Növbəti
tanışlığa qəhrəmanımızın anasının sözlərilə başlayaq: “ - Biz ailəmizi 1985-ci
ildə qurmuşuq övladımız 1989-cu ildə dünyaya gəlib. O, bizə Allahın töhfəsidir.
Çox əziyyətlərdən sonra İmam Hüseyn həzrətləri onu mənə yuxuda verib. Ad qoyan
vaxtı gələndə bir Azərbaycanlı ailəsi kimi bizim ailədə də böyük sözü əsasdır. Qaynanama
demişdik ki, sən qoy adını. Qaynanam dedi ki, Füzuli olsun, tanınmış olsun, ana
babasına oxşasın. Ana babası fillogiya elmləri namizədidir. Belə bir niyyətlə
oğlumun adı qoyuludu.
Füzuli çox
sakit uşaq olub. Rəngli şəkillərə, nağıllara qulaq asmağı xoşlayırdı. 4 yaşında
şahmat oynayırdı. Qonaqları onunla
şahmat oynamağa məcbur edirdi və özündən böyükləri udurdu. Böyüklərlə qulaq
asmağı xoşlayırdı. 4 yaşında onu Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq
Mərkəzində şahmat kursuna yazdırdım. Orada yarışlarda iştirak edirdi. Mərkəzin
nəzdindəki “Azəri” rəqs qrupuna yazdırdım. Sonra Şəhriyar adına Mədəniyyət Sarayında
fəaliyyət göstərən “Fərid” rəqs ansamblına 1995-2001-ci illərdə rəqslə məşğul
oldu. Demək olar ki, bütün dövlət tədbirlərində iştirak edirdi. Yeni il şənliklərində
lent yazıları qalıb.
O məktəbə
getməmişdən 1 il qabaq işdən çıxdım. Dərsləri ilə məşğul oldum. Məktəbə gedəndə
müəllimi yuxarı sinfə keçirməyi təklif etdi. Ancaq razı olmadıq. III sinifdə
oxuyanda Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsində təhsil almağa başladı. X
sinifdə oxuyanda 7 illik musiqi məktəbini əla qiymətlərlə bitirdi. Musiqi müəllimi bəstəkar olmasını tövsiyə edirdi. Çünki özündən
notlardan nə isə düzəldib çalırdı. Notu öyrəndikdən sonra IV sinifdə ərəb- fars
əlifbasının öyrətdik. Ərəb-fars əlifbasında yazıb-oxuyur. Rus, alman, ingilis,
türk, Azərbaycan dillərini mükəmməl bilir. Hər şeyi tez başa düşür, adamlarla ünsiyyəti
xoşlayır. İspan dilinə maraq göstərir. Almaniyada oxuyur. Fərqlənmə attestat
alıb, müxtəlif fənlərdən olimpiadalarda iştirak edib. Dəfələrlə fəxri fərman və
diplomlarla mükafatlandırılıb. İdman yarışlarında iştirak edib. Futbolu xoşlayır.
Boş vaxtlarında oynayır. Üzgüçülük, dzyü-do ilə məşğul olub”.
Füzuli Zülfi oğlu Məlikov 1989-cu il aprelin 30-da Bakıda anadan olub.
1995-ci ildə 214 saylı orta məktəbdə təhsil almağa başlayıb və 2006-cı ildə həmin
məktəbdə orta təhsilini başa vurub. Həmin ildə 650 balla Azərbaycan Dövlət Neft
Akademiyasının qaz-neft-mədən fakultəsinə qəbul olub. Burada bir il təhsil
aldıqdan sonra dövlət tərəfindən Almaniyada təhsil almağa göndərilib. 2005/2006-cı dərs ilində Neft Akademiyasının 4 fakültəsinə 600-dən çox bal
yığan 5 tələbə neft şirkəti hesabına Avropa ölkələrinə oxumağa göndəriləcəkdi.
Füzuli 650 balla toplamışdı. TQDK-ya ərizə verdi və bütün mərhələlərdən keçdi. Hazırda Axen Tətbiqi
Elmlər Universitetində maşınqayırma-energetika fakultəsində alternativ enerji
ixtisası üzrə bakalavr təhsili alır.
Füzuli: “ - Anam mühəndislik oxumağımı istəyirdi. Bu marağı məktəbdəki
fizika müəllimim Nərgiz xanım yaratmışdı desəm yanılmaram. Amma alternativ
enerji ixtisasına maraq məndə Almaniyada oxuyub, görüb və eşitdiklərim əsasında
yaranıb. Səbəb olaraq isə enerji cari dünyada dünya inkişafına təsir edən ən
böyük amillərdən biri olduğunu göstərə bilərəm. Bundan əlavə xarakter olaraq da
mühəndis olmağın mənə daha çox uyğun olduğunu düşünürəm.
Məktəbi əla qiymətlərlə, fərqlənmə attestatı ilə bitirmişəm. Ən çox
sevdiyim dərslər riyaziyyat və fizika olub. İbtidai sinifdəki tərifnamələri
saymasaq, fizika üzrə olimpiada qalibi, “İnsan huquqlarının ən yaxşı qoruyucusu”
yarışmasında komanda ilə II yer və.s.
Azərbaycan Dövlət Neft Akademiyasında oxuduğum bir ili əla qiymətlərlə
başa vurmuşam. Almaniyadakı təhsilim də yaxşıdır. Ən çox sevdiyim dərslər,
texniki termodinamika, enerjinin sistemə transferi, konstruksiya elementləri.
Mənim özümə ixtisas kimi mühəndisliyi seçməyim riyaziyyat ve fizikaya
olan marağımdan başlayıb. Məncə məktəb illərində insan sadəcə fənnləri sevir. Universitetdə
isə ixtisasa yiyələndikcə, bu ixtisası bilərək nələr əldə edə biləcəyini görüncə,
ixtisasa həvəsi artır. Almaniyada mühəndislik oxuduqca, xüsusilə alternativ
enerji ilə bağlı konfranslara, tələbə görüşlərinə qatıldiqca, mühəndislik
ixtisası secməklə doğru addım atmış olduğumu gördüm.
Almaniyada mənə dərs deyən professorları mühəndis idealım kimi göstərə
bilərəm. Məsələn, Aachen Tətbiqi Elmler Universitetinin Juelich kampının mashinqayirma
fakultəsinin dekanı prof. dr Burgard Mueller və ya texniki termodinamikaya
xüsusi marağımdan dolayı pərəstiş etdiyim prof. dr. Christian Farber. Bu
insanların tərcümeyi-halını oxuduqda, həyata keçirdikləri elmi-tədqiqatlar
haqqında məlumatlı olduqdan sonra bir insanın mühəndislik karyerasında nə qədər
uğurlu ola biləcəyini gördüm.
Nailiyyətlərimə görə müəllimlərimə minnətdaram. Amma bu xüsusda ailəmin
rolu əvəzedilmezdir. Məncə nəinki bu nailiyyətdə ümumiyyətlə, bütün həyat
addımlarımda ailəm mənə göstərilə biləcək ən düzgün yolu,verilə biləcək ən böyük
dayağı verib.
Ailə məktəbə qəbul olanda topladığım bal məni qane etməmişdi. Çünki imtahanda bəzi
mexaniki səhvlər ucbatından, istədiyim qədər yüksək bal toplaya bilməmişdim.
Mən
Almaniyada təhsil almaq üçün dövlət təqaüdünə layiq görüləndə, Azərbaycan Dövlət
Neft Şirkəti ilə 5 illik müqavilə bağlamışam. Müqaviləyə görə bakalavr təhsilimi
bitirdikdən sonra Dövlət Neft şirkətində işlə təmin olunacağam. Dövlət Neft Şirkəti
yaxşı karyera üçün əla fürsətdir. Amma mənim üçün harada işləyəcəyimdən çox, nə
ilə məşğul olacağım daha vacibdir. Karyeramda nə qədər uğurlu olacağam bilmirəm,
amma karyeramdan çox Azərbaycan üçün bir şeylər eləmək istəyirəm. İstədiyim Azərbaycanın
mühəndislik sferasında, yeni və böyük layihələr həyata keçirə bilmək, Azərbaycanın
dünya xəritəsində güclü bir enerji (qeyri-neft, qaz) bazası olan dövlət
olmasıdır. Yetişən yeni nəsil mühəndislərin çalışmaları və bizlərə yol göstərə
biləcək yüksək ixtisaslı mühəndislərimizin təcrübəsi ilə böyük addımlar
atacağımıza inanmaq istəyirəm.
Xoşbəxtliyi Allaha ibadət
də, valideynlərə hörmətdə qüsursuz olmağa çalışmaqda, yaxşı bir ailə sahibi
olub uşaqlarımı böyütməkdə və Azərbaycan üçün bir şeylər edə bilməkdə görürəm.
Asudə vaxt tapdıqca, evdə
idmanla məşğul oluram. Amma yenə də arada özümə bir gün ayırıb Azərbaycan
haqqında məqalələr yazıram. Bu məqalələrdə Azərbaycanın inkişafına müsbət təsiri
olacağını düşündüyüm fikirlərimi yazmaqdan xoşuma gəlir.
Ümumiyyətlə isə asudə
vaxtlarımda ailəmlə zaman keçirməyə üstünlük verirəm.
Əgər mümkün olarsa Azərbaycanda
enerji sahəsində dünyanın ən böyük Elmi-Tədqiqat Mərkəzlərindən birinin təməlini
qoymaq istərdim. Azərbaycan gəncliyini “Beyinlər toplusu'” halına gətirmək üçün
əlimdən gələni etmək istəyirəm. Gənclərə elə bir yol göstərmək lazimdir ki,
onlar gənclik zamanlarında axtardıqları adrenalinin əslində çox çalışıb
sonrasında güclü, özünə inanan birinə çevrilməkdə olduğunu başa düşsünlər”.
e-mail: montekristo89@mail.ru
Комментариев нет:
Отправить комментарий