Aysu Əkbər qızı Talıbova 20 noyabr 2006-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdə hər şeyə maraq göstərirdi. 3 yaşında pianoda müxtəlif notları elə çalırdı ki, elə bilirdin əsər çalır. Şəkil çəkməyi çox sevirdi. Bu sevgini onda 338 saylı körpələr evinin müəllimi Təranə xanım yaratmışdı. Aysu uşaq bağçasında keçirilən bütün tədbirlərdə fəal iştirak edir və qalib olurdu. Burada o, yazıb-oxumağı da öyrənmişdi. Məktəbə gedəndə bütün hərfləri və 30-a qədər riyazi hesablamaları sərbəst bilirdi. Çoxlu suallar verirdi və atası tərəfindən bu suallara cavab verilməsi nəticəsində marağı daha da inkişaf edirdi. Aysu 4 yaşında ikən öz adının mənasını belə açıqlayırdı: Ay susadı, ulduzlar ona su verdi, sonra mən oldum Aysu. Şair Oqtay Rza bu sözləri eşidən kimi Aysuya belə bir şeir ünvanladı.
Mehman Əkbərin qızıdır Aysu,
Nənəsinin lap özüdür Aysu,
Xeyli tapmaca, nağıl bilir o,
Ay adlarını bir-bir sayır o.
Mehriban, geniş ürəkli Aysu,
Saçı qapqara, hörüklü Aysu
Görün nə deyir, deyir ki, guya
Su göndərilir ulduzdan Aya.
“Sabahın xeyir!” deyir hər səhər,
Özündən böyük qardaşı Azər,
Anası Lalə razıdır ondan.
Ağıllı, qəşəng, gül balasından.
O, körpəlikdən uşaq tamaşalarına baxmağı çox sevirdi. Tamaşalardan gələn kimi gördüyü nağıl qəhrəmanlarının şəkillərini boyalarla çəkirdi.
Aysu 2013-cü il S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın I sinfinə getdi. Bu gimnaziyada təhsil almaq üçün əvvəlcə imtahan vermişdi. İmtahanda elə cavablar verdi ki, oradakı müəllimlərin hamısı - afərin - dedi.
Aysu: “ - Dərslərimi əla oxuyuram. Bütün fənləri də çox sevirəm. Müəllimim Rəmziyyə xanım bizə çox sevgi ilə dərs keçir. Çalışacam ki, sona qədər belə oxuyum və qızıl medala layiq görülüm. Rəsmlə məşğul olmağı isə lap çox sevirəm. Bu işdə mənə Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin müəllimi Pərvin Quliyeva kömək edir. Mərkəzdə və başqa ölkələrdə keçirilən sərgilərdə mükafatlara layiq görülmüşəm. 2012-ci ildə müsabiqələrin birində qalib olduğuma görə “Göyçək Fatma” rəsmim YUNESKO-nun çap elədiyi 2013-cü il divar və masaüstü təqvimlərdə verilmişdir. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Təhsil, Gənclər və İdman və Mədəniyyət və Turizm Nazirlikləri ilə birgə keçirdiyi “Bayrağımız - qürur mənbəyimizdir” rəsm müsabiqəsində çəkdiyim rəsm II tura layiq olduğuna görə sertifikatla təltif olunnmuşam. 26 fevral “Xocalı soyqırımı”na aid çəkdiyim rəsm Çexiyaya sərgiyə göndərilmişdir.
Mən çox istərdim ki, gələcəkdə müəllim olum. Bu fikrə məktəbə getdikdən sonra düşmüşəm. Rəmziyyə xanımın şagirdlərinə sevə-sevə dərs keçdiyini görüncə bu qərara gəldim.”
Комментариев нет:
Отправить комментарий