Elnur ailədə
yeganə uşaqdır. Uşaq vaxtında heyvanlar aləminə böyük marağı olduğu üçün
valideynləri ona çoxlu sayda uşaq ensiklopediyaları almışlar. Məktəbə gedənədək
yazıb-oxumağı öyrənmişdi. Xalası onda müxtəlif şeir və hekayə kitablarına maraq
oyatmışdı və çoxlu sayda yaş səviyyəsinə uyğun Azərbaycan və rus dillərində
kitablar alırdı. Şəkil çəkməyə 3-4 yaşlarından, yazıb-oxumağa isə 5-6
yaşlarından həvəs göstərmişdir. Elnurun özünün də bütün bunlara böyük maraq
göstərməsi onun inkişafına daha yaxşı təsir göstərmişdir.
Ağazadə Elnur
Həmid oğlu 15 iyul 2000-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Nizami
rayonundakı V. Sadıqov adına 214 saylı tam orta məktəbdə təhsil alır. Elnur dərslərini
yaxşı oxuyur, ingilis dili və biologiya fənlərini isə böyük həvəslə oxuyur.
Uşaqlıqdan rəsmə həvəs göstərdiyi üçün məktəbdən əlavə rəsm dərnəyinə də üzv
olub. Yeniyetmə rəssam kimi Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin xəttilə
bir çox tədbirlərdə iştirak edib. Xalça üzərində çəkdiyi milli güləşçilərimizin
rəsminə görə I yerə layiq görülüb. Həyatında ən maraqlı və uğurlu gün 4 yaşı
olanda ilk əl işinin “Elli” jurnalında dərc olduğunu gördüyü gün olmuşdur. Bir
çox dünya rəssamlarının yaradıcılığını izləsə də, özünəməxsus bir yol, iz
qoymaq kimi arzuları var. Böyük sənətkarların yaradıcılığını izləməkdə davam
edir. Düşünür ki, həmişə hər yaşda öyrənmək lazımdır.
Asudə
vaxtlarında dostları ilə gəzməyə gedir, kömpüterdə hərbi oyunlara marağı çox
böyükdür. Son zamanlar isə müxtəlif proqramların yazılmasını öyrənir, musiqi
dinləməyi çox sevir. Elnur təbiəti sevir. Elnurun fikrincə, hər bir insan
düşünmək, varlığının dəyərini bilmək, özünü dərk etmək üçün bəzən dənizin
sahilinə, dağların döşünə sığınmalıdır.
Məktəbi müvəffəqiyyətlə
bitirib, ali təhsil müəssisəsinə daxil olmaq və seçəcəyi ixtisasa uyğun savadlı
mütəxəssis olmaq üçün mükəmməl çalışmaq lazım olduğunu düşünür.
Bu gün rəsm müəllimi
Nərmin xanım Elnura yeniyetmə bir rəssam kimi xüsusi dəyər verir. Rəsmə böyük həvəsi
olduğu üçün Elnur dünya şöhrətli rəssam olmaq istəyir. Yeni-yeni sənət əsərləri
yaratmaqla, toxunulmamış mövzulara, yeniliyə, keçmişi unutmadan müasirliyə imza
atmaq üçün çalışır.
Yeniyetmə rəssam
dəfələrlə Azərbaycan televiziyasında yayımlanan “Dərsdən sonra” verilişinin
iştirakçısı olub. 2012-ci ildə “Ən çox sevdiyim idman növü” və “Bu-mənim peşəmdir”
müsabiqələrində I yerə layiq görülüb. 2014-cü ildə “Xocalı soyqırımı 22 il
sonra şagirdlərin gözü ilə” adlı sərgi-tədbirin fəal iştirakçısı olduğu üçün
diplomla, mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən rəsm
müsabiqəsində fəal iştirakına görə fəxri fərmanla təltif olunub.
Комментариев нет:
Отправить комментарий