Azərbaycan öz tarixi, mədəniyyəti, gözəl şəhərləri ilə dünya ölkələri arasında tanınır. Dünya miqyasında təşkil edilən müxtəlif müsabiqələr, olimpiadalar digər dövlətlərin diqqətini çəkməkdə və dövlətimizi bütün dünyaya tanıdıb, mədəniyyətimizi, tariximizi təbliğ etməkdə bizə kömək edir. Tarixi ilə göz oxşayan şəhərlərimizdən biri olan Şəki şəhərinin sakinləri gülərüzlüyü, səmimiliyi, zarafatları ilə həmişə sevgi qazanmağı bacarmışlar. Şəki şəhərindən söz açmağımızın səbəbi növbəti müsahibimizin Şəkidən olmasıdır. Onu yaxından tanıyaq.
Xəlilov Ceyhun Sərxan oğlu 29 dekabr 2008-ci ildə Şəki şəhərində anadan olub. Uşaqlıqdan bacarıqlı olan Ceyhun 1 yaşında artıq sərbəst danışmağı bacarıb. Hər işi öyrənməyə can atıb və öyrəndiklərini yadında saxlayıb. Uşaqlıqdan şeirə qarşı həvəsli idi. Bir-iki dəfə yanında deyilən şeiri əzbərləyir və növbəti dəfə özü əzbər söyləyirdi. Məktəbə başlayana qədər artıq 30-a yaxın şeir bilirdi. Bağçada olduğu müddətdə əlifbanı tam bilirdi və 10-a qədər toplayıb çıxmağı bacarırdı. Bunları öyrənməkdə Ceyhuna həm bağça müəllimləri, həm də musiqi müəllimi olan anası kömək olub. 5 yaşında imtahanla məktəbə qəbul olub. Onun cavabları komissiyanı qane etdiyindən onun vaxtından əvvəl məktəbə qəbul edilməsinə etiraz etməyiblər. Ceyhun dərslərini çox həvəslə hazırlayır. Ev tapşırıqlarını, heç kimin köməyi olmadan, özü sərbəst həll edir. Valideynləri onun bu xüsusiyyətinə görə sinif müəllimi Sevda müəlliməyə minnətdarlıq edirlər. Bildirirlər ki, hər hansı mətni bir-iki dəfə oxumaq kifayət edir ki, Ceyhun həmin mətni öyrənsin. Hazırda R.Əfəndiyev adına Şəki şəhər 10 saylı orta məktəbin III(a) sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Riyaziyyat, ana dili, texnologiya, təsviri incəsənət dərslərini daha çox xoşlayır. Əlavə məşğuliyyətlərə də vaxt ayırır. Belə ki, o rəsm dərnəyinə və musiqi məktəbinə də gedir. 4 saylı musiqi məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alır. Həm 10 saylı tam orta məktəbdə, həm də 4 saylı musiqi məktəbində tədbirlərdə çıxış edir. Orta məktəbdə keçirilən Ana dili tədbirində şeirlə çıxış edib. Şeir səsləndirdiyi həmin tədbirdə fəal iştirak etdiyinə görə tərifnamə ilə təltif olunub. Rəsm dərnəyində Yeni il şənliyində də iştirak edib. O günü ən yaddaqalan, unudulmaz gün hesab edir. Bu tədbirdə çoxlu hədiyyələr alıb.
Qazandığı uğurlara görə valideynlərinə və sinif müəllimi Sevda Əliheydərovaya özünü borclu hesab edir. Rəsm dərnəyində müəllimi olan Maral Rəhimovadan örnək alır və o da bacarıqlı rəsm müəllimi olmaq istəyir. Hədəfləri çox olan müsahibimizin ən böyük hədəfi məşhur rəssam olmaqdır. II sinifdən başlayaraq, rəsmə böyük həvəs göstərən Ceyhun gələcəkdə bu həvəslə öz bacarıqlarını təkmilləşdirib rəssam olmağı arzulayır.
Asudə vaxtlarında rəsm çəkmək, pianoda ifa etmək və kitab oxumaqla məşğul olur. Müxtəlif mövzularda rəsmlər çəkir.
Məktəbi əla qiumətlərlə başa vurub, ali məktəbə qəbul olmağı arzulayır. Dövlətinə, xalqına faydalı vətəndaş olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий