elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 августа 2014 г.

Barat Elşad Akif oğlu

Barat Elşad Akif oğlu (Elşad Barat) 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Mirzəli kəndində ziyalı ailədə dünyaya gəlib. 1995-ci ildə Mirzəli kənd orta məktəbinin I sinfinə qədəm qoyub. İlk dəfə 1996-cı ildə “Sözün işığı” qəzetində “Müəllim” şeri çap olunub. Hələ orta məktəbdə oxuyarkən Elşad Barat bir neçə şeir müsabiqəsinin qalibi olub, müxtəlif diplomlar alıb. 2002-ci ildə rayon üzrə keçirilən olimpiadada riyaziyyat üzrə I yeri tutub.
2006-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olur. Fakültə Tələbə Həmkarlar Təşkilatının sədr müavini, sədri, daha sonra universitetin Tələbə Həmkarlar Təşkilatının sədr müavini kimi çalışıb. 2008-ci ildə ilk “Tükənməz məhəbbətim” adlı şeirlər kitabı çap olunub. Universitetin nəzdində fəaliyyət göstərən “Mənim universitetim” qəzetinin hər nömrəsində şeirləri, hekayələri dərc olunub. 2010-cu ildə universiteti nümunəvi bitirərək hərbi xidmətə gedib. Xidmətdə olduğu müddətdə bütün döyüş qaydalarını, bir çox silahlardan istifadə etməyi öyrənir. 2011-ci ildə nümunəvi xidmətinə görə təşəkkürnamə ilə xidməti başa vurur. Elə həmin il Naxçıvan Dövlət Universitetinin magistratura pillsəsinə daxil olur. Oxuduğu müddətdə Naxçıvan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin “Xəbərlər” proqramının və layihə rəhbəri olduğu “Məclisi şüəra” verilişinin aparıcısı işləyir. 2012-ci ildə “Ruhumun səsi” adlı ikinci şeirlər kitabı çap olunur. Həmin il “Qızıl qələm” media mükafatı alır. 2012-ci ildən Türkiyə Müasir Psixologiya və Məsləhət Mərkəzinin üzvüdür. Magistraturada oxuduğu müddətdə bir çox elmi konfranslarda, psixoloji seminarlarda iştirak edib.
Elşad Barat magistraturanı qırmızı diplomla bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasında işə başlayır. Adakemiyanın Gənc Alimlər Şurasının İdarə Heyətinin üzvü seçilir. “İstedadlı Gənc və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin həm təsisçisi, həm də sədridir. “Günəş” jurnalının xüsusi müxbiridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Visiontv.az” internet televiziyasının “Alim ol” verlişinin aparıcısıdır.

BİR ŞƏHİD YUXUMA GƏLDİ

Bu gecə bir şəhid yuxuma gəldi,
Qəzəblə, nifrətlə üzümə baxdı.
Bu gecə bir şəhid yuxuma gəldi,
Əlinin qanını sinəmə yaxdı.

Bu gecə bir şəhid yuxuma gəldi,
«Ata olacaqdım» dedi: a zalım,
Mən də sənin kimi körpə balamı,
İstərdim qollarım üstünə alım.

Bu gecə bir şəhid yuxuma gəldi,
«Hardasan» üstümə bağırdı bir az.
Sonra sakitləşib «ay ana» dedi,
Ağladı, anasın çağırdı bir az.

Bu gecə bir şəhid yuxuma gəldi,
Bir məktub uzatdı və uca tonla,
«Bunu sevgilimə verərsən» dedi.
«Əlvida» yazmışdı kağıza qanla.

Bu gecə bir şəhid yuxuma gəldi,
Bildim ki, bu mənim xəcalətimdir,
Görüşdük, danışdıq, gedəndə dedi:
«Vətənim sizlərə əmanətimdir».
02.08.2014

ƏLVİDA BAKI

Bilirəm ki, sənə yoxdur etibar,
Adım da qalmasın sənə yadigar,
Dünyanın o qədər şəhərləri var,
Bir ovuc boydasan dünyada, Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!

Lap belə avara, gədə-güdəyəm,
Lap belə kasıbam, it günündəyəm,
İngilis oteldə, mən kirədəyəm,
Mən sənə sarıldım, sən yada, Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!

Saldığım hər izə qadağa qoydun,
Baxdığım hər gözə qadağa qoydun,
Haqq yola, haqq sözə qadağa qoydun,
Üç nöqtə, üç sual, üç nida - Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!

Zülümdən, əzabdan doyub, gedirəm,
Əlimin qanını yuyub, gedirəm,
Burda göz yaşımı qoyub, gedirəm,
Çətin, bir də məni ağlada Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!

Gücümü yığmışam səndən qopmağa,
Sənin də gücün yox, məni tutmağa,
Gedirəm özümə Bakı tapmağa,
Sən dəyər vermədin Elşada, Bakı,
Əlvida! Əlvida! Əlvida, Bakı!
29.07.2014

MƏN NƏ İTİRMİŞƏM Kİ
(insan olanlara)

I
Mən nə itirmişəm ki?
Üçüncü sinifdə oxuyanda
sevgilimə yazdığım
üç-beş şer olan köhnə dəftərdən başqa...
mən nə itirmişəm ki?
On bir yaşımda 
beş almaq üçün
müəllimimin bağında 
ağac dibi belləyərkən
itirdiyim zamandan başqa...
mən nə itirmişəm ki?
On səkkiz yaşımda
məndən pul istəyən 
müəllimimə olan 
saf düşüncələrimdən başqa...
mən nə itirmişəm ki?

Mən nə itirmişəm ki?
Sevdiyim qıza vurduğum 
bir şilləyə qurban gedən
hisslərimdən başqa...
mən nə itirmişəm ki?
Yolun kənarında
boynu bükük, ağlayan
sızlayan
ac körpənin diləndiyini görəndə
vicdanımdan başqa...
mən nə itirmişəm ki?

II

Mən nə itirmişəm ki?
Qarabağda əsir gedən qızlarımın
gəlinlərimin namusuna
toxunulanda
namusumdan başqa...
mən nə itirmişəm ki?
Dili lal, qulaqları kar
bakirə qızlarımı
nazir müavininə satanda
şərəfimdən başqa...
mən nə itirmişəm ki?

Mən nə itirmişəm ki?
Ədalətsiz insanlara
haqsızlıqlara göz yuman
Allahıma olan inamımdan başqa...
mən nə itirmişəm ki?
Düz sözümü əyri yozan,
ayağımın altın qazan
vicdansız dostlarıma olan
etibarımdan başqa...
mən nə itirmişəm ki?

III

Mən nə itirmişəm ki?
İkisi də balamdı deyib
qızımla oğlum arasında
fərq qoyanda
ədalətimdən başqa...
mən nə itirmişəm ki?
Balam ac qalmasın deyə
insafsızın birinə ağız açanda
pul istəyəndə
tapdaladığım qürurumdan başqa...
mən nə itirmişəm ki?

Mən nə itirmişəm ki?
Saraylarda yaşayıb 
adamlığın yerini bilmədən
məni adam yerinə qoymayan
bəynəsillilərin yanında
hörmətimdən başqa...
mən nə itirmişəm ki?
Lap elə uşaqlıqdan bəri
göz yaşlarıma əsir düşən
gülüşümdən başqa...
mən nə itirmişəm ki?

Mən nə itirmişəm ki?
Bəziləri mənə baxıb güləndə
bəziləri mənə "yazıq" deyəndə
dönüb olara demək istəyirəm ki,
axı ağlımdan başqa...
mən nə itirmişəm ki?

Mən nə itirmişəm ki?
Özüm öz gözümdə yoxa çıxıram
özüm öz içimdə itgin düşürəm
axı özümdən başqa...
mən nə itirmişəm ki?..
11.07.2014

YAĞIŞ DAMLASI

Bir yağış damlası enirdi göydən
bir az tələsirdi yerə çatmağa,
Bəlkə də, qaçırdi göydəkilərdən,
Xəbərdar deyildi yerdəki dərddən.
Hərdən məndə də olur belə şey
elə istəyirəm qaçım göylərə
Qurtulum yerdəki əzablarımdan
Gedim dərdlərimi açım göylərə.
Amma ki, bilmirəm göydəki ahlar
şirindi, yoxsa da, acıdı dadı.
Bəlkə də, göydəki bütün əzablar
yerdə bir yetimin ahı boydadı.
Bir yağış damlası enirdi göydən
bir az tələsirdi yerə çatmağa,
Nəhayət, o damla yerə yetişdi
gəlib təsadüfən sinəmə düşdü.
Sinəmdə dağları görəndə yazıq
daha olan olub, keçən keçmişdi.
Bir iki saat da dözə bilmədi
mənim dərdlərimə o havalandı.
Tələsdi göylərə geri dönməyə,
tələsdi, tələsdi, o buxarlandı.
10.07.2014

BAĞIŞLA Kİ, ŞAİRƏM

Yat qızım, yat !
Ağlama...

Yanağında sürüşən
damla qədər dəyərli deyiləm,
bilirəm.
Axı mən şairəm.

Bilirəm ki, hiss edirsən şair olduğumu,
Ona görə ağlayırsan.
Eh... kim istəyər ki, 
şair övladı olsun?

Dərdlərim pula getsəydi
kainatı satın alardım sənə.

Sözə dəyər verən olsaydı
mən də dəyərli adam olardım sənə.

Bağışla qızım, bağışla,
bağışla ki, şairəm.
MƏNİ GÖRSƏN MƏNƏ DE

Bağışla, ay xanım qız!
Təsadüfən məni görməmisən?

Dedim birdən səs olaram,
asılaram qulağına.
Ya da xırda toz olaram,
toxunaram ayağına.

Elə külək də ola bilərəm,
saçlarında sürüşərəm,
Gizlicə, xəbərsiz yerə düşərəm.

Dodaqlarına toxunmaq üçün,
söz də ola bilərəm.
Sənin arxanca sürünən,
iz də ola bilərəm.

Sən Allah, düzünü de!
Heç məni görməmisən?

GÖRÜŞ YERİMİZ

Bilirəm ki, bu yer sənə tanışdı,
Bu ağaclar sənə nələr danışdı?
Xəyal etdim, yenə fikrim qarışdı,
Buz bağlayıb bizim görüş yerimiz.

Qar geyinib seçdiyim otracağım,
Boş qalıbdır, isinməyir qucağım,
Bu yerləri gəzə bilmir ayağım,
Buz bağlayıb bizim görüş yerimiz.

Ağacların danışmağa sözü yox,
Səni məndən soruşmağa üzü yox,
Qar üstündə ayağının izi yox,
Buz bağlayıb bizim görüş yerimiz.

Yadındadır? Qara tutardım səni,
Deyərdin ki, üşütməyir əlini?
Bu qar, o qar deyil, üşüdür məni,
Buz bağlayıb bizim görüş yerimiz.

DÜŞ ÇİÇƏYİSƏN

Bəxtimi nə gözəl yazıbdı fələk,
Ömrümün dipçəyi daş çiçəyisən.
Toxunmaz telinə yağış, qar, külək,
Gülüm, yaz qoxulu qış çiçəyisən.

Sənsiz küləklərdən qopa bilməzdim,
Özümü bir aşiq yapa bilməzdim,
Səni bu dünyada tapa bilməzdim,
Göylərdən gəlmisən, düş çiçəyisən.

Nə yaxşı, çiçəklər bağına baxdım,
Su oldum, tək sənin bağına axdım,
Səni qönçə vaxtı sinəmə taxdım,
Sən Elşad Baratın döş çiçəyisən.

AĞDAMA

Mənimlə kiçik bir əlaqəsi var,
Şeirimi aparır külək Ağdama.
Ən azı xəyallar yolçusu olub,
Şairlər gedələr gərək Ağdama.

Demə: olan olub, keçən də keçib.
Tarix intiqamçün bizləri seçib.
Torpaqdan şəhidin qanını içib,
Qan iyi dağıdır çiçək Ağdama.

Sus daha, güc vermə dilinə, şair.
Sən də gəl silah al əlinə, şair.
Şələlə Bakını belinə, şair!
Bu gecə, gizlicə gedək Ağdama.


ONA DEYİN

Yaranmışdan təbəssümdən uzağam,
Ona deyin, bir də mənə gülməsin.
Nə olsun ki, sevmək üçün uşağam,
Ona deyin, bir də mənə gülməsin.

Külək olub, yanağından öpərəm,
Çiçək olub sinəsində bitərəm,
Gülüşləri arasında itərəm,
Ona deyin, bir də mənə gülməsin.

O istəyir gülüşünə yığışım,
Qəm dağıyam, ora necə sığışım?
Gülüşünü oğurlayar baxışım,
Ona deyin, bir də mənə gülməsin.

11 августа 2014 г.

Hüseynzadə Günay Ələkbər qızı



 
Yalnız sözdə deyil, həm də işdə hikmət sahibi ol!
N.Tusi
Onun yolunu çox gözləyən valideynləri həyatlarına günəş kimi doğduğuna, gecələrini ay kimi işıqlandırdığına görə adını Günay qoyublar. Ailənin ilk övladı olan Günay uşaqlıqdan sakit, mehriban, səmimi, məsuliyyətli, hamının sevgisini qazanmağı bacaran, ünsiyyətcil olub. Anasının sözlərinə görə uşaqlıqda incəsənətə xüsusi marağı olub, boş vaxtlarında rəsm çəkməyi sevirdi. Daha çox təbiət və geyim rəsmləri çəkməyə üstünlük verirdi, anası çəkdiyi rəsmləri hələ də saxladığını deyir. Məktəb illərində poeziyaya xüsusi marağı vardı , asudə vaxtlarında şeir yazmağı çox sevirdi. İlk şerini bacısına həsr etmişdi, sonralar ailə, vətən, həyatla bağlı maraqlı şeirlər yazmışdı. Onun maraq dairəsi bununla bitmədi. Orta təhsil illərində 7 il musiqi məktəbinə getmiş və fortepiano ixtisası üzrə təhsil alaraq, oranı da əla qiymətlərlə başa vurmuşdur. Əlavə olaraq Quranı ərəb dilində oxumağı da öyrənmişdi.
Günay Ələkbər qızı Hüseynzadə 1985-ci il noyabrın 21-də soyuq qış gecəsində Bakı şəhərində dünyaya gəlmişdir. Xəzər rayon Binə qəsəbəsindəki Sabir Abbasova adına 117 saylı orta məktəbi bitirmişdir. Atasının sözlərinə görə riyaziyyata xüsusi sevgi Günaya ondan keçmişdir. Məktəb illərində müəllimləri onun güclü hafizəyə malik olduğunu, səlist danışığı, aktivliyi, güclü qavrama qabiliyyəti ilə digər şagirdlərdən fərqləndiyini deyirdilər. Uğurları ilə valideyn və müəllimlərini daim sevindirirdi, artiq adiləşmişdi, sanki belə də olmalı idi. Hansı olimpiadada, müsabiqədə iştirak etsə nailiyyət qazanırdı.
Artıq VII sinifdən Günay olimpiadalarda iştirak etməyə başlamışdır. Əvvəlcə rayon turunda I yeri tutmusdur. Riyaziyyat fənni üzrə silsilə keçirilən bütün olimpiadalarda müvəffəqiyyət əldə edərək fəxri fərmanlarla təltif edilmişdir. 2002-ci ildə Əzizbəyov rayon Təhsil Şöbəsinin (indiki Xəzər rayonu) III dərəcəli diplomu, 2003-ci ildə isə I dərəcəli diplomu ilə təltif edilmişdir. Elə həmin il məktəbi fərqlənmə attestatı ilə bitirmiş və qəbul imtahanlarından 640 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olmuşdur. Həmin il rayon üzrə ən yüksək nəticə göstərdiyi üçün Təhsil Şöbəsi tərəfindən qiymətli hədiyyə və diplomla mükafatlandırılmışdır. Hazırda da bitirdiyi məktəbin fəxri olaraq məktəbin Şərəf Löhvəsindən şəkli asılır.
Məktəb illərində qazandığı bütün nailiyyətlərə görə məktəbin direkroru Əlisa müəllim, ibtidai sinif müəllimi Qəribə xanım, riyaziyyatdan Tarverdi müəllim, fizikadan Hüseynağa müəllim, kimya müəllimi Zəminə xanım və Azərbaycan dili müəllimi Nailə xanım başda olmaqla bütün məktəb kollektivinə ömrü boyu minnətdar olacağını bildirir.
Günay 2007-ci ildə BDU-nu də fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il qəbul imtahanlarından yüksək nəticə göstərərək təhsilini Bakı Dövlət Universiteti riyazi kibernetika ixtisası üzrə magistratura pilləsində davam etdirmişdir. 2009-cu ildə magistratura pilləsini də əla qiymətlərlə bitirmişdir. Doktorantura pilləsinə qəbulda dəyişiklik edildiyinə görə həmin il qəbul dayandırıldı. Lakin Günay təhsilini davam etdirmək istəyirdi. Bir neçə il yaranan fasilə zamanı elmi fəaliyyətini davam etdirmişdir. 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illiyinə həsr olunmuş konfrans materialları jurnalında “Volterra tipli iki ölçülü inteqral tənliklər sistemi ilə təsvir olunan bir optimal idarəetmə məsələsində optimallıq şərtləri” adlı məqaləsi dərc olunmuşdur. 2010-cu ildə “Problems of Cybernetics and İnformatics” III beynəlxalq konfransının materiallarından ibarət jurnalda “Necessary optimality conditions in one discretely continuous control problem” məqaləsi çap olunmuşdur.
2011-ci ildə doktoranturaya qəbul elan edildikdən sonra imtahanlarda əla nəticə göstərərək doktorantura pilləsində təhsilini davam etdirməyə başlamışdır. Hazırda “Diskret-kəsilməz optimal idarəetmə məsələsinin həlli üçün optimallıq şərtləri“ adlı elmi iş üzərində çalışır. AMEA-nın İnformatika və İdarəetmə Problemləri, Riyaziyyat və Mexanika İnstitutunun 55 illiyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın aktual problemləri“ beynəlxalq konfransının materialları, “Azərbaycan Milli Elmlər Akademiyasının məruzələri” jurnallarında bir sıra elmi məqalələri çap olunmuşdur. Elmi fəaliyyətində ona dəstək olduğuna,onu istiqamətləndirdiyinə görə f-r.e.d. professor Kamil Mənsimova minnətdarlığını bildirir.
Bakalavr pilləsini bitirdikdən sonra 2007-ci ildən Nərimanov rayonundakı M. Şəhriyar adına 193 saylı orta məktəbdə riyaziyyat və informatika müəllimi vəzifəsində çalışmağa başlamışdır. Bununla yanaşı hazırda Bakı Modern Məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışır.
Elmi fəalliyyəti ilə yanaşı peşə fəaliyyətində də nailiyyətlər qazanmışdır. 2013-cü ildə informatika müəllimləri arasında keçirilən “Ən yaxşı video tədris resursu“ müsabiqəsində I yeri tutaraq diplomla təltif edilmişdir. 2013-cü ilin aprel ayında Təhsil Mərkəzinin “XXI əsrin zıyalıları“ MM cəmiyyəti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən fəxri diplom və “Qabaqcıl müəllim “ fəxri mükafatı ilə təltif olunmuşdur. 2013-cü ilin dekabrında “Smart texnologies” şirkətinin məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün təşkil etdiyi “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlimində iştirak etmişdir. 2014-cü ilin mart ayında “Web 2.0 texnologiyaları - passiv təhsildən aktiv təhsilə” təliminin iştirakçısı olmuş, fərqləndiyinə görə fərqlənmə setifikatı almışdır. 2014-cü ilin may ayında “EduMedia-Azərbaycan” şirkətinin təşkil etdiyi “Promethean interaktiv löhvələrinin tədrisə tətbiqi” təliminin təlimçisi kimi fəaliyyət göstərir.
Günay Hüseynzadə: “ - Təhsilimdə ən çox xatırladığım gün iştirak etdiyim ilk olimpiadada qazandığım uğur sayəsində valideynlərim və müəllimlərimin üzündəki sevinc və qüruru gördüyüm gündür. O gün mənə gələcəyə doğru iti addımlarla irəliləmək stimulu verdi və riyaziyyat fənninə marağı artırdı.
Mən düşünürəm ki, çalışmaqla, təslim olmamaqla həyatda bir çox nailiyyətlər əldə etmək olar. Lakin əsas olan ruhdan düşməmək və məqsədinə doğru irəliləməkdir. Əgər ətrafımda mehriban, sağlam ruhlu və sağlam düşüncəli bir ailəm, perspektivli karyeram və gözəl dostlarım varsa, mən xoşbəxtəm. Ən böyük arzum bu həyatda, yaşadığım cəmiyyətdə özümdən sonra mənim adımla bağlı olacaq bir iz qoya bilməkdir.”