Mehdiyev Əlimirzə Əfqan oğlu 2 noyabr 2007-ci ildə Bakı şəhərində anadan olub. Valideynlərinin sözlərinə görə körpəlikdən dəcəl, eyni zamanda da şirin, ailənin çox istənilən övladı olub. Uşaqlıqda maşınlara daha çox marağı olub, həmçinin müxtəlif fiqurlardan maketlər qurmağı xoşlayıb. 2 yaşından, bağçada hərfləri, oxumağı öyrənib. Məktəb həyatına hazırlıqlı olub. Atası şahmat müəllimi olduğundan, Əlimirzə də uşaqlığından şahmata həvəskar olub və atasının köməyi ilə şahmat oynamağı öyrənib.
Məktəb həyatına ERA tam orta ümumtəhsil məktəbində başlayan Əlimirzə, hazırda da həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən çox xoşladığı dərs riyaziyyatdır. Məktəbin tədbirlərində də iştirak edir. Məsələn, 20 Yanvar hadisələri ilə bağlı tədbirində şeirlə, Novruz Bayramı şənliyində, Yeni il şənliyində rəqslə və şeirlə çıxış etmişdir. Həyatında ən uğurlu günü həftənin dördüncü günləridir. Həftənin bu günündə dərslərindən daha yüksək qiymətlər aldığına görə bu günü ən uğurlu gün hesab edir. Onun üçün ən yaddaqalan günlər rayonlarda iştirak etdiyi günlərdir. Əlimirzə İsmayıllı, Zaqatala, Astara rayonlarında şahmat yarışlarında iştirak edib yer tutduğuna görə diplom, tərifnamə, kubok və medallar qazanıb. Buna görə də həmin günlər onun üçün ən yaddaqalan günlərdir.
Əldə etdiyi uğur və nailiyyətlərə görə atasına, eyni zamanda da şahmat müəllimi olan Əfqan müəllimə borclu olduğunu bildirsə də, məktəbdəki sinif rəhbəri və digər müəllimlərinə minnətdarlıq etməyi unutmur. Fəaliyyətindən dolayı atasına oxşamaq istəyir və arzulayır ki, dünyanın tanınmış şahmatçılarından biri olsun. Təkcə bu fəaliyyətləri ilə yox, həm də Allah qarşısında mənəvi keyfiyyətləri ilə fərqlənərək, yüksək dərəcələr qazanaraq, ali mövqeyə ucalmaq istəyir. Gələcəkdə dünya çempionu olmaq arzusundadır. Lakin sadəcə şahmat məşğuliyyəti ilə kifayətlənməyərək, ixtisasca həkim olmaq istəyir. Nənəsi və qardaşı xəstə olanda 7 yaşı olan Əlimirzə onları belə görüb, düşünüb ki, gələcəkdə həkim olsun və xəstə insanlara kömək etsin.
Asudə vaxtlarında televizora baxmağı, idmanla, xüsusən futbolla məşğul olmağı xoşlayır. Həmçinin, əlindən gəldiyi qədər müəyyən ev işlərində valideynlərinə, xüsusən anasına kömək edir.
Bədii yaradıcılıqla məşğul olmayan müsahibimiz incəsənət sahələrindən rəqsə üstünlük verir. Rəqs qabiliyyəti yaxşı olduğundan, məktəbin tədbirlərində də rəqslə iştirak edir.
Gələcəkdə valideynlərinin adını uca tutan bir övlad, yaxşı ixtisaslaşmış bir həkim olmağı, ən əhəmiyyətlisi də Allahın qarşısında sevilən bəndələrdən biri olmaq istəyir.
Hazırda şahmatda ikinci dərəcəyə sahib olan Əlimirzə, yaxşı şahmatçı olmaqla, dünya çempionu olmaqla tarixin yaddaşında yaşamaq istəyir.
Daha əvvəl onun fəaliyyətindəki uğurlarından dolayı hər hansı KİV-də məlumat verilməyib. Lakin inanırıq ki, uğurları davam etdikcə, biz də onun adını tez-tez eşidəcək və nailiyyətlərini işıqlandıracağıq.
Комментариев нет:
Отправить комментарий