elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 декабря 2016 г.

Məmmədli Lamiyə Ələkbər qızı

  
Məmmədli Lamiyə Ələkbər qızı 15 iyun 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində dünyaya göz açıb. O, körpəlikdən hər şeylə maraqlanan, çoxlu suallar verən, bir az da dəcəl uşaq olub. Saf uşaq qəlbi ilə istər baxdığı cizgi filmlərində, istərsə də həyatda heç bir uşağın, yaxud böyüklərin kədərinə biganə olmayıb. Tez duyğulanan həssas uşaq olub. Məktəb yaşına qədər ədədləri, toplama və çıxma əməllərini, zaman vahidlərini dəqiq hesablayıb deyirdi. Şeirləri intonasiya ilə əzbərdən söləyirdi. Şəkillər çəkir, anasının köməyi ilə hərfləri yazırdı. 
2009-cu ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Əlifba tədris mərkəzində məktəbəqədər hazırlıq kursu keçib. Təhsilini Bakıxanov qəsəbəsindəki 309 saylı tam orta məktəbdə alan Lamiyə Mədinə Əliyevanın sevimli şagirdlərindən biridir. Ən sevimli fənləri Azərbaycan dili, riyaziyyat, ingilis dilidir. Lamiyə, ibtidai sinif müəllimi Aygün Şirinovanın da zəhməti və qayğısını yüksək qiymətləndirir. Müəlliminə olan sevgisini bildirmək üçün onun adına şeir də yazaraq, müəlliminə hədiyyə edib. 
Hazırda sinif rəhbəri olan Mədinə xanım sevimli şagirdi barədə təqdirəlayiq fikirlər söylədi. Onun həmyaşıdlarına nümunə ola biləcək bir şagird olduğunu xüsusi vurğuladı. 
Lamiyə kompüter oyunları oynamağı, şahmat oynamağı, tarixi filmlərə baxmağı, heyvanlar aləmindən bəhs edən verilişləri izləməyi çox sevir. Lamiyə bir müddət rəqslə də məşğul olub. 
O, özünü valideynlərinə və müəllimlərinə borclu sayır. Yiyələnəcəyi ixtisasda öz yolu, mövqeyi olmasını, uğur qazanaraq öz dəsti-xətti olmasını istəyir. 
Məktəbi əla qiymətlərlə bitirib, yüksək balla universitetə qəbul olmağı, müəllimlərinin, valideynlərinin onunla qürur duymasını arzulayır. Hədəfi gələcəkdə hansı sənətə yiyələnməsindən asılı olmayaraq öz sənətinin peşəkarı olmaqdır. Ən əsası isə vətəninə, dövlətinə, millətinə və ailəsinə həqiqi vətəndaş və övlad  olmaqdır. 
Lamiyə şeir yazmaq qabiliyyətinə malikdir, çox gözəl şeirlər yazır. Bunların arasında “Müəllim”, “Bayrağım”, “Vətənim” şeirlərini sadalaya bilərik. Məktəbdə keçirilən tədbirlərdə də fəal iştirak edən Lamiyə bu tədbirlərdə öz yazdığı şeirlərlə də çıxış edir. 

“Bayrağım” 
And yerimsən, andımsan, iki gözüm, canımsan, 
Ölkələrə səs salan şöhrətimsən, şanımsan!
Başın buludlardadır, zirvələrdən ucasan,
Anamın örpəyisən, namusumsan, bayrağım!

Daim dalğalan deyə neçə igid can verdi,
Analar oğulların yoluna qurban verdi,
Məmməd Əmin Heydərə, Heydər də bizə verdi:
Ulu babalarımdan yadigarsan, bayrağım!

Səndən alır gücünü havam, suyum, torpağım,
“Gəl, səmamda dalğalan!” -  səslənir Qarabağım,
Şuşa qalasından mən sənlə bir dalğalanım,
Canımsan, varlığımsan, vüqarımsan, bayrağım!

Rənglərin ən gözəli bayrağımın rəngidir,
Dünyada ən ucası bizim ölkəmizdədir!
Ali baş komandanın daim diqqətindədir:
Bütün Azərbaycanın ilhamısan, bayrağım! 

“Müəllim” 
Anamtək qayğımı çəkirsən mənim, 
Beynimə biliklər əkirsən mənim, 
Zehnimə ağılsan, fikirsən mənim,
Gözümdə ən uca varlıqsan, müəllim!


Ulu öndərimin nəvəsiyəm mən, 
Atamın, anamın həvəsiyəm mən,
Bağbansan, bağının meyvəsiyəm mən,
Yoluma nur saçan çıraqsan, müəllim!

Üçrəngli bayraqla fəxr edirik biz,
Vətəni sevməyi siz öyrətdiniz!
Elm bir dəryadır, sonsuz bir dəniz,
Üfüqdə parlayan mayaksan, müəllim! 


“Vətənim”
“Azərbaycan!” Adın bəsdir!
Varlığın bir əzəmətdir!
Hər qarışın müqəddəsdir,
Səndən aldım şərəfimi! 

Şəhriyarın qələmindən, 
Səməd Vurğunun vəsfindən,
Füzulinin həvəsindən 
Tanıyıram vətənimi! 

Şirvan başqa, Mil başqadır, 
Naxçıvan bir tamaşadır, 
Bakı başının tacıdır,
Sevirəm hər bir səmtini! 

Mübarizin vətənisən, 
Ciyərindən yaralısan, 
Yarana məlhəm eyləsə 
Söküb verim ürəyimi! 

Eldarova Hülya Vüqar qızı

Eldarova Hülya Vüqar qızı 4 oktyabr 2004-cü ildə Quba rayonunda anadan olub. Hazırda  Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına məktəbdə təhsil alır.
Valideyinlərinin sözlərinə görə  körpəlikdə çox sakit və ağıllı uşaq olub. Mahnı oxuyur, rəqs etməyi, rəsm çəkməyi xoşlayırdı. 4 yasında yazıb-oxumağı bilirdi. Bibisi Dünya xanım öyrətmisdi ona yazıb-oxumağı.
Dərslərini əla oxuyur. Hülyanın sevimli fənnləri  riyaziyyat, kimya, ingilis dilidir. Məktəbdə keçirilən bütün tədbirlərdə ifadəli şeir söyləmək və mahnı oxumaqla fəal iştirak edir. Ən sevdiyi günü isə  məktəblərində  keçirilən bilik yarışında komandası ilə birlikdə I yer qazanmaqları olub. IV sinifdə əlaçı olduğuna ictimai işlərdə fəal iştirak etdiyinə, VI sinifdə bilik yarışmasında I yer olduğuna görə diploma layiq görülmüşdür. Keçən il Bakıda Ədilə Hüseynzadənin adına keçirilən müsabiqədə tərifnaməyə layiq görülmüşdür.
Uğurlarına görə valideynlərinə və müəllimlərinə minnətaddır. Dərslərini daha da əla oxuyub ali məktəbə qəbul olmaq istəyir. O,  böyüyəndə həkimi olmaq fikrindədir. Bu fikri 10 yaşından bəri düşünüb  bu sənəti seçməyinin səbəbi insanlara yardım edib onları sevindirməkdir.
Asudə vaxtlarında kitab oxuyur, pianino ifa edir ya da rəsm çəkir. Abstrakt şəkillər, mandala, perspektiv, portret şəkillərə daha çox üstünlük verir.

Hüyla haqqında ilk məlumat “Şəfəq” qəzetini 23 iyun 2016 cı il tarixli 22-23-cü sayında verilib. Biz də “İstedadlar” redaksiyası olaraq gələcəyin həkiminə uğurlar arzu edirik.

15 декабря 2016 г.

Mirzəzadə Akif İlham oğlu

Mirzəzadə Akif İlham oğlu 20 avqust 2005-ci ildə Goranboy rayonunda anadan olub. Ağıllı və sözəbaxan uşaq olması ilə seçilən müsahibimizin uşaqlıqda  sevimli məşğuliyyətləri cizgi filmlərinə, köhnə Azərbaycan filmlərinə, uşaq verilişlərinə baxmaq olub. Məktəbə gedənə qədər artıq hərfləri və rəqəmləri tanıyır, yazmağı və oxumağı bacarırdı. Bunları anasının sayəsində öyrənmişdi. 5 yaşında onun rəsm üzrə istedadı özünü büruzə verməyə başlayıb. Bu, Akifin bağçadakı müəllimlərinin köməyi ilə aşkar edilib. Məşğələlərdə fəal iştirak etməklə rəsm qabiliyyətini üzə çıxarıb. 2012-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsində Ə.Vahid adına 1 saylı tam orta məktəbin I sinfinə qəbul olunan Akif, hazırda həmin məktəbin Va sinif şagirdidir. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox riyaziyyat, Azərbaycan dili, Azərbaycan tarixi və ədəbiyyat fənlərini xoşlayır. 
Diplomla təltif edildiyi günləri ən uğurlu günlər hesab edən müsahibimizin uğurlarını təqdim edirik: I sinifdə oxuyanda Əlifba təlimini müvəffəqiyyətlə başa vurduğuna görə diplomla, III sinifdə təlimdə qazandığı uğurlara və nümunəvi davranışa görə fəxri fərmanla təltif edilib. Məktəbdə təşkil edilən Əlifba bayramı, Yeni il, Novruz bayramı şənliklərində də fəal iştirak edib. 
Qazandığı uğurlara görə valideynlərinə, ibtidai sinif müəllimi Kəmalə Qasımovaya, həmçinin ikinci sinifdən onlara rəhbərlik edən Günay Abdullayevaya borclu olduğunu bildirir. Fəaliyyəti ilə bağlı yüksək zirvələri fəth etmək arzusundadır. Dünyada tanınan bir insan olmaq istəyir. 10 yaşından hüquqşünas olmaq barədə düşünür. Asudə vaxtlarını kompüterdə əlavə faydalı məlumatlar tapmaqla, bəddi kitablar oxumaqla və dostları ilə birgə vaxt keçirməklə dəyərləndirir. Rəsm çəkməyi xoşlayır və rəsmlərində müxtəlif mövzulara toxunur. 
Gələcəkdə məktəbi uğurla başa vurub ali təhsil ocağına qəbul olmaq istəyir. Hüquqşünas olub xalqına xidmət etməklə və Azərbaycana layiq vətəndaş olmaqla adını tarixin yaddaşına yazacağına inanır. 
Biz də redaksiyamız adından Akifə arzularının çin olması yolunda inamla addımlamağı tövsiyyə edir və gələcəkdə qazandığı uğurlar sayəsində onun adını tez-tez eşidəcəyimizə ümid edirik. 

14 декабря 2016 г.

Hüseynli Şəhriyar Ceyhun oğlu

Azərbaycanımız istedadlı gəncləri ilə tanınmaqdadır. Bunlardan biri də Şəhriyardır. Şəhriyar körpəlikdə sakit, ağıllı, cizgi filmlərinə baxmağı  və  dosları ilə oynamağı xoşlayan uşaq olub. 3-4 yaşında artıq yazmağı bilirdi.
Hüseynli Şəhriyar Ceyhun oğlu 1999-cu il yanvarın 1-də Ağdam rayonunun Rzalar kəndində anadan olmuşdur.
İlk təhsilini 107 saylı tam orta məktəbdə almışdır. Hazırda isə Avropa Azərbaycan məktəbində təhsilini davam etdirir.
Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi  fənlər coğrafiya , ingilis dili, tarix, fizika, biologiya fənləridir. Məktəbdə keçirilən bir çox tədbirlərdə iştirak edib. Həyatında maraqlı günü çox olub. Onlardan biri də 2015-ci il noyabrın 2-dən 8-nə qədər Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq olimpiada qalibi olmaqdır. Coğrafiyadan qızıl, ingilis dilindən isə gümüş medal qazanıb.
Əldə etdiyi uğur və  naliyyətlərinə görə  valideynlərinə və müəllimlərinə özünü borclu bilir . Heç kimə bənzəmək istəmədiyini,  həmişə özü kimi olmaq istədiyini söyləyir.
Zirvəyə qalxmaq üçün heç bir sərhəd tanımır.
Gələcəkdə özünü daha çox millət vəkili kimi görür.  Azərbaycan tarixini dərindən öyrəndikdən sonra xalqımıza dəstək olmağı qarşısına məqsəd qoyub, çünki xalqımızın bu dəstəyə ehtiyacı var.
Tarixi hadisələrlə , hazırda dünyada baş verən hadisələrlə, elektronika ilə , elm sahəsində qazanılan yeni naliyyətlərlə maraqlanır.
Yaxşı işlərim görməklə tarixə düşmək istəyir. Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynamaq istəyir. Bundan əlavə Nobel mükafatı almaqla adını tarixə yazmağı da arzulayır.
O, inanmır ki, insan doğularkən hansısa bacarıqla doğulur.
Ancaq insanlar sonradan çox şeyi öyrənə bilər və öyrəndikləri bacarıqları inkişaf etdirə bilər.  Əvvəllər Qafqazinfo xəbər agentliyində Antalyada qazandıqları uğurla bağlı da onların haqqında  məqalə  yazılmışdır.
Tarixin yaddaşında əbədi olaraq qalmaq, vətəninə, millətinə layiqli övlad olmaq, ali məktəbə daxil olub seçdiyi sənətin mütəxəssisi olmaq istəyir.

UĞURLARIN BOL, YOLUN AÇIQ OLSUN, ŞƏHRİYAR !

Məhruzə Azər qızı Hacızadə

Məhruzə Azər qızı Hacızadə 31 mart 2003-cü ildə Bakı şəhərində anadan olub. Məhruzə körpəlikdə sakit qız olub. Anası onun körpəliyini belə xatırlayır: “Ağlı kəsər-kəsməz oynadığı gəlinciklərə bəzək verməyindən onun maraq dünyasını müəyyənləşdirmişdik. Biz ona rəngli karandaşlar alıb verdik. O, ilk dəfə gül və sərçə şəkli çəkib rəngləmişdi. 5 yaşında məktəb proqramını bildiyi üçün o, məktəbə qəbul oldu. Məhruzənin 3-4 yaşından rəssamlığa bağlılığı var idi. Məhruzənin 5 yaşı olanda Sara Əfəndiyevanın yanına məşğələlərə qoydum. O gündən indiyə qədər Məhruzə Sara müəllimin yanına məşğələlərə gedir”.
Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. İlk təhsilini 176 №-li məktəbdə alıb. Hazırda isə 173 №-li məktəbin IX sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənlər Azərbaycan dili, ingilis dili, ədəbiyyat, təsviri incəsənətdir. Məktəbdə keçirlən tədbirlərdə fəal iştirak edir. Hazırda Vaqif Mustafazadə adına 2 №-li musiqi məktəbinə daxil olub. Bu məktəbdə də bir çox nailiyyətlərə imza atıb. Diplomları, sertifikatları var. 2014-ci ildə təsviri-tətbiqi sənət sahəsində qazandığı uğurlara, tədris ilində nümunəvi təlim və tərbiyəsinə görə təltif olunub. 30 may 2014-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vergi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində III yerin qalibi olub, diplomla təltif olunub. 2016-ci ildə kimya-biologiya gecəsində “Xlor” adlı təqdimatına görə diplom qazanıb. Xocalı soyqırımı faciəsinin ildönümünə həsr olunmuş sərgidə sertfikatla mükafatlandırııb. Hollandiya kralının doğum gününə həsr olunmuş sərgidə diplom alıb. Əldə etdiyi nailiyyətlərə görə müəllimlərə və valideynlərinə minnətdardır.
Faliyətindən dolayı Sakit Məmmədov və Akşin Kazımova oxşamaq istəyir. Ən yüksək zirvələrdə olmağı azrulayır. Gələcəkdə Əzim Əzimzadə adına kollecdə oxumaq və akademiyaya qəbul olmaq istəyir. Gələcəkdə tanımış rəssamlardan olmaq istəyir.
Asudə vaxtlarında kitab oxuyur, musiqiyə qulaq asaraq rəsmlər çəkir.

Biz də Məhruzəyə həyat yollarında uğurlar arzu edirik. 

13 декабря 2016 г.

Müslümlü Hüseyn Emil oğlu

Gələcəyin kosmonavtı Müslümlü Hüseyn Emil oğlu 14 mart 2007-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri onun çox ağıllı, sakit uşaq olduğunu və yaşıdlarından fərqləndiyini deyirlər. Rəqsə, üzgüçülüyə, basketbola marağı olub. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. 5 yaşından öz istəyi ilə üzgüçülüklə məşğul olur. Zərifə Əliyeva adına uşaq bağçasına gedib. Hazırda isə 6 №-li məktəb-liseyin şagirdidir. Dərslərini əla oxuyur. Hüseynin ən çox sevdiyi fənlər ingilis dili və riyaziyyatdır. Hüseyn 2014-cü ildə Menar Azərbaycan olimpiasında iştirak etmiş, diplom ilə təltif olunmuşdur. Hüseynin uğurları bununla da bitmir. Rəqsə olan marağı və istedadı onun növbəti uğurlarına yol açıb. Hüseyn Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsində 2016-cı ildə Bakı Slavyan Universitetinin Rusiya-Türkiyə-Azərbaycan məktəbləri arasında qardaşlaşma sazişinin imzalanması mərasimində iştirak edib.
Qazandığı uğurlara görə valideynlərinə borclu olduğunu deyir. Prezidentimizə oxşamaq istəyir, çünki onun kimi xalqına, millətinə qayğıkeş olmaq və vətənimizdə quruculuq işləri aparaq istəyir. Qəhrəmanımızın gələcək arzusu kosmonavt olmaqdır. Başqa planetləri görmək istəyi Hüseyndə bu arzunu yaradıb.
Boş vaxtlarında dünya ölkələrinin xəritədə yerini öyrənmək və bayraqlarını çəkməklə məşğul olur. Piano dərsləri alır və rəqsə gedir. Planetlərdə yeni kəşflər edərək tarixə düşmək istəyir.
Hüseyn İctimai televiziyanın səhər proqramında bir neçə dəfə rəqs edib.

Biz də maraqlı istedadımıza və gələcək kosmonavtımıza uğurlar arzu edirik.