Talıbova İlahə İlham qızı 9 sentyabr 2007-ci ildə
Bakı şəhərində anadan olub. Körpəlikdə çox sakit, ağıllı, səliqəli və səbrli
uşaq olan İlahədə qızlara məxsus naz, ədalar elə uşaqlığından özünü büruzə
verib. Kiçik yaşlarından dırnaqlarına boya çəkməyi, bəzək əşyaları və
aksesuarlardan istifadə etməyi və hətta evdə ayaqqabıları ilə gəzməyi xoşlayıb.
Tez-tez anasının saçlarını darayıb, müxtəlif formalar verərək, özünü gözəllik
salonunda işləyən bir xanım kimi təsəvvür edib. Velosiped sürməyi xoşlayıb.
Aktiv uşaq olmağına baxmayaraq, evə qonaq gələndə çox sakit davranar,
dinib-danışmazdı. Rəqsə də həvəsi olub. Mahnı səsi gələndə, rəqs etməyə
başlayıb. Sonradan şahmat oynamağa da həvəsi yaranıb və öyrənməyə başlayıb.
Bunu məktəbdə Ofelya müəllimə öyrədib. Bu həvəs onu əsl oyunçu edib və hazırda,
atası ilə şahmat oynayanda ona qalib gəlir. 1 yaşında olanda özündən böyük olan
qardaşlarına baxmaqla, o da həvəslənib ki, yazı yazsın. Anası bildirir ki, əlinə
vərəq alanda damaların arasında, səliqə ilə qeyri-adi işarələr cızırdı və elə
bilirdi ki, nəsə yazır. Məktəbdən əvvəl hazırlığa gedib. Buna görə də yazmağı və
oxumağı məktəb həyatına başlamamışdan əvvəl öyrənib. Bunları hazırda da sinif rəhbəri
olan Əsginaz müəllimə öyrədib. İlahə 182 saylı tam orta məktəbin 4(a) sinif
şagirdidir. Dərslərini yaxşı oxuyur. Əlaçıdır. Azərbaycan dili, riyaziyyat,
şahmat, texnologiya, ingilis dili dərslərini çox xoşlayır. V sinifdə rus dili dərslərinə
başlayacağına görə, səbrsizliklə V sinfə keçməyini gözləyir.
Məktəbin tədbirlərində çox fəal iştirak edir. Gül
bayramında H.Əliyev sarayının önündə təşkil edilən bayram tədbirlərində dəfələrlə
rəqslə çıxış edib. Əlifba bayramında, IX sinif şagirdlərinin "Ana
dili" tədbirində iştirak edib. Əlifba bayramında bir neçə rol ifa edib:
Çinli qız, cəhirlə rəqs edən qız, riyaziyyatdan 1 rəqəmi rolu, "Lalələr"
rəqsi, ingilis dilində şeirlər və s. İdman yarışlarında da həm milli, həm də
hind rəqsləri ilə çıxış edib.
Ən maraqlı və uğurlu günü qardaşları məktəbin məzunu
olanda 11-ciləri "Lalələr" rəqsi ilə təbrik edib. Həmin vaxt İlahə də
I sinfi başa vurub.
Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü
valideynlərinə və sevimli müəllimlərinə borclu hesab edir. Gələcəkdə, atasına
oxşamaq, həkim olmaq istəyir. Amma arzuları kifayətlənmir. İlahə, həm də rəssam-dizayner
olmağı arzulayır. Bu sahələri çox sevir. Fikirləşir ki, insan hərtərəfli
inkişaf etməlidir. Balaca müsahibimiz ətrafı, peşələri dərk edəndən bu sahələri
çox xoşlayıb. Ona görə də indi bir neçə sahədə özünü sınayır.
Asudə vaxtlarında kitab oxuyur, şahmat oynayır, rəsm
çəkir. Deyir ki, Fatma Həsənqızının bütün kitablarını oxuyur. İncəsənət sahələri
arasında baletə, gimnastikaya da böyük marağı var. Onun incəsənətə olan
marağının yaranmasında valideynlərinin rolu böyükdür. Belə ki, İlahənin anası
bildirir ki, uşaqlar hələ kiçik olanda o, Novruz bayramı ərəfəsində evdə kiçik
səhnəciklər qurmaqla uşaqlarda bayrama, adət-ənənələrimizə qarşı maraq oyadıb.
Evin sonbeşiyi olduğundan, ailə üzvləri onu xüsusilə sevir. Həm valideynlərinin,
həm də qardaşlarının göz bəbəyidir.
Tarixin yaddaşına adını yazmaq üçün həkim-alim
olub, indiyədək çarəsi bilinməyən xəstəlikləri müalicə etmək istədiyini deyir.
İlahə daha bir maraqlı arzusunu da bizimlə bölüşdü və dedi ki, əgər onun əlində
sehrbaz olmaq imkanı olsaydı, ilk növbədə pis qəlbli insanları yer üzündən yox edərdi.
Məktəbin tədbirlərində, açıq dərslərdə fəal iştirak
edən İlahə bildirir ki, bu sinfin tədbirləri məktəbin direktoru Zinyət müəllimə
tərəfindən də bəyənilib və onların Texnologiya fənni üzrə təşkil etdikləri açıq
dərsdə, müəllim-şagird-valideyn üçbucağı üzrə möhkəm işin nəticəsi kimi sinif
kollektivi fəxri fərmanlarla təltif olunub. Onların bu uğurları barədə 182
saylı orta məktəbin elektron səhifəsində geniş məlumat işıqlandırılıb.
Комментариев нет:
Отправить комментарий