elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 ноября 2014 г.

Həsənov Sabir İlham oğlu

Həsənov Sabir İlham oğlu 1 iyun 1999-cu ildə Şüvəlan qəsəbəsində dünyaya göz açmışdır. Onun adını babası vermişdir. Kiçik yaşlarından rəsm çəkməyə xüsusi marağı olmuşdur. Məktəbə getməmişdən əvvəl anası Zahidə xanım yazıb-oxumağı, xalq nağıllarını və bir çox şeirləri Sabirə mükəmməl şəkildə öyrətmişdi.
İlk təhsilini Şüvəlan qəsəbəsində yerləşən İ. Muradov adına 237 saylı məktəbdə almağa başlayıb. Məktəbdə də Sabir öz istedadını inkişaf etdirməyə başlayır. Bu sahədə Failə müəllimə Sabirə yardımçı olur. Məktəbdə təşkil olunmuş müxtəlif sərgilərlərdə o, öz rəsmlərini nümayiş etdirmiş, məktəbdaxili  və məktəblərarası yarışlarda yüksək nəaliyyətlər əldə etmişdir.
O, boş vaxtlərında musiqi dinləməyi çox sevir. Musiqi onun ruhuna qida verir. Sabir məktəbdə dərslərini yaxşı oxuyur. Lakin onun istedadından dolayı rəsmxətt fənninə marağı daha çox olur. Sabir 9 illik təhsilini uğurla başa vurub yüksək balla Şuşa humanitar kollecinə daxil olmuşdur. Öz istedadının təkminləşməsi, arzularının reallaşması üçün uğurla addımlayır.
Onun növbəti hədəfi dizayner olmaq, heç kimə bənzəməyib öz üslubunu yaratmaq arzusundadır.

Hacıyev Səfərəli Azər oğlu

Gənc istedadlardan biri də Səfərəli Azər oğlu Hacıyevdir. O, körpəlikdə hər bir şeyə xüsusi maraq göstərərdi, hər işin dərinliklərinə qədər bilmək istəyərdi. Sakit bir uşaq olub, həmyaşıdlarından kənarda dayanar, dəcəllik etməzdi. Lakin inadkar və öz istədiyinə nail olurdu. Səfər cizgi filmlərini və intelektual verilişləri izləməyi çox sevirdi. O, məktəbə qədər saymağı bacarır, hərfləri tanıyır, az-az oxuya bilirdi. Bunu ona atası öyrətmişdi. Səfərin yaxşı intonasiyası var. O, yüksək intonasiya ilə yaxşı şeir deməyi bacarır. Bunu onda ilk müəllimi aşkar edərək Səfərdə buna marağı artırmışdır.
Hazırda 293 saylı məktəbin əlaçı şagirdlərindən olan Səfəralı ən çox sevdiyi fənlər ana dili, riyaziyyat, həyat bilgisidir. O, əlaçı olmaqla yanaşı ictimai işlərdə də aktivdir. Buna misal olaraq onun Ə. Vahidin gecəsində onun qəzəlini deməsini, Novruz şənliyində aparıcı kimi iştirak etməsini göstərmək olar. O, vətənpərvərliklə bağlı keçirilən tədbirlərə xüsusi maraq göstərir. Böyük qardaşı hesab etdiyi milli qəhrəmanlara oxşamaq istəyir. Səfəralı orta məktəbi qızıl medallarla bitirib, ali məktəbə daxil olmaq istəyir.
Gələcəkdə həkim olmaq, insanlara şəfa vermək, onların sağlamlıqlarının keşiyində durmağı arzulayır. O, əlaçı olmasına, nümunəvi davranışlarına və tədbirlərdə aktiv iştirakına görə diplom və fəxri fərmanlarla  təltif olunmuşdur. Əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə minnətdar  olduğunu deyən Səfəralı vətəninə və ailəsinə layiqli övlad olmaq istəyir.
Səfəralı: “ - Vətənimə layiqli övlad olaraq və gələcəkdə öz sənətimlə tarixin yaddaşında yaşamaq istəyirəm”.

20 ноября 2014 г.

Kənan Xəzər oğlu Mirzəyev

  

Kənan Xəzər oğlu Mirzəyev 18 sentyabr 1997-ci ildə Bakı şəhərində dünyaya gəlib. Uşaqlıqdan musiqi dinləməyi, futbol oynamağı sevirdi.Məktəbə getməmişdən öncə yazıb-oxumağı dayısı Pərviz Mirzəyev öyrətmişdi. Şüvəlan qəsəbəsindəki  İ. Muradov adına 237 saylı orta məktəbdə təhsil alır.
Kənanın musiqiyə marağı 10 yaşında yaranıb. Buna səbəb musiqiçi ailəsində böyüməyi, layla yerinə xalq mahnılarını dinləməsi  idi. Babaları - Sabir Mirzəyev, Habil Mirzəyev tanınmış xanəndə olublar. Kənanda musiqiyə marağı dayısı Nemət Mirzəyev yaratdı. Dayısı ilə birlikdə el şənliklərinə gedən Kənan qarmon alətində öz isdedadını yoxlamaq istəyir. Dayısının məsləhəti ilə 13 yaşında 17 saylı Uşaq Musiqi Məktəbinə daxil olur. Burada Kənana Azərbaycan muğamlarını, xalq mahnılarını müəllimi Natiq Cabbarov mükəmməl şəkildə öyrədir. Kənan həmçinin məktəbdəki tədbirlərdə fəal iştirak edir, öz isdedadını nümayiş etdirir.
Eyni zamanda dərsləri ilə də ciddi məşğul olur. Coğrafiya, biologiya və ədəbiyyat fənnini daha çox sevir. Ədəbiyyata, incəsənətə marağı onu gələcək arzularına gedən yola aparır.

Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq istəyir. Kənan gələcəkdə məhşur qarmon ustadı olmaq, həm Azərbaycanda həm də xaricdə bu sənəti layiqincə davam etdirmək arzusundadır.

19 ноября 2014 г.

Quluzadə Qulu Bakir oğlu

 
Quluzadə Qulu Bakir oğlu 9 sentyabr 2002-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Valideynləri doğma Laçının həsrətində idi. Buna görə də balaca Qulunu vətənpərvər ruhda tərbiyə etmişdilər.
Məktəbə getməmişdən öncə anası ona yazıb-oxumağı həmçinin “Azərbaycan” şeirini öyrətmişdi. İlk təhsilini elə yaşadığı qəsəbədə yerləşən İ. Muradov adına  237 saylı məktəbdə almağa başlayır. Məktəbdə bütün fənnləri sevə-sevə oxuyur. Lakin ən sevimli fənni Azərbaycan dilidir. 10 yaşından sözləri tərsinə söyləməyi bacarır. Məktəbdə təşkil olunmuş tədbirlərlə yanaşı, 28saylı Uşaq Yaradıcılıq Mərkəzində bədii qiraət dərnəyində də öz məharətini göstərmiş, vətənpərvər ruhda şeirləri ilə yaddaşlarda qalmışdır. Qulunun idmana, qarmon alətinə olan marağı onu kiçik yaşlarından yaşıdlarından seçilməsinə imkan yaratmışdı. Valideynlərinin təşəbbüsü ilə bu isdedadı kamilləşdirməyə yönəldilmişdi. Buna baxmayaraq o, gələcək məqsədinə çatmaq üçün dərslərini əla qiymətlərlə oxuyur.

Vətən torpaqlarını düşməndən azad etmək onun ən böyük arzusudur. Bu şərəfli yolda Qulu hər cür fədəkarlığa hazırdır. Qulu polis olmaq, bu sahədə irəli getmək,qazandığı zəhmət haqqı ilə kimsəsiz uşaqlara, kasıblara əl tutmağı qarşısına məqsəd qoymuşdur. Lakin o, hamıdan fərqli yaddaqalan, vicdanlı bir işçi olmaq istəyir.

Ülvi Qurban oğlu Qurbanlı

Ülvi Qurban oğlu Qurbanlı 16 avqust 2000-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, uşaqlıqda sakit biri olub və erkən dil açıb. 2-3 yaşında valideynləri ona şeir öyrədərkən  yaxşı yaddaş və qavrama qabiliyyətinin olmasını müşahidə etmişlər.
Ülvi məktəbə gedənə qədər bəzi rəqəmləri tanıyıb yazmağı bacarırdı. Bunları Ülviyə anası Kəmalə xanım öyrətmişdi. Hələ  kiçik yaşlarından onda  şeiriyyata və riyazi əməllərə maraq olmuşdur. O, uşaq bağçasına getdiyi dövrdən aktivliyi ilə seçilmişdir. Belə ki, keçirilən tədbirlərdə fəak iştirak etmişdir. Yeni il, Novruz bayramı ilə əlaqədar təşkil olunan yarışlarda iştirak edərək, şeirlər söyləmiş, cizgi film qəhrəmanlarının rolunu oynamışdır.
Hazırda 226 saylı məktəbdə təhsil alan Ülvi məktəbin əlaçı və ən aktiv şagirdlərindən biridir. Onun sevimli fənni riyaziyyatdır. Əlaçı olmaqla yanaşı, bir sıra olimpiada  və müsabiqələrin qalibi olmuşdur. Hələ II sinifdə oxuyarkən o, bilik yarışmasının qalibi olmuşdur. V sinif şagirdləri arasında  keçirilən riyaziyyat fənni üzrə yarışmada qalib olmuş və diplomla təltif olunmuşdur.
Ülvi məktəbdə təşkil olunan tədbirlərdə də fəal iştirakı ilə seçilir. Azərbaycan televiziya kanalının verilişlərindən birində şeir də söyləyib. Dərslərini yaxşı oxumaqla yanaşı,  asudə vaxtlarını da baş keçirmir.
Boş vaxtlarında  kitab oxumağı, klassik və caz musiqilərinə qulaq asmağı xoşlayır. Əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə minnətdar olduğunu bildirən Ülvinin ən birinci hədəfi tələbə adını qazanmaqdır. O, hüquqşünas olmaq istəyir: “ - Məktəbi bitirib universitetə qəbul olmaq, bitirdikdən sonra hərbi xidmətə yollanıb, vətənə olan borcunu layiqincə yerinə yetirib, geriyə dönüb öz ixtisası üzrə işləmək istəyirəm. Öz çalışdığım sahədə yeni nailiyyətlər, kəşvlər, qanunlar ərsəyə gətirməklə tarixin yaddaşında yaşamaq istəyirəm”.

Aydan Qurban qızı Qurbanlı

Aydan Qurban qızı Qurbanlı 16 avqust 2000-ci ildə Bakı şəhərində dünyaya gəlib.
Aydan 226 saylı məktəbin əlaçı və istedadlı şagirdlərindən biridir. O , uşaqlıqda sakit və təmkinli biri olub. Məktəbə gedənə kimi oxumağı bacarırdı ki, bunu da  valideynləri öyrətmişdi. Bağçaya getdiyi vaxtlarda fortepianoya və ümumiyyətlə musiqiyə böyük maraq göstərmişdir.
Aydan bir qayda olaraq bütün fənləri əla oxumağa çalışır. Lakin ən sevimli fənləri musiqi, Azərbaycan dili, ədəbiyyat və tarixdir. Dərslərini yaxşı oxumaqla yanaşı, ictimai işlərdə aktiv fəaliyyət göstərir. Təsadüfi deyil ki, keçirilən tədbirlərdə fəal iştirak edərək fərqlənmişdir. Belə ki, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Uşaq Musiqi və İncəsənət Məktəbləri şagirdlərinin fortepiano ansamblı və müşayiəti üzrə respublika müsabiqəsində uğurla çıxış edərək diplomla təltif olunmuşdur. Bu Aydanın həyatında qazandığı ilk uğur, sevincli anı olmuşdur. Bundan başqa 2012/2013-cü tədris ilində göstərdiyi uğurlu nəticələrə görə fəxri fərmanla təltif olunmuşdur. 2013/2014-cü tədris ilində məktəbdaxili müsabiqədə yaxşı pyes ifasına görə də fəxri fərmanla təltif olunmuşdur.
Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə qəbul olmaq və peşəkar musiqiçi olmaq istəyir. Yaxşı bir musiqiçi olub bu sahədə öz dəst-xəttini yaradan, möhürünü qoyan biri olmaq istəyir.

Ona uğurlar arzulayırıq.

12 ноября 2014 г.

Məmmədov Loğman Elşən oğlu

Məmmədov Loğman Elşən oğlu 25 fevral 2004-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Körpəlikdə çox sakit uşaq olan Loğman maşın oyuncaqları ilə oynamağı çox sevirdi. Artıq dörd yaşında yazıb-oxumağı bacarırdı. Məktəbəqədər hazırlıq kurslarına gedirdi.
Həmin vaxtlar ingilis dilində də öyrənməyə çalışır və buna xüsusi maraq göstərirdi. Məktəb yaşı çatanda Loğman hazırda təhsil aldığı 66 saylı Tərəqqi liseyinə ilk addım ataraq təhsil almağa başladı.  Təsadüfi deyil ki, onun sevdiyi fənlər içərisində ingilis dili və riyaziyyat xüsusi yer tutur. Loğman dərslərini əla oxuyur, nümunəvi şagirdlərdəndir. Bununla yanaşı məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Şeir söyləməyi çox sevir. Keçirilən tədbirlərdə şeirlər söyləyir.
O asudə vaxtlarını da boş keçirmir. Belə ki,  boş vaxtlarında kitab oxuyur, kompyüterlə məşğul olur, internetdən maraqlı məlumatlar toplayaraq dünyagörüşünü artırır və rəqs etməyi də xoşlayır. Loğman əlaçı olmasına, çalışqanlığına və aktivliyinə görə təhsil aldığı lisey tərəfindən fəxri  fərmanlarla mükafatlandırılmışdır.

Atası kimi iqtisadçı olmağı istəyən Loğman gələcəkdə ən yüksək zirvələrə çatmağı qarşısına məqsəd qoymuşdur. O, xalqına yararlı bir insan kimi yetişməyi arzulayır. Arzu və məqsədlərinə doğru inamla addımlamaqda ona uğurlar arzulayırıq.

10 ноября 2014 г.

Nəsirova Rəna Elçin qızı

 
Nəsirova Rəna Elçin qızı 1993-cü il sentyabr ayının 10-da Xırdalan şəhərində ziyalı ailədə dünyaya göz açıb. Anası Gülyaz xanım qızının hər zaman gözəl və təravətli qalması üçün ona “gözəllik ilahəsi” anlamı ifadə edən “Rəna” adını verib.
Rəna artıq 5 yaşında olarkən azərbaycan dili və rus dillərində tam yazıb oxuya bilirdi.Bu qabiliyyətinə görə məktəbə tələb olunan yaşdan daha erkən başlayıb.Xırdalan şəhər 2 saylı orta məktəbdə təhsil alan Rəna 2010-cu ildə elə həmin məktəbi bitirərək Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. Təhsildən əlavə bir çox əlavə məşğuliyyətləri olan Rəna həm də musiqiçidir..Musiqi məktəbinin fortepiano şöbəsini fərqlənmə ilə bitirmiş, bir sıra beynəlxalq və yerli musiqi yarışmaların qalibi olmuşdur. Bundan başqa professional olaraq karate, volleyboll və basketbolla məşğul olmuşdur.Universitetdə oxuyan zaman isə sosial aktivliyindən geri qalmamış, bir sıra dövlət səviyyəsində keçirilən konfranslarda və tədbirlərdə iştirak etmiş, eyni zamanda bir neçə xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etmişəm. Xarici səfərlərinin əsas məqsədi ixtisasından asılı olaraq “simulasiya oyunları” və bu oyunlarda Azərbaycanı təmsil etmək olmuşdur.
Rəna Nəsirova 2011-ci ildə BDU-da keçirilən “İƏT Model-simulasiya oyunları”nın qalibi olmuş və Türkiyədə keçirilən beynəlxalq “İƏT Modeli”nin iştirak edərək komandası ilə birlikdə II yerə layiq görülmüşdür. Bundan əlavə 2012-2013-cü illərdə layihə çərçivəsində təşkilatçı və qrup rəhbəri kimi Kazanda və Malayziyada keçirilən “İƏT Modelinin” iştirakçı olmuşdur. Ukraynada keçirilən BMT Simulasiya oyunlarında da iştirak etmiş və diplomla təltif olunmuşdur. 2012-ci ildə BDU-nun rektoru, akademik Abel Məhərrəmov tərəfindən “İlin ən yaxşı tələbəsi” nominasiyası üzrə diplomla təltif edilmişdir. Bir neçə il Azərbaycanda diplomatik status daşıyan beynəlxalq təşkilatda çalışan Rəna hazırda Azərbaycan Radio və Televiziya QSC-nin xarici əlaqələr departamentində aparıcı mütəxəssis və eyni zamanda ingilis dilində əsas xəbər aparıcısı və redaktoru vəzifəsində çalışır.
Gələcəkdə aldığı bütün təcrübəyə və biliklərə əsaslanaraq daha da irəli getməyi planlaşdırır.

Rəna deyir ki, nə qədər ki yanımda güclü atam, mehriban və qayğıkeş anam, ağıllı bacım var mən xoşbəxtəm! Nə qədər ki ətrafımda məni sevən insanlar, mənim ailəm, vəfalı dostlarım və sevdiyim karyeram və sənətim var demək mən xoşbəxtəm. Hər yeni günə göz açmağı Allah mənə nəsib edirsə demək mən xoşbəxtəm…

9 ноября 2014 г.

Əli Kamal oğlu Əliyev

Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi formalaşmasında şübhəsiz ki, gənclərimizin rolu əvəzedilməzdir. İstedadlı, vətənpərvər gənclərimiz, igid oğullarımız vaxtilə müstəqilliyimizi əldə etdi. Qorumaq isə gələcək nəsillərə qaldı. Bu vəzifəni öhdəsinə götürəcək gənclərdən biri də Əli Kamal oğlu Əliyevdir.
Əli isti bir yay günü, 14 iyun 2005-ci ildə dünyaya göz açıb, ailəsinə sevinç bəxş etdi. Valideynlərinin dediyinə görə Əli uşaqlıqda çox dəcəl olub. Buna baxmayaraq, hələ uşaqlıqdan adının mənasını dərk edərək dini suallar verməyə başlayıb. Dinlə yanaşı rəsm çəkmək də onun məşğuliyyətləri sırasında idi.
Orta təhsilə başlamazdan əvvəl Əlidəki oxumaq həvəsini görən valideynləri ona yazıb-oxumağı öyrətmişdir. Təhsildə ilk addımlarını 192 saylı orta məktəbdə başlayıb, sonradan 293 saylı orta məktəbdə davam etdirmişdir. Hazırda 293 saylı məktəbdə təhsil alan Əli məktəbdə əlaçıdır.
Özünün dediyinə görə ən çox sevdiyi fənn riyaziyyatdır. Məktəbdə bütün tədbirlərdə iştirak edərək müəllimlərinin sevimlisinə çevrilən Əli gələcəkdə həkim olmaq istəyir. Həkimliklə yanaşı Əli rəsm və idman sahəsinə də maraq göstərir.
Əli vətənimizi layiqincə təmsil edib üçrəngli bayrağımızı zirvələrə qaldırmaq istəyir. Onun naliyyətlərində ata və anasının rolu əvəzedilməzdir. Əli həm onlara, həm də Yaradana borclu olduğunu düşünür.

Yaşının az olmasına baxmayaraq onun xəyalları böyükdür. Tarixin yaddaşına qızıl hərflərlə yazılmaq istəyir. Biz də Allahdan arzu edirik ki, Əlinin yolu hər zaman açıq olsun.

Fərid Rəşad oğlu Əliyev

Fərid Rəşad oğlu Əliyev 15 noyabr 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə 276 saylı orta məktəbin I sinfinə daxil olmuş, hazırda isə Ankara məktəb-liseyində təhsil alır.
Qeyri-adi vərdişləri ilə seçilən balaca Fərid ilk dəfə tanış olduğu insanlardan adı və soyadını, təvəllüdünü, boyunu, çəkisini soruşaraq barəsində ətraflı məlumat toplayarmış.
Hələ kiçik yaşlarından böyük planlar quran bu uşaq özünü “İxtiraçı Fərid” adlandırırmış. Fərid hələ 4 yaşı olarkən uşaq bağçasında keçirilən müxtəlif tədbirlərdə bədii qiraət sahəsi üzrə olan istedadına görə yaşıdlarından fərqlənir. Sonralar bu istedadını inkişaf etdirən Fərid artıq ölkəmizi beynəlxalq tədbirlərdə təmsil edir. İlk belə iştirakı 2012-ci ildə İstanbulda keçirilən və 165 ölkənin qatıldığı festivalda olur. Burada Fərid Azərbaycanı uğurla təmsil edərək VI yerə layiq görülür və diplomla təltif olunur. 2014-cü ildə Ankarada dövlət xadimlərinin də iştirak etdiyi tədbirdə Fərid “Ayağa dur Azərbaycan” şeirini səsləndirir. Möhtəşəm çıxışı ilə tərbir iştrakçılarının alqışlarını qazanan Fərid təşəkkürnamə ilə təltif olunur. “Barış Ekmeği Festivalında” uğrulu iştirakı Emine Erdoğan və vali tərəfindən xüsusi hədiyyələrlə qiymətləndirilib. Bundan əlavə Fərid ölkədaxili müxtəlif tədbirlərdə də uğurla iştirak etmişdir.
Fəridin uğurları və iştirak etdiyi tədbirlərlə əlaqədar materiallar ölkəmizdəki telekanallarda və eləcə də Türkiyənin bir çox xəbər proqramlarında yayınlanıb. Show TV-də yayımlanan “Gülben Show”da iştirak edib.
Şeir sənətini yüksək qiymətləndirən Fərid qiraət sahəsinin onun üçün sevimli bir məşğuliyyət olduğunu deyir. Onun gələcək planları isə başqadır. Fərid cinayətkarlığın günahsız qurbanı olan insanların hüquqlarını müdafiə etmək, cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədilə hüquqşünas olmağı qərara alıb. Bunun görə dərslərini yaxşı oxuyaraq arzusuna çatmaq üçün çalışır.
Əldə etdiyi uğurlarına görə ilk öncə anasına, müəllimlərinə və Damla İB-nin sədri Nigar xanıma borclu olduğunu deyir.