elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 февраля 2014 г.

Azər Elçin oğlu Dünyamalıyev

Qəhrəmanımız Azər körpəlikdə hər şeyə maraq göstərən, çoxlu suallar verən, öyrənməyə meylli, daim axtarışda olan və özünün maraq dünyası olan bir uşaq olub. Onun xoşladığı məşğuliyyətləri çox olub. Belə ki, o, uzun illər tarix müəllimi işləyən babası - Hüseyn müəllimin dilindən Azərbaycan və dünya xalqlarının nağıllarına, dastanlarına və atalar sözlərinə qulaq asmaqdan yorulmurdu və xüsusi bir zövq alırdı. Həmişə onu maraqlandıran mövzulardan çoxlu suallar verirdi.
Azər məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdi. Çünki, o, körpə yaşlarından Ofelya nənəsinin baş tərbiyəçi-metodist işlədiyi 67 saylı körpələr evi - uşaq bağçasında təlim-tərbiyə almışdır. Həmin məktəbəqədər uşaq müəssisində nənəsinin və tərbiyəçilərin səyi nəticəsində Azər yazıb-oxumağı, rəsm çəkməyi və müxtəlif xarakterli müsabiqələrdə uğurlu addımlar atmağı öyrənmişdi.
Məktəbəqədər uşaq müəssisəsində tərbiyə aldığı müddətdə çoxlu sayda şeir, rəsm müsabiqələrində və idman yarışlarında uğurla iştirak edərək, daim həmin tədbirləri qalib kimi başa vurmuşdu.
Azərin təhsilə marağı 4-5 yaşlarından yaranmışdır. Ətrafda baş verən hadisələrə maraq göstərməsi, verdiyi sualların babası Hüseyn müəllim tərəfindən ətraflı və geniş şəkildə izah edilməsi nəticəsində maraq dünyası günü-gündən inkişaf edirdi. Həm də valideynlər tərəfindən Azərə göstərilən diqqət və qayğı onun maraq dünyasında olan hər bir məqamı üzə çıxartmağa, inkişaf etdirməyə kömək etmələri Azərin dünyagörüşünün, təfəkkürünün tərəqqisində böyük rol oynamışdır.
Azər Elçin oğlu Dünyamalıyev 2001-ci il martın 2-də Sumqayıt şəhərində anadan olub. İlk təhsilini Sumqayıt şəhər 21 saylı orta məktəbdə alıb. Hazırda Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdidir.
Azər: “ - Mən bütün dərslərimə məsuliyyətlə yanaşıram. Çünki oxuduğum Təbiət Elmləri Təmayüllü Gimnaziya və təhsil aldığım sinfin Təhsil Nazirliyi tərəfindən xüsusi istedadlara malik şagirdlərdən təşkil olunmuş "Xüsusi Sinif" olduğu üçün bu sinfin tədris və təlim işlərinə xüsusi yanaşmanın və nəzarətin olması, bu məsuliyyəti mənim və şagird yoldaşlarımın üzərinə qoyur. Digər məktəblərdən fərqli olaraq təhsil aldığım gimnaziyada bütün fənləri eyni səviyyədə sevməmək mümkün deyil. Amma xüsusilə önəm verdiyim riyaziyyat, fizika, informatika, Azərbaycan dili və ingilis dili fənləridir.
Məktəbəqədər uşaq müəssisəsində ilk uğurlarıma imza atmışam. 2006-cı ilin 1 iyun tarixində Beynəlxalq Uşaqların Müdafiə Günü münasibətilə təşkil olunmuş ümumşəhər tədbirinin aparıcısı kimi məsuliyyətli bir işin öhdəsindən bacarıqla gəlmişəm. Həmin tədbirdə şəhərimizin bütün məktəbəqədər uşaq müəsissələrindən fəallığı ilə seçilən uşaqlar iştirak edirdi.
29 aprel 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt Filialının Heydər Əliyevin anadan olmasının 89 illiyinə həsr olunmuş riyaziyyat fənni üzrə keçirdiyi VIII olimpiadada II, 21 aprel 2013-cü ildə
IX olimpiadada III yeri tutduğuma görə fəxri fərmanla təltif olunmuşam.
Müxtəlif sahələrdə uğur qazanmağıma görə valideynlərimə, nənə və babama borcluyam. Hesab edirəm ki, mənim bu sahələrdə olan biliklərimin bünövrəsinin qoyulmasında və bu sahələrə marağımım formalaşmasında atamın rolu daha böyük olub. Məhz atam ingilis dilinə, riyaziyyata və informasiya  texnologiyaları sahəsinə həvəsimin yaranmasında və ilkin biliklərin öyrənilməsində mənə ən yaxın məsləhətçi olmuşdur.
Respublika və beynəlxalq yarışlarının qalibi olsam, həmçinin arzuladığım ali məktəbə respublika üzrə ən yüksək balla qəbul olaraq, prezident təqaüdüçüsü olaramsa, özümü çox xoşbəxt edərəm.
Çalışıram gimnaziyanı qızıl medalla bitirim. Azərbaycan neftlə zəngin bir ölkə olduğu üçün mən də gələcəkdə neft mütəxəssisi olmaq istərdim. Demək olar ki, V sinifdən bu arzu ilə yaşamışam. Çünki bu sahəyə marağım böyükdür. Mən Ali Neft Məktəbinin tələbəsi olmaq arzusundayam. Burada da təhsilimi bitirdikdən sonra təhsilimi xarici ölkələrdə müvafiq sahə üzrə davam etdirərək magistr dərəcəsi almaq, əldə etdiyim bilik və təcrübəni dövlətimizin inkişafı naminə istifadə etmək, peşəkar mütəxəssis olmaq istərdim. Bu sahə üzrə elmi araşdırmalar apararaq yeni kəşflərə imza atmaq mənim ən çox arzuladığım məqamlardır.
Asudə vaxtlarımda kitab oxumağı, informasiya texnologiyalarının dərinliklərinə yiyələnmək, saytların yaradılması və dizayn edilməsi kimi işlərlə, idmanın üzgüçülük növü və futbolla məşğul olmağı xoşlayıram.”
Azərin müxtəlif zamanlarda əldə etdiyi nailiyyətləri belə sıralamaq olar:
"Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi" İctimai Birliyinin "GEOPACK" layihəsi çərçivəsində keçirilən geologiya olimpiadasında fəal iştirak etdiyinə görə diplom (02 noyabr 2013-cü il, Bakı şəhəri),
Uşaq İnkişafı Təhsil Mərkəzinin ("ECİC" LTD) 2008-ci ildə "İngilis dili üzrə yüksək mükafatlar" proqramı əsasında 7-11 yaşlı şagirdlər arasında həyata keçirilən inşa müsabiqəsinin ikinci yer qalibi,
Mərkəzin 2008-2009, 2009-2010 akademik illəri üzrə ingilis dili dərslərində müvəffəqiyyətlə iştiraka görə və Elementary (A) dərəcəsinin verilməsinə görə sertifikatlar,
Mərkəzin 2010-2011 akademik ili üzrə ingilis dili dərslərində müvəffəqiyyətlə iştiraka görə və Elementary (C) dərəcəsinin verilməsinə görə sertifikat,
Mərkəzin 2011-2012 akademik ili üzrə ingilis dili dərslərində müvəffəqiyyətlə iştiraka görə və Pre - İntermediate (C) dərəcəsinin verilməsinə görə olan sertifikat,







Mərkəzin 2012-2013 akademik ili üzrə ingilis dili dərslərində müvəffəqiyyətlə iştiraka görə və Pre - İntermediate (B) dərəcəsinin verilməsinə görə olan sertifikat,
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi İdarəsinin təşkil etdiyi məktəblilər arasında "Vergilər" fənni üzrə keçirdiyi zona yarışının xal hesabı II yer;
Sumqayıt Şəhər Təhsil Şöbəsinin 2011-2012, 2012-2013, 2013-2014 dərs illərində keçirilən fənn olimpiadalarının məktəb turunda ingilis dili fənni üzrə I yeri tutduğuna görə fəxri fərmanlar,
Junior Achivement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən 2010-2011-ci ilin "Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı" çərçivəsində JAA "Müvəffəqiyyət Bacarıqları", işə hazırıq layihəsini uğurla bitirdiyinə görə sertifikat,
Junior Achivement Azərbaycan təşkilatı tərəfindən 2011-2012-ci ilin "Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı" çərçivəsində keçirilən JAA "Biznes Etika" layihəsini uğurla bitirdiyinə görə sertifikat,
Sumqayıt şəhər Təhsil Şöbəsinin 21 və 28 saylı tam orta məktəbləri tərəfidən 2007-2008, 2008-2009, 2009-2010, 2010-2011 tədris illərində təlimdə qazandığı müvəffəqiyyətə və nümunəvi davranışına görə fəxri fərmanlar.

Leyla Azər qızı Həsənova

Leyla Azər qızı Həsənova 4 sentyabr 2007-ci ildə Bakı şəhərində dünyaya göz açıb. İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyanın I sinif şagirdidir.
Uşaq vaxtı sakit, təmkinli olub. 5 yaşından rənglərə meyl göstərib. 2 yaşından rəngləməyi çox sevirdi. 3 yaşından Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinə yazıldı. Onda gözəl rəqs istedadının olduğunu hiss edən anası eyni zamanda Leylanı “Cücələrim” rəqs ansamblına yazdırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Məktəbə tam hazırlıqlı olması üçün müəllimlə hazırlaşırdı.
Leyla: “ - Dərslərimi yaxşı oxuyuram, bütün fənləri xoşlayıram. Getdiyim bağçanın bütün tədbirlərində fəal iştirak etmişəm. Sərgilərim olub. “Cücələrim” rəqs ansamblında çıxışlarım olub. Bağçanın nəzdində olan “Çiçəyim” Uşaq Teatr Studiyasının fəal üzvü olmuşam. Müxtəlif rollarım olub: Malvina, Qoğal, Cücə. Milli rəqsləri, “Qaraçı” rəqsini və bir çox rəqslər ifa etmişəm.
2011-ci ilin dekabr ayında “Ailəmizin yeni il oyuncağı” adlı müsabiqədə qalib kimi təltif olunmuşam. 2013-cü ilin aprel ayında Dövlət Yol Polisinin keçirdiyi “Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq” adlı tədbirində fəal iştirakıma görə simvolik sürücülük vəsiqəsi ilə təltif olunmuşam. 2013-cü ilin may ayında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş sərgidə “Balaca rəssam” diplomu ilə təltif olunmuşam. 2013-cü ilin may ayında 1 İyun - Uşaqların Müdafiəsi Günü münasibəti ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunmuş I Uşaq Yaradıcılıq Festivalında fəal iştirakıma görə təltif olunmuşam. Bu günə qədər əldə etdiyim bütün nailiyyətlərə görə anama borcluyam. Çalışacağam ki,  böyüdükcə təsviri incəsənət sahəsində yeni nailiyyətlər əldə edim və fərdi sərgilərimi keçirim.
Gələcəkdə ürək həkimi olmaq, çarəsiz insanları həyata qaytarmaq istəyirəm.
Asudə vaxtlarımda rəsm çəkirəm.”

7 февраля 2014 г.

Aygün Namiq qızı Əliyeva


Aygün Namiq qızı Əliyeva 2001 dekabrın 10-da Bakı şəhə­rində anadan olub. Hazırda Bakı şəhər Qaradağ rayonunun Kor­göz qəsəbəsindəki Elman Heydərov adına 197 saylı orta mək­təbin VI sinfində охuyur.
Aygün hələ kiçik yaşla­rından qеyri-adiliyi ilə seçilirdi. Məntiqi təfək­kürü, iti zəkası ətrafın­da­kıların həsədinə səbəb olur­du. Xarici görkəmcə də gözəl uşaq olduğundan görənlər ona baхmaqdan dоymazdı. 
Aygün də bütün uşaq­lar kimi zamanını еvcik­ləri, gəlincikləri və оyun­caqları ilə оynamaqla ke­çi­rirdi. Buna baxmayaraq onda çox erkən yaşından təhsilə maraq oyandı. Və bacısı Günayın sayəsində hələ məktəbə gedənə qə­dər охuyub-yazmağı öyrəndi. Bu minvalla 6 yaşında məktəbə qə­dəm qoyan Aygün dərs­lə­rində də müvəffəqiyyətlər əldə etməyə başladı. İbtidai sinif müəl­limi Vəsilə İsmayılovanın nümunəvi pedaqoqlardan olması Ay­gü­nün təhsilə marağını daha da artırdı. Hələ ibtidai siniflərdən Aygünün şəkli məktəbin “Şərəf lövhə”sini bəzəyir. Onun sеvdiyi fənnlər ingilis dili, ədəbiyyat və Azərbaycan tariхidir. Aygün məktəbdə keçirilən bütün tədbir­lərdə, bayramlar şənliklərində də fəal iştirak еdir. V sinifdə охu­yanda məktəbdaхili оlimpiadada I yеri tutması onun ən хоşbəхt günlərindən biridir.
Aygünün ən böyük arzusu jurnalist оlmaqdır. Оrta məktəbi bitirdikdən sоnra BDU-nin jurnalistika fakultəsinə daхil оlmaq, mərhum Salatın Əsgərоvanın arzularını gеrçəkləşdirmək istəyir. Erməni təcavüzkarları tərəfindən işğal оlunmuş 11 rayоn haq­qın­da məlumat toplayıb kitab nəşr еtdirmək istəyir.

5 февраля 2014 г.

DƏRİN ZEHNİ İLƏ FƏRQLƏNİR (Ayla Mustafazadə)

Mustafa-zadə Ayla 23 mart 2004-cü ildə Bakı şəhərində, ziyalı ailəsində dünyaya göz açıb. Quliyevlər ailəsində ilk nəvə olduğundan ailənin böyük məhəbbətini qazanmışdır. Ayla körpəlikdə həssas, şıltaq və diqqətli uşaq olub. Hiperak­tivliyi və daim qəliz idman hərəkətləri etməsilə diqqət çəkib. Hələ 3 yaşı tamam olmamış, o uşaq bağçasına getmiş və bütün tədbirlərdə aktiv iştirak etmişdir. Eyni zamanda zümzümə etməyi də yaddan çıxarmayıb. Musiqi müəllimi işləyən Firuzə nənəsi Aylanın aktivliyni görüb, onu Uşaq Filarmoniyasına apar­mışdlr. Ayla burada milli və xarici geyimlərin nümayişində iştirak etmişdir. Onun musiqiyə meylli olduğunu görən “No­ğullar” qrupunun rəhbərləri Mər­yəm Əlibəyli və Natiq Qə­zənfəroğlu Aylanı öz qruplarına dəvət edirlər. 2010-cu ildə qrupun ilk diski işıq üzü görür. Paralel olaraq Ayla Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika Məktəbində akrobatika ilə məşğul olmağa başlayır və bir neçə diplom və medallarla mükafatlandırılır. Bağça dövründə Bakı şəhər İcra Ha­kimiyyəti tərəfindən fərqlənmə diplomuna layiq görülmüşdür. 2010-cu ildə 16 saylı Texniki Humanitar liseyinə gedir. I sinifdən Ayla liseyin tədbirlərində aktiv iştirak etməyə başlayır. 2013-cü ildən Əminə Musayevanın rəhbərliyi altında “Təbəssüm” qrupuna dəvət alır. Burada o nəinki qrup şəklində, hətta solo da oxuyur. İldə bir neçə dəfə Rəşid Behbudov adına Mahnı Teatrında konsertlər verilir. 2015-ci ilin aprel ayında “Təbəssüm” qrupu Türkiyədə keçirilən 23 Nisan Cocuk festi­valında Azərbaycanı tərənnüm edir və diploma layiq görülürlər. İyunun 1-də Uşaqlar günü “Təbəssüm” Uşaq Musiqili Teatrının 15 illik yubileyi münasibəti ilə teatrın işində fəal iştirakına görə Ayla Mustafa-zadə fərxi fərmanla təltif edilir. Asudə vaxtlarında kitab oxumağı xoşlayır. 
Liseyin direktoru Ülviyyə Vəliyeva deyir: “Ayla liseyin ən istedadlı, çalışqan şagirdi kimi hər zaman diqqət mərkəzindədir. Dərsləri yüksək səviyyədə mənimsəyir. Bir çox yaşıdlarından iti, dərin zehni ilə fərqlənir”.

Ədxəmi Əvrin Hüseyn oğlu


Ədxəmi Əvrin Hüseyn oğlu 26 dekabr 2003-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Sakit uşaq olan Əvrin puzzle yığmaq və məntiqin inkişafına kömək edən digər oyunları oynamağı xoşlayırdı. Təbiəti, heyvanları, əsasən də quşları çox sevirdi. Valideynlərinin və böyük bacısının sayəsində məktəbə gedənə qədər təhsillə bağlı bir çox şeyləri öyrənmişdi. 6 yaşından şahmata maraq göstərməyə başladı. Bacısı və atası şahmat oynayanda müşahidə aparan Əvrin də tezliklə bu oyuna maraq göstərməyə başladı. Onun babası və atası da yaxşı şahmat oynayırlar, hətta yarışlarda da iştirak edirlər. Görünür bu oyuna maraq Əvrinə genlərlə keçib.
Əvrin orta təhsilə ilk qədəmlərini İranın paytaxtı Tehrandakı Beynəlxalq Məktəbdə atıb. Hazırda isə Bakıdakı İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyada təhsilini davam etdirir.
Əvrin: “ - Dərslərim yaxşı oxuyuram. Məntiqi məsələləri cox xoşlayiram və əlbəttə ən sevimli fənnim riyaziyyatdir. Beynəlxalq festivalda, Yeni il şənliyində, “Şən start” müsabiqəsində Azərbaycanı təmsil etmişəm. Yaddaqalan, uğurlu günüm birinci dəfə medal almağım olub. Bir çox müsabiqələrdə diplomlara layiq görülmüşəm. Bunlardan ən çox dəyər verdiyim 27 fevral 2013-cü ildə şahmat yarışında qazandıgım fəxri fərmandır.
Uğur qazanmağımda valideynlərimə borcluyam və onlara cox minnətdaram. Bütün nailiyyətlərimdə anamın rolu daha çoxdur. Şahmat üzrə Xanlar müəllimə oxşamaq istəyərdim.
İnanıram ki ən yuksək zirvələrə çatacağam və Azərbaycanı dünya çempionatında təmsil edərək - çempion olacağam.
İnsanlara kömək etməyi xoşlayiram, böyüyəndə həkim olmaq istəyirəm.
Asudə vaxtlarında mutaliə etmək, futbol oynamağı, televizora baxmagı, dostalımla maraqlı söhbətlər etməyi xoşlayıram. Fortepianoda çalmağı öyrənirəm, ancaq şahmat oyunu mənim üçün birinci yerdədir.
Arzularım çox böyukdür. Azərbaycan Respublikasının prezidenti olmaq və vətənimin daha çox inkişafına, möhkəmlənməsinə çalışmaq.”

Abdullayev Ramin Rasim oğlu

Abdullayev Ramin Rasim oğlu 205 saylı orta məktəbin II sinif şagirdidir. O, sakit və sözəbaxan uşaq olub. Uşaqlıqdan top oynamağa, dəftərə, qələmə böyük həvəs göstərib.
Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Məktəbəqədər hazırlıq kurslarında öyrənib.
Uşaq vaxtından futbola böyük marağı vardı. Həyətdə  uşaqlarla oynayırdı və televiziyada futbolla bağlı bütün verilişlərə maraq göstərirdi. Sonradan isə atasına bildirdi ki, onu futbola qoysun. Beləliklə Binəqədi Olimpiya Kompleksində futbol məşqlərinə yazılıb.
Ramin orta məktəbdə dərslərini əla oxuyur. Ən çox sevdiyi fənn riyaziyyatdır.
Uşaqlararası futbol turnirində komandası I yeri tutub.
Onun futbolu sevməyində atasının rolu böyükdür. Futbol sahəsində arzusu Ronaldo kimi bir futbolçu olmaqdır. Gələcəkdə peşəkar futbolçu olmaq istəyir.
Asudə vaxtlarında yay fəslində daha çox futbol oynayır. Qışda isə bilgisayar oyunlarına maraq göstərir.
Gələcək planları arasında ən başlicası “Neftçi”nin azyaşlılar üzrə komandasına seçilmək durur.

Balakişiyeva Ülviyyə Çingiz qızı

Ülviyyə Çingiz qızı Balakişiyeva 2007-ci il iyunun 9-da Bakı şəhərində anadan olmuşdur. Ailənin ilk nəvəsi olan qızcığaz anadan olduğu gündən evlərinə sevinc gətirib. Körpəlikdən çox sakit və rahat uşaq olub. Uşaq çağlarından onda musiqiyə həvəs olduğu hiss olunurdu. Hələ yaxşı danışa bilmirdi, amma eşitdiyi mahnıları oxumağa çalışırdı. Musiqi duyumunun yaxşı olduğu elə o vaxt bəlli idi. Bir dəfə eşitdiyi mahnının musiqisini eynilə təkrarlayırdı.
O, uşaq bağçasında keçirilən bütün tədbirlərdə fəal iştirak edir və qalib olurdu. Burada o, yazıb-oxumağı da öyrənmişdi. Məktəbə gedəndə bütün hərfləri və 30-a qədər riyazi hesablamaları sərbəst bilirdi. Çoxlu suallar verirdi və atası tərəfindən bu suallara cavab verilməsi nəticəsində marağı daha da inkişaf edirdi. O, ilk təhsilini 48 saylı Tərbiyə İşi Mərkəzinin “Nağıl və debat” dərnəyinin üzvü olmuşdur. Məşğələlərdə müntəzəm iştirak etmiş ve proqram materiallarını yüksək səviyyədə mənimsəmişdir.
Hazırda 87 saylı orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Bütün fənlərə maraq göstərir. Ülviyyə gələcəkdə həkim olmaq istəyir. Asudə vaxtlarında dostları ilə həkim oyunu oynayırlar. O, böyüyəndə  savadlı həkim olmağı və öz xəstəxanasının olmasını arzulayır. 

Abdullazadə Elcan Ramiz oğlu

10 aprel 2006-cı ildə Abdullayevlər ailəsində uzun zamanlıq körpə həsrətinə son qoyuldu. Böyüdükcə valideynlərinin fəxrinə çevriləcək körpəyə atası Ramiz bəy Elcan adı verdi. Elcan yaşa dolduqca valideynlərin sevinci daha da artırdı. Onun nümunəvi insan ki­mi yetişməsi üçün əllərin­dən gələni əsirgə­mirdilər. Hələ kiçik yaşlarında El­can özünəməxsus fərdi xüsusiyyətləri ilə digər uşaqlardan fərqlənirdi. Elcan çox sakit, həssas və ağıllı uşaq olub. Şəkil çəkməyə həvəsi çox olan Elcan kiçik yaşlarından yazmağa, oxumağa və xü­susilə hesablamağa, say­mağa maraq göstərirdi.
Uşaq bağçasına gedər­kən səhnəciklərdə rolları böyük məharətlə ifa edir, sözləri aydın və səlis tələf­füz edir, şeirləri intonasiya ilə söyləyirdi. Hələ 2-3 yaşı olanda müxtəlif atalar sözləri, tapmaca, nağıllar bilirdi. Zaman keç­dik­cə onun digər qabiliyyətləri də üzə çıxmağa baş­ladı. 
Elcan Abdullazadə 2012-ci ildə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 saylı orta məktəbin I sinfinə qəbul  olun­muş­dur. Hazırda II sinif şagirdi olan Elcan bütün fənləri məsuliy­yət­lə öyrənir. Amma ən sevimli fənni riyaziyyatdır. 
Dərs əlaçısı olan Elcan məktəbdə keçirilən tədbirlərin də fəal iştirakçılarındandır. Bu günə qədər siniflərində keçirilən heç bir tədbir Elcansız keçməyib. Müəllimi də ondan razılıq hissi ilə söz açır. 
Elcan gələcəkdə hüquqşünas olmaq niyyətindədir. Bu fikrə insanların hüquqlarını müdafiə etmək üçün düşdüyünü deyir.
Asudə vaxtlarını isə rəsm çəkmək və televiziyada intellektual verilişləri izləməklə keçirir.

4 февраля 2014 г.

Riyaziyyat dünyası

Sumqayıt şəhərində fənn aylığı çərçivəsində keçirilən tədbirlərdən biri də 21 saylı tam orta məktəbdə təşkil olunmuşdur. Yanvar ayı riyaziyyat fənninə həsr olunduğundan həmin məktəbin riyaziyyat müəllimi Fərəcli Dünya "Riyaziyyat dünyası" adlı riyaziyyat gecəsi keçirmişdir. Tədbirdə bir çox məktəblərdən dəvət olunmuş müəllim və qonaqlar, eyni zamanda əməkdar müəllim, 30-a yaxın bir çox elmi və bədii kitab və jurnalların müəllifi, İmişli rayon kənd orta məktəbinin direktoru, ustad müəllim Malik Aranlı (Qəhrəmanlı) da iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan tədbirin təşkilatçısı Dünya müəllimə gələn qonaqları və tədbir iştirakçılarını salamlamış, Azərbaycanın Dövlət Himni oxunaraq tədbiri açıq elan etmişdir.

Tədbirin ilk hissəsində Malik Aranlı ilə görüş olmuşdur. O, çıxış edərək, riyaziyyat v məntiqin əhəmiyyətindən danışmış, şagirdlərə testi həll etməyə qaçmamağa, ilk öncə riyaziyyatın kökünü öyrənməyə çağırmışdır: "Riyaziyyatı dərk etməyən, nəzəriyyyəni, düsturların çıxarılışını bilməyən şagird test həll etməyə qaçmasın..... ". Ustad  müəllim daha sonra şagirdlərin suallarına cavab vermişdir.
Tədbirin ikinci hissəsi sinfinin hazırladığı kompozisiya və səhnəciklərə həsr olunmuşdur. Şagirdlər riyaziyyatın gündəlik həyatımızda rolu, "Rəqəmlərin mübahisəsi" (müəllif Malik Aranlı) , riyaziyyatın bütün elmlərin şahı olmasına dair səhnəciklərini təqdim etmişdilər. Şagirdlər həmçinin hazırladıqları rəqs və musiqi çələngilə tədbiri daha da rəngarəng etmişdilər.
Sonda 20 Yanvar- Ümumxalq hüzn günü anılmış, Qanlı Yanvarın tarixi səhifələnmiş, Vətənpərvərlik ruhunda şeirlər  söyləmişdilər. Bu günün hüzn günü kimi yox, qəhrəmanlııq səlnaməsi kimi tarixə düşməsini qeyd etmişdilər.
Tədbirin sonunda "Viktorina" keçirilmiş, maraqlı və əyləncəli məntiqi suallar  bütün şagirdlərin marağına səbəb olmuşdur. "Viktorina"da iştirak edən hər bir şagirdə və sonda çıxış edərək tədbir haqqında öz fikirlərini söyləmiş və belə tədbirlərin davamlı olaraq keçirilməsini, şagirdlərə Vətənpərvərlik ruhunun aşılanmasını bildirən məktəbin direktoru Vladim İbrahimov, metodbirləşmə rəhbəri Diləfruz Mahmudova , təlim-tərbiyyə işləri üzrə direktor müavini Afilə Nağıyeva və bəzi qonaqlara hədiyyələr təqdim olunmuş, tədbirdə iştirak etdiyi üçün dərin minnətdarlıq bildirilmişdir.