elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 мая 2017 г.

ƏHMƏDLİ İLKİN RAFİQ OĞLU



Əhmədli İlkin Rafiq oğlu 6 iyun 2007-ci ildə Saatlı rayonunun Mircəlal kəndində dünyaya gözlərini açıb. Kiçik yaşlarından sakit, gülərüz, ünsiyyətcil və böyüklərin sözünü dinləyən uşaq olub. Hələ balacalıqdan ailəsi İlkinin musiqi duyumunun fərqində idi. O, hər zaman yaşıdlarından musiqiyə və musiqi alətlərinə olan marağı ilə seçilirdi. Məktəbəqədər yaş dövründə anası Zülfiyyə xanım İlkinə yazmağı və oxumağı artıq öyrətmişdi.
İlk təhsil aldığı məktəb Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi 328 N-li tam orta məktəbdir. Sinfin əlaçı şagirdlərindəndir. Musiqi, ingilis dili, azərbaycan dili və riyaziyyat fənləri İlkinin sevimli fənləridi. Orta məktəblə yanaşı İlkin eyni zamanda Səid Rüstəmov adına 13 saylı uşaq musiqi məktəbində saz ifaçısı və xanəndəlik ixtisasları üzrə təhsil alır. Müsahibimiz məktəbin fəal şagirdlərindən olduğu üçün həm orta məktəbdə, həm də musiqi məktəbində keçirilən anım günlərində, bayramlarda, yubileylərdə və s. tədbirlərdə yaxından iştirak edir. Onun tədbirlərdəki rolu adətən şeir demək və mahnı oxumaq olub. Bu tədbirlərdə ifa etdiyi mahnılar arasında “Elə bəndəm”, “Yaşa Azərbaycan”, “Qarabağ”, “Bilmədi yar”, “Neftçilər”, “Azərbaycan” və “Heyratı” ritmik muğamını ifa edib. Onun üçün ən yadda qalan tədbirlərdən biri görkəmli bəstəkarımız Səid Rüstəmovun 110 illik yubileyinə həsr olunmuş tədbirdə onun bəstələdiyi “Bahar olsun” mahnısını oxumasıdır.
Həyatının ən maraqlı günü musiqi məktəbinə daxil olduğu günü hesab edir. Çünki İlkin musiqi məktəbinə girməyi çox arzulamışdı. Həmçinin təhsilini davam etdirərək Asəf Zeynallı adına musiqi kollecinə daxil olmaq istəyir, daha sonra isə Azərbaycan Milli Konservatoriyasina daxil olaraq ali təhsil almaq arzusundadır.
İlkin əldə etdiyi uğurlara görə birinci növbədə valideyinləri Zülfiyyə xanım və Rafiq bəyə, sonra isə musiqi məktəbinin direktoru Tofiq müəllimə, ixtisas müəllimləri Tural Hüseynov və Zamiq Mehdisoya təşəkkürünü bildirir. Onun ən böyük arzusu ixtisas müəlliminə və görkəmli sənətkarımız Alim Qasımova oxşamaq istəyidir. Valideyinləri və müəllimləri İlkinin vətənimizə və cəmiyyətimizə layiqli bir şəxsiyyət olması üçün əllərindən gələni edirlər.
Gələcəkdə musiqi fəaliyyətindən dolayı xanəndə olaraq, xalq artisti pilləsinə yüksəlməyi hədəfləyib. O, gözəl səsi olduğunu kəşf eden gündən, yəni 8 yaşı olandan bu fikrə düşüb.
Asudə vaxtlarında saz çalıb, mahnı oxumağı xoşlayır.
Gələcəyin xanəndəsinə arzu və hədəflərinə çatmağı arzulayırıq. Həmişə ata və ananın fəxri ol.
 Səsin hər zaman zirvədən gəlsin!


15 мая 2017 г.

Sərdarova Dəniz Ramal qızı

Sərdarova Dəniz Ramal qızı 17 sentyabr 2008-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Dəniz ağıllı, sakit və sevimli uşaq olub. Yazıb-oxumağı 4 yaşından bilib. Bunu hazırlıqda öyrənib. Gözəl şəkillər çəkmək istedadı Dənizin həvəs və marağı sayəsində yaranıb.
Bakı şəhəri 6 №-li məktəbdə təhsil alır. Dərslərini əla oxuyur. Sevdiyi fənlər informatika, texnologiya və riyaziyyatdır. Məktəbdə təşkil edilən tədbirlərdə iştirak edib. Həyatında ən uğurlu günü məktəbə ilk getdiyi gün olub.
Əldə etdiyi uğurlara görə anasına minnətdardır. Anası Dənizin uğur qazanması, əla oxuması və savadlı olması üçün əlindən gələni edib. Gələcəkdə müəllimə olmaq istəyir. Boş vaxtlarında şəkil çəkir. Gələcək planları ingilis dilini mükəmməl öyrənməkdir. Eyni zamanda rəsmlə daha dərindən məşğul olmaq istəyir. Dəniz savadlı, ağıllı olması ilə yaddaşlarda qalmaq istəyir.

Arzularına çatasan, Dəniz. 

14 мая 2017 г.

Məmmədli Yusif Ağa oğlu


Məmmədli Yusif Ağa oğlu 9 sentyabr 2003-cü ildə Bakı şəhərində anadan olub. Hazırda Göyçay şəhəri 3 saylı məktəbdə təhsil alır. Anası Nigar xanımın sözlərinə görə Yusif körpəlikdə dəcəl, hər şeylə maraqlanan olub. Hətta bu şakərindəndir ki, bir çox qeyri adi vəziyyətlərə də düşüb. Yusif ağıllı və bacarıqlı olduğundan məktəbə gedənə gedənə kimi yazıb-oxumağı öyrənib. Çoxlu şeir və nağıllar bilib. Məktəbəqədər hazırlıq kursuna getməsi ona bu sahədə çox kömək olub. İngilis dilinə göstərdiyi diqqət və marağı bu dili daha yaxşı öyrənməsinə səbəb oldu.
 6-cı sinifdə oxuyan zaman imtahan verərək Ağdaş rayonundakı Türk liseyinə qəbul olmağı bacardı. Bir il orda təhsil aldı. İngilis dilini yüksək səviyyədə öyrəndi. Orada hazırlaşıb Kembric Universitetinin təşkil etdiyi KET imtahanında iştirak edərək ən yüksək nəticə əldə etdi. Və A2 səviyyəsini qazandı. 7-ci sinfə qədər rus bölməsində oxumasına baxmayaraq sonra təhsilini Azərbaycan bölməsində davam etdirməli oldu. Qəhrəmanımız hazırda 8-ci sinifdə oxuyur. Ingilis dilini çox sevdiyindən səviyyəsini daha da inkişaf etdirir, bunun üçün əlavə kursa gedir. Dərslərini yaxşı oxuyur, ən sevimli fənləri ingilis dili, tarix, fizika, biologiyadır. Məktəbdə təşkil edilən tədbirlərdə fəal iştirak edir, sinif gecələrində, bədii gecələrdə aktivliyinə görə seçilib fəxri fərmanlar əldə edib.Qazandığı nailiyyətlərinə görə anasına və müəllimlərinə minnətdar olduğunu qeyd edir.
 Gələcəklə bağlı planlarından danışan Yusif məktəbi əla qiymətlərlə başa vurub, daha sonra ali məktəbə qəbul olmaq istədiyini dilə gətirdi. Neft sahəsi üzrə təhsil almaq arzusunda olan istedadlı balamız gələcəkdə ölkəmizin yüksək intellektə malik olan neft mütəxəssislərindən biri kimi tanınmaq arzusundadır.
Asudə vaxtlarını futbol və sahmat oynamaqla keçirir, internetdən maraqlı məlumatlar toplayır. Gələcəkdə xeyirhax əməllərlə məşğul olmaq, imkansızlara və uşaqlara yardım etmək niyyətindədir.

İstedadlar redaksiyası olaraq biz də gələcəyin istedadlı neftçisinə uğurlar arzu edirik! Şansın bol, yolun açıq olsun!

Mütəllimova Rəşidə Rəşad qızı


Növbəti istedadımız Mütəllimova Rəşidə Rəşad qızıdır. O, 19 avqust 2002-ci ildə Göyçay şəhərində anadan olub. Üç yaşındaykən istedadını aşkarlayan valideynləri onun yaşıdlarından fərqləndiyini müşahidə ediblər. Yaradıcılığa meylli olan qəhrəmanımız aktivliyi ilə diqqət mərkəzinə düşüb.
Rəşidə Ziya Bünyadov adına 3 saylı tam orta məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur, ən sevdiyi fənn tarixdir. Məktəb və dərnəklərdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Uğurlarına görə Fəxri Fərman və Laminasiya ilə təltif edilib. Xocalı faciəsinə həsr edilən tədbirdə yüksək səviyyəli iştirakına görə məktəb rəhbərliyi tərəfindən Tərifnamə ilə təltif edilib.Uğurlarına görə valideynlərinə borclu olduğunu söyləyir. Kimə bənzəmək istəyirsən sualına sinif rəhbəri Gülnarə Hüseynovanı nişan verir.
 Hədəfi jurnalist olmaqdır.Bu istək iki il əvvəl yaranıb onda. Boş vaxtlarında musiqi dinləyən və şeir yazan istedadlı Rəşidə qızımız daha çox kiçik həcmli hekayələr yazmağa üstünlük verir.
Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmağı və daha sonra təhsilini xaricdə davam etdirib, savadlı kadr olmağı hədəfləyir. Arzusu haqda danışarkən öz hekayələrindən ibarət kitabını çap etdirməyi dilə gətirdi. Rəşidə eyni zamanda musiqi məktəbinin şagirdi və dərnək üzvüdür.

Biz də redaksiyamız adından Rəşidəyə gözəl hekayələrlə başladığı yaradıcılığını romanlarla davam etdirməyi arzu edirik. Şans daima üzünə gülsün,əziz qızımız Rəşidə!

Nəzərova Aminə Şahsuvar qızı

Nəzərova Aminə Şahsuvar qızı 2002-ci il mayın 28-də Göyçay şəhərində anadan olub. Körpəlikdən sakit, ağıllı və hər şeylə maraqlanan olub. Məktəbə gedəndə artıq yazıb-oxumağı bacarırdı. Bunu ona  bağçada müəllimlər, həm də anası öyrədirdi. Aminənin çoxşaxəli və uğurlu gələcəyinin memarı anası olub desək, heç də yanılmarıq. Həvəskar şairə olan anası qızına bir çox gözəl keyfiyyətlər aşılaya bilib.
Aminə Göyçay şəhəri 3 saylı məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur, sevimli fənləri kimya, azərbaycan dili, ədəbiyyat, ingilis dili,rus dili və biologiyadır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir.Yeni il, 8 Mart Beynəlxalq qadınlar günü, şəhərdə keçirilmiş “Gül bayramı”nda çıxış edib,eyni zamanda “Ürəkdən beyinə” adlı Bakı layihəsinin qalibi olub. Şəhər mərkəzi kitabxanasının  keçirdiyi Nizami Gəncəvinin 875 illiyinə həsr olunmuş tədbirdə və Rəsul Rzanın ev muzeyində şairin şərəfinə keçirilən gecədə fəal iştirak edib. Aminə mütəmadi olaraq Göyçay şəhərində keçirilən “Nar festivalı”nda iştirak edir. İtkin düşmüş əsgərlərin valideynlərilə görüş və Xocalı faciəsi ilə bağlı tədbirdə də fəal iştirak edib. Məktəblərarası volleybol yarışının iştirakçısıdır.
Aminə ifadəli şeir söyləyir və qəşəng rəqs edir.Ən uğurlu günü anadan olduğu gün hesab edir. Çünki Azərbaycanın şanlı müstəqillik günündə dünyaya gözlərini açıb bu istedadlı balamız. Uğurlarına görə bir çox diplomlarla təltif edilib. Bu nailiyyətlərində valideyinlərinə və müəllimlərinə sonsuz təşəkkür edir.Gələcəyin zəhmetkeşidir Aminə qızımız fikrini ürəklə, fəxrlə deyə bilərik. Müxtəlif sahələrdə özünü sınayan və hər birində də uğur qazanmağı bacaran qəhrəmanımıza ancaq bu təyin yaraşır. Onun  vətənimizə sevgisi o qədər çoxdur ki, hərbiçi olmaq, darda qalan yurdumuza arxa olmaq istəyir. Asudə zamanlarında hərbi mahnılar dinləməkdən zövq duyur. Bədii qiraətdə üstünlüyü vətən mövzulu şeirlərə verir.

Aminənin fikrincə hər insan vətən sevgisi ilə yaşamalıdır. Qızların  hərbi xidmətdə olması isə çox vacibdir. O, Hərbi Akademiyaya qəbul olmaq, bu sahədə işləmək və general rütbəsinədək yüksəlmək arzusundadır. Uçrəngli bayrağımızın hər zaman qürurla dalğalanması üçün əlindən gələni etməyə hazırdır.Biz də redaksıyamız olaraq gələcəyin hərbiçisinə ən xoş arzularımızı  diləyir, vətənpərvər övladımıza uğurlar arzu edirik!