Abdullayeva Nərgiz Rahim qızı 2 avqust 2004-cü ildə Bakı şəhərində dünyaya
göz açıb. Körpəykən hiperaktivliyi anasının diqqətini çəkib. Belə ki altı aylıq
olarkən yeriməyə cəhd göstərməsi, bir yaşında dəqiqələrlə çox rahat şəkildə
başaşağı vəziyyətdə qalması onu həmyaşlarından fərqləndirib. Dörd yaşı olanda
anası Nərgizi gimnastika dərnəyinə yazdırıb. Səkkiz məşğələdən sonra bir il fəaliyyət
göstərən qrup üzvlərini geridə qoyan qızcığaz hamının, o cümlədən müəllimi
Sevil xanımın diqqətini çəkib. Musiqili gimnastik nömrələrlə “Space” kanalının
“Kim nə bacacır?” telelayihəsində, “İctimai” televiziyanın səhər proqramında,
ATV kanalında 1 İyun Ümundünya Uşaqları Müdafiə Günü münasibətilə hazırlanan səhər
verilişində canlı yayımlarda iştirak edib.
Qızının ritm duyğusunun güclü, rəqsə olan həvəsinin böyük olduğunu görən
anası onun sənədlərini Bakı Xoreoqrafiya Akademiyasına təqdim edir. İmtahanları
uğurla verən Nərgiz burada da hamını üstələməyi bacarır və münsiflərin
hamısının müsbət rəyilə akademiyanın (o vaxtki Bakı Xoreoqrafiya Məktəbinin) birinci
sinfinə qəbul olunur. İlk günlərdən bütün diqqətləri özünə çəkməyi bacaran Nərgiz
plastikası, elastikliyi ilə görənləri heyrətə salır. Bədənini büsbütün özünə
ram etməyi bacaran bu qız sanki plastilindən düzəldilən fiqurları xatırladır. Məhz
bu səbəbdən 6 yaşlı qız haqda “Aygün” jurnalının ilk sayında uşaq rubrikası
üçün ayrılmış səhifədə maraqlı yazı dərc olunur. Məktəb tədbirlərində çıxış edən
Nərgiz klassika müəlliminin rəğbətini qazanır və Opera və Balet Teatrında
uşaqlar üçün hazırlanan “Zoluşka”, “Düyməcik” tamaşalarında, “Don Kixot”
baletində səhnəyə çıxır. 2016-cı ildə MDB məkanında ilk olaraq Bakı şəhərində
düzənlənən, Azərbaycanın ilk balerinası Qəmər Almaszadənin şərəfinə təşkil
olunan milli və klassik rəqslər üzrə I beynəlxalq müsabiqədə Çaykovskinin
“Şelkunçik” baletindən “Podetro” rəqsi ilə çıxış edir. Müsabiqə 12 yaşdan
yuxarı uşaqlar üçün nəzərdə tutulduğundan mükafatlar uğrunda mübarizə aparmasa
da sənətə, səhnəyə olan həvəsi münsiflərin rəğbətini qazanır və xoreoqrafların
diqqətini ona yönəldir. Müsabiqədə çıxış etdiyi dörd nömrənin hamısında bacarıq
göstərən qızçığazın ən böyük arzusu isə hələ də xəyal olaraq qalırdı. Bu,
“Şelkunçik” operasında baş rol olan Klara (Maşa) obrazı idi. Özü üçün məşqlər
edən, az qala hər gün bu operaya ya tam, ya da müəyyən fraqmentlərinə tamaşa edərək
yuxulayan Nərgizin arzusu bir gün çin olur. BXA-nın ən nüfuzlu
xoreoqraflarından olan albaniyalı mütəxəssis Pellumb Aqaliyay baş rola Nərgizin
namizədliyini təsdiq edir. Üç aylıq gərgin məşqlərdən sonra yanvarın 17-də Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında tamaşanın premyerası olur. Anşlaqla
keçən tamaşadan nəinki ölkənin sayt və xəbər agentlikləri, hətta Rusiya və digər
ölkələrin də mütəxəssisləri xoş sözlərlə yazılmış məqalələr dərc etdirirlər.
MDB-nin bir çox dəyərli xoreoqrafları bu tamaşaya fəxri qonaq qismində dəvət
olunmuşdular.
Lider TV-nin “Səda” xəbərlər buraxılışı bu haqda geniş reportaj hazırlayır
və tamaşanın yaradıcı heyətindən müsahibələr götürür. Nərgiz öz ürkək və səmimi
müsahibəsilə yadda qalır. Premyeradan dərhal sonra Az.TV nin “Pillə” verilişində
BXA-nın ən qabaqcıl şagirdlərinin iştirakıyla veriliş çəkilir. Burada da Nərgizə
xüsusi yer ayrılır.
Bütün bu uğurların arxasında gərgin məşqlər, istirahətsiz günlər və
doyasıyla yaşana bilməyən uşaqlıq durur. Qəhrəmanımız dünyaca ünlü balerinaları
və beynəlxalq müsabiqələri izləməkdən usanmır. Ən böyük arzusu isə ölkəmizi
nüfuzlu yarışmalarda təmsil etməkdir. Bu il onun belə müsabiqələrin birinə
qatılması planlaşdırılıb.
Təsviri incəsənət və ədəbiyyat fənlərini sevən Nərgiz pianoda ifa etməyi də
xoşlayır. Buna görədir ki, musiqi imtahanından “əla” qiymət alır.
Ən böyük arzusu dünyaca məşhur balerina olmaq və vətənimizi bu sahədə
tanıtmaqdır. Əldə etdiyi nailiyyətlərinə görə müəllimlərinə və valideynlərinə
minnətdar olan kiçik qəhrəmanımız anasının üzərində daha çox zəhməti olduğunu
qeyd edir.
Biz də Nərgizə uğurlar arzulayır və jurnalda yazıldığı kimi bir gün Qara Qu
Quşu obrazında görməyi arzulayırıq. Yolun açıq olsun!
Комментариев нет:
Отправить комментарий