Nərmin Ərəstun qızı
Rzayeva 2001-ci il iyunun 29-da Bakı şəhərində dünyaya gəlib. Nərminin adını
ondan 10 il böyük olan qardaşı Adil qoyub.
Anası Sədaqət
xanım Nərminin uşaqlığını belə xatırlayır: “ - Körpəlikdə sakit, həssas,
sevimli, eləcə də çox şirin olan Nərmin daim şəkilli kitablara baxmağı
xoşlayırdı. Hələ məktəbə getməmişdən ona şeirlər, yazıb-oxumağı, hesablamaq öyrədirdim.
Uşaqlıqdan həkim olmaq arzusuna düşüb. Bu elə mənim də ürəyimcə oldu. Çünki mən
də uşaqlıqda bu sənətə yiyələnmək istəyirdim. Lakin valideynlərim buna imkan vermədi.
Ona görə də qızımın bu seçiminə çox sevindim.
Nərmin ilk təhsilini
Xırdalan şəhər 1 saylı orta məktəbdə almağa başladı. Dərslərini yaxşı oxuyur.
Əla qiymətlər alır. Sevimli fənləri riyaziyyat, ingilis və rus dilləridir. Təbiətlə
də çox maraqlanır. Bitkilər, heyvanlar və insan orqanları haqqında biliklərə
yiyələnmək üçün dərslikdən əlavə kitablar oxuyur. Məhz buna görə də sevimli fənləri
arasında “Həyat bilgisi” də çox böyük rol oynayır. Kitabda verilən mövzular
böyük olmadıqda kitabxanaya müraciət edir, daha çox biliklər əldə etməyə
çalışır. Təhsildən əlavə ingilis və rus dillərini mükəmməl bilmək üçün kurslara
gedib, sırf bu dillərlə geniş məşğul olur. Fəal iştirak etdiyi “Əlifba bayramı”
və IV sinfi bitirən zaman buraxılış tədbiri olub. İntonasiya ilə şeir söyləmək
qabiliyyəti ilə hamının rəğbətini qazandığından tədbirin çox hissəsində ona
şeir demək imkanı verilmişdi. Bir çox səhnələrdə də rolu olmuşdur. Hətta rəqslərdə
də özünü sınamışdır”.
Nərmin dərslərini
yaxşı öyrənməkdə, dərin biliklərə yiyələnməkdə özünü müəllimlərinə və valideynlərinə
borclu sayır. Xüsusən də ibtidai sinif müəllimi olan Aygün Aslanovaya minnətdardır.
O, həmişə “Xeyir körpüsü” verilişini diqqətlə izləyir və həkim olmaq həvəsi
daha da artır. Nərmində xəstə və çarəsizlərə yardımçı olmaq istəyi yaranıb.
Asudə vaxtlarını
dostları ilə, mütaliə və rəsm çəkməklə keçirən Nərmin xoşbəxtliyini
sağlamlıqda, arzularına çatmaqda, ailə üzvlərinin yanında olmaqda, valideynlərinin
başını uca etməkdə görür. Ən çox bəyəndiyi rəsm işlərinin içində “Winx club”
cizgi filmində “Bloom” adlı qızın şəkli, “Novruz bayramı”, “Cırtdan”, “Xocali”
faciəsinə aid şəkillərdir. İlk uğuru ingilis dili imtahanından yüksək bal
toplaması olub. Bu uğuru ilə valideynlərinə bəxş etdiyi sevinc Nərmində böyük
ruh yüksəkliyi yaratmışdır. Dərslərini yaxşı oxumaq, məktəbi əla qiymətlərlə
bitirmək, Tibb Universtetinə daxil olmaq, vətəninə lazımlı vətəndaş olmaq və
peşəkar həkim kimi tarixin yaddaşında yaşamaq istəyir.
Комментариев нет:
Отправить комментарий