Bu günün istedadlı poliqlotu və mühəndisi Şamxal
Ravil oğlu Baybekov 13 avqust 1997-ci ildə Bakı şəhərində anadan olub. H.
Hüseynov adına 83 saylı məktəb-liseyi bitirdikdən sonra Qafqaz Universitetinin
kimya mühəndisliyi ixtisasında təhsil alır. Məktəbdə əlaçı olmadığını etiraf edən
Şamxal, aktiv şagird olduğunu deyir. Dəqiq elimləri sevdiyini deyən gənc mühəndis
bütün həyatını kimyanın bütün sahələrini araşdırmaqda görür. Şamxalın sözlərinə
görə onun inkişafında sinif rəhbəri Nuridə xanımın əməyi çox olub. Məktəb vaxtı
bütün tədbirlərdə iştirak edib, indisə o tədbirləri həyatının xoş anları kimi
xatırlayır. Şamxalın uğurları tələbəlik illərində də davam edir. 2016-cı ildə Gənc
Tədqiqatçıların IV Beynəlxalq elmi konfransında iştirak edib, bundan başqa bir
neçə tədbirdə fəallığı ilə öndə olub.
Əslində heç kimə oxşamaq istəməyən Şamxal ona bütün
fəaliyyətlərində dəstək olduqlarına görə valideynlərinə borclu olduğunu deyir.
Məqsədi ən azı kimya üzrə fəlsəfə doktoru, daha sonra isə professor olmaqdır.
Kimyaçı olmaq və eyni zamanda kimyadan dərs demək istəyən Şamxal VIII sinifdən
artıq bu qərara gəldiyini deyir. Anasının onun üçün aldığı müşahidə aparatları qəhrəmanımızın
bu sahəyə meyl göstərməsinin əsas səbəbi olub.
Asudə vaxtlarını elmi araşdırmalarla keçirir, kainata,
elmi-kütləvi informasiyalara aid sənədli filmlərə baxmağı xoşlayır. Kimyaya aid
elmi məqalələr oxuyur, bundan başqa oriqami ilə maraqlanır.
Rəssam ruhlu mühəndisin sözlərinə görə rəsm çəkməyi
bacarmış olsaydı təbiətin və kainatın rəsmini çəkərdi. Mümkün qədər tez təhsilini
bitirmək, tezliklə iş həyatına başlamaq istəyən Şamxal universitetdə işləmək, araşdırmalarını
orada davam etdirmək istəyir. Eyni zamanda Azərbaycanda kimya sahəsinin inkişafına
öz töhfəsini vermək istəyir.
Valideyinlərinin sözlərinə görə Şamxal körpəlikdə də
çox maraqlı uşaq olub. Həm nadinc, həm də tərbiyəli. 4 yaşında Azərbaycan əlifbasını
öyrənmiş və artıq heca ilə sözləri sərbəst oxuyurdu. 5 yaşında isə rus dilində
həm yazır, həm oxuyur, paralel olaraq ingilis dilini öyrənirdi. Maşınlarla
maraqlanır və nişanlarla modellərini tapırdı. Çox gözəl rəsmlər çəkirdi (ailə
arxivində saxlanılır).
Məktəbə gedəndə artıq üç dildə danışır və oxuyurdu.
4 yaşından Zabitlər Evinin “АБВГ-Дейка”, 5 yaşında isə ingilis dili qrupunda məşğul
olub. Və bütün bu illərdə ingilis dili üzrə uğurlarının təməlini Reyhan müəllim
qoyub.
Şamxalın valideynləri belə hesab edir ki, bütün
uşaqlar bu dünyaya istedadlı gəlir, sadəcə onlarla məşğul olmaq lazımdır. Bütün
uşaqlar saf bir mələkdirlər, onlara düzgün istiqamət verib qorumaq lazımdır.
Uşaqlar çox həssasdırlar səmimiliyi hiss edirlər və bu zaman nəticə tez
bilinir.
Biz də redaksiyamız adından gənc mühəndisimizə
uğurlar arzu edirik!
Комментариев нет:
Отправить комментарий