Ülkərin adını
bibisi Sevda xanım qoyub. Sevda xanım mənası parlaq ulduz olduğundan, anası
Ulduz xanımın adına oxşayır deyə bu adı seçib. Ülkər körpəlikdə dəcəl, hər şeylə
maraqlanan uşaq olub. Rəsm çəkmək və əl işləri ən sevimli məşğuliyyəti idi. Məktəbə qədər
yazıb-oxumağı da öyrənmişdi.
Ülkər Mahir
qızı Cəfərli 1 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olub. Atasının işi
ilə əlaqədar çox səyahət etdiklərindən, məktəb həyatı maraqlı, bir o qədər də çətin
keçib. 1997-ci ildə Ankara şəhəri Özəl Neşe ibtidai məktəbinin I sinfinə gedib.
II və III sinifləri Bakı şəhəri 83 saylı liseydə oxuyub. IV-VII siniflərə
Ankara şəhər George Marshall adına NATO amerikan məktəbində, VIII sinfə Bakı
Oxford məktəbində davam edib. IX sinfi Sankt-Peterburq şəhərində 207 saylı orta
məktəbində başa vurub, X və XI sinifləri Bakı şəhəri 27 saylı orta məktəbdə
bitirib. Hazırda Azərbaycan Dövlət Neft Akademiyasında IV kurs tələbəsidir. Təhsildən
əlavə fransız dilini öyrənir.
Ülkər: “ - Fərqli
məktəblərdə, fərqli dil və sistemlərdə oxuduğuma baxmayaraq, həmişə birincisi
olmağa çalışmışam. Riyaziyyat, həndəsə və coğrafiya ən sevdiyim fənnlər olub. Məktəb
illərində bir çox uğurlara imza atmış, diplom, tərifnamə və fəxri fərmanlara
layiq görülmüşəm. Bunlardan ən əsası VI sinifdə təhsildə əldə etdiyim uğurlara
görə orta məktəb birincisi kimi Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti
Corc W. Buş tərəfindən imzalanmış diplomla təltif edilməyimdir. Buna nail olan ilk
azərbaycanlı məktəbli idim.
Azərbaycan
Dövlət Neft Akademiyasında oxuduğum illər ərzində əlaçı olmuşam. İxtisasımla
bağlı bütün fənnləri sevirəm. Olimpiadalarda (ingilis dili) və konfranslarda
iştirak edib layiqli yerlər tutmuşam.
Məktəbli və
tələbəlik illərimdə ailəmin və sevdiklərimin dəstəyini həmişə hiss etmişəm. Bundan
ilhamlanıb ailəmin adını layiqi yerlərə daşımağa çalışmışam. İxtisas seçimimdə
mənə yol göstərdikləri üçün yenə də ailəmə minnətdaram. Hər fikrimə və qərarıma
hörmətlə yanaşıb, məni həmişə dəstəkləyib, heç bir köməyi əsirgəməyiblər.
Qəbul
imtahanına, yüksək nəticə əldə edəcəyimə inanaraq daxil oldum və məhz elə də
olu. Arzu etdiyim fakültəyə qəbul oldum. Cavabı internet vasitəsi ilə öyrəndim
və həyatımın ən sevincli günlərimin birini yaşamış oldum.
Asudə
vaxtlarımda kitab oxumağı sevirəm. Əsasən də xarici ədəbiyyata üstünlük verirəm.
Rəfiqələrimlə “Book Club” yaratmışıq. Hər ay 2 kitab oxuyub onları birgə
müzakirə edirik. Kitab oxumaqdan əlavə bacımla gəzməyə çıxmaq da ən xoş istirahət
növündən biridir.
Hər bir gənc
kimi, mən də millətimə xeyirli bir insan kimi yetişmək istəyirəm. Dövlətimizi
beynəlxalq arenada daha layiqli yerə gətirməyə çalışmalıyıq. Bunun üçün dərin
biliyə, güclü savada və geniş dünyagörüşünə malik olmaqla yanaşı, bu istiqamətdə
səylərimizi əsirgəməməliyik”.
Комментариев нет:
Отправить комментарий