Rzayev Murad Elbrus oğlu 1 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. Valideynləri ilə söhbət edərkən, onlar Muradın uşaqlıqda sakit, şəkil çəkməyə meyilli uşaq olduğunu dedilər və bildirdilər ki, onun bu rəsm marağını görüb, onu rəsm dərnəyinə də yazdırıblar ki, həvəsini qiymətləndirsinlər. Rəsm qabiliyyəti 3-4 yaşlarından özünü büruzə verib. Sonralar daha da təkmilləşib. Çalışqan olduğundan, Murad artıq məktəbə gedənə qədər yazmağı, oxumağı, hətta sadə riyazi hesablamaları da yerinə yetirməyi bacarıb. İlk təhsilini Binəqədi rayonu, 267 saylı məktəb-lisey kompleksində alan Murad, məzun olduqdan sonra – 2016-cı ildə qəbul imtahanında 680 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasını seçib və tələbə adını qazanıb. Ən çox hansı fənləri xoşladığını soruşanda o yalnız “riyaziyyat” cavabını verdi. Qəbul imtahanından keçdiyi günü həyatındakı ən uğurlu gün hesab edir. Səbəb olaraq onu qeyd edir ki, həmin gün həyatının ən vacib məqsədlərindən birini həyata keçirib. Gələcəkdə tibb sahəsinin yüksək inkişaf etdiyi ölkələrdə, əsasən də Amerika və ya Almaniyada təhsilini davam etdirmək istəyir. Xüsusilə müalicəsi hələ də tam məlum olmayan xəstəliklərə qarşı effektiv mübarizə üsulları tapmaqla, tarixin yaddaşında qalmaq istədiyini bildirir və belə xəstəliklər sırasında QİÇS, anginna, qripi də vurğulayır.
Qazandığı uğurlara görə özünü valideynlərinə borclu hesab edən Murad, kardiocərrah olmaq istədiyini bildirir. Hətta bu qərarı dördüncü sinifdə oxuyanda verdiyini də qeyd edir. Asudə vaxtlarında idmanla məşğul olur və dostları ilə vaxt keçirməyi xoşlayır.
Daha əvvəl “Təbib” qəzetinin 16 sentyabr 2017-ci il buraxılışında “Prezident təqaüdçüləri” və 16 oktyabr 2016-cı il buraxılışında “Prezident təqaüdünə layiq görülən tələbələrimiz” başlığı altında məqalələrdə onun haqqında məlumatlar dərc edilib. Həmçinin 8 sentyabr 2016-cı ildə Binəqədi rayon Gənclər və İdman idarəsi tərəfindən 15 sentyabr Bilik günü və Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək bal topladığına görə Fəxri Fərmanla təltif edilib.
Biz də redaksiyamız adından prezident təqaüdçüsü tələbəmizə həmişə uğurlar qazanmağı və gələcəkdə illərlə çəkdiyi əziyyətlərin bəhrəsini görməyi arzulayırıq.
Комментариев нет:
Отправить комментарий