Nə isə, o gün hələ də yadımdan çıxmayıb. Çünki ilk övladımız olduğundan Pərvinə çox bağlıydıq”.
Pərvin orta məktəb dövründən
Azərbaycan dili və ədəbiyyatı fənnini
çox sevib. “Muğan” liseyində oxuyarkən
Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya elmləri namizədi Qüdsiyyə Məmmədova
bu fənn üzrə onda xüsusi maraq oyadıb və VII sinifdə Pərvinə bu fənn üzrə
olimpiadaya getməyi təklif edib. Qüdsiyyə xanım keçdiyi xüsusi məşğələlərdən
sonra Pərvin ilk dəfə olimpiadanın rayon turunda III yer tutur. Bu nailiyyət ona qol-qanad verir, daha
sonralar böyüyüb boya-başa çatdığı Neftçala rayonunu respublika miqyaslı
olimpiadalarda belə müvəffəqiyyətlə təmsil edir. Get-gedə növbəti uğurları
qazandıqca bu sahəyə marağı daha da güclənir. Ali məktəbdə isə AMEA-nın müxbir
üzvü Tofiq Hacıyev, professor Yusif Seyidov, dosent İsmayıl Əhmədzadə və başqaları bu ixtisası
ona daha çox sevdirir.
Pərvin: “ - Ali məktəbin
bakalavr pilləsinə qəbul olunmağımda orta məktəb müəllimlərimdən Qüdsiyyə,
Fiqumə Babayeva və Həqiqət Camalova müəllimin, magistratura pilləsinə qəbul
olunmağımda isə BDU-nun müəlimləri dosent Zemfira Şahbazova və filologiya elmləri
namizədi Rüstəm Məmmədovun böyük zəhmətləri olub. İndi mən bu müəllimlərimə çox
minnətdaram. Onu da deyim ki, məndə bu
ixtisasa həvəs və ruh yüksəkliyi verməkdə payı olan valideynlərimin də əməyini
və dəstəyini qeyd etməyi özümə borc bilirəm.
Məncə, həyatda ən xoşbəxt
insan fiziki cəhətdən və mənəviyyatca sağlam olandır. Bir də o insan xoşbəxtdir
ki, onun gözəl ailəsi və ətrafında, yəni mühitində həyatda arxalana biləcəyi,
güvənəcəyi yoldaşları var. Bəli, insanın özü, ailəsi və ətrafı sağlam olanda o
özünü daha arxayın, daha qüvvətli hesab edir. Bax, həyatda da ən böyük arzum
budur.
Hər bir gənc kimi mənim də məqsədim,
amalım var. Bu da mənim istədiyim hədəfə çatmağımdır. Düşünürəm ki, buna nail
olmaq üçün keçməli olacağım pillələr, mərtəbələr gələcəkdə mənim əqidəli və
sağlam bir ziyalı kimi daha da formalaşmağımda öz izini qoyacaqdır. Həyat sınaq
meydanıdır, sözsüz ki, məqsədə çatmaq üçün hər cür çətinliklə qarşılaşacaqsan.
Xalq şairi N. Həsənzadə demişkən, həyat pilləkanlarını çıxa-çıxa, liftlə
qalxanları çox görürsən. Bu mənada, Allah hər bir insana, o cümələdən mənə də
daha möhkəm səbr, dözüm bəxş etsin ki, bütün çətinlikləri xətasız-bəlasız dəf
edim.
Asudə vaxtlarımda çox vaxt
musiqi dinləyir, mahnı oxuyur, bəzən də qarmon ifa edirəm. Hərdən futbol da
oynayıram. Lirik-klassik musiqi sədaları altında Azərbaycanın görkəmli şairlərinin
şeirlərini deməyi də xoşlayıram. Bir də hərdən şeirlər yazıram. Nə vaxtsa qismət
olsa, yazdığım şeirləri bir araya yığıb çap etdirmək fikrindəyəm.
Məktəb vaxtı çox yaxşı vokal səsim
olub (əvvəlki kimi olmasa da, indi də səsim pis deyil). V sinifdə oxuyanda 5 Oktyabr
Müəllimlər günü münasibətilə əlaqədar musiqili tədbir təşkil edilmişdi. Tədbir
mənim mahnı oxumağımla başladı. Mahnını necə oxumuşdumsa, bütün müəllimlər uzun
müddət bu barədə danışmışdı. Hətta ondan
sonra məni tanıyanlar təkid edirdi ki, gələcəkdə mütləq müğənni olum. Allaha
şükürlər olsun ki, indi artıq ali təhsilliyəm, gələcəyimə inamım var.
Tarixə düşmək hər insana - şəxsiyyətə
nəsib olmur. Peyğəmbərimizin bir hədisi var: “Elmlə məşğul olan insan heç vaxt
ölmür”. Bu hər bir sahədə belədir. Sözün əsl mənasında insanların qəlbində həmişə
yaşamaq elə onun tarixə düşməsi deməkdir. Bu mənada, tarixə düşmək üçün gərək
tarixin səndən istədiyi bir şeyi ona verməyi bacarasan. Buna görə də həmişə
yaşayıb-yaratmaqla yanaşı zamanın nəbzini də tutmaq lazımdır. Bir şeyi də qeyd
edim. Vaxtilə görkəmli şairimiz H. Cavid gənc yazıçı Mir Cəlala belə bir məsləhət
verir: “Elə bir elmi mövzuda iş götür ki,
adın tarixə düşsün. Məsələn,
Füzulidən yaz. Yaz ki, adın Füzuli ilə bərabər tarixdə qalsın” (Bu gün M. Cəlalın
“Füzuli sənətkarlığı” kitabı da şair haqqında ən dəyərli elmi mənbə sayılır).
Bax bütün bunlar mənim gələcək haqqında düşüncələrimə bir istiqamət verir”.
Pərvin
Eyvaz oğlu Eyvazov 1987-ci il mart ayının 23-də Biləsuvar rayonunda anadan
olub. 1994-cü ildə Neftçala rayon 1 saylı orta məktəbin I sinfinə qəbul olunub.
1999-2000-ci tədris ilindən orta təhsilini Neftçala rayon Humanitar Təmayüllü
“Muğan” liseyində davam etdirən Pərvin 2002, 2003, 2004 və 2005-ci illərdə
keçirilmiş rayon olimpiadalarının hər
iki mərhələsində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə I yeri tutub. 2003-cü
ildə respublika olimpiadasında II,
2005-ci ildə isə III yerə layiq görülüb. 2004-cü ildə rayon məktəbliləri
arasında “Mən öz rayonumun tarixi, coğrafiyası və təbiəti haqqında nələri bilirəm”
mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsində I, “Narkomaniya ağ ölümdür”
mövzusunda təşkil edilmiş inşa-yazı müsabiqəsində II yerə layiq görülüb. Elə həmin
il təhsildə əldə etdiyi nailiyyətlərə görə Neftçala rayon Bələdiyyəsi tərəfindən
tərifnamə ilə təltif olunub.
2005-ci
ildə “Muğan” liseyini “Təhsil aldığı müddətdə bilik yarışlarında şərəf və ləyaqətlə
təmsil etdiyinə görə” məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla
mükafatlandırılıb. Həmin il liseyi fərqlənmə attestatı ilə bitirən Pərvin Bakı
Dövlət Universitetinin filologiya fakültəsinə
qəbul olunmuşdur. 2006-cı ildə BDU-nun filologiya fakültəsinin təşəbbüsü
ilə keçirilən və “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş
elmi-nəzəri konfransda “Azərbaycan dilçiliyində kar və cingiltili samitlər
terminləri”, professor Tofiq Hacıyevin 70 illik yubileyinə həsr olunmuş
“Filologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfransda “Heydər
Əliyevin dil siyasəti” adlı elmi məqalələrlə çıxış edib. Elə o il “İnam”
İntellektual İnkişaf Mərkəzində bilgisayar kurslarında təhsil keçmiş və
sertifikat almışdır.
2007-ci
ildə “Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir” mövzusunda keçirilmiş
elmi-praktik konfransda “Heydər Əliyevin ədəbiyyat siyasəti” adlı elmi məqalə
ilə çıxış edib. Həmin il BDU-nun filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin
sədri, fakültə üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifələrinə
seçilmiş və universiteti bitirənə qədər bu vəzifələrdə çalışmışdır. Həmçinin Pərvin
2007-ci ildə ali məktəb tələbələrinin XII Respublika Fənn Olimpiadasında Azərbaycan
dili fənni üzrə I yeri tutmuşdur.
Eyni
zamanda, BDU-da keçirilən “31 mart soyqrımı”, “Hüseyn Cavid-125” “Xocalının işğalının
16-cı ildönümü”, “Novruz bayramı” adlı və digər tədbirlərin aparıcı təşkilatçısı
və fəal iştirakçısı olmuşdur.
2008-ci
ildə BDU-da “Filologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri
konfransda “Neftçala rayon şivəsinin leksik xüsusiyyətləri”, Heydər Əliyevin 85
illik yubileyinə həsr olunmuş konfransda isə “Azərbaycan Respublikasının
Qanunvericilik aktlarında Azərbaycan dilinin hüquqi mövqeyi” adlı elmi məqalələrlə
çıxış edib. “Gəncliyin səsi” adlı ədəbi dərgidə iki şeiri çap olunub. Həmçinin
o, BDU-nun filologiya fakültəsində fəaliyyət göstərən “Ədəbiyyat dərnəyi”nin də
üzvü olub. Dərnəkdə dəfələrlə oxunub müzakirə edilmiş, lakin hələ çap edilməmiş xeyli şeirlərin müəllifidir. Qeyd edək ki, Pərvin
universitetin elmi və ictimai həyatında fəallığına görə akademik Abel Məhərrəmov
tərəfindən 2008-ci ildə “İlin ən yaxşı tələbəsi” fəxri adı və döş nişanı ilə təltif
olunub.
2009-cu
ildə iki konfransda - Tələbələrin XXI Respublika Elmi Konfransında
“M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyasında dramaturji sənətkarlıq”
və Bakı Slavyan Universitetində “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın
aktual problemləri” mövzusunda keçirilən respublika elmi-praktik konfransında
“Onore de Balzakın yaradıcılığında kapitalizm” adlı elmi məqalələrlə çıxış
etmiş və diplomla mükafatlandırılmışdır. Universitetin elmi və ictimai həyatında
fəallıq göstərən istedadlı tələbə kimi BDU-nun 90 illik yubileyi ilə əlaqədar nəşr
edilən tarixi-fotoensiklopediyaya daxil edilib.
2009-cu ildə Bakı Dövlət Universitetinin
filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin il “Azərbaycan
dili” ixtisası üzrə Bakı Slavyan Universitetinin magistratura şöbəsinə qəbul
olunmuşdur. Həmin il Milli Ordu sıralarına çağırılmış, hərbi xidmətini
Murovdağda keçmiş və manqa komandiri vəzifəsinə qədər yüksəlmişdir. Hərbi xidmət
dövründə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə 26
iyun Silahlı Qüvvələr Günü münasibətilə
hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Hərbi
xidmətdən sonra təhsilini magistratura pilləsində davam etdirən Pərvin 2010-cu
ildə BSU-da “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri”
mövzusunda keçirilmiş Respublika Elmi-praktik Konfransında “Müasir Azərbaycan və
türk dillərində köməkçi nitq hissələrinin təsnifi” adlı elmi məqalə ilə çıxış
etmiş və diplomla təltif edilmişdir.
2011-ci il aprelin 26-da Bakı Slavyan
Universitetində mərhum prezident Heydər Əliyevin 88-ci ildönümünə həsr olunmuş
“Humanitar elmlərin aktual problemləri mövzusunda” Magistrantların I Beynəlxalq
Elmi Konfransında “Müasir türk dilində əsas nitq hissələrindən qoşmalara keçid
prosesində bəzi məqamlar”, mayın 25-də Sumqayıt Dövlət Univesitetində
keçirilimiş Magistrantların XI Respublika Elmi Konfransında “X.R.Ulutürkün
dilində dialektizmlər”, mayın 27-də Bakı Dövlət Universitetində Azərbaycan Dövlət
Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan
filologiyasının aktual problemləri” mövzusunda keçirilmiş elmi-nəzəri
konfransda “Müasir Azərbaycan və türk dillərində qoşmalar” adlı elmi məqalələrlə çıxış etmiş və diplomlarla təltif
olunuşdur. Bunun ardınca iyun ayının 10-da
Naxçıvan Dövlət Universitetində
keçirilmiş Magistrantların III Regional Elmi Konfransında “Müasir Azərbaycan və
türk dillərində stabil qoşmalar” və “Müasir Azərbaycan dilində əsas nitq hissələrindən
qoşmalara keçid prosesində dinamiklik” adlı iki elmi məqalə ilə çıxış etmiş və
uğurlu çıxışına görə NDU-nun rektoru, millət vəkili, akademik İ.Həbibbəyli tərəfindən
diploma layiq görülmüşdür.
2011-ci
il oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü ilə əlaqədar keçirdiyi ümumrespublika məqalə müsabiqəsinə
“Müstəqilliyimizin dili - Dilimizin müstəqilliyi” adlı elmi məqaləsini təqdim
edən Pərvin SAM tərəfindən diplom və mükafata layiq görülüb.
Daha
sonra BSU-da “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri”
mövzusunda keçirilən tələbə və magistrantların X Respublika Elmi-praktik
Konfransında “Müasir Azərbaycan və türk dillərində tabesizlik bağlayıcıları”
adlı elmi məqalə ilə çıxış etmiş və BSU-nun rektoru, AMEA-nın müxbir üzvü,
professor Kamal Abdulla tərəfindən diplomla təltif edilmişdir.
2011-ci
il dekabrın 28-də BDU-da görkəmli şərqşünas alim, professor Mübariz Əlizadənin
100 illik yubileyinə həsr olunmuş “Şərq filologiyasının aktual problemləri” mövzusunda
Respublika Elmi Konfransında “Müasir Azərbaycan və türk dillərində
bağlayıcıların mənşəyi”, 2012-ci ildə BDU-da M.Ə.Sabirin 150 illik yubileyinə həsr
olunmuş və “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda
keçirilmiş elmi-nəzəri konfransda “Müasir Azərbaycan və türk dillərində ədatlar”
adlı elmi məqalələrlə çıxış etmişdir.
Qeyd
edək ki, Pərvin 2011-2012-ci tədris ilinin əvvəlində BSU-da Magistrantlar
Şurasının sədri seçilmiş və universiteti bitirənə qədər bu vəzifədə
çalışmışdır. Onun sədrliyi dövründə bir çox maraqlı ictimai-mədəni tədbirlər təşkil
edilmiş, rəhbərliyi ilə ilk dəfə “Magistrantların dostu” fəxri adı təsis
olunmuşdur. Və respublikamızın bir neçə tanınmış, nüfuzlu şəxsiyyəti ilə magistrantlarla keçirilən görüşlərdə bu fəxri
ad onlara təqdim edilib. Həmçinin magistratura təhsili müddətində o, elmi və
ictimai fəallığına görə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü K. Abdullayev tərəfindən
akademik A. Mirzəcanzadə adına olan fəxri təqaüdə layiq görülmüşdür.
Pərvin
2012-ci ildə Bakı Slavyan Universitetinin magistratura şöbəsini fərqlənmə
diplomu ilə bitirərərək universitetin "Fəxri məzun"u adına layiq
görülmüşdür. Hazırda
Bakı Dövlət Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən professor
Bəkir Çobanzadə adına Qaradəniz Universitetləri Şəbəkəsinin Beynəlxalq
Türkoloji Elmi Araşdırmalar Mərkəzinin əməkdaşıdır.
Комментариев нет:
Отправить комментарий