Bayramlı Xəyal Kamandar oğlu 13 avqust 1999-cu ildə Bakı şəhərində anadan olub. Anası Xavər xanımla söhbət zamanı o, Xəyalın uşaqlıqdan ağıllı, böyüklərin sözünə diqqət edən və çox təmizkar olduğunu qeyd etdi. Bildirdi ki, uşaqlıqda onun sevimli məşğuliyyəti oyuncaq maşın kolleksiyası düzəltməkdən ibarət olub. Musiqi qabiliyyətinə görə seçilən Xəyalın musiqiyə olan həvəsinin elə uşaqlıqdan başladığını vurğulayan Xavər xanım onu da qeyd etdi ki, həmişə estrada musiqiləri və kliplər yayımlananda Xəyal böyük həvəslə mahnıları dinləyib və özü də oxumağa başlayıb. 3 yaşından sonra qabarıq hiss olunan musiqi duyumu və istedadı, musiqi müəllimi olan anası Xavər xanımın sayəsində üzə çıxıb və bir valideyn olaraq Xavər xanım oğlunun istedadını inkişaf etdirmək, onu həvəsləndiyi sahəyə yönəltməkdə əlindən gələn köməkliyi göstərib. Mehdiabad qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbin XI sinif şagirdi olan Xəyalla söhbət edərkən onun musiqiyə olan bağlılığı hər halından hiss olunurdu. Hətta ev şəraitində bu həvəsini professionallığa çevirmək üçün xüsusi səsyazma proqramlarından istifadə etdiyini və karaoke proqramları vasitəsilə bir neçə mahnı ifa etdiyini də vurğuladı. Bacardıqca məktəbdaxili, həmçinin məktəbdənkənar tədbirlərdə iştirak etməyə çalışır. Məsələn, söhbət əsnasında Xırdalan şəhərində keçirilən “Bahar gülüşü” adlı tədbirdə iştirak etdiyini və diplomla təltif olunduğunu qeyd etdi. Məktəbdə tədris olunan fənlər arasından Azərbaycan dili və ingilis dili fənlərini daha çox sevdiyini bildirdi.
İstedadına görə yaşıdları arasında özünə müəyyən bir mövqe tutan Xəyal qazandığı uğurlara görə özünü anası Xavər xanıma borclu hesab etdiyini və fəaliyyətində onun kimi olmaq istədiyini dedi. Gələcəkdə arzu oluna biləcək ən yüksək zirvəyə qədər yüksəlmək istəyir. İncəsənət sahələri arasında aktyorluğa və müğənniliyə meyilli olan gənc müsahibimiz gələcəkdə bu iki sahədən birinə sahib olmağı arzulayır. Ürəyindən gələn bir hisslə uşaqlığından bəri bu arzu ilə yaşadığını və incəsənətə qarşı necə həvəsli olduğunu hər halından sezə bilirdik. Asudə vaxtlarında da adətən musiqi ilə məşğul olduğunu, bir neçə mahnı üzərində məşq etdiyini və sonda ən yaxşı bacardığı mahnını oxuyaraq qeydə aldığını bildirdi. İllər keçdikcə yeni uğurlar qazanmaq və bu uğurları ilə xalqına xidmət etmək istədiyini deyən Xəyal, I sinifdə oxuyarkən sinif müəlimi Xalidə Abdullayeva və digər sinif yoldaşları ilə haqqında “Bu bizik” qəzetində şəkilləri ilə birlikdə bir məqalə dərc olunduğunu da yada saldı.
Həm müğənni, həm də aktyor olmağı arzulayan Xəyala biz də redaksiyamız adından yönləndiyi sahələr üzrə ali təhsil pilləsini uğurla başa vurmağını, həmçinin illər keçdikdən və arzularına çatdıqdan sonra bu məqaləni oxuduqca fərəh hissi keçirməyini arzu edirik.
Комментариев нет:
Отправить комментарий