elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

20 июля 2012 г.

Əzimova Leyla Yaqub qızı

Paşazadə Aysel Çingiz qızı

Müxtəlif adlar arasından atası məhz Aysel adını seçib. Ay işığı, bizim işıq selimiz. Çox sakit və mülayim bir uşaq olub. Şəkil çəkməyi, cizgi filmlərinə baxmağı və onların video kassetlərini toplamağı xoşlayırdı. Cizgi filmlərini bir dəfə seyr etməklə ordakı qəhramanları təqlid etməyi bacarırdı. Üç yaşı olanda “Təbəssüm” rəqs qrupuna yazılıb. Yaşca böyük uşaqlarla bir kollektivdə rəqs etsə də özünəməxsus bacarığı ilə onlardan seçilib. Hətta 4 yaşı olanda rəqs kollektivində Yeni il bayramı münasibətilə təşkil olunan konsertdə Aysel səlist danışığı və bacarığı ilə “Qar qız” rolunda çıxış etmək üçün seçildi, konserti axıradək idarə etdi. Bu haqda “Bu gün” qəzetində şəkli və kiçik bir yazı da verilib. Sonra “Cücələrim” rəqs kollektivində rəqsə getdi. Bu kollektivdə də müxtəlif tədbirlərə həsr olunmuş konsertlərdə çıxış edib.
Orta məktəbə 6 yaşında rus bölməsinə gedib. I sinfi bitirdikdən sonra, 2001-ci ilin avqust ayında ailəsi ilə birlikdə İsrailə köçüb. Artıq II sinifdən orada məktəbə getməyə başlayan Aysel bir il ərzində ivrit dilində sərbəst yazıb-oxumağı öyrəndi. 2003-cü ilin avqust ayında dünya şöhrətli İbrahim Tatlısəs İsrailə konsert proqramı ilə çıxış etməyə gəldi. Ad günü ərəfəsinə düşdüyündən hədiyyə olaraq valideynləri ilə birlikdə bu konsertə getdi. İbrahim Tatlısəs konsert zamanı tamaşaçılarla ünsiyyət qurmağa çətinlik çəkirdi. Onun türkcə söylədiklərini ivrit dilində səlist və aydın şəkildə tamaşaçılara çatdıran Aysel böyük alqışla qarşılandı. Konsertin sonunda İbrahim Tatlısəslə bərabər, Ayseldən də avtoqraf istəyənlər oldu və neçə-neçə insan ona və valideynlərinə minnətdalıqlarını bildirdilər. Bu kadrlar hələ də Tatlısəsin kliplərində türk və başqa kanallarda vaxtaşırı efirə verilir.
Aysel Çingiz qızı Paşazadə 4 avqust 1994-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhəri Xətai rayonunun 264 saylı məktəb liseyin I sinfinə gedib. 2001-ci ildən 2008-ci ilə qədər İsraildə Yesedot, Komemiyut və Remez məktəblərində oxuyub. VIII-XI sinifləri yenidən Bakıda oxuyub. 2011-ci ildə 264 saylı məktəbi bitirib və elə həmin il BSU-ya pedaqoji fakultəsinə daxil olub. Təhsildən əlavə ispan dilini öyrənir. İvrit, ingilis dillərini bildiyi qədər, rus dilini də öyrənmək istəyir. Həm qrammatik, həm də pedaqoji baxımdan. Aysel: “ - Uşaq vaxtlarımdan anam tez-tez müxtəlif pedaqoqlardan sitatlar gətirərdi. İndi özüm həmin pedaqoqların qiymətli fikirlərini daha dolğun və dəqiq öyrənirəm. Əgər gələcəyi planlaşdırarıqsa, bizim hər zaman ağıla, tərbiyəyə, bilik öyrənməyə ehtiyacımız var. Bu tərbiyəni, ağlı və biliyi isə pedaqoqlar təlqin edir.
Orta məktəbdə dərslərimi əla oxumuşam. Nümunəvi şagird tərifnaməsi ilə təltif olunmuşam. Hazırda oxuduğum ali məktəbdə də yaxşı və əla qiymətlərlə oxuyuram. Sevimli fənlərim dilçilik, pedaqoqika və ingilis dilidir. Qrup nümayəndəliyinə seçilmişəm. İctimai işlərdə iştirak edirəm. İki dəfə yazı layihələrində iştirak edib mükafatlandırılmışam. İlk dəfə Şuşanın işğalının 20 illiyi ilə “Şuşa Qarabağın mənəvi paytaxtıdır” layihəsində, ikinci dəfə “Əsl tələbə necə olmalıdır?” layihəsində I yeri tutub videokamera ilə mükafatlandırıldım.
Bu sənəti sevməyimdə anamın rolu daha böyük olub. İngilis dili müəllimim Günay xanıma çox minnətdaram. Onun səmimiyyətinə və mənim kimi başqa şagirdlərin də ingilis dilini dərindən öyrənmələri üçün ürəkdən çalışmasına heyranam. İnsan istəsə öz zəhmətiylə müvəffəqiyyətlər əldə edə bilər. Xalqıma çox bağlıyam. Nə qədər çox xeyir verən sahə olsa hamısında çalışmaq istəyirəm.
Xoşbəxtliyi ətrafımdakı insanların gülən gözlərində, xoş danışığında, müharibəsiz həyatda görürəm.Asudə vaxtlarımda musiqi dinləyirəm, şəkil çəkirəm. Karate ilə məşğul oluram.

Paşazadə Aysel yaradıcılığı

Mən Azərbaycan gənciyəm. Gəncliyim Qarabağtorpaqlarımızın erməni işğalı ucbatından zəbt olunduğu bir dövrə təsadüf edir. Müharibə dövründə yaşadığıma baxmayaraq və işğal zonasından uzaqda yaşadığıma örə mən azadam. Amma ürəyimdə bir ağrı düyülənib, bir arzu qalıb. Əminəm ki, bir gün arzuma çatıb, Qarabağ torpağını qarış-qarış gəzəcəm. Bu üzdən arzumdan çox nisgilim məni sarsıdır. Qarabağ nisgili 20 ildən əvvəl eyni dörd diyarımızı zorla qopardılar Qarabağın bağrından. Bu diyarlardan biri də Şuşa idi. Vəfalı Şuşa. Yalnız öz övladına pay veribsən istedadından.Yaşıl çəmənli torpaqların yalnız doğma elin üçün laləzar olan Şuşa İndi bahar olsa belə susub orda sarı bülbül. İndi bahar olsa belə, xəzan yeli əsir orda, çünki, orda gəzmir elim. Qarabağsız qalan Odlar Yurdum Azərbaycan dözmür daha bu ağrıya. İgid oğullarını itirən bir ananın dərdi kimi dərdi var Azərbaycanımın. Mən Şuşaya getməmişəm, amma Şuşanı tanıyıram. Mən Şuşanı görməmişəm, ancaq onu çox sevirəm. Bir şeirdə deyildiyi kimi:
Orda bir kənd var,
O kənd bizim kəndimizdi.
Getməsək də, görməsək də
O kənd bizim kəndimizdi.

Mən bütün Azərbaycan gəncləri kimi Şuşuaya bağlılığımı, bu torpağın öz eli üçün ecazkar olduğunu bu günlər ərzində yazdığım şeirə köçürdüm. Görün Şuşa necə, nə qıdır ecazkardır ki, hətta tarixdən, ədəbiyyatdan tanıdığım Şuşanın adı gələndə belə fikirlərin öz ahəngi ilə şeir misralarına çevrilir. Bu gün Şuşasız qalan Qarabağ olmasa, mən yaşamaram desək də yaşayırıq. Yaşamalıyam. Çünki Qarabağın qələbə müjdəsini dünyanın qərib ölkələrində yaşayan azərilərə çatdırmaq üçün. Yaşamalıyam, çünki, Qarabağın qələbəsindən sonra sevinən dostumuzu, üzülən düşmənimizi gələcək nəslə tanıtmaq üçün. Yaşamalıyam, çünki, üç rəngli bayrağımızı Şuşa qalasına qaldırmaq üçün. Yaşamalıyam, Azadlıq himnimizi Cıdır düzündə oxumaq üçün. Yaşamalıyam, şəhidlərin ruhuna dua oxumaq üçün. Yaşamalıyam, düşməndən hesab sormaq üçün. Yaşamalıyam, Azərbaycanımı sevdiyim üçün. Yaşamalıyam. Şuşayla bərabər Respublikamızın digər səfalı guşələrini Xocalını, Laçını, Kəlbəcəri, Xocavəndi, Ağdərəni, Ağdamı, Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı erməni işğalından azad edilməsində mübarizəyə qoşulmaq üçün. Yaşamalıyam, zəfərimizi qeydetmək üçün Şuşaya, Cıdır düzünə tələsən xalqımızın sevincinin şahidi olmaq üçün və evlərinə-ocaqlarına qovuşan Şuşalılarla bərabər Şuşa torpağını öpmək üçün.

Olsada 17 yaşım

İşğalından ömründən çox oldu Şuşa
Kədərin olubdu yaxın sirdaşım,
Hüznlü örünür, torpağın daşın,
Sənə qara örpək yaraşmır, Şuşa!

Zorla qopardılar doğma elindən,
Anandan alınan bir körpə kimi.
Qarabağ yurdumun keçir könlündən,
Kaş yenə duyaydım doğma dilimi,
Bir gölə biləydim burda elimi,

Dahi Üzeyirin qədəm izləri,
Qalıb torpağında heç vaxt silinməz.
Dünyaya yayılan “Cəngi”nin səsi
Düşmənə sevinmək imkanı verməz

Həzin nəğməsiylə İsa bulağı,
Sevgi dastanının şahidi olub.
Bəlkədə tarixin təmiz varağı
Sona bülbüllərin eşqiylə dolub.

Qara bağ bizimdir, Şuşa bizimdir,
Sözləri deməyə ehtiyac yox ki,
Ey soysuz, get ara arxivi, tarixi dindir
Min suala cavab Xan Şuşinski.

20 ildir ki, gözlər yolunu,
Azərbaycan adlı elin oğlunu
Üç rəngli bayraqla güləcək üzü,
Həsrətinə qurban ay cıdır düzü,

20 ildir ki, dərdli, qəmlisən,
Sehirli aləmsən sirli dünyasan.
Sanma ki, dərdindən olmadım xəbərsiz,
Qarabağ var olmaz, Şuşa sənsiz
Qarabağ olmasa qallam vətənsiz.

Sənin torpağında gəzməsəm də mən,
Çox olsa yaşımdan hətta kədərin
Şuşa söylədikdə keçir gözümdən,
Qarabağ yurdumun dilbər yerləri

Şahdağı, Qoşqarı, Göyəzən dağı,
Yurdumun baş tacı şah ərazisi
Azərbaycan qəlbi-o Qarabağı
Sevirəm anamı sevdiyim kimi,

Şuşa söylədikdə nisilim artar,
Qarabağ bülbülü düşər yadıma.
Dindirər könlümü muğam, kaman, tar
Qarabağ şöhrətdir ana yurduma.

Sənində mənim tək gözün yoldadır
Möhkəm dur adın tək Şuşa qalası!
Sənsiz inan, ömrüm elə dardadır,
Başqa dərdim yox, dərdim torpaq yarası.

Uca tut başını, Şöhrətli Şuşam
Qarabağın sənə ehtiyacı var.
Sənin torpağına heyran olmuşam.
Vətənim səninlə olar bəxtiyar.

Ay Şuşa torpağı mənim elimsən,
Cabbarım, Bülbülüm, Natəvanımsan
Vaqif əsərinin şux gözəlisən,
Tarixin özüsən qarabağımsan

Ay Şuşa torpaqı- el nəğməsisən,
Dünyada tanınan bülbül səsisən,
Sən Odlar yurdumun şah əsərisən,
Bir də qarabağın şikəstəsisən.

Bu yurdun bizdədir arzu gümanı
Bu yurdun taleyi bizlə-gümanlı,
Ay başı dumanlı Şuşa dağları
İzlədib qoynunda o nazlı yarı
Qırmızı koftalı, yaşıl tumanlı.

Soyadım Qarabağ, adımsa Şuşa
Ata, ana yurdum Azərbaycandır.
Ünvanım yazılıb orda hər daşa,
Bölünməz bu diyar bütöv cahandır.

Gələn il bu vaxtı azadlıq günü
Qeyd etsin Şuşamız öz torpağında
Dsz bugünki günün bahar çağında
Olsun Qarabağın toyu düyünü...



19 июля 2012 г.

Əliyev Vüqar Münasib oğlu

Vüqar dünyaya gələməsilə ailəsinə bir əzəmət, bir xoşbəxtlik gətirdi. Adı kimi özü də vüqarlı, qayğıkeş, mülayim bir övladdır. Vüqar təkcə ailədə yox, oxuduğu illər ərzində məktəb müəllimlərinin də sevimlisi olub.
Vüqar uşaqlıqdan həmişə liderlik xüsusiyyətinə malik olub. Öhdəsinə aldığı hər bir işi də yerinə yetirirdi. Məktəbdə oxuyanda sinif nümayəndəsi olub. Həm sinfin, həm də məktəbin ictimai işlərini bacarıqla yerinə yetirib. 5 yaşından yazıb-oxumağı bacarırdı.
Mən Vüqar Münasib oğlu Əliyev 2 iyun 1993-cü ildə Bərdə rayonunun Dəymədağlı kəndində anadan olub. 1999-cu ildə Bərdə rayon Vüqar Sadıqov adına Şirvanlı kənd orta məktəbinin I sinifinə gedib. 2001-ci ildə isə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən Elxan İsmayılov adına 253 saylı orta məktəbin III sinfinə gedib. 2010-cu ildə isə həmin məktəbi bitirib və həmin ildə Azərbaycan Texniki Universitetinin nəqliyyat fakültəsinə daxil olub. 7 il bundan əvvəl şeir yazmağa başlayıb.
Şəhriyar demişkən şair ola bilməzsən anan səni şair doğmasa. Mən də bu istedadıma görə birinci Allahıma, sonra valideynlərimə borcluyam. Mən özümü mübariz bir gənc kimi görürəm və bu mübarizlik mənə ilham, güc verir.
Sevgim mübarizə, sevgilim həyat,
Qanadlanmış mənə yəhərli bir at.
M. Müşfiq
Mən məhz bu prinsipdən çıxış etmək istəyirəm.
İxtisasım nəqliyyatda daşınmaların və idarə etmənin təşkili mühəndisliyidir. Mühəndis olmaq uşaqlıq arzumdur.
Orta məktəbdə dərslərimlə güclü məşğul olmuşam. Xoşladığım fənnlər riyaziyyat və ədəbiyyat olmuşdur. Orta məktəbdə bir çox yarışlarda, olimpiadalarda iştirak etmişəm. “Azərbaycan dünyam mənim” müsabiqəsində inşa yazı və bədii qiraət nominasiyası üzrə iştirak etmişəm. Rayon turunda Heydər Əliyevin 85 illik yubileyinə həsr etdiyim inşa yazı üzrə I yer, bədii qiraət üzrə fərqlənmə diplomlarına layiq görülmüşəm. XI sinifdə isə “Məktəbli gənclər Heydər Əliyev zəkasının işiğında” adlı elmi konfransda “Böyük xalqın əvəzolunmaz lideri” mövzusunda məruzə ilə çıxış edərək III yerə layiq görülüb, diplom və hədiyyələrlə təltif olunmuşam. 2010-cu ilin ekologiya ili elan olunması ilə əlaqədar “Ətraf mühit və biz” mövzusunda keçirilən olimpiadanın ən yaxşı internet resursları nominasiyası üzrə II yeri tutdum və fəxri fərmanla təltif olundum.
Ali məktəbdə dərslərim normal səviyyədədir. Ən sevimli fənnim isə tərsimi həndəsə fənnidir.
Qəbul imtahanında göstərdiyim nəticələrə görə əvvəl valideynlərimə, sonra müəllimlərimə minnətdaram. Valideynlərimə dəstək olduqlarına görə, müəllimlərimə isə məni yüksək səviyyədə öyrətdiklərinə, bildiklərini məndən əsirgəmədiklərinə görə minnətdaram.
Ali məktəbi bitirdikdən sonra ixtisasım üzrə işləməyi daha sonra isə yaradıcılığımı davam etdirmək fikrindəyəm.
Ən böyük xoşbəxtliyi yaşamaqda görürəm. Allahın ən böyük möcüzəsi insandır. İnsanın xoşbəxtliyi isə sağlamlıq və yaşamaqdır. İnsan xoşbəxtliyi tükənməzdir.
Asudə vaxtımda mütaliə ilə məşğul oluram. Dəniz kənarında təkbaşıma gəzməyi xoşlayıram.
İctimai-siyasi xadim olaraq tarixin yaddaşında yaşamaq istiyərdim. Buna nail olmaq üçün təbii ki, birinci növbədə yaradıcılığımı, daha sonra ixtisasımı yüksəltməyə çalışacam.


Bilinir
Kamillik, ariflik bir söz deyəndə,
Əgər varındırsa, o an bilinir.
Sənin əl verib, əlini tutduğun ,
Aşkara verilən zaman bilinir.

Qorxum var Allahdan, Haqqın qorxusu,
Yalan ayaq tutmaz, getməz çoxusu,
Sağlığı yolunda varı-yoxusu,
Alan kim bilinmir, satan bilinir.

Dərdlinin halını, dərd çəkən bilər,
Tarixin vərəqlər, keçmişin silər,
Çirkinlik gizlədib, paklığın görər,
Çirkinlik inan ki, altdan bilinir.

Qəm də çəkmə, qəmin yoxdursa əgər,
Ölüm vahimədir, çoxdursa əgər,
Tutduğun yol inan, haqdırsa əgər,
Haqqı olan, Haqqı alan bilinir.


                                                              Vüqar Faiq

Bir ömrün nağılını
Bir ömrün nağılını,
Söyləmək çətin oldu.
Bu şirinli, acılı,
Keçən bu həyatını,
Qəm-qüssənin içində,
Həm sevincdə kədərdə,
Keçən bir ömür oldu.
Yaxşını seçdi pisdən,
Baş açmadı gedişdən,
Bu gediş qəmli oldu.
Dedim:- Allah bu ömür,
Görən nədən tez dönür.
Soruşmaq da qəbahət.
Çünki bu ömür mənə,
Yaxşı oldu pis oldu,
Inan əzab çox oldu,
Söyləmək əzab oldu,
Bir ömrün nağılını.
Bu ömrün içində də,
İki ömür yaşadı,
Bir həyat başı ağdı,
Digəri zil qaradı.
Bu ömrü başa vurmaq,
Ya ağ üstündə qalmaq,
Ya qaradan hey qaçmaq,
Nağıl kimi yaşatmaq,
Bir ömrün nağılını.

                                                              Vüqar Faiq

Yetirdi
Bu torpaq gör kimləri yetirdi,
Şairlər yetirdi, ustad yetirdi.
Şeiriyyat hissiylə alışıb yanan,
Bir millət yetirdi, bir xalq yetirdi.

Doğma dilim, ana dilim özümün,
İşığı, nurusan bu kor gözümün,
Əvvəli sözümün, sonu sözümün,
Gözəllik yetirdi, bir göz yetirdi.

Dinməyə bilməzdim sükutluqda mən,
Laləli, nərgizli çəmənlikdə mən,
Bir cənnət içində gözəllikdə mən,
Susmağı unutdum, min söz yetirdi.

 Vüqar Faiq

Bu Dünya
Olma zəmanəyə olma biganə,
Demə zarafatdır, xoşdu bu dünya.
Nə qədər bər-bəzək vursan da yenə,
Əzəldə belədir, şuxdu bu dünya.

İnsan yaşa dolur, qocalır, ölür,
Kiminin şamı da yanmamış sönür,
Xəcalət hissindən qan tərin tökür,
Nəm alır, nəm verir, yaşdı bu dünya.

İnsan yaşadığını bilir, bilməyir,
Axan göz yaşını silir, silməyir,
Görəsən ürəkdən sevir, sevməyir,
Sevəni ürəkdən sevdi bu dünya,

Keçir məqamlar, keçir həm anlar,
Ötəni sonradan yada salanlar,
Xatırlar kimləri yadda qalanlar,
Uzaqdı bizlərdən, yaddı bu dünya.

Vüqaram illərə sinə gərmişəm,
Tazə baxçamızın gülün dərmişəm,
Nəfsimi aldadıb toxam demişəm,
Tox deyil, əzəldən acdı bu dünya.

                                                              Vüqar Faiq

Görəsən dünyaya şairmi gəldim?
Hərdən fikr edirəm öz-özümə ki,
Görəsən dünyaya şairmi gəldim?
Çaşdırır bu sual hərdən özümü,
Görəsən dünyaya şairmi gəldim?

Qələmim əlimdə, sözüm dilimdə,
Təbim ürəyimdə, vərəq sinəmdə,
Baxışlar mənalı, baxmaq gözümdə,
Görəsən dünyaya şairmi gəldim?

Əcəl gəldi güya eldən ayırdı,
Fələk hələ öz yerində sayırdı,
İçin  yeyib  içi-için  oyurdu,
Görəsən dünyaya şairmi gəldim?

Mavi dəniz dalğalanıb coşaraq ,
Aldı məni ağuşuna qoşaraq,
Şeir yazdım həyatımdan çaşaraq
Görəsən dünyaya şairmi gəldim?
                                                              Vüqar Faiq

Vətən!
Çıxdım ucalara baxdıqca, baxdım,
Özüm də duymadan çağırdım Vətən!
Gözəllik görübən qələmə aldım,
Gözəllik rəmzisən, gözəlsən Vətən!

Elə bil sinəmə bir dağ çəkdilər,
Xəbər də bilmədən, xəbər tutmadan.
Bu böyük torpağı yarı böldülər,
Bölündün ikisən bir yurdsan Vətən!

Qərənfil düzülmüş baxdım hər yana,
Bu millət ağalyır bir ağır dərddən.
Şəhidlər hamısı bürünüb qana,
Şəhidlər vermisən bir ruhsan Vətən!
                                                              Vüqar Faiq

Yazan qəlmim
Deyəsən cismani insan yaratdı,
Ağ səhifə üstündə yazan qələmim.
Allah da ruh verdi, bir can yaratdı,
Misralar ard-arda düzən qələmim.

Şairin ən yaxın dostu sən oldun,
Sevinclə, kədərlə boşaldın, doldun,
Çətin günümdə də yanımda oldun,
Cızdığım vərəqi büzən qələmim.

Hərdən həyatımdan dastan da yazdı,
Dastana bənziyən, roman da yazdı,
Yaradan yaratdı, Yazan da yazdı,
Vüqarın dostutək yazan qələmim.

12 июля 2012 г.

Cabbarov Ülvi Abdulla oğlu

Dilarə xanım Ülvi adını çox sevib. Bu adın ifadə etdiyi paklıq, təmizlik mənası daim onun üçün müqəddəs dəyərlər olduğu səbəbindən. Və nəhayət oğlan övladı dünyaya gələndə adını Ülvi qoymaq istədiyini bildirəndə onun istəyi müsbət qarşılanır. Beləliklə dünyaya yeni bir Ülvi qədəm qoyur. Körpəlikdə o çox maraqlı və qeyri adi uşaq olub. 9 ayında iməkləməmiş yeriyib, 2 yaşına qədər bir söz belə deməyib lakin sonra böyüklər kimi cümlələrlə danışmağa başlayıb. Böyük hərəkətləri ilə seçilib və böyükləri heyrələndirib.
Ülvi Abdulla oğlu Cabbarov 2001-ci ilin martın 31-də doğulub. Bakı şəhərində 20 saylı orta məktəbin 5a sinfində oxuyur. Çox dəcəl uşaq olub. Məktəbə qədər oxumağı və yazmağı artıq bilirdi. Onun məktəbəqədər hazırlıq mərhələsi ilə nənəsi məşğul olurdu. Eyni zamanda Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində hazırlıq kurslarına gedirdi. Ülvi hazırlıq kurslarını əla qiymətlərlə bitirib. Onun ən çox şahmata marağı var. Gedişləri bir dəfə ona izah etmək yetər.
Dərslərini yaxşı oxuyura. Sevimli fənni riyaziyyatdır. Məktəbin ictimai həyatında da fəal iştirak edir. I sinifdə Müstəqillik Gününə həs edilmiş tədbirdə aparıcı rollardan biri ona tapşırılmışdı. 16 may 2009-cu ildə fəxri fərmanla təltif olunub. Gələcəkdə memar olmaq istəyir. Boş vaxtlarında kitab oxuyur, misallar həll edir, bilgisayarda oynamağı xoşlayır.
Sonda gəlin qəhrəmanımızın özünü də dinləyək: “ - Xoşbəxtliyi öz ailəmlə birlikdə olmaqda, sağlam olmaqda, yaxşı oxuyub arzularıma çatmaqda görürəm. Quaşla rəsm çəkməyi xoşlayıram, blyard oynamağı da çox xoşlayıram. Gələcəkdə məktəbi əla qiymətlərlə bitirib, xaricdə təhsil almaq istərdim”.

9 июля 2012 г.

Quliyeva Aytən Vasil qızı

Sən gəldin dünyaya şadlandı hamı,
Səni qarşıladı Novruz bayramı,
Sevindi, hamının coşdu ilhamı,
Gələcək nəsilin anası Aytən.
Bu şeir qəhrəmanımız Aytənə həsr olunub. Onun uşaqlıqdan musiqiyə böyük marağı var idi. Rəqs etməyi çox xoşlayırdı.
Yazıb-oxumağı uşaq bağçasında müəllimindən öyrənmişdi. Məktəbə gedəndə III sinifdə oxuyan şagird qədər düzgün və səliqəli yazırdı. Gözəl xətti var idi. Elə ona görə də məktəbə 5 yaşında gedib. I sinifdən indiyə qədər şəkli şərəf lövhəsini bəzəyir.
Neçə il yol gəldin,
Az qaldı küsə Firuzə anan,
Ataya anaya hər vaxt ol yanan,
Nənən Minarənin sonası Aytən.
Aytən Vasil qızı Quliyeva 1996-cı il martın 22-də dünyaya gəldi. Bəlkə də ana təbiətin oyandığı bir ayda dünyaya gəldiyi üçün o gülləri, çiçəkləri çox sevir. Neçə illərin həsrətindən sonra dünyaya göz açan bu qız hamının sevimlisinə çevrildi. Aytən 2001-ci ildə Nərimanov rayonundakı 47 saylı məktəbin I sinfinə gedib. 2005-ci ildən 143 saylı orta məktəbdə təhsil alır. Əlavə məşğuliyyəti kitab oxumaq, musiqiyə qulaq asmaq, piano çalmaqdır.
Dərslərini əla oxuyur. Fənlər arasında ayrı seçkilik qoymur. Bütün fənlər onun üçün doğmadır, əzizdir. Axı onların hər biri ona ayrı-ayrı istiqamətlərdə bilik verir.
Məktəbdə və rayonda keçirilən tədbirlərdə iştirak edib. Məktəbdə keçirilən “Novruz” şənliyində aparıcı idi.
O, bir çox təltiflərə layiq görülüb. Bakı şəhər Məktəbdənkənar İş Mərkəzi tərəfindən 23 may 2003-cü ildə “Yolunuz uğurlu olsun” devizi altında keçirilən “Uşaq təhlükəsizliyi həftəsi”ndə fəal iştirakına görə fəxri fərmanla, 2007/2008-ci tədris ilində təlim və tərbiyədə əldə etdiyi nailiyyətlərə görə Bakı şəhər Təhsil İdarəsi tərəfindən tərifnamə ilə təltif olunub. Binəqədi rayonu üzrə ekologiya ilə bağlı “Ətraf mühit və biz” mövzusunda keçirilən ən yaxşı referat müsabiqəsində I yeri tutdu və şəhər turuna vəsiqə aldı.
Qazandığı bütün uğurlara görə öncə müəllimlərinə və valideynlərinə borcludur. Savadı, qabiliyyəti, həyata baxışı ümümiyyətlə, hər sahədə atasına oxşamaq istəyir.
Gələcəkdə iqtisadçı olmaq istəyir. Bu sənətə yiyələnməklə atasının davamçısı olmaq istəyir. Çünki həyatda sənətini, xalqını, ailəsini atası qədər sevən insanlar azdır.
Asudə vaxtlarında mütaliə edir, musiqiyə qulaq asır, daha çox vaxtını qardaşı Kənanla keçirir. Kənanın savadı onu valeh edir. Onlar fikir mübadiləsi edəndə, xüsusi ilə riyaziyyatdan mübahisələri düşür. Kənanın məntiqdən savadı çox dərindir. Bəzən məsələnin həllini məntiqi yolla elə tez tapır ki, hamı heyran qalır.
Fəaliyyətilə bağlı “Məntiq və riyaziyyat “ elmi kütləvi, məntiqi-riyazi jurnalda, “Bakı təhsili” jurnalının buraxılışında məlumat verilmişdir.
Uzun müddət Nəriman Kərimovun rəhbərlik etdiyi “Arzu” rəqs ansamblının fəal üzvü olub. Televiziya ekranlarında solo rəqsləri nümayiş olunub. Binəqədi rayonu 11 saylı Uşaq Musiqi Məktəbində təhsil alıb.
Xoşbəxtliyi həyatda istədiyi mövqeyə çatmaqda, valideynlərinin bütün arzularını yerinə yetirməkdə görür. Bunun üçün gecə-gündüz çalışıb yüksək balla istədiyi ali məktəbə qəbul olmaq niyyətindədir.
Yüksək balla ali məktəbə daxil olmaq, ali məktəbi fərqlənmə diplomu ilə bitirmək ixtisasına uyğun yüksək pillədə çalışmaq ən böyük istəyidir. Vətəni, milləti, xalqı üçün əvəssiz işlər görən, onun işıqlı gələcəyi üçün bütün gücü ilə çalışan bir şəxsiyyət kimi tarixin yaddaşında qalmaq istəryir. 

1 июля 2012 г.

Dəmirova Türkan Minbər qızı

Qəhrəmanımızın adının qoyulmasında atasının rolu böyükdür. Minbər bəy oxuduğu ədəbiyyatlardan birində Türkan Şoray haqda məqaləyə rast gəlir. Və bu adı yeni dünyaya gələn qızına qoymağı qərara alır.
Türkan balacalıqda çox sakit uşaq olub. Demək olar ki, hər şeylə maraqlanır, çoxlu suallar verər, cavabları isə diqqətlə dinləyərdi. Yaşıdları ilə müqayisədə daha çox məlumatlı idi. 3-4 yaşlarında babası muğam dinləyəndə onunla birgə radio qarşısında əyləşər və saatlarla bütün diqqətini musiqiyə verərdi. Maraq göstərdiyi işdən diqqətini yayındırmaq qətiyyən mümkün deyildi. Çox inadkar və iradəli idi. Yuxudan qalxandan axşama qədər daim nə iləsə məşğul olardı: musiqi, rəsm, oyun, kitablar və s. Məktəbə gedənə qədər demək olar ki, tam sərbəst yazıb-oxumağı bilirdi. Ailənin dördüncü uşağı olduğundan böyüklər ev tapşırığını yerinə yetirəndə Türkan da həvəslə onlara qoşulurdu. Hətta kənd kitabxanasındakı uşaq ədəbiyyatının çoxu kiril qrafikası ilə olmasına baxmayaraq onları da oxumağa çalışırdı. Əlifbaları səhv salmasın deyə qoyulan qadağaları nəzərə almayaraq, inadkarlıq göstərib kiril qrafibası ilə yazılmış kitabları da artıq 5 yaşında oxumağı öyrənmişdi. Həm ailədə, həm də qonşular arasında hamının sevimlisi idi. Böyüklər ona sual verməyi çox xoşlayırdılar. Çünki verilən suallara böyüklərə məxsus ciddiyətlə və məntiqlə cavab verirdi. İbtidai sinifdə oxuyarkən tənəffüslərdə evə verilən bütün tapşırıqları cəld yerinə yetirər və evdə həll ediləsi məsələ, tapşırıq saxlamazdı.
1995-ci ildə Quba rayonunun Aşağı Xuc kənd orta məktəbinin I sinfinə qəbul olunmuşdu. Məktəbə gedəndə xarici görünüşcə səliqəli, çox sakit, cılız bir qız idi. Az vaxtda fəallığı ilə diqqət cəlb etmişdi. Oxumağa böyük həvəs göstərirdi. Həmişə qabaqcıl olmağa səy göstərirdi. Dostları ilə səmimi, mehriban idi. Türkan günü-gündən fəallaşırdı. Verilən tapşırıqları yerinə yetirməklə bərabər müəllimdən əlavə tapşırıqlar verilməsini xahiş edərdi. Hər gün bütün dərslərə hazırlıqlı idi. Frontal sorğularda həmişə fəal idi. Bilik yarışmasında həmişə qalib çıxırdı. Dəfələrlə təhsildə qazandığı müvəffəqiyyətə görə fəxri fərmanlarla təltif olunmuşdu. Riyaziyyata xüsusi meyl göstərirdi. Proqram materialları ilə kifayətlənməzdi. Əlavə testlərlə çox məşğul olurdu. Türkan müəllim ailəsində anadan olmuşdu. O, valideynlərindən çox şey görüb götürmüşdü. Yüksək mədəniyyətə, gözəl nitq qabiliyyətinə malik idi. Türkan həm də təbiət vurğunu idi. O, gördüklərini çəkdiyi rəsmlərdə təsvir etməyə çalışırdı.
Türkan Minbər qızı Dəmirova 1989-cu ildə Quba rayonunun Aşağı Xuc kəndində anadan olub. 2006-cı ildə Nəsib Dadaşov adına Aşağı Xuc kənd orta məktəbini bitirib ADNA-nın kimya texnologiyası fakultəsinə daxil olub. Hazırda ADNA-nın II kurs magistr pilləsində təhsil alır.
Gəlin Türkanın dediklərinə də diqqət ayıraq: “ - Texniki fənlər üzrə təhsil almağı uşaqlıqdan arzulamışdım. Böyüdükdə mühəndis olacağımı düşünürdüm. Amma məhz neft emalı üzrə mühəndis olmağı X sinifdə qərara aldım. Qara qızılın Azərbaycan xalqının tarixində necə əhəmiyyətli rola malik olduğu hamıya məlumdur. Neft emalı üzrə peşəkar mühəndis olub, bu sənaye sahəsində xalq üçün işlər görmək mənim ən böyük arzumdur. Seçəcəyim ixtisas qrupunu çoxdan qərara alsam da, orta məktəbdə fənlər arasında seçim etməyi xoşlamırdım. Bütün fənlərə marağım vardı və hamısına hazırlıqlı olmağı vacib bilirdim. Nadir hallarda mənim 4 qiymət aldığım olardı. 11 illik təhsilimi bütün fənlərdən əla qiymətlərlə başa vurmuşam. Sinif nümayəndəsi kimi sinfimin daim məktəbin bütün tədbirlərində, yarışlarında, ictimai işlərində iştirak etməsinə çalışırdım. Yarışlarda daim yüksək nəticə əldə etməyə səy göstərirdim. V-XI siniflər arasında ilin şagirdi seçilmişdim. VIII sinifdə rayon olimpiadasında yüksək nəticə əldə etdiyim üçün fəxri fərmanla təltif olunmuşdum.
Ali məktəbdə sevib seçdiyim ixtisasa qəbul olunduğum üçün çox xoşbəxt idim. Ali məktəbdə də bütün fənlər üzrə yüksək qiymət almağa, ixtisasım üzrə mümkün qədər çox bilik almağa çalışırdım. Bir çox elmi konfranslarda, tədbirlərdə iştirak etmiş və yaxşı nəticə əldə etməyə çalışmışam. 2009-cu ildə ADNA-da keçirilən elmi konfransda II yerə layiq görülmüşəm. 4 dəfə ARDNŞ təqaüdçüsü seçilmə şərəfinə nail olmuşam. Hazırda da ARDNŞ-nın həyata keçirdiyi təqaüdçü tələbələrin əsl mütəxəssis kimi yetişməsinə yardımçı olan yay təcrübəsi proqramının iştirakçısı kimi şirkətin nəzdində olan “Azərneftyağ” Neft Emalı Zavodunda təcrübə keçirəm.  
İxtisasımı seçimim sərbəst olub. Bəlkə də mühəndis ola biləcəyim yaxınlarımdan kimsənin ağlına gəlməzdi. Lakin onlar məni hər zaman, hər addımda dəstəkləmişlər.
Hazırda mənim ən böyük arzum təhsilimi başa vurduqdan sonra neft iqtisadiyyatının idarə edilməsində, neft sənayesinin gücləndirilməsində və xalqımızın gələcək həyatının gözəlləşdirilməsində qəti mövqeyi olan ARDNŞ-da işləməkdir. 2010-cu ildə ARDNŞ-nın həyata keçirdiyi yay təcrübəsinin iştirakçısı olduğum zaman fəaliyyətimlə bağlı “İki sahil” qəzetində məqalə dərc olunmuşdur”.