Özdemir Hüsnə Bünyamin qızı 8 may 2007-ci ildə Bakı şəhərində anadan olub. Hüsnə, respublikamızın ümumtəhsil məktəblərinin öz uğurları ilə fərqlənən şagirdlərindən biridir. Valideynləri ilə söhbət edərkən, bildirdilər ki, uşaqlıqda nə çox dəcəl, nə də çox sakit uşaq olub. Daha çox sevdiyi məşğuliyyətlər isə rəsm çəkmək, saplarla müxtəlif əl işləri toxuyub hazırlamaq idi. 4 yaşından artıq yazmağı və oxumağı Süsən müəllimənin köməyi ilə öyrənib. Həmçinin ingilis dili və rus dilində də müəyyən məlumatlar əldə etmişdi.
Onun həm əl işlərinə olan marağı, həm də yazıb-oxumaq həvəsi 4 yaşından başlayaraq özünü büruzə vermişdi. Hazırda Binəqədi rayonunda 182 saylı orta məktəbin IV sinif şagirdidir. Sinfin əlaçı şagirdlərindən biridir. Daha çox texnologiya, informatika, ana dili, riyaziyyat, ingilis dili dərslərini xoşlayır. Demək olar ki, elə bütün fənləri sevir. Həm sinifdaxili, həm də məktəbdaxili tədbirlərdə fəal iştirak edir. Bu tədbirlərdə müxtəlif rolları ifa edib. Tədbirlərin birində ana obrazını canlandırıb. Bu rolu çox bəyəndiyi üçün həmin günü ən maraqlı və yaddaqalan gün hesab edir. Ən uğurlu günləri isə bütün dərslərindən "5" qiyməti aldığı günlərdir. Hüsnə bildirir ki, onların sinifləri və tədbirləri barədə Space telekanalında 2015-ci ildə süjet yayımlanıb. IV(a) sinif rəhbəri Əsginaz müəllimənin şagirdləri arasında Hüsnə də öz uğurları ilə fərqlənir. Əsginaz müəllimə də şagirdlərinin hər bir uğuru ilə fəxr edir və bildirir ki: "Onların haqqında hər bir xoş xəbər elə mənim sevincimdir." Onların siniflərinin hazırladığı tədbirlər, açıq dərslər məktəb rəhbərliyi tərəfindən də bəyənilmişdir.
Əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə minnətdarlıq edir. Müəlliminin sevgisini və qayğısını gördükcə özü də arzulayır ki, gələcəkdə müəlliməsinə oxşasın. Böyüyəndə vəkil olmaq istəyir. 6 yaşından həm öz hüquqlarını, həm də başqalarının hüquqlarını müdafiə etmək istəyi onda vəkil olmağa həvəs oyadıb.
Asudə vaxtlarında rəsm çəkməyi, mahnı oxumağı xoşlayır. Onun rəsmə xüsusi marağı var. Hazırda rəsmlə professional şəkildə məşğul olmasa da, tezliklə rəsm dərnəyinə yazılmaq və bu həvəsini daha böyük bacarığa çevirməklə özünü daha da təkmilləşdirməyi fikirləşir. Səliqəli olmaq onun üçün vacib amildir. Bu xüsusiyyətə çox diqqət yetirir.
Gələcək planı belədir ki, böyüyüb, öz işinin sahibi olub, insanların hüquqlarını qorusun.
Tarixin yaddaşında iz qoymaq üçün yeni məktəblər tikdirib, uşaqları sevindirmək, vətənini qorumaq arzusundadır. Belə bir xeyirxah vətəndaş kimi tarixə düşmək istəyir.
Biz də Hüsnəyə uğurlarının davamlı olmağını arzu edirik.
Комментариев нет:
Отправить комментарий