Ənənəmizə sadiq qalaraq fəal uşaqları sizlərə tanıtmaqdan məmnunluq duyuruq. Bu dəfə həmyaşıdlarından fərqlənən balaca qəhrəmanımız Zeynəb haqqında məlumatı sizlərə təqdim edirik.
Soltanlı Zeynəb Elman qızı 13 mart 2009-cu ildə Şəki şəhərində doğulub. 10 nömrəli məktəbdə təhsil alır. İlk söhbətimiz Zeynəbin valideynləri ilə oldu. Valideynləri Zeynəbin balacalıqda istiqanlı, tələbkar olduğunu söyləyirlər. Zeynəb interaktiv oyunlar oynamağı, maraqlı kitablar oxumağı xoşlayırdı. O, yazmağı, oxumağı məktəbdə müəllimlərindən öyrənib. Valideynləri “Zeynəbin gələcəkdə savadlı bir gənc olacağını düşünürük” deyərək gülümsündülər. Valideynlərlə söhbətdən sonra suallarımızı Zeynəbə unvanladıq.
“Mən əlaçıyam və ən çox sevdiyim fənn riyaziyyatdır. 17 saylı uşaq bağçasında keçirilən tədbirlərdə fəal iştirakımla seçilmişəm. 10 nömrəli məktəbdə keçirilən “Biz həmişə birinciyik” adlı tədbirdə fəallığıma görə məktəb müdriyyəti tərəfindən fəxri fərmanla təltif edilmişəm. Bundan başqa məktəbdə təşkil olunmuş müxtəlif tədbirlərd, şənliklərdə fəal iştirak etmişəm. Mənim həyatımda ən önəmli gün ilk dəfə məktəbə qədəmlərimi basdığım gündür, ən fərəhli günümdür və mən bu günümü heç vaxt unutmayacağam. Uğur və nailiyyətlərimə görə özümü anama və müəllimlərimə borclu bilirəm. Bəlkə də, hər balaca qız kimi mən də, anama oxşamağı çox istərdim. Hər bir şagird kimi özümü ən yüksək zirvələrdə görməyi istərdim. Hədəflərimdən biri ən yüksək balla Tibb universitetinə, həkimliyə qəbul olmaqdır. Tarixin yaddaşında gələcəyin savadlı həkimi kimi, sağalmaz xəstəliklərin dərmanlarını kəşf etməklə qalmağı istərdim. Mən II sinif şagirdiyəm, hələ ki, KİV-də və ya başqa yerlərdə mənim haqqımda məlumat verilməyib. Bu ilk olacaq və inanıram ki, ardı olacaq.”
Zeynəbə qarşısındakı uzun bir yolda uğur diləyirik!
Комментариев нет:
Отправить комментарий