elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 мая 2016 г.

İsrafilov Şöhrət Vilayət oğlu

İsrafilov Şöhrət Vilayət oğlu 25 mart 2005-ci ildə Salyan rayonu Yenikənd kəndində anadan olub. Körpəlikdən sakit, ağıllı  uşaq kimi  doğmalarının sevgisini qazanan Şöhrətin sevimli məşğuliyyətləri şeir öyrənmək, futbol oynamaq olub. 4-5 yaşlarından başlayaraq qardaşı ona yazmağı və oxumağı öyrədib.
Şöhrət ilk təhsilini Goranboy rayon Rəsul Ağakişiyev adına internat məktəbində alıb. Hal-hazırda isə Kəlbəcər rayon Eldar Hümbətov adına 63 saylı tam orta məktəbin şagirdidir. Dərslərini yaxşı oxuyur. Azərbaycan dili və riyaziyyat fənlərini digərlərinə nisbətən daha çox sevir.
Şöhrət dostları ilə birlikdə keçirdiyi günləri həyatındakı ən maraqlı günlər hesab edir. O, dostları ilə birgə olanda çoxlu kitablar oxuyur, bir-biriləri ilə yarışırlar.
Bu günədək əldə etdiyi uğurlara görə Şöhrət valideynlərinə və müəllimlərinə minnətdarlıq edir. Qardaşı ilə çox vaxt keçirir, buna görə də gələcəkdə qardaşı kimi olmaq istəyir.
İbtidai sinfi başa vurmaq üzrə olanda Şöhrət belə qərara gəlib ki, gələcəkdə bank işçisi olsun. Hazırda bu istiqamətə yönəlib.
Asudə vaxtlarında həm maraqlı hekayələr oxumağı, həm də dostları ilə futbol oynamağı xoşlayır.
İncəsənətin heç bir sahəsi ilə məşğul olmasa da, əslində qiraətə böyük marağı var, çoxlu şeirlər öyrənməyi, ifa etməyi xoşlayır.
Gələcəklə bağlı ən başlıca planı dərslərinə məsuliyyətlə yanaşıb, məktəbi əla qiymətlərlə başa vurmaq və ali təhsil aldıqdan sonra bank işçisi olmaqdır.
Biz də balaca dostumuza dərslərində daha böyük  uğurlar qazanmağı , öz arzularına nail olmaq üçün möhkəm addımlarla irəliyə doğru addımlamağı arzulayırıq.

Qaçabəyov Əliheydər Yaşar oğlu

Qaçabəyov Əliheydər Yaşar oğlu 10 noyabr 2004-cü ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan çox nadinc olmasına baxmayaraq, həmişə sanki axtarışda olub: ona maraqlı olan mövzularla bağlı valideynlərinə suallar verib, nəsə öyrənməyə çalışıb. Əliheydərin aktivliyi körpəlikdən bəlli olub, belə ki, çox tez danışmağa başlayıb. Uşaqlıqda şeir, layla, nağıl oxumadan yatmazmış. Məntiqi təfəkkürə malik uşaq olub. Bağçalararası məntiq, nitq inkişafı yarışmasında qalib seçilib. İdmanı çox sevdiyinə görə valideynləri onu güləş idman növü üzrə istiqamətləndiriblər. İlk uğuru da məhz bu sahə üzrə olub, belə ki, 5 yaşında Yunan-Roma güləşi üzrə üçüncü yerə çıxaraq, bürünc medal qazanıb.
Məktəbə getməzdən əvvəl artıq anasının köməyi ilə yazmağı və oxumağı öyrənib. Birinci sinfə qəbul üçün imtahan verəndə müəllimlərini öz cavabları ilə heyran edib. İlk təhsilini R.Pirnəzərov adına 299 saylı məktəb-liseydə alan Əliheydər hal-hazırda Texniki-Humanitar liseyin 5-ci sinfində təhsil alır. Əlaçıdır. Bütün fənlər üzrə ciddi hazırlaşır, amma Azərbaycan dili, riyaziyyat fənlərini daha çox sevir.
Əliheydər həm məktəb tədbirlərində, həm də dövlət tədbirlərində: Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş  “Azərbaycan səninlədir – sənsiz deyil” adlı IV Yaradıcılıq Festivalında gitaranın müşayiəti ilə öz yazdığı “Vətən Ordusu” adlanan şeirlə, müxtəlif müsabiqə və tədbirlərdə, o cümlədən bir neçə Hərbi Hissədə keçirilən tədbirlərdə  həm öz şeirləri ilə, həm də böyük şairlərimizin şeirləri ilə, məktəbdə təşkil edilən “Siqaretin məhkəməsi” adlanan tədbirdə “katib” rolunda, Novruz Bayramı tədbirində “Kosa” , “Qaravəlli” rollarında və s. çıxış edib.
Əliheydərin bir çox sahəyə marağı var, buna görə də məşğul olduğu bütün sahələrdə uğur qazanmağı bacarıb. Onda bu sahələrə olan marağı nənəsi şairə Səadət Osmanqızı oyadıb və üzə çıxarıb. Bu gün Əliheydərin istedadlı bir övlad olmasında nənəsinin böyük rolu var. Əliheydər 20 Yanvar şəhidlərinə həsr olunan şahmat yarışında birinci yerə layiq görülüb, müxtəlif bilik yarışlarında, şeir müsabiqələrində, tədbirlərdəkı çıxışlarına görə Fəxri Fərman və medallarla təltif olunub. Hazırda 17 diplomu, 5 medalı və 1 kuboku var.  Əldə etdiyi nailiyyətlərdən dolayı valideynlərinə və nənəsinə minnətdarlıq edir.
Kitab oxumağı həddindən çox sevdiyinə görə ensiklopedik kitablar və bədii kitablar oxuyur, xüsusilə də dünya ədəbiyyatı ilə maraqlanır. Asudə vaxtlarının başqa sevimli məşğuliyyətləri də şahmat oynamaq, məntiq testləri həll etməkdir. Amma sadəcə bununla kifayətlənmir, futbol oynayır və üzgüçülük dərsləri alır.
Gələcəkdə ali məktəbə daxil olub, ailəsinə, Vətəninə layiqli övlad olmaq istəyir.  Alim olub, cəmiyyətə faydalı olan şeylər kəşf etmək arzusundadır, buna görə də həmişə bu barədə düşünür. Öz kəşfləri ilə tarixin yaddaşında qalmaq istəyir.

Qaçabəyova Həlimə Yaşar qızı

 
Qaçabəyova Həlimə Yaşar qızı 14 fevral 2007-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri onun haqqında danışarkən qeyd etdilər ki, Həlimə çox sakit uşaq olub, rəqs etməyi, rəsm çəkməyi çox sevib. 3 yaşından rəsm çəkməyi öyrənib. Rəqsə olan marağı elə uşaqlıqdan ona uğur gətirib, belə ki,  Binəqədi rayonu üzrə təşkil edilən bağçalararası rəqs yarışlarında qalib gəlib. Rəqsi heç bir müəllimdən dərs almadan öz həvəsi ilə öyrənib. Hind rəqslərini xüsusilə sevir. Bir çox tədbirlərdə iştirak edib. Valideynləri onun rəsmə, həm də şeirə olan həvəsini gördükdə onu 26 saylı Uşaq Yaradıcılıq Məktəbinin rəsm və bədii qiraət dərslərinə yazdırıblar. Hazırda həmin dərnəyin ən fəal şagirdlərindən biridir.
Həlimə məktəbə başlayana qədər artıq yazmağı və oxumağı bacarırdı, bunu anasının köməyi ilə öyrənib. 7 yaşından başlayaraq, anası ona müxtəlif əl işləri hazırlamağı öyrədib. İndi Həlimə muncuqlardan, püstə qabığından, müxtəlif bitki toxumlarından maraqlı əl işləri hazırlamağı bacarır.
Həlimə R. Pirnəzərov adına 299 saylı məktəb-liseyin şagirdidir. Əlaçıdır. Bütün dərslərinə ciddi hazırlaşır, lakin riyaziyyat fənnini daha çox sevir. Məktəbin tədbirlərində Həlimə aktiv iştirak edən şagirlərdəndir. Novruz Bayramı tədbirində “Səməni” , Yeni il tədbirində “Qar qız” , “Təbiəti qoruyaq” tədbirində “Payız” rolunu canlandırıb. Gül bayramları ilə əlaqədar təşkil edilən tədbirlərdə də öz əl işləri ilə iştirak edib. Həmçinin bir çox tədbirlərdə milli, hind və avropa rəqsləri ilə çıxış edib, bəzən də şeirlər səsləndirib. Tədbirlərdə olan bütün çıxışları onun üçün maraqlı və yaddaqalandır. Tədbirlərdə fəal iştirak etməsi ilə əlaqədar olaraq bir neçə dəfə təltif olunub: Bəxtiyar Vahabzadənin yubileyi ilə bağlı tədbirdəki çıxışına görə Fəxri Fərmanla, 20 Yanvar şəhidlərinə həsr olunan şahmat yarışında ikinci yerin sahibi olduğuna görə diplomla, ən gözəl uşaq şəkilləri naminasiyası üzrə Fəxri Fərmanla, sınaq imtahanlarında yüksək nəticələr əldə etdiyinə görə.
Əldə etdiyi uğur və nailiyyətlərə görə anasına borclu olduğunu bildirən Həlimə gələcəkdə əl işləri və rəsmlərinin nümayiş edildiyi maraqlı bir sərginin keçirilməsini istəyir.
Həkim olmaq arzusundadır. Atası həkim olduğundan, onun iş prosesi Həlimədə maraq oyadıb, beləcə o da atası kimi həkim olmaq istəyib. Müalicəsi imkansız olan xəstə uşaqlar üçün müalicə üsulları tapmaqla tarixin yaddaşında qalmaq istəyir.
Asudə vaxtlarında rəsmlə məşğul olur, məntiq testləri həll edir, bədii kitablar oxuyur, nənəsi Səadət Osmanqızının  şeirlərini oxuyub öyrənir.

Əl işlərində daha çox vətən, təbiət, ana haqqında olan mövzulara üstünlük verir.

18 мая 2016 г.

Quluzadə Fidan Rahib qızı



Quluzadə Fidan Rahib qızı 24 dekabr 2003-cü ildə Bakı şəhərində dünyaya gəlmişdir. Valideynlərinin sözlərinə görə, Fidan körpəlikdə çox sakit uşaq olmuşdur. Gəlincikləri ilə oynamaq qız uşaqlarının demək olar ki, hamısına xasdır, lakin Fidanı fərqləndirən onun kağız üzərində gəlinciklərin rəqsini çəkməsi idi. Zaman keçdikcə Fidanın rəqsə olan marağı duyulmağa başladı. Valideynləri Fidanın bu istək və marağını cavabsız qoymadılar və onu Uşaq Yaradıcılıq Birliyi məktəbində milli rəqs üzrə dərslərə yazdırdılar. Bundan sonra Fidanın daxilindəki o rəqqas qız daha çox özünü büruzə verməyə başladı. Hazırda Suraxanı rayon XDTG-da təhsil alan Fidanın dərs göstəriciləri yüksəkdir. Sevdiyi fənlər isə İngilis dili və Ədəbiyyatdır. Məktəbdə keçirilən tədbir və bayram şənliklərində fəal iştirak edir. Rəqs etməklə yanaşı, şeir söyləmək qabiliyyətini də nümayiş etdirir. Bu bacarıq və istedadı ilə əlaqədar Fidan efir vasitəsi ilə də tanınmışdır. Azərbaycan telekanallarının  bir neçəsində  efirə çıxmışdır. Belə ki, “Mən böyümüşəm”, “Könül dünyamız” verilişlərində, Space tv, İctimai tv, Xəzər tv kanallarında iştirak etmişdir. Bundan əlavə “Ay işığı” restoranında əlil uşaqlar üçün təşkil edilmiş konsertdə də iştirak etmişdir. Fidan bütün bu fəaliyyətlərindən başqa,  asudə vaxtlarında maraqlı kitablar oxumağı, məqalələr yazmağı çox xoşlayır. İngilis dilinə xüsusi rəğbəti isə boşuna deyil. Gələcək planlarının bir hissəsidir İngilis dili. Ali təhsil aldıqdan sonra tərcüməçi kimi fəaliyyət göstərmək, Azərbaycanı istər elmi, istərsə də incəsənət sahəsində digər xarici ölkələrdə təmsil etmək arzusundadır. Və gələcək həyatında ən böyük məqsədi Azərbaycanda yaradıcı insanlardan biri olmaqdır. Fidan bu potensiala malik bir qızdır, inanırıq ki, o, əzmlə çalışaraq öz məqsədinə nail olacaqdır.

Quluzadə Əkbər Rahib oğlu

Quluzadə Əkbər Rahib oğlu 23 avqust 2008-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Körpəliyində sakit uşaq olmasına baxmayaraq, ətrafdakılarda özünə maraq oyatması ilə seçilirdi. Uşaqlara xas maraqları ilə öz uşaqlığını yaşayırdı. Məktəbə getməzdən əvvəl ECİC-kids məktəbəqədər hazırlıq kursunda ilkin bilik və bacarıqlara yiyələnmişdir. Hazırda Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alır. Hazırlıq kursunda qazandığı biliklər onun məktəb həyatında öz səmərəsini elə ilk vaxtlardan göstərməyə başlamışdır. Bunun sübutu isə müəllimlərinin Əkbər haqqında söylədikləri müsbət fikirlərdir. Məktəb dərslərinə yüksək səviyyəli hazırlığı müəllimlərin gözündə Əkbəri daha da ucaltmışdır. Ən sevimli fənləri isə Azərbaycan dili və Təsviri incəsənətdir. Dərsdən kənar fəaliyyətinə gəldikdə isə Əkbər milli rəqslərin ifası ilə məşğuldur və bu sahədə bacarığını Nizami rayonunda yerləşən Uşaq Yaradıcılıq Birliyi məktəbində rəqs dərsləri almaqla inkişaf etdirir. Məktəbdə keçirilən bütün tədbir və yığıncaqlarda fəal iştirakı ilə seçilir. Gələcək həyatında da rəqsi davam etdirməyi və bu sahədə Azərbaycanı xarici ölkələrdə təmsil etməyi düşünür. Həyat və fəaliyyəti ilə bağlı planlarına gəldikdə isə o, polis olmaq arzusundadır. Səbəb kimi isə Əkbər polis peşəsinin qoruyucu olmasını və onun da arzusunun vətəndaşları qorumaq olduğunu bildirir. İncəsənətin incə ruhunun verdiyi gözəl xislətdir bəlkə də bu arzu. Vətəninin, xalqının keşiyində durmaq, qorumaq ali vəzifədir və həqiqətən də böyük məsuliyyət tələb edir.Biz də öz növbəmizdə  Əkbərə bu arzusunun reallaşmasını arzulayırıq və ona bu şərəfli yolda uğurlar diləyirik.