Əhmədli İlkin Rafiq oğlu 6
iyun 2007-ci ildə Saatlı rayonunun Mircəlal kəndində dünyaya gözlərini açıb.
Kiçik yaşlarından sakit, gülərüz, ünsiyyətcil və böyüklərin sözünü dinləyən uşaq
olub. Hələ balacalıqdan ailəsi İlkinin musiqi duyumunun fərqində idi. O, hər
zaman yaşıdlarından musiqiyə və musiqi alətlərinə olan marağı ilə seçilirdi. Məktəbəqədər
yaş dövründə anası Zülfiyyə xanım İlkinə yazmağı və oxumağı artıq öyrətmişdi.
İlk təhsil aldığı məktəb Bakı
şəhəri Nizami rayonu Keşlə qəsəbəsi 328 N-li tam orta məktəbdir. Sinfin əlaçı
şagirdlərindəndir. Musiqi, ingilis dili, azərbaycan dili və riyaziyyat fənləri
İlkinin sevimli fənləridi. Orta məktəblə yanaşı İlkin eyni zamanda Səid Rüstəmov
adına 13 saylı uşaq musiqi məktəbində saz ifaçısı və xanəndəlik ixtisasları üzrə
təhsil alır. Müsahibimiz məktəbin fəal şagirdlərindən olduğu üçün həm orta məktəbdə,
həm də musiqi məktəbində keçirilən anım günlərində, bayramlarda, yubileylərdə və
s. tədbirlərdə yaxından iştirak edir. Onun tədbirlərdəki rolu adətən şeir demək
və mahnı oxumaq olub. Bu tədbirlərdə ifa etdiyi mahnılar arasında “Elə bəndəm”,
“Yaşa Azərbaycan”, “Qarabağ”, “Bilmədi yar”, “Neftçilər”,
“Azərbaycan” və “Heyratı” ritmik muğamını ifa edib. Onun üçün ən yadda qalan tədbirlərdən
biri görkəmli bəstəkarımız Səid Rüstəmovun 110 illik yubileyinə həsr olunmuş tədbirdə
onun bəstələdiyi “Bahar olsun” mahnısını oxumasıdır.
Həyatının ən maraqlı günü
musiqi məktəbinə daxil olduğu günü hesab edir. Çünki İlkin musiqi məktəbinə
girməyi çox arzulamışdı. Həmçinin təhsilini davam etdirərək Asəf Zeynallı adına
musiqi kollecinə daxil olmaq istəyir, daha sonra isə Azərbaycan Milli
Konservatoriyasina daxil olaraq ali təhsil almaq arzusundadır.
İlkin əldə etdiyi uğurlara görə
birinci növbədə valideyinləri Zülfiyyə xanım və Rafiq bəyə, sonra isə musiqi məktəbinin
direktoru Tofiq müəllimə, ixtisas müəllimləri Tural Hüseynov və Zamiq Mehdisoya
təşəkkürünü bildirir. Onun ən böyük arzusu ixtisas müəlliminə və görkəmli sənətkarımız
Alim Qasımova oxşamaq istəyidir. Valideyinləri və müəllimləri İlkinin vətənimizə
və cəmiyyətimizə layiqli bir şəxsiyyət olması üçün əllərindən gələni edirlər.
Gələcəkdə musiqi fəaliyyətindən
dolayı xanəndə olaraq, xalq artisti pilləsinə yüksəlməyi hədəfləyib. O, gözəl səsi
olduğunu kəşf eden gündən, yəni 8 yaşı olandan bu fikrə düşüb.
Asudə vaxtlarında saz çalıb,
mahnı oxumağı xoşlayır.
Gələcəyin xanəndəsinə arzu və
hədəflərinə çatmağı arzulayırıq. Həmişə ata və ananın fəxri ol.
Səsin hər zaman zirvədən gəlsin!
Комментариев нет:
Отправить комментарий