elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

6 марта 2017 г.

Heydərli Leyli Heydər qızı

 
Heydərli Leyli Heydər qızı 21 noyabr 2006-cı il Bakı şəhərində dünyaya göz açıb. Leyli uşaqlıqda çox sakit olub. Bəzən tərsliyi də olurdu. Amma deyilənlərə əməl etməsi, ağıllı və sözəbaxan olması onu hamının sevimlisinə çevirib. Anası onun rəsm çəkməyə marağını görüb, ona çoxlu rəngli qələm və albomlar alıb. Leyli ilk rəngli qələmini əlinə o qədər peşəkarcasına alıb ki, anası artıq onun rəssamlığa meyilli olacağına əmin olub. 2 yaşı tamam olandan sonra anası Leylini Uşaq qalereyasına aparmağa başlayıb. Əsərlər yaratmasa da, hamı Leylinin əlində qələm tutmasına və dəqiqliklə çəkmək istəməsinə təəccüblənirdi. 3 yaşı tamam olan kimi Tofiq İsmayılov adına UGYM-in rəsm dərnəyinə gedib. Sara xanım Əfəndiyeva Leylinin ilk müəllimi olub. Bu günə kimi Sara xanım Leylinin rəsm müəllimidir, Leylini rəssam kimi ən çox anlayan insandır.
24 may 2014-cü ildə İçərişəhərdə Leylinin 50 ən yaxşı seçmə əsərlərindən ibarət ilk fərdi sərgisi keçirilib. Leyli rəsmlərində rəngarəngliyə üstünlük verir. Səttar Bəhlulzadənin əsərlərini çox sevir. Onun “Narlar”, “Lalələr” əsərlərinə oxşar şəkilləri var. Klod Monenin, Van Qoqun əsərlərinə baxıb özünəməxsus əsərlər yaradır. Yaratdığı rəsmlərin sayı 100-150-yə çatan kimi daha bir fərdi sərgi təşkil etməyi planlaşdırır.
Dəfələrlə Aidə Mahmudovanın keçirdiyi usta dərslərinə qatılıb, böyük maraqla iştirak edib.
3 yaşından rəqsə getməyə başlayıb. Rəqsdə çox fəaldır. Dünya xalqlarının rəqslərini öyrənir. Hər il “Rodniki duşi” festivalında iştirak edir. 2016-cı ildə Nejnost rəqs qrupu I yeri tutub.
2014-cü ildən 24 №-li UGYM-ə Esmiralda müəllimin yanında vokal dərslərinə gedir, Heydər Əliyev adına sarayda Novruz bayramı şənliyində çıxışları olub.
Məktəbə 5 yaşında gedib. Sinifdə çox sakit və diqqətli şagirddir. Məktəbə gedənə qədər yazmağı və oxumağı bacarıb. Nənəsi müəllimə olduğuna görə artıq məktəbə tam hazırlıqlı getmişdir. 1 №-li məktəbdə II sinfə qədər oxuyub, hazırda 6 №-li məktəb-liseydə təhsil alır. Dərslərini yaxşı oxuyur. Sevimli fənləri riyaziyyat, rəsm, ingilis dili və informatikadır.
Əldə etdiyi nailiyyətlərə görə ailəsinə minnətdarlıq edir. Həyatda oxşamaq istədiyi yeganə insan anasıdır. Zaha Mohammad Hadid kimi məşhur memara oxşamaq istədiyini də bildirir.
Xalqa və dövlətə xidmət etməyi ən şərəfli iş hesab edir.
Leyli iki sənətə yiyələnəcəyini deyir. Həkim olaraq xalqın sağlamlığının keşiyində durmaq və rəssam olaraq ölkəmizin insanlarını və təbiətin gözəlliklərini təsvir etmək ən böyük arzusudur.
Leyli asudə vaxtlarında kitab oxumağı, xına ilə əl üzərində milli şəbəkələrin təsvirini çəkməyi və rəsmlə məşğul olmağı xoşlayır.

Yaddaşlarda yaşamaq üçün insanlara hörmətlə davranmağın, vətənpərvər olmağın, çalışdığın sahədə üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyin, xalqının və dövlətinin mənafeyini yüksək tutmağın vacibliyini çox gözəl anlayır. Həyatda bu amalla yaşadığını söyləyir. 

3 марта 2017 г.

Həmidova Fatimə Elşad qızı

Həmidova Fatimə Elşad qızı 10 may 2008-ci ildə Bakı şəhərində anadan olub. Fatimə körpəlikdə çox sakit və mülayim uşaq olub.  Ailədəki hər kəsin, xüsusilə nənəsinin, babasının  sevimlisi olub. Üç yaşı olarkən onu valideynləri  Nəsimi rayonunda yerləşən “Nağıl” uşaq bağçasına qoyublar. Elə ilk dəfə yazmağı-oxumağı da həmin bağçada öyrənib. Vəfa müəllim ona ilk hərfi öyrətməklə, gözəl bir istedadın təməlini qoyub. Rəsmə marağı da elə həmin vaxtdan başlayıb. Hələ balaca olanda nənəsinə, xalasına rəsmlər çəkib, hədiyyə edib. Onun gözəl əl işləri də var. Fatimə bunu anasından və xalasından öyrənib. O, bu işləri böyük həvəslə görür.
Fatimə ilk dəfə Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə təhsil almağa başlayıb.  İlk sinif müəllimi də İrina xanım olub.
Hal-hazırda təhsini Binəqədi rayonunda yerləşən 276 saylı məktəbdə  davam etdirir.  İndi isə onun sinif müəllimi Lalə İsmayılovadır.
Fatimə dərslərini həm çox yaxşı, həm də maraqla oxuyur.  Boş vaxtlarında kitablar oxuyur, əl işləri hazırlayır.
Bütün uşaqlar kimi Fatimənin də  arzuları çoxdur. O, orta məktəbi uğurla bitirib,  yüksək nəticə ilə ali məktəbə qəbul olmaq arzusundadır. Onun ən böyük arzusu həkim olmaqdır.  Savadlı həkim olub, xalqına xidmət etmək istəyir.
Uğurlar sənə balaca həkim!

Quluzadə Elmir Nəcəf oğlu

 
Quluzadə Elmir Nəcəf  oğlu 2 fevral 1999-cu ildə Naxçıvan MR. Ordubad rayonunda anadan olub. Çox dəcəl uşaq  olub. Yerində  dayana bilməyən, daim hərəkətli olub. Əsasən əkiz olan qardaşı ilə vaxt keçirib. TV-yə baxmağı çox xoşlayıb. Bir çox böyük futbol komandalarının oyunçuları haqda məlumatlar toplamağı xoşlayır. Ümumiyyətlə həftədə bir mütləq dostları ilə futbol oynayır, hər gün idmanla məşğul olur. Gün ərzində gümrah olmaq üçün  günə qaçışla başlayır. Üzgüçülüklə də arası çox yaxşıdır. Sevdiyi idman növləri arasında boks xususi yer tutur. Demək olar ki, hər idman növü ilə bağlı müəyyən məlumata sahibdir.
Rusiyada böyüdüyü üçün yazıb-oxumağa ancaq altı yaşında Bakıya gəldikdən sonra başlayıb. Rusiyada uşaq baxçasına getməsinə baxmayaraq Bakıda Azərbaycan bölməsində oxumağı seçib.
İstedadına olan marağı təsadüfən bilinib. Qardaşı və Elmir  çox dəcəl olduqları üçün enerjilərini sərf etməyə bir yer lazım olduğunu düşünüb valideynləri. İdmanın ən yaxşı vasitə olduğunu  düşünərək, ilk vaxtlar taekvandoya, sonra da gimnastikaya yazdırıblar.  Taekvando ilə 4 il məşğul olduqdan sonra 3 ilə yaxın da gimnastika ilə məşğul olublar.  Daha sonra üzgüçülük, futbol,  boks kimi idman növləri ilə də  ardıcıl məşğul olublar.
İlk təhsini Bakı şəhəri Nəsimi rayonu 42 nömrəli məktəbdə başlayıb.  Hazırda təhsil aldığı  universitet Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasıdır. Dərslərini çox  yaxşı oxuyur və ən sevdiyi fənləri psixologiya ve atletikadır. Məktəb tədbirlərinin hamısında iştirak edib və bölgələrimizi tanıyaq tədbirində Nəsimi rolunu oynayıb.  
İndiyə qədər əldə etdiyi uğurların hamısını atasına borcludur və fəaliyyətindən dolayı da atasına oxşamaq istəyir .
Elmir gələcəkdə İdman naziri olmaq istəyir.  Bu fikir ondda uşaqlıqdan  formalaşıb.
Asudə vaxtlarında futbol ilə məşğul olmağı xoşlayır.
Elmirin gələcək planları idman üzrə təhsilini davam etdirmək, şəxsi cangüdən şirkəti qurmaqdır. Ən böyük arzusu olan İdman Naziri olmaq üçün isə o, özünü hərtərəfli təkmilləşdirməli olduğunu bilir və bunun üçün əlindən gələni edir.
Tarixin yaddaşında qalmaq kimi bir fikri yoxdu, sadəcə ona  maraqlı olan işlə məşğul olmaq istəyir.


Arzuları böyük olan Elmirə uğurlar arzulayırıq. 

1 марта 2017 г.

Bayramlı Xəyal Kamandar oğlu

Bayramlı Xəyal Kamandar oğlu 13 avqust 1999-cu ildə Bakı şəhərində anadan olub. Anası Xavər xanımla söhbət zamanı o, Xəyalın uşaqlıqdan ağıllı, böyüklərin sözünə diqqət edən və çox təmizkar olduğunu qeyd etdi. Bildirdi ki, uşaqlıqda onun sevimli məşğuliyyəti oyuncaq maşın kolleksiyası düzəltməkdən ibarət olub. Musiqi qabiliyyətinə görə seçilən Xəyalın musiqiyə olan həvəsinin elə uşaqlıqdan başladığını vurğulayan Xavər xanım onu da qeyd etdi ki, həmişə estrada musiqiləri və kliplər yayımlananda Xəyal böyük həvəslə mahnıları dinləyib və özü də oxumağa başlayıb. 3 yaşından sonra qabarıq hiss olunan musiqi duyumu və istedadı,  musiqi müəllimi olan anası Xavər xanımın sayəsində üzə çıxıb və bir valideyn olaraq Xavər xanım oğlunun istedadını inkişaf etdirmək, onu həvəsləndiyi sahəyə yönəltməkdə əlindən gələn köməkliyi göstərib. Mehdiabad qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbin XI sinif şagirdi olan Xəyalla söhbət edərkən onun musiqiyə olan bağlılığı hər halından hiss olunurdu. Hətta ev şəraitində bu həvəsini professionallığa çevirmək üçün xüsusi səsyazma proqramlarından istifadə etdiyini və karaoke proqramları vasitəsilə bir neçə mahnı ifa etdiyini də vurğuladı. Bacardıqca məktəbdaxili, həmçinin məktəbdənkənar tədbirlərdə iştirak etməyə çalışır. Məsələn, söhbət əsnasında Xırdalan şəhərində keçirilən “Bahar gülüşü” adlı tədbirdə iştirak etdiyini və diplomla təltif olunduğunu qeyd etdi. Məktəbdə tədris olunan fənlər arasından Azərbaycan dili və ingilis dili fənlərini daha çox sevdiyini bildirdi. 
İstedadına görə yaşıdları arasında özünə müəyyən bir mövqe tutan Xəyal qazandığı uğurlara görə özünü anası Xavər xanıma borclu hesab etdiyini və fəaliyyətində onun kimi olmaq istədiyini dedi. Gələcəkdə arzu oluna biləcək ən yüksək zirvəyə qədər yüksəlmək istəyir. İncəsənət sahələri arasında aktyorluğa və müğənniliyə meyilli olan gənc müsahibimiz gələcəkdə bu iki sahədən birinə sahib olmağı arzulayır. Ürəyindən gələn bir hisslə uşaqlığından bəri bu arzu ilə yaşadığını və incəsənətə qarşı necə həvəsli olduğunu hər halından sezə bilirdik. Asudə vaxtlarında da adətən musiqi ilə məşğul olduğunu, bir neçə mahnı üzərində məşq etdiyini və sonda ən yaxşı bacardığı mahnını oxuyaraq qeydə aldığını bildirdi. İllər keçdikcə yeni uğurlar qazanmaq və bu uğurları ilə xalqına xidmət  etmək istədiyini deyən Xəyal, I sinifdə oxuyarkən sinif müəlimi Xalidə Abdullayeva və digər sinif yoldaşları ilə haqqında  “Bu bizik” qəzetində şəkilləri ilə birlikdə bir məqalə dərc olunduğunu da yada saldı. 
Həm müğənni, həm də aktyor olmağı arzulayan Xəyala biz də redaksiyamız adından yönləndiyi sahələr üzrə ali təhsil pilləsini uğurla başa vurmağını, həmçinin illər keçdikdən və arzularına çatdıqdan sonra bu məqaləni oxuduqca fərəh hissi keçirməyini arzu edirik.