Murad Məmmədzadə
2002-cu il martın 16-da Bakıda dünyaya göz açıb .Uşaq vaxtı çox nadinc
olduğundan üzü və başı tez-tez çapıqlı olarmış. Buna rəğmən çox ağıllı olub.
Beş yaşında indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində olan
145 saylı bağçaya gedərkən bütün müəllimləri onun digər uşaqlardan çox fərqləndiyini,
gələcəkdə çox savadlı və tanınmış bir şəxsiyyət olacağını deyirdilər. Murad demək
olar ki, bütün yaradıcılıq dərnəklərinə gedib. Müxtəlif vaxtlarda gimnastika,
cüdo ilə məşğul olub.T. İsmayılov adına Uşaq və gənclərin yaradıcılıq məktəbində
rəqs dərnəyində məşğul olub. Uşaq Filarmoniyasında fortepiano dərsləri alıb.
Sonra təhsilini Bakı şəhəri K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbində
davam etdirib,fortepiano sinfini fərqlənmə diplomuyla bitirib. Məktəbə gedəndə
sərbəst yazıb-oxuya bilirmiş. Hətta ingilis dilində söz ehtiyatı da varıymış.
Evdə anasından, baxçada müəllimlərdən öyrəndiyi biliklər məktəbdə onun karına gəlmişdi.
Az bir müddət baxçada rus bölməsində tərbiyə alması bu dili də mənimsəməyə kömək
göstərmişdi. Bunun nəticəsidir ki, o, təmiz və aksentsiz danışırdı.
Murad 2008-ci ildə
Yasamal rayonunda yerləşən 286 saylı məktəbin birinci sinfinə gedib. O, İlk müəlliməsi
Şəlalə xanımı bu gün də hörmətlə xatırlayır. Məhz Şəlalə xanımın diqqət və
qayğısı, ana nəvazişi ona məktəbi, müəllimlərini, sinif yoldaşlarını
sevdirib.Yazıb-oxumağı bilməsi, dərslərdə fəallığı, səliqəsi, yüksək nizam
intizamı onu hamıdan fərqləndirib. Muradın xətti, yazısı həmişə başqalarına
nümunə göstərilib.Anası hələ də onun birinci sinif dəftərlərini sevə-sevə
saxlayır.
Qəhrəmanımız I
sinfi əla qiymətlərlə başa vurur. Lakin bəzi səbəblər üzündən o, təhsilini
Yasamal rayonunun 31 saylı təhsil ocağında davam etdirməyə başlayır. Bəxti
burda da yavər gətirir bu kiçik, ağıllı balanın. Sinif müəllimi illərin təcrübəli
pedaqoqu, əsil fədakar müəllimə Mələksə xanımın onun formalaşmasında rolu böyük
olur. Onun sayəsində Murad kitablara daha çox bağlanır,elmə həvəsi daha da
artır. 31 saylı məktəbdə oxuduğu illərdə Muradın oxuduğu sinif Bakı məktəbləri
arasında keçirilən ingilis dili üzrə yarışda 2-ci yeri qazanır. Murad ibtidai
sinfi əla qiymətlərlə başa vurub diplomla təltif olunub.
5-ci sinifdən
Murad Səbayel rayonu, 132-134 saylı orta məktəbdə təhsil alır. Sinif rəhbəri
Gülər Manaflının qayğısı və diqqəti Muradı yeni məktəbdə özünü yad, tək hiss
etməyə qoymadı.Mehriban kollektiv, səmimi dostlar, müəllimlərin isti münasibəti
ona bu məktəbi tez bir zamanda sevdirdi.
Bu gün Murad məktəbin
ən yaxşı şagirdlərindən sayılır. Dərs əlaçısı, nümunəvi şagird və fəal ictimaiyyətçi
kimi tanınır. Dərslərində olduğu kimi məktəbin tədbirlərində öncüllərdən
biridir. Belə aktiv iştirakına görə bir çox təltifləri, mükafatları var. Ən çox
sevdiyi fənlər riyaziyyat,ingilis dili, tarixdir.Kiçik yaşlarında həkim olmaq
istəsə də indi qərarınında qətiləşib - polis işçisi olmaq istəyir.
Asudə vaxtlarında
bədii ədəbiyyat oxumağı, maraqlı videolar hazırlayıb paylaşmağı xoşlayır. Texnologiyaya
marağı böyükdür. Kompüterdə müxtəlif proqramlarda işləməyi bacarır, bu üzdən
müxtəlif slaydların hazırlanmasını müəllimlər çox vaxt ona həvalə edirlər.
Bu ağıllı və
istedadlı balaya biz də redaksiyamızın bütün heyəti adından uğurlar diləyirik.
Qoy səni arzularına aparan yollar daş-kəsəksiz olsun!
Комментариев нет:
Отправить комментарий