Azərbaycanımız istedadlı gəncləri ilə tanınmaqdadır
və bunlardan biri də Fəxridir. Fəxri Toğrul oğlu Axundov 17 iyun 2003-cü ildə
Bakı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. O, körpəlikdə çox dəcəl
uşaq olub, bütün oyunlarda fəal iştirak edib. 4 yaşında olarkən Fəxri yazmağı və
oxumağı bilirdi. Riyaziyyatdan çətin tapşırıqları həll edirdi. Bu biliklərə həm
müəllimi, həm də anası tərəfindən yiyələnmişdir. Üzgüçülük, basketbol ən
sevdiyi idman növləridir və bir neçə ildir ki, bunlarla məşğuldur. Fəxrinin
musiqi duyumuna malik olduğu uşaqlıqından bəlli idi. Tar alətində ifa etməsi
babasını arzusu idi, çünki Fəxrinin babası Ağabəy müəllim özü də tarda çox gözəl
ifa edirdi. Uşaqlıqdan məhz bu alətə sevgi ilə yanaşmasını da babası öyrətmişdir.
Tahir Həsənov adına 23 №-li tam orta məktəbdə təhsil
alır. Dərslərini əla qiymətlərlə oxuyur, ən çox sevdiyi fənlər tarix,
coğrafiya, ədəbiyyat, informatika, həyat bilgisidir.
Fəxri özü barədə bunları dedi: “Mənim 13 yaşım var.
Musiqi ilə məşğul olmaq mənim üçün həyat qədər vacibdir. Mən ailədə musiqi sədaları
altında böyümüşəm, sanıram ki, musiqi mənim qanımdadır. Ailəmizdə hər kəsin
musiqi təhsili var. Düşünürəm ki, dünyaya gəlmədən öncə valideynlərim artıq mənim
də musiqiçi olacağımı bilirdilər.
Tofiq Quliyev adına 12 №-li 11 illik musiqi məktəbində
təhsil alıram. Tar aləti üzrə VII sinifdəyəm. Orada dərs aldığım hər bir fənni
sevirəm. Qiymətlərim əladır. Musiqi məktəbində keçirilən hər tədbirdə iştirak
edirəm. İl ərzində Dövlət Filarmoniyasında, Muğam Mərkəzində və digər musiqi məkanlarında
məktəbimizin hesabat konsertləri təşkil olunur və mən orada həm solo, həm
kamera orkestri ilə musiqi parçaları ifa edirəm. Məktəbimizlə il boyu qastrol səfərlərimiz
də olur. Bəzi televiziya kanallarında çıxışlarım olub. Asudə zamanım olanda onu
mutləq musiqiyə həsr etməyə çalışıram. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara
Qarayev və digər bəstəkarların əsərlərini dinləməyi sevirəm. Günümü bu cür gözəlləşdirməyə
çalışıram. Həyatımda ən maraqlı, uğurlu günlər və hadisələrin hələ irəlidə
olduğunu düşünürəm. Sevdiyim işlə məşğul olduğum zaman gün mənim üçün çox
maraqlı keçir.
Mənim bir sıra təşəkkürnamələrim və diplomlarım
var. Mən özümü üzərimdə hədsiz dərəcədə əziyyəti və əməyi böyük olan anama
borclu bilirəm. Gözəl ifalarım üçün tar müəllimimə təşəkkürümü bildirirəm.
Tutduğum musiqi yolunda adları tarixə yazılmış sənətkarlara
baxıb irəliləmək istəyirəm və çalışacağam ki, gələcəkdə öz dəstxətim olsun.
Musiqi məktəbini bitirdikdən sonra Milli Musiqi Akademiyasına daxil olmaq arzum
var, daha sonra təhsil dərəcəmi xarici ölkələrin məşhur musiqi akademiyalarında
davam etdirmək niyyətindəyəm. Musiqidə ən uca pillələrə hədəfliyəm. Öz gələcəyimi
tanınmış və gözəl tar ifaçısı kimi görürəm və adımı Azərbaycanın musiqi tarixi
səhifələrinə yazmaq istəyirəm”.
Qeyd edək ki, Fəxri həm də fortepiano alətində gözəl
ifa edir, yaxın gələcəkdə klarnet aləti üzrə dərslər almaq kimi planları var.
Uğurlar, Fəxri.
Комментариев нет:
Отправить комментарий