Hörmətli
oxucular, sizi Nərimanov rayonu 45 saylı tam orta məktəbin IX sinif şagirdi Kərimli
Elvinlə tanış etmək istəyirik. Elvin 2001-ci ilin yanvarın 12-də Bakı şəhərində
ziyalı ailəsində dünyaya göz açıb. Elvin ailənin ikinci övladıdır. Amma buna
baxmayaraq, arzu olunan, sevimli, istəkli bir körpə olub. Hələ doğulduğu andan
etibarən valideynləri onun fərqli bir uşaq olacağını anlamışlar. Sakit təbiətli,
düşüncəli, tərbiyəli uşaq idi. Ona hədiyyə olunan saysız-hesabsız oyuncaqlarına,
oyuncaq maşın kolleksiyasına fərqli yanaşırdı. Bunların içərisində ən sevdiyi “hörümçək
adam” oyuncağı idi. Saatlarla “Hörümçək adam” filminə baxmaqdan doymurdu. Bu
insanın qeyri-adi istedadı, zirvələri asanlıqla fəth etməsi onun kiçik ürəyini
həm həyəcanlandırırdı, həm də gələcək arzularının cücərtisi üçün toxum səpirdi.
Sonra kitablara maraq göstərməyə başladı. Nağıl kitabların çox sevirdi. Oxuya
bilməsə də, məzmunu ilə maraqlanırdı.
Elvin ilk dəfə
məktəbə bacısı I sinfə gedən günü qədəm qoymuşdu. Elə o vaxtdan onun məktəbə
sevgisi yarandı. Hər gün bacısının məktəbdən qayıtmasını həvəslə gözləyərdi. Bacısı
dərslərinə hazırlaşdıqca o da dəftərin hər səhifəsinə qəribə şəkillər çəkər, şeirləri,
nağılları məharətlə yadında saxlayardı. Nəhayət, Elvin I sinfə qədəm qoydu. Sevincinin
həddi-hüdudu yox idi. İlk dərs günü olduğundan uşaqlar evə tez buraxılmışdı. O,
isə məktəbdən evə gəlmək istəmirdi. Yol boyu elə hey müəllimin ondan heç nə
soruşmadığından şikayətlənirdi. Məktəb ona sehrli aləm kimi gəlirdi. O, sanki
bu sehrli aləmdə qalıb onun hər sirrini öyrənməyə can atırdı. Bir müddətdən
sonra müəllimlər onun bu sevgisini hiss etdilər. Elvin sinif yoldaşlarından çox
fərqlənirdi. Dərslərinə ciddi, məsuliyyətlə yanaşırdı. Həmişə onun səliqəli, mükəmməl
xəttini şagirdlərə nümunə göstərirdilər. Elvin tənəffüs zamanı belə sinifdə tək
oturub yeni kitablarla maraqlanır.
Elvinin ilk
uğuru “Əlifba” bayramından başlayıb. Bu bayramın aparıcılığı ona həvalə
olunmuşdu. Birinci sinif şagirdi üçün məktəb rəhbərliyi, şagirdləri, valideynləri
qarşısında çıxış etmək həyəcan verici idi. Elvin bu işin öhdəsindən layiqincə gəldi.
Elə ilk hədiyyəsini də o gün aldı. İbtidai təhsili əla qiymətlərlə bitirdi. Məktəbin
şərəf lövhəsində şəkli əlaçılar sırasında yer aldı. İbtidai sinif müəllimi Rəna
müəllimə vida iclasında xüsusi olaraq Elvinə uğurlar arzuladı. Elvin isə Rəna müəllimə
həsr etdiyi şeiri söyləyərək ona ehtiyac duyduqları zaman həmişə bir ana kimi
üz tutacaqlarına söz verdi. 2011-ci ildə Elvin təhsildə qazandığı nailiyyətlərə
görə tərifnamə ilə təltif olundu.
Hazırda IX
sinifdə oxuyur. Dərs əlaçısı, sinif nümayəndəsidir, müəllimlərin sevimlisi, nümunəvi,
çalışqan şagirddir. Bu illər ərzində Elvinin uğurları çox olub. Məktəb
olimpiadalarında fəal çıxış edərək birincilik qazanıb. Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
“Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda keçirilən təlimdə fəal iştirakına
görə sertifikata layiq görülüb. 2015-ci ildə “Qələbəyə doğru” kuboku uğrunda
intellektual oyunda fəal iştirakına görə diploma layiq görülüb. Zəka
kurslarının keçirdiyi bilik yarışında 613 bal toplayaraq fəxri fərmanla təltif
olunub. 2016-cı ildə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”ndə müvəffəqiyyətinə
görə diplomla təltif olunub. O, Azərbaycanda keçirilən bütün bilik yarışlarında
iştirak etmək istəyir. Bu yarışlara böyük səylə hazırlaşır.
Asudə
vaxtlarını səmərəli keçirir. Belə ki, həftə sonları ailəvi olaraq teatra və
kinoya gedirlər. İncəsənət sahəsi onu çox maraqlandırır. Demək olar ki, teatr
repertuarlarında olan bütün tamaşaları izləyir. Baxdığı tamaşalar ədəbiyyat dərsində
inşa mövzularının yazılmasına və müzakirəsinə kömək edir. Elvinin idmana çox
böyük marağı var. Futbol onun hobbisidir. Bu idman növü ilə mütəmadi olaraq məşğul
olur. Məktəblərarası futbol yarışlarında uğurlu çıxış edib. O demək olar ki, bütün
futbol oyunlarını izləyir. Azərbaycanda “Qarabağ”, xarici klublardan isə
“Barselona” futbol komandasına azarkeşlik edir. Ən sevdiyi futbolçu Messidir. Ən
böyük arzusu isə Messi ilə görüşmək və futbol klublarından birinə rəhbərlik etməkdir.
İnsan həyatı boyu arzularla yaşayır. Arzudan arzu doğur. Elvinin də qəlbində
arzular çoxdur. İstər karyera ilə bağlı, istər şəxsi həyatla, istər hər hansı həvəslə,
hobbi ilə və s. Elvin gələcəkdə adını Azərbaycan milyarderləri sırasına
yazdırmaq istəyir. V sinifdə oxuyarkən 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət
edərkən bu fikri səsləndirdi: “Ana, mən o qədər varlı, güclü olmaq istəyirəm ki,
Ermənistanı yer üzündən silim”. O gündən bu günə heç nə dəyişməyib. Sadəcə illər
keçib. Elvin isə hələ də bu arzusunun ümidi ilə yaşayır. Yəqin düşmənlərini məhv
edəcək bir qüdrətə sahib olaraq tarixin yaddaşında yaşamaq istəyir. Hər halda
bu istək azərbaycanlı övladının vətəninə, xalqına, dövlətinə olan sonsuz sevgisindən
irəli gəlir. Hələlik Elvin dərslərinə böyük səylə çalışır. Qarşıda onu böyük
sınaq gözləyir. Əsas arzusu və məqsədi məktəbi əla qiymətlərlə bitirib yüksək
balla ali məktəbə daxil olmaqdır. Gələcəkdə Daxili İşlər Nazirliyində işləmək
istəyir. Qanun keşikçisi olmaq böyük məsuliyyətdir. Elvin düşünür ki, həyatda əsas
odur ki, sevdiyin peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün
incəliklərinə yiyələnəsən. Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət
qazana bilərsən. Bunun üçün isə çox çalışmaq lazımdır.
Biz də Elvinə
bu çətin həyat sınaqlarından zəfərlə çıxmağı, ən yüksək zirvələri fəth etməyi
arzu edirik.
Комментариев нет:
Отправить комментарий