Bu da növbəti qəhrəmanımız. Onun adı Nurəddindir. Yəqin ki, o da gələcəkdə
babasının adını doğruldub nur, ziya saçacaq. Onun adını atası Sərdar həkim məhz
dediklərimizi düşünərək verib. Babası ona həmişə “işıq balam” deyərmiş.
Oğlan uşaqlarına xas olan şıltaqlıq, dəcəllik kimi xüsusiyyətlər Nurəddində
özünü büruzə verməyib. O çox sakit təbiətli, təmkinli, ağıllı uşaq olub. Bu
xüsusiyyətlərinə görə hamı tərəfindən sevilib. Lap kiçik yaşlarından şəkil çəkməklə,
rəngləməklə məşğul olurdu. Məktəbə gedənə qədər Nurəddin demək olar ki, I sinif
proqramını mənimsəmişdi. Saysız-hesabsız şeirlər, tapmacalar, nağıllar bilirdi.
Nurəddin səyahət etməyi, bacıları ilə vaxt keçirməyi çox sevir. Bacılarının ad
gününü heç vaxt unutmur. Hələ kiçik yaşlarından daim ad günlərində bacılarına hədiyyə
alardı.
Qeyd etdiyimiz kimi lap kiçik yaşlarından Nurəddinin rəsm çəkməyə, şəkillərə
qeyri-adi marağı var idi. Onun marağını hiss edər liseyin müəllimi Aydın Kərimov
valideynlərin razılığı ilə Nurəddini öz dərnəyinə yazdırdı. Dərnəkdə məşğul
olduqca Nurəddin günü-gündən həmyaşıdlarından fərqlənməyə başladı. Getdikcə
maraq istedada çevrildi. Bu gün Aydın müəllim Nurəddinin gələcəyinə böyük ümidlər
bəsləyir və inanır.
Nurəddin Sərdar oğlu Əlizadə 2000-ci il aprelin 15-də Bakı şəhərində
anadan olub. I sinfə 169 saylı məktəbə gedib. İmtahanla Bakı Dövlət
Universitetinin “Gənc istedadlar” liseyinə qəbul olub. Atçılıq və üzgüçülüklə məşğul
olur. Sağlam həyat tərzinə çox üstünlük verir. Bu cəhətdən atasına çox bənzəyir.
Atası həkim olduğu üçün onun idmanla məşğul olmasını alqışlayır.
Nurəddin: “ - Mən fəxr edirəm ki, “Gənc istedadlar” liseyində
oxuyuram. Bütün fənləri sevirəm və həvəslə oxuyuram. Riyaziyyat dərsini xüsusən
həvəslə gözləyirəm. Mütaliəyə, xarici dil öyrənməyə böyük həvəsim var. Liseyimizdə
tez-tez bayram və tədbirlər keçirir. Mən də bu tədbirlərdə fəal iştirak edirəm.
Hətta aparıcılıq da edirəm. Bu günə kimi ən uğurlu günüm liseyə qəbul olunduğum
günü hesab edirəm. Əldə etdiyim bütün uğurlarına görə valideynlərinə, sonra
doğma məktəbimə və sevimli müəllimlərimə borcluyam. Xalqıma yararlı bir övlad
olub tarixi şəxsiyyət kimi yaddaşlarda yaşamaq həm valideynlərimin, həm də mənim
böyük arzumdur. Rəsm çəkmək mənim dərsdən sonrakı məşğuliyyətimdir”.
Qəhrəmanımız 2010-cu ildə “Gənc istedadlar” liseyinin “Sehrli aləm”
studiyasında “Evimizə bahar gəlir” adlı rəsm müsabiqəsində I yeri layiq
olduğuna görə diplomla təltif olunub. 2011-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi
günü münasibətilə keçirilən müsabiqədə fəal iştirakına görə diplomla təltif
olunub, “Ekologiya ili” adlı rəsm sərgisində I yerə layiq görülüb. 2012-ci ildə
“Qanlı yanvar” adlı rəsm müsabiqəsində I dərəcəli diplomla təltif olunub. Bu
yaxınlarda Az. TV-də kiçik rəssamlar verilişinə çəkilişə dəvət olunub.
Nurəddin gələcəkdə diplomat, səfir olmaq istəyir. Azərbaycanı harada
olsa təmsil etmək onun arzularından başlıcasıdır desək yanılmarıq. “SPACE”
telekanalında hazırlanan “Mozalan” telejurnalında aktyorluq bacarığını da
yoxlayıb. Xoşbəxtliyi arzularına çatmaqda görən Nurəddin valideynlərinin,
bacılarının ümid etdiyi kimi savadlı, peşəkar mütəxəssis olacağını söyləyir.
Müəllimləri, əsasən sinif rəhbəri Nurəddinə çox inanır. Rəsm müəllimi
Aydın müəllim isə onu rəssam kimi görmək istəyir. Aydın müəllimin Nurəddin barədə
söylədikləri: “ - Bizim üçün fərəhlidir ki, gələcəyimiz olan yeniyetmələr arasında
rəssamlığa meyl güclüdür. Onlardan biri də Nurəddindir. O bu sənətə kövrək
addımlarını atan istedadlarımızdandır. Çalışqan şagird kimi ictimai işlərdə fəal
iştirak edən şagirddir”.
Sinif müəllimi Elmira xanım Nurədinin gələcəyinə inanır.
Nurəddinin gələcəklə bağlı planları çoxdur. Bunun üçün əla qiymətlərlə
oxumağı, həm də tutduğu yolu davam etdirməyi fikirləşir. Bu səbəbdən də ruhdan
düşməyib dərsini daha da təkmilləşdirməyə çalışır. Çətinliyi olarsa bacıları
Zivər, Nilal köməyinə gələr. Nurəddin düşünür ki, xoşbəxtlik insanın öz əlindədir.
Yetər ki, qarşıya məqsəd qoyub çalışasan.
e-mail: a_l_i_z_a_d_e@mail.ru
Комментариев нет:
Отправить комментарий