Abdullayev Əlirza
Gülməmməd oğlu 29 yanvar 2000-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır. Əlirzanın
atası Gülməmməd bəy Qarabağ veteranı olub, uzun illər vətən uğrunda döyüşlərdə
iştirak edib, 2002-ci ildə Əlirzanın iki yaşı olanda xəstəliyə tutulduğu üçün
dünyasını dəyişib. Anası Nəzakət xanım iki övladını tək böyüdüb. Əlirza uşaq
vaxtı ağıllı, sakit, anasını incitməyən uşaq olmuşdur. Lap balacalığından bu
günə qədər idmana, hərbiyə marağı böyük olub. 68 saylı bağçaya getmiş, yazıb-oxumağı
müəllimi Təranə xanımdan öyrənmişdir. Bağçadakı bütün şənliklərdə şeir deməklə,
səhnəciklərdə rol oynamaqla fəal çıxış etmişdir. I sinfə Sumqayıt şəhərində 36 saylı
məktəbdə gedib, hazırda həmin məktəbin X sinfində təhsil alır. Əlaçıdır. Sevdiyi
fənlər tarix, cəbr, ingilis dilidir. Sinif rəhbəri Vəfa xanım Əlirzanın yüksək
balla universitetə qəbul olacağından əmindir. Məktəb üzrə bütün tədbirlərdə fəallığı
və yüksək təşkilatçılıq qabiliyyəti ilə yaşıdlarından fərqlənməyi bacarmışdır. Həyatdakı
uğurlarına görə özünü müəllimlərinə və anasına borclu sayır.
Əlirza yüksək balla BDU-ya qəbul olmaq, əsgəri
borcunu ödədikdən sonra polis olmaq arzusundadır. Bu seçimində atasının və
dayısının rolu böyükdür. Əlirza atası kimi vətən uğrunda döyüşmək, lazım gələrsə,
vətən uğrunda ölməkdən də qorxmur. Polis olarsa, ən böyük amalı dövlətə, vətəndaşlara
şərəflə və vicdanla qulluq etməkdir. Qubadlını azad görməyi və oraya yol çəkdirməyi
arzulayır.
Əlirzanın arzuları saysız-hesabsızdır. Hər
şeydən çox o, anasının üzünün gülməsini, anasına və rəhmətə gedən atasına layiqli
övlad olmaq istəyir. O fəxr edir ki, belə bir atanın və ananın övladıdır.
Biz də həyat
yollarında ona uğurlar arzu edir, gələcəkdə onu vətənə sədaqətlə xidmət edən
polis kimi görmək istəyirik.
Комментариев нет:
Отправить комментарий