Aysel layiqli bir
övladdır. İstər orta məktəbdə, istər ali məktəbdə, istərsə də hazırda işlədiyi
orta məktəbdə daim onun barədə xoş sözlər, fikirlər söylənilib. Ona görə də valideynləri
onunla qürur duyur.
Ayselin adını “Dədə Qorqud”
filmindən götürüblər. Qeyd etməliyik ondan böyük bacısının adı da bu filmdən
götürülüb. Onun da adı Güneldir. Bir növ bu ailədə “Dədə Qorqud” dastanı yenidən
“canlanıb”.
Anası Tükəzban xanım: “
- Aysel uşaqlıqdan qeyri-adi, istedadlı olduğunu büruzə verməyə başlayıb. Uşaq bağçasındakı
müəllimləri Ayselin gözəl şeir söyləmək, rəsm çəkmək qabiliyyəti olduğunu söyləyirdilər.
Orta məktəbdə oxuyarkən hər
zaman valideyn iclaslarında Aysel haqqında xoş sözlər, təriflər eşitmişik. Bütün
fənləri əla qiymətlərlə oxuyub. Xüsusilə də, ana dili və tarix fənlərini daha çox
sevirdi.
Ədəbiyyat müəllimi Həqiqət
xanım Ayselin gözəl şeir söyləmək, inşa yazmaq, cümlə qurmaq, deyilənləri tez qavramaq
qabiliyyətinin olduğunu söyləyirdi. Bir dəfə yadımdadır ki, Bəxtiyar Vahabzadənin
“Həyat, sən nə şirinsən” şeirini intonasiyalı şəkildə söylədiyi üçün müəllimi Ayselə
gündəliyin səhifəsi boyda “+5”, eyni zamanda xoş sözlər, təriflər yazmışdı. Müəllimi
hər zaman soruşurdu ki, inşa yazarkən kimsə ona köməklik göstərirmi? Amma o inşa
yazarkən bizim heç xəbərimiz olmurdu. Hər zaman dərslərinə sərbəst şəkildə hazırlaşıb,
televiziyaya belə baxmırdı ki, vaxtım gedir. Hətta ali məktəbə hazırlaşarkən
repetitor yanına getməyə razılaşmadı, özü sərbəst şəkildə hazırlaşıb. Elə məktəbi
bitirən il yüksək balla ali məktəbə qəbul oldu.
Orta məktəbdə oxuyarkən
bir sıra tərifnamələr, fəxri fərmanlar, diplomlar alıb. Oxuduğu məktəbdə yeganə
təqaüdçü, məktəbin və şəhərin fəal şagirdlərindən olub. Şəhərdə keçirilən tədbirlərdə
orta məktəb şagirdləri adından nitq söyləmək çox zaman Ayselə həvalə olunurdu.
Mingəçevir şəhərinin o
zamankı İcra başçısı Məhəbbət Qarabağlı ilə keçirilən görüşdə şəhərin orta məktəb
təqaüdçüləri adından nitq söyləmiş, icra başçısı ilə xatirə şəkli çəkdirmişdi.
Orta məktəbi bitirərkən
şəhər Təhsil Şöbəsinin təşkil etdiyi böyük yığıncaqda şəhərin bütün məzunları
adından nitq söyləmək Ayselə tapşırılmışdı. O da bu işin öhdəsindən ləyaqətlə gəldi.
Fəal şagird kimi Mingəçevir şəhər Təhsil Şöbəsinin foyesindəki şərəf lövhəsində
Ayselin şəkli asılmışdı”.
Aysellə söhbətimiz də
maraqla keçdi. O, dedi: “ - Uşaq vaxtı daha çox jurnalist olmaq istəmişəm. Bu
istəyi məndə dayım yaradıb. Dayım Qaraş İsmayıllı yazıçı-jurnalist olub. Az.TV-nin
“Xəbərlər” proqramının zona müxbiri vəzifəsində çalışıb. Eyni zamanda Az.TV-də
yayımlanan “Dövran” verlişinin müəllifi və aparıcısı olub. “Yaylıq”, “Yarpaq” və
“Ömrümün gecə qatarı” kitabları nəşr olunub. Əfsuslar olsun ki, avtomobil qəzasında
vaxsız dünyasını dəyişib. Dayım mənim idealım idi. O da hər zaman mənimlə fəxr
edirdi. Orta məktəbdə Heydər Əliyev təqaüdçüsü seçilərkən məni “Dövran” verilişinə
çəkərək müsahibə götürmüşdü.
Ali məktəbə daxil olarkən
jurnalistika fakultəsinə daxil olmadığım üçün kədərli olduğumu görən dayım mənə
ürək-dirək verərək söylədi: “Əslində sənin ixtisasın da jurnalistikaya yaxındır”.
Şəhərimizdə ali məktəbə
daxil olan məzunlarla keçirilən görüşdə bütün məzunlar adından çıxış etmək mənə
həvalə olunmuşdu. Tədbirdən reportaj Az.TV-nin “Xəbərlər” proqramında yayımlanmışdır.
(2002-ci il fevral ayı).
Ali məktəbdə oxuyarkən də
hər zaman fərqlənməyə çalışmışam, dərslərimə yüksək səviyyədə hazırlaşmışam. Tez-tez
M. F. Axundov adına kitabxanaya gedir, dərslərimlə məşğul olurdum. Müasir Azərbaycan
dili fənnini tədris edən professor Buludxan Xəlilovun məsləhəti ilə “Apostrof
haqqında” adlı elmi iş yazmışam. Bu işim Tələbə Elmi Cəmiyyətinin 65-ci elmi
konfransının materialları toplusunda nəşr olunubdur.
III kursda oxuyarkən rus
ədəbiyyatı fənnindən haqsız yerə kafi qiymət aldığım üçün çox kədərlənmişdim. Həyatımda
ilk dəfə şeir yazmışdım. “Ucala bilmirəm o zirvəyə mən” adlı şeirimdə ürəyimi
boşaltmışdım. Birinci dəfə şeir yazmağıma baxmayaraq, uğurlu alınmışdı və oxuduğum
adamların hamısı bəyənirdi.
Universitetdə “Kitabi -
Dədə Qorqud 1300 il” adlı ədəbi-bədii gecədə səhnədə çıxış edən iştirakçılardan
biri də mən olmuşam. Tədbirin sonunda universitetimizin bir sıra müəllimləri ilə
xatirə şəkli çəkdirmişik.
Ali məktəbin III-IV
kurslarında pedoqoji təcrübədə olmuşam. Hər iki pedoqoji təcrübə zamanı əla
qiymət almışam və bunun nəticəsi kimi hazırda işlədiyim Mingəçevir şəhər 20
saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirəm, seçilən
müəllimlərdənəm. Dərs dediyim şagirdlər olimpiadalarda, şeir və inşa müsabiqələrində
hər zaman uğurlu yerlər tuturlar. Şagirdlərim tərəfindən sevilirəm. Bunu
inşalarda mənim haqqımda yazdıqları fikirlərdən oxuyuram. Hər zaman öz işimin məsuliyyətini
dərk etmişəm və işimə ciddi yanaşıram. Sənətimi sevirəm və layiqincə yerinə
yetirməyə çalışıram”.
e-mail: qasimova-aysel@rambler.ru
Комментариев нет:
Отправить комментарий