Anar
Ramiz oğlu Qasımov 1998-ci ildə noyabrın 7-də Şabran şəhərində anadan olub. 2005-ci
ildə Bakı şəhər Xətai rayonundakı 17 saylı məktəbin I sinfinə daxil olub. 2009-cu
ildə həmin məktəbin IV sinfini bitirib. Elə həmin ilin sentyabrında Ankara məktəb-liseyin
V sinfinə daxil olub. Hazırda həmin məktəbdə təhsilini davam etdiri. Anar təhsil
aldığı illər ərzində özünü çox nümunəvi şagird kimi aparmışdır. Daim dərs əlaçısı
olmuş, təhsil aldığı məktəbin ən sevimli şagirdlərindən birinə çevrilmişdir. İbtidai
təhsil aldığı 17 saylı orta məktəbdə sinif rəhbəri olmuş Səidə Quliyeva və
hazırda təhsil aldığı Ankara məktəb-liseyində sinif rəhbəri Mətanət Fərəcova
Anar haqqında danışarkən simalarına gözəl bir təbəssüm qonur, qəlblərinin dərinliklərində
bəstələdikləri ən incə, ən gözəl duyğuları, yüzlərlə sözlərin içindən seçdikləri
ən gözəl sözləri dilə gətirirlər. Anarın valideynləri ilə görüşərkən belə bir
övlad tərbiyə edib məktəbə yolladıqları üçün minnətdarlıq hissi ilə danışırlar.
Anar orta
məktəblə yanaşı Süleyman Əsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin qarmon
şöbəsində III sinifdə təhsil alır. Musiqiyə olan marağı lap körpə çağlarından
hiss olunurdu. Hələ 2-3 yaşlarında Anar saatlarla musiqiyə qulaq asmaqdan bezməzdi.
Saatlarla tək oturub musiqi sədaları altında sevimli oyuncaqları ilə məşğul
olardı. Onun artıq musiqiyə qulaq asmadığını və oyuncaqlarla oynadığını zənn
edib musiqi çalınan aparatı söndürən kimi Anar ağlamağa başlayardı. Təkidlə
musiqini səsləndirməyi tələb edərdi. Anar hələ balaca olarkən böyük bacıları
musiqi məktəbinin fortepiano sinfində təhsil alırdılar. Onlar pianonun
axrasında durar- durmaz Anar tez qaçıb onların yerində oturmağa cəhd edərdi. Təbii
ki, boyu çox kiçik olduğu üçün stulda sərbəst oturmağı bacarmazdı. Eləcə ayaq
barmaqlarının ucunda qalxar, balaca qollarını pianinoya uzadar və dillərini
basardı və bu zaman bütün dünya Anarın olardı. Böyüdükcə, musiqini dərk etdikcə
bacılarından milli musiqilərimizi ifa etməyi xahiş edərdi. Bacıları isə milli
musiqilərimizi çala bilmirdilər. Çünki musiqi məktəbinin fortepiano sinfində əsasən
klassik əsərlər öyrədilir. Milli musiqimizə olan maraq Anarı bacılarının
arxasınca S. Əsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinə apardı. Məhz öz
musiqimizi öyrənmək üçün qarmonu seçdi. İndi Anar xalq mahnılarımızı qarmonda
sevə-sevə, böyük məharətlə çalır. Hələ bundan başqa, körpəlikdən ürəyində bəslədiyi
arzularını da həyata keçirir, gözəl musiqilərimizi fortepianoda da məharətlə
ifa edir.
Evlərində
olan şahmat qutusu fiqurları ilə birlikdə Anarın sevimli oyuncaqlarından biri
idi. Bu fiqurların niyə müxtəlif formada olduqlarını təkrar-təkrar soruşardı. 6
yaşında Anar Xətai rayonundakı Şahmat Məktəbinə getməyə başladı və tez bir
zamanda şahmat oynamağı öyrəndi. İndi müstəqil olaraq şahmatla məşğul olur. Öz
üzərində çalışır. Dərs saatlarının çox olmağı ilə əlaqədar şahmat məktəbinə gedə
bilmir. Evdə tək oğlan uşağı olması ona bir sıra problemlər yaradırdı. O, evdə
oğlan kimi oynamağa, dəcəllik etməyə birini tapmayanda bərk əsəbləşirdi. Tez-tez
bacılarına sataşırdı. Onları onunla, onun istədiyi kimi oynamağa məcbur edərdi
və bu zaman rədd cavabı alardı. Daxilindən gələn enerjini sərf etməyə evdə nəsə
tapmayan Anar idmanla məşğul olmağa qərar verdi. O, idmanın dzyü-do növünü
seçdi. İndi Anar Xətai rayonundakı “Ruslan” İdman Mərkəzində idmanın dzyü-do
növü ilə məşğul olur. Bakı şəhərində keçirilən müxtəlif idman yarışlarında
iştirak edib. İdmanda qazandığı müvəffəqiyyətlərə görə bir neçə medalı və fəxri
fərmanları var. Sağlamlığında yaranan müvəqqəti narahatlığa görə 2 il idmandan
uzaqlaşsa da, yenidən idmana döndü və indi sevimli idmanı ilə məşğul olur.
Anar
təhsil aldığı məktəbdə də daim tədbirlərdə iştirak edir. Müxtəlif tədbirlərdə ona
tapşırılan çıxışların, rolların öhdəsindən məharətlə gəlir. Hətta müəllimlərindən
bir neçəsi dəfələrlə məsləhət görüb ki, gələcəkdə incəsənətin aktyorluq növü ilə
məşğul olsun, bu sənətdə uğur qazana bilər. Tədbirlərdən birində Dədə Qorqud
rolunda oynayıb. Bu rolu çox sevib. Səhnə qiyafətləri ona çox yaraşırdı. Sazı
da var idi.
Məktəbə
gedənə qədər Anar yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı Anara Sifayə nənəsi öyrətmişdi.
Sifayə nənə 35 il ibtidai sinif müəllimi işləmişdi. Anarla məşğul olmaq, ona
yazıb-oxumağı, şeirlər, nağıllar öyrətmək Sifayə nənəyə xüsusi zövq verirdi. Hətta
Anarla əmək dərsləri keçirdi. Rəngli kağızlardan, müxtəlif vəsaitlərdən maraqlı
maketlər düzəldirdi. İndi Anar gözəl şəkillər çəkdiyinə, fantaziyalar qurub
maketlər düzəltməyə görə Sifayə nənəyə borcludur.
Anar əsasən
dəqiq elmlərə maraq göstərir. Riyaziyyatı və təbiət elmlərini çox sevir. Dərs əlaçısıdır.
Təhsildə qazandığı uğurlara görə hər ilin axırı tərifnamələrə layiq görülüb. Təbiət
hadisələri, bitkilər və heyvanlar aləmi onun üçün çox maraqlıdır. Təbiət
haqqında, göy cismləri, planetlər barəsində müxtəlif telekanallarda göstərilən
verilişlərin hamısına baxır. Planetlər, göy cismləri barəsində elə maraqlı
faktlar danışır ki, heyran qalmaya bilmirsən.
Anardan
gələcəkdə hansı sənətin sahibi olacağını soruşduqda - həkim olacağam - deyir. Özü
də elə-belə həkim yox, əsl akademik olmaq istəyir. Hələ lap balacalıqdan anası əlindən
tutub onu həkimlərin qəbuluna apararkən anasına sonsuz sayda suallar verərdi. Bu
həkimlər kimdir? Nə iş görürlər? Hansı xəstəlikləri müailicə edirlər? Ən
lazımlı həkim hansıdır? İnsanlar niyə xəstələnirlər? Cərrahlar əməliyyat edərkən
xəstələr ölürlərmi?
Anası
da səbrlə onun bütün suallarına cavab verərdi. Elə indi də anasına suallar yağdırmaqda davam
edir. Anası onun ən yaxın yardımçısıdır. Vaxtının çoxunu anası ilə keçirir. Bir
neçə il bundan qabaq anası xəstələnmişdi. Bir sıra həkimlərə müraciət etsələr də
bir dəyişiklik olmurdu. Bu vəziyyət hamını narahat edirdi. Ən çox da Anara pis
təsir edirdi. Çünki evin, ailənin kiçiyidir. Anası bütün günü gözlərinin
qarşısında olurdu. Sağlam, şən əhval ruhiyyəli görürdü anasını. Anasının əvvəlki
halını ona qaytara bilmirdilər. O zaman onun ürəyindən bir arzu keçirdi. Kaş
savadlı həkim olub anasını sağaldardı. Elə anasına o cür halda da yenə suallar
yağdırırdı. Ana, yaxşı həkim olmaq üçün nə etmək lazımdır? Hansı dərsləri lap
yaxşı oxumalıyam? və. s... ???
Bir neçə
gün sonra anasını bir həkimin yanına apardılar. Anar da onların yanında idi. Qapıdan
içəri girən kimi bu həkimi gözü tutdu. Elə bil sirli-sehrli bir dünyaya
düşmüşdü. Bu məkan həkim otağından çox texniki avadanlıqlarla dolu olan
emalatxanaya oxşayırdı. İçəridə də nurani, xoşxasiyyət, gülərüz bir insan
oturmuşdu. İndi o, böyük akademikdir. O, akademik fəxri adını tibb sahəsində
almayıb. Ancaq Anarın gözündə bir akademik həkimdir. Çünki anasını 10 gün içərisində
sağaltdı. 10 gün Anar anası ilə həkimin qəbuluna getdi. Anası gözlərinin
qarşısında hər gün cavanlaşırdı, sağalırdı. Bax o zaman Anar həkim, tibb üzrə
akademik olmaq istədi. Bütün insanları anası kimi həyata qaytarmaq istədi. Bu məqsədinə
çatmaq üçün var qüvvəsi ilə çalışacaq. Vətəni üçün, Azərbaycan üçün, milləti
üçün layiqli bir övlad olacaq. Anar seçdiyi həkimlik sənətinin nə qədər çətin,
nə qədər məsuliyyətli olduğunu da dərk edir. Başa düşür ki, bu sənət bir başa
insanların həyatı ilə bağlıdır. Həkimlik sənəti insanlara hava, su kimi
lazımdır. İnsanlara şəfa vermək üçün əlindən gələni əsirgəməyəcək.
O, xoşbəxtliyi insanlara yararlı olmaqda görür. Gələcəkdə
bir həkim kimi həyata qaytara biləcəyi hər bir insan onun xoşbəxtlik adlanan dənizinin
damlaları, suları olacaq. Bu damlalar olmasa, bu sular olmasa xoşbəxtlik dənizi
necə ola bilər? Valideynləri də onun bu arzusunu dəstəkləyirlər. Hazırda
çalışır ki, onların zəhmətlərini itirməsin, öhdəsinə düşən vəzifələri layiqincə
yerinə yetirsin. Ən əsası dərsləri ilə mükəmməl məşğul olsun. Biliklərə dərindən
yiyələnsin, heç olmasa iki əcnəbi dil öyrənə bilsin, lazım gələrsə xarici dövlətlərdə
seçdiyi sənətlə bağlı ən mükəmməl biliklərə yiyələnsin. Qoy bütün ölkələrdən
onun yanına insanlar şəfa tapmağa gəlsinlər. O da sevə-sevə onlara yardım etsin.
Qoy desinlər ki, Azərbaycan adlanan bir ölkədə Anar adlı bir həkim var bizə
ancaq o, şəfa verə bilər. Amin!
Комментариев нет:
Отправить комментарий