Dahilərdən biri deyib ki, hər bir uşaq öz ailəsinin güzgüsüdür.
Hansısa bir uşağın üzünə baxanda, onunla bir-iki kəlmə danışanda mənsub olduğu
ailənin, valideynlərin uşaqlara olan diqqətinin, qayğısının səviyyəsini müəyyənləşdirmək
olar.
Muxtarov Məhəmməd Ziya oğlu 6 oktyabr 2008-ci ildə Bakı şəhərində
anadan olmuşdur. Ailənin sevimlisi Məhəmməd körpəlikdə sakit, ağıllı və
mehriban uşaq olub. O, özünəməxsus davranışı və düşüncələri ilə hər zaman fərqlənmişdir.
Hər zaman lider olmağı sevən uşaqdır. Gözəl və səlis nitqi var. 5 yaşında məktəbə
qəbul olunub. Sinifdə ən balaca, amma ən fəal şagirddir. Məhəmmədin 3 yaşı
olarkən onun təhsili ilə anası və bağçada müəlliməsi məşğul olmağa başlamışlar.
Məhəmməd məktəbə gedəndə artıq hərfləri tanıyır, oxumağı, yazmağı, sadə riyazi
hesablamaları bilirdi. Hazırda 132-134 №-li məktəbdə təhsil alır. Dərslərini əla
qiymətlərlə oxuyur. O, bütün fənləri eyni həvəslə oxuyur və sevir. Məktəbdə
keçirilən tədbirlərdə fəal iştirak edir. Məhəmməd özü barədə bunları dedi: “Məktəbə
ilk getdiyim gün məni Azərbaycan telekanalında yayımlanan “Səhər” verilişinə dəvət
etdilər. Burada mən bütün birinciləri təmsil edirdim. Keçən il də Azərbaycan
Teleradiosunda “Ənənə boğçası” adlı verilişdə çıxış etmişəm. 4 yaşında olarkən
çəkdiyim rəsmlərim “Tumurcuq” jurnalında çap edildi. Tədbirlərin birində Nizami
Gəncəvi rolunu ifa etmişəm. Həyatımda uğurum çoxdur, ancaq ən çox yaddaqalan həmişə
ilk olur. Bu mənim bağçanı bitirib məktəbə imtahan verdiyim gündür. Həmin gün
heç zaman yadımdan çıxmaz. Əldə etdiyim uğur və nailiyyətlərimə görə özümü
valideynlərimə borclu bilirəm. Atama və babalarıma bənzəmək istəyirəm. Diplomat
olmaq arzusundayam. Bu fikir məndə valideynlərimlə ölkəmizi və digər ölkələri gəzərkən
yaranıb. Ölkələr barədə dərin biliklərə və anlayışa malik olmaq üçün onun tarix
və mədəniyyətini öyrənməyə maraq göstərirəm. Asudə vaxtlarımda mütaliə ilə məşğul
oluram. Rəsm kursuna gedirəm. Çünki rəsm çəkməyi çox sevirəm və rəsmlərimdən
ibarət sərgi təşkil etmək arzusundayam. Tarixin yaddaşında əbədi olaraq qalmaq,
nəhəng dövlətlər arasında vətənimizi layiqincə təmsil etmək, bayrağımızı daim
yüksəklərdə görmək istəyirəm”.
Biz də inanırıq ki, Məhəmməd gələcəkdə
yüksək intellektual keyfiyyətləri ilə ölkəmizin adını daha da yüksəklərə
qaldıracaq, ona bəslənən ümidləri doğruldacaq. Uğurların bol, yolun işıqlı
olsun, Məhəmməd.
Комментариев нет:
Отправить комментарий