elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 августа 2012 г.

Musiqiçi Zəminə (Zəminə Qafur qızı Abdullayeva)

Zəminə Qafur qızı Abdullayeva 1990-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olub. Onun adını anası Mətanət xanım qoyub. Zəminə nənəsinin dünyadan köçdüyü gün dünyaya gəlmişdir. Elə bu səbəbdən də Zəminəyə ailədə məxsusi münasibət bəslənilirdi.
Zəminə körpəlikdə çox həssas, sözə baxan, mehriban bir uşaq idi. Kiçik yaşlarında bir mahnı eşitdikdə zümzümə edirdi. Bağça yaşlarında bütün şənliklərdə həmişə Qar qız, Bahar qız obrazlarını oynayırdı.
Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Uşaq bağçasında öyrənmişdi. Buna görə də artıq beş yaşında - 1996-cı ildə T. İsmayılov adına 6 saylı “İntellekt” liseyinin I sinfinə gedib. Orta məktəbdə dərslərini orta qiymətlərlə oxuyub. Ən sevimli fənləri tarix, kimya, biologiya olub. Məktəbdə tədbirlərdə daha çox səhnələşdirilmiş əsərlərdən şeir parçaları deyib və aparıcılıq edib.
2000-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin qanun ixtisası üzrə II sinfinə daxil olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirdikdən sonra 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinə daxil olub. Ali məktəbdə breyn-rinq yarışlarında iştirak edib. 2007-ci ildə I yerə layiq görülüb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “Qız qalası” xorunda 5 il oxuyan Zəminə, müxtəlif zamanlarda YAP-ın qurultaylarında, Yeni il, Novruz bayramlarında, H. Əliyev adına sarayda konsertlərdə çıxış edib. Bu çıxışlar televiziya vasitəsi ilə yayımlanırdı. “Qız qalası” xorunun bir neçə klipində və K. Səfərəliyeva adına gənc istedadlar festivalında da məruzə ilə çıxış edib. 2005-ci ildə nəzəriyyə ixtisasına keçib.
Asudə vaxtlarında özü üçün salfetlər, uşaq geyimləri və s. toxuyur. Rəngli muncuqlardan bəzək əşyaları düzəldir. Ədəbiyyatla çox maraqlanır. Xarici ədəbiyyatdan Hüqonun “Səfillər”, Dümanın “Qraf Monte Kristo”, rus ədəbiyyatından Puşkinin “ Kapitan qızı”, Azərbaycan ədəbiyyatından İlyas Əfəndiyev, Salam Qədirzadənin əsərlərini, Bəxtiyar Vahabzadənin, Nüsrət Kəsəmənlinin şeirlərini oxuyur.
İxtisası üzrə məşhur musiqişünaslara oxşamaq istəyir və onlar kimi yaxşı mütəxəssis olmağı arzulayır.
Qanun müəllimi Məlahət Əliyeva belə deyir: “ - Zəminə 2000-ci ilin sentyabrında qanun sinfinə qəbul oldu. İxtisas alətindən dərs demək mənə həvalə olundu. O zaman Zəminənin 10 yaşı var idi. Qabiliyyət imtahanlarını verəndə məktəbin direktoru Nigar Cərulla qızının və XÇA şöbəsinin müdiri Əflaruz müəllimin diqqətini cəlb etdi.
 İlk günlərdən Zəminənin musiqi duyumuna, qavrayışına heyran oldum. Çünki, dərsləri və əlavə tapşırıqları həvəslə, məsuliyyətlə yerinə yetirirdi. Buna görə də məktəbin bir çox tədbirlərində iştirak edirdi. Ü. Hacıbəyovun, Niyazinin, F. Əmirovun, T. Quliyevin əsərlərini, xalq mahnıları, “Bayatı-Şiraz”, “Mahur-hindi”, “Arazbarı” muğamlarını həvəslə ifa edirdi”.
6 saylı məktəbin ibtidai sinif müəllimi Gülşən Orucova belə deyir: “ - İbtidai sinif uşaqların körpəlikdən tam ayrılmadığı bir dövrə təsadüf edir. Nəzərə alsaq ki, xarakter artıq 6-7 yaş dövründə tam formalaşır, şagird haqqında ən doğru fikri məhz ibtidai sinif müəllimi söyləyə bilər. Zəminə çox kövrək, utancaq olmaqla, tərbiyəli və məsuliyyətli şagird idi. Heç zaman liderliyə can atmasa da, fərdliliyi ilə nəzəri cəlb edirdi. Hər hansı hadisəyə fərdi münasibəti təmkinli, axıcı nitqində, dolğun izahında öz əksini tapırdı. Məktəbdə keçirilən “İbtidai sinif ongünlükləri” çırçivəsində təşkil olunan sərgilərdə əl işlərini daim nümayiş etdirirdi.
Bütün bu xüsusiyyətləri onun zövqlü, istedadlı, incəsənətə bağlı olacağından xəbər verirdi.
Ailə tərbiyəsi, mədəniyyəti, əhatə olunduğu mühit onun gözəl bir insan kimi yetişməyində də mühüm rol oynamışdır. Mən gələcəkdə onun yüksək nailiyyətlər əldə edəcəyinə inanıram, onunla fəxr edirəm”.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin nəzəriyyə müəllimi Vəfa Vəzirova: “ - Zəminədə müşahidə etdiyi biliklərə əsaslanaraq gələcəkdə onun ciddi, əldə etdiyi gözəl biliklər sayəsində nümunəvi müəllim olacağına inanıram”.
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Sevda Mütəllimova Zəminənin gələcəkdə savadlı bir müəllim, layiqli bir şəxsiyyət kimi yetişməsinə əmindir.
Yaddaşlarda dünya şöhrətli musiqiçi kimi qalmağı düşünən Zəminə buna daim məsuliyyətlə çalışmaqla, yeni-yeni axtarışlar etməklə nail olmağı düşünür. 

Bizim Alpər (Alpər Sərdar oğlu Umudlu)

Alpər Sərdar oğlu Umudlu 1989-cu il sentyabrın 16-da Füzuli rayon Yuxarı Yağlıvənd kəndində dünyaya göz açıb. Məlum səbəbdən 1993-cü ildən Bakı şəhərində məcburi köçkün kimi məskunlaşıb.
Alpər körpəlikdə çox yaddaşlı idi. Məktəbə gedənə qədər vurma cədvəlini və əlifbanı öyrənmişdi.
1996-ci ildə Bakı şəhərindəki 36 saylı orta məktəbin I sinfinə gedib. 1998/99-cu tədris ilindən 244 saylı orta məktəbdə təhsilini davam etdirib. Orta məktəbdə dərslərini yaxşı qiymətlərlə oxuyan Alpərin sevimli fənləri tarix, riyaziyyat, ədəbiyyat və kimya olub. Məktəb vaxtlarından tarixin saxtalaşdırılması və düzgün öyrənilməməsi Alpərdə tarix fəninə maraq yaratmışdı.
O, orta məktəbi 2005/2006-cı tədris ilində bitirib. Həmin ildə də 543 balla BDU-nun tarix fakültəsinə daxil olub. Bu ixtisasa seçməsində professor, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi Ramil müəllimin rolu daha böyükdür.
Universitetə daxil olduğu gün ən uğurlu günüdür. Ali məktəbdə də dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri Azərbaycan tarixi və orta əsrlər tarixidir. İxtisası üzrə tanıdığı ən güclü mütəxəssis orta əsrlər tarixindən dərs deyən N. Tofiq müəllimdir.
Asudə vaxtlarını çox maraqlı və səmərəli keçirməyə çalışır. Əsasən bədii kitablar oxuyur, bilgisayardan məlumatlar əldə edir, intellektual verilişləri izləməyi xoşlayır.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun böyük elmi işçisi Ramil Ağayev söyləyir ki, Alpərin prinsipiallığı və öz mövqeyini müdafiə etmək qabiliyyəti onun hər bir sahədə irəliləməsinə imkan verəcək.
Alpəri başqa həmyaşıdlarından fərqləndirən cəhətləri milli keyfiyyətlərə malik olması, ölkənin gələcəyinə böyük maraq göstərməsi, siyasi savadını artırmaq marağıdır.
Xoşbəxtliyi qəlbindəki istəklərinin həyata keçməsində görən Alpər hesab edir ki, ən böyük xoşbəxtlik xalqına, vətəninə layiq vətəndaş kimi yetişməkdir.
Tarixin yaddaşında xalqına, vətəninə layiqli vətəndaş, şərəfli ömür sürən şəxsiyyət kimi qalmağı düşünür.
Qoy qəlbində olan bütün istəklərin vaxtında yerinə yetsin, gələcək həyat yollarında uğurlar qazan!

30 августа 2012 г.

Xalqımızın layiqli övladı (Sevda Baloğlan qızı Əzizova)



Sevda Baloğlan qızı Əzizova 1985-ci il martın 4-də Sumqayıt şəhərində anadan olub. Sevda hələ kiçik yaşlarından ağıllı və dediyi sözübütov uşaq idi. Yaxşı rəqs edirdi və mahnı oxuyurdu. Böyük qardaşı dərs hazırlayanda Sevda ona qulaq asıraq məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdi.
İbtidai təhsilə 1992-ci ildə Sumqayıt Texniki və Təbiət Elmləri liseyində başlayıb. Yaxşı oxuduğuna görə sinif nümayəndəsi olub. Sevimli fənləri kimya və fizika idi. Liseyə imtahan verəndə “Əlifba” kitabının istənilən səhifəsini oxuyurdu və sadə riyazi əməlləri asanlıqla yerinə yetirirdi. Sevdanın utanmadan, qorxmadan suallara sərbəst cavab verməsi müəllimləri heyran etmişdi.
Təhsildən əlavə musiqi ilə məşğul olub. Asudə vaxtlarında skripka çalmağı, klassik və xalq musiqisinə qulaq asmağı xoşlayır. Sumqayıt şəhər Fikrət Əmirov adına 5 saylı Uşaq Musiqi Məktəbində skripka ixtisası üzrə təhsil alıb. Musiqi məktəbinə imtahan verəndə müəllimlər Sevdanın xüsusi musiqi duyumu olduğunu qeyd edirdilər. Musiqi məktəbini bitirdikdən sonra həkimliyə olan böyük həvəsinə görə ali musiqi təhsilini davam etdirmədi.
2004-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil oldu. İxtisasına qarşı maraq uşaq vaxtlarında yaranmışdı. Bu sənəti sevməyində atasının rolu daha böyük olub. Bu ixtisasa yiyələnməkdə müəllimlərinə və valideynlərinə borclu olduğunu deyir. Həyatda ən uğurlu günü 2004-cü il avqustun 10-da olub, yəni ali məktəbə daxil olduğu gün. Sevda ali məktəbdə də dərslərini yaxşı oxuyub. Sevimli fənləri uşaq cərrahiyyəsi və farmakologiya idi. Yay tələbə təcrübəsini Lənkəran Diaqnostika Mərkəzində keçirib. Nadir əməliyyatlara, böyrək transplantasiyasının III əməliyyatının gedişində iştirak edib. Yüksək balla ali məktəbə daxil olduğuna görə I kursdan qrup nümayəndəsi olub. Şəxsiyyət kimi yaddaşlarda tibb elmlər doktoru, uşaq cərrahı kimi qalmaq istəyir.
Texniki Təbiət Elmləri liseyinin müəllimi Tamaşa Əliyeva şagirdi Sevda Əzizova haqqında deyir: “ - Neçə-neçə uğurlar imzalayacaq şagirdlərə ilk qələm tutmağı öyrətdiyim üçün özümü xoşbəxt sayıram. Belə uğurlara imza atan şagirdlərdən biri də Sevda Əzizovadır. Sevda 1992/1995-ci illərdə dərs dediyim, əla qiymətlərlə oxumuş, nizam-intizamlı şagird olub. İctimai işlərdə yaxından iştirak etmişdir. İnanıram ki, Sevda xalqımızın layiqli, savadlı övladlarından biri olacaq”. 

Mən xalq üçün yaranmışam (Ülvi Əhmədağa oğlu Babaşov)


Ülvi Əhmədağa oğlu Babaşov 1986-cı il dekabrın 7-də Sumqayıt şəhərində dünyaya göz açıb. İbtidai təhsilini 1993-cü ildə Sumqayıt şəhərində nə vaxtsa “Şərq liseyi” adı ilə tanınan 35 saylı məktəbdə alıb. VIII sinfin II yarısından təhsilini TTEL-də (Texniki və Təbiət Elmlər liseyi) davam etdirib. Səbəb isə bu məktəbdə təhsilin daha yüksək və keyfiyyətli olması idi. Ən sevimli fənləri biologiya, zoologiya və anatomiya idi. Həmçinin ədəbiyyatla da maraqlanırdı. Qəzəlləri və şeirləri çox sevirdi. Ən çox sevdiyi şair Nizami və Nəsimi idi. Hələ o zaman belə bir şeir də yazmışdı:
Bil ki, dostum sən yox, dəyişdi dövran,
Cism də ayrılır nə vaxtsa candan.
Fəsillər dəyişir, güllər də solur,
Çox sıxır zəmanə o yan, bu yandan.
2004-cü ildə orta məktəbi uğurla başa vuran Ülvi 608 balla Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsinin informatika bölməsinə daxil olub. Ali məktəbi başa vurduqdan sonra o, təhsilini davam etdirmək üçün magistraturaya sənədlərini təqdim edərək Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat fakültəsinin bilgisayar-riyaziyyat bölməsinə daxil olub. O, artıq öz ixtisası üzrə fəaliyyət göstərir.
Ülvi orta məktəbin X sinfinə qədər həkim olmaq arzusu ilə yaşayırdı. Çünki hələ körpəlikdən təbiətə bağlı idi. Hətta təbiət haqqında bir çox kitablar da oxumuşdu. Ən çox sevdiyi və dəfələrlə oxuduğu kitab isə “Səhra cərrahlığı” idi. Həmin kitabı oxuyandan sonra o, özünü cərrahiyyə otağında hiss edirdi.
Ülvi həyatının bütün günlərini uğurlu və yaddaqalan hesab edir. Ailədə və məktəbdə ona qarşı olan münasibətdən heç vaxt şikayətçi deyil. Sinif rəhbəri ona ana kimi münasibət bəsləyib. Ülvi hesab edir ki, bundan böyük xoşbəxtlik ola bilməz.
Asudə vaxtlarını dostlarının əhatəsində və ailəsi ilə səmərəli keçirən Ülvi musiqi dinləməyi də çox xoşlayır.
Tarixin yaddaşında xalqına, valideynlərinə layiqli övlad kimi qalmaq istəyir və buna inanır.
Ülvinin qələmə aldığı şeirlərdən birini təqdim edirik:

Mən yarandım sənin üçün

Mən yarandım yalnız səni sevmək üçün,
Qəmi alıb xoşbəxtliyi satmaq üçün.
Yaşayıram məhəbbəti yaşatmaqçün,
Mən yarandım haqq yolunda ölmək üçün.

Vəfa gözləmirəm həyatdan daha,
Həyatın mənası cəfa deməkdir.
Ol dəxi nə sevmək dəlisənmi sən?
Xoş sözlər, sığallar istəmirəm mən.

Ki, dövran dəyişdi vəfasız oldun,
Ağlını itirdin huşiyar oldun.
Özgələr aldadıb apardı səni,
Yaşadın xəyalda bir yuxu oldun.

Bu həyat şirin yuxuya bənzər,
Hər halda sonu var o da tez bitər.
Nə deyim? Doymadı çıxıb gedənlər
Ah çəkib getdilər həyatsevərlər.

Zaurla fəxr etməyə dəyər (Zaur Revaz oğlu Həsənov)

Zaur Revaz oğlu Həsənov 1987-ci il yanvarın 2-də Gürcüstan Respublikasında dünyaya göz açıb. 1993-cü ildə Bakı şəhəri Sabunçu rayonu 74 saylı orta məktəbdə ibtidai təhsilə başlayıb. Orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Zaur məktəbdə təşkil olunan yarışlarda, tədbirlərdə fəal iştirak edib. Ən sevimli fənləri tarix, coğrafiya, riyaziyyat və həndəsə olub. Həmçinin idman yarışlarında məktəbin “Şahin” komandasının aparıcı üzvlərindən biri olub. Onun öhdəsinə əsasən atıcılıq və silahla davranma daxil idi. Uğurlu çıxışına görə dəfələrlə diplomla təltif edilib.
2004-cü ildə orta məktəbi əla qiymətlərlə başa vuran Zaur elə həmin ildə 550 balla Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinin iqtisadi kibernetika şöbəsinə daxil olub. Fəxri diplomla bakalavr pilləsini bitirən Zaur təhsilini davam etdirmək üçün Çin Xalq Respublikasının Şanxay Universitetinin beynəlxalq iqtisadiyyat və ticarət fakültəsinin magistraturasına qəbul olub. Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə ilk növbədə valideynlərinə və müəllimlərinə minnətdardır.
İxtisasına qarşı maraq Zaurda hələ orta məktəbdə təhsil aldığı vaxtlardan yaranmağa başlayıb. O hesab edir ki, iqtisadiyyat bütün dövlətlərin bünövrəsini təşkil edir.
Ali məktəbdə də bütün dərslərini əla qiymətlərlə və mükəmməl oxuyub. Müəllimlərin verdiyi materiallardan başqa kitabxanalardan və internetdən maraqlı məlumatlar toplayıb.
Zaurun həyatında maraqlı hadisələr çoxdur. Ən böyük uğuru kimi Təhsil Nazirliyinin xətti ilə Çin Xalq Respublikasında təhsil almağa göndərilməsini hesab edir.
Təhsildən əlavə idmanın dzyü-do idman növünə böyük həvəs göstərir. Hesab edir ki, idman bədənin sağlamlığı üçün vacibdir. Asudə vaxtlarında əsasən idman edir, kitab oxuyur, dostları ilə maraqlı vaxt keçirir. Bəzən dənizkənarı parkda, yaxud şəhərin maraqlı və görməli yerlərində tək gəzməyi xoşlayır. Zaur yaşadığı torpağı çox sevir.
Bank sektorunda təcrübəsi olduğu üçün Zaur gələcək karyerasını məhz maliyyə sektorunda qurmağı, savadlı iqtisadçı kimi ölkəmizin qüdrətlənməsində iştirak etməyi niyyətləyir.
Zaur hesab edir ki, xoşbəxtlik bir neçə amilə söykənir. Ən əsası mükəmməl ailəyə sahib olmaq, sevdiyin işlə təmin olmaq və sağlamlıq xoşbəxtliyin əsas göstəricilərindəndir. Gələcəkdə işi ilə tanınmağı böyük xoşbəxtlik hesab edir. O düşünür ki, insan bir iz qoymamış həyatdan gedə bilməz. Bu səbəbdən tarixdə öz izi, dəsti-xətti ilə qalmaq istəyir. Böyük şəxsiyyətlər kimi əməyini və bilik-bacarığını xalqına və vətəninə sərf etmək niyyətindədir. Zaur əmindir ki, Azərbaycanın ictimai-siyasi həyatında bütün qüvvəsi ilə iştirak edəcək.

Onun böyük gələcəyi var (Nərmin Vaqif qızı Abdullayeva)


Nərmin Vaqif qızı Abdullayeva 1986-cı il avqustun 7-də Bakı şəhərində anadan olub. Onun adını bibisi Nailə xanım qoyub. Nərmin adının mənası kübar, zərif deməkdir. Körpəlikdə kifayət qədər sakit uşaq olub. Müəllim-şagird oyunu oynamağı çox sevirdi. 1993-cü ildə 158 saylı orta məktəbin I sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Elə həmin ildə Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər və avropaşünaslıq fakültəsinə ödənişsiz əsaslarla qəbul olub. 2008-ci ildə isə universiteti qırmızı diplomla bitirib. Təhsildən əlavə məşğuliyyəti öyrəndiyi xarici dillərdə kitablar, aforizmlər oxumaqdır.
Nərmində bu sahəyə maraq orta məktəbin V sinfində ingilis dilini öyrənməyə başladığı vaxtdan yaranıb. Orta məktəbdə dərslərini əla oxuyub. Ən çox sevdiyi fənlər isə ingilis dili ilə yanaşı rus dili, tarix, ədəbiyyat, coğrafiya və digər humanitar fənlər olub. Orta məktəbdə oxuduğu müddətdə ingilis dili, tarix və ədəbiyyatdan fənn olimpiadalarında fəal iştirak edib. 2001-ci ildə ingilis dili fənnindən məktəb turunda, 2003-cü ildə tarix fənnindən məktəb, rayon, zona turlarında I yeri tutduğuna, 2004-cü ildə tarix fənnindən respublika olimpiadasında qalib olduğuna görə fəxri fərmanlarla təltif olunub. İngilis dilini öyrənərkən bu dilə böyük marağı olduğunu hiss edib və ona görə də məhz xarici dillərlə bağlı ixtisas seçməyi qərara alıb.
Ali məktəbdə də bütün dərslərini əla oxuyub. Ən çox sevdiyi fənlər isə fransız, ingilis, alman və rus dilləri, fəlsəfə, dünya ədəbiyyatı, Avropanın mədəniyyət tarixi və hüququ, Avropa xalqlarının etnopsixologiyası və digər fənlər idi. Ali məktəbdə Tələbə Həmkarlar İttifaqının üzvü olub. Həm təhsil aldığı Azərbaycan Dillər Universitetində, həm də Bakı Slavyan Universitetində “Kim? Harada? Nə vaxt?” intellektual yarışlarında 2007-ci ilin çempionu olub.
Ali məktəbə qəbul olacağına hər zaman inanıb. Sadəcə olaraq hansı fakültəyə qəbul olacağı onu narahat edirdi. Nəticədə arzuladığı fakültəyə qəbul oldu. Ona görə də həyatında ən uğurlu gününün universitetə qəbul olduğu və universitetdə diplom işini uğurla müdafiə etdiyi gün olduğunu hesab edir. Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə valideynlərinə və müəllimlərinə minnətdar olduğunu düşünür. Onun üçün xoşbəxtlik valideynlərinin, sevdiyi insanların hər zaman yanında sağlam və xoşbəxt olmasıdır.
Asudə vaxtlarında 1960/70-ci illərin musiqilərini, xüsusilə Joe Dassini, Alain Souchonu, Beatlesi, F. Sinatranı və digərlərini dinləməyi çox sevir.
 158 saylı məktəbin tarix müəllimi Babək Xubyarov onun haqqında deyir: “ - Pedaqoji fəaliyyətim dövründə yüzlərlə şagirdə dərs desəm də, onların içərisində az bir qismi istedadı, müxtəlif qabiliyyəti ilə yaddaşımda silinməz izlər buraxmışdır. Nərmin Abdullayeva belə şagirdlərdən biridir. İlk dərs günündə onun üzündə nuranilik, paklıq, əsilzadəlik əlamətləri gördüm. Nərmin davranışı, biliyi, səmimiliyi ilə istər-istəməz hamının sevimlisinə çevrilirdi. Dərin savada malik olsa da həmişə öz üzərində çalışmaqla ətrafındakı insanlara təvazökar, sadə bir azərbaycanlı qızı kimi baxır. Bu istedadlı qız 158 saylı məktəbin gözü idi. N. Abdullayeva çox incə, təmiz, ləkə götürməyən bir qəlbə malikdir. O, ilk andan özünə qarşı xoş münasibət yaradır və bunu qorumağı bacarır.
Nərmin mənim istəkli balamdır. Onun gələcəyinə inanıram. Əminəm ki, dövlətimizin ən görkəmli ictimai, elm xadimlərindən biri olacaqdır. İnanıram ki, Nərmin vətənimizin müasir Sara Xatunu olacaqdır”.
Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimi Münəvvər Şamilova deyir: “ - İnanın ki, Nərminə layiq ola biləcək hansı yaxşı sözlərdən istifadə edəcəyimi bilmirəm. İnanılmaz dərəcədə ağıllı, tərbiyəli və mehriban bir qız olduğunu onu tanıyanların hamısı bilir. Üzündə qeyri-adi dərəcədə ağılın, tərbiyənin və eyni zamanda uşaq səmimiyyətinin izləri vardır. Kaş Nərmin kimi qızlar cəmiyyətdə daha çox olardı. İnanıram ki, bu xüsusiyyətlərinə görə çox xoşbəxt və məsud bir xanım olacaq”.

Qran-pri mükafatçısı (Mirhüseyn Murtuza oğlu Əsədullayev)

Mirhüseyn Murtuza oğlu Əsədullayev 1990-cı il avqustun 25-də Bakı şəhəri Buzovna qəsəbəsində dünyaya göz açıb. Adını nənəsi Mehri xanım İmam Hüseynin şərəfinə qoyub.
Mirhüseyn körpəlikdə çox dəcəl uşaq olsa da, şəkil çəkməyi, futbol oynamağı çox xoşlayırdı.
Kiçik yaşlarından tar alətinə böyük maraq göstərir, alətə gücü çatmadığından onu stolun üzərinə qoyub ifa edirdi. Musiqiyə hədsiz həvəs göstərdiyini hiss edən valideynləri onu musiqi məktəbinə yazdırıblar. Musiqiyə maraq Mirhüseynə atasından keçib. Çünki atası da tarzəndir.
Mirhüseyn VII sinfə qədər 206 saylı orta məktəbdə təhsil alıb. Lakin musiqiyə olan hədsiz həvəsi onu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirib. 2008-ci ildə həmin məktəbin məzunu olub.
Orta məktəbdə Mirhüseynin sevimli fənləri ədəbiyyat, tarix, Azərbaycan dili olub. Məktəbin bütün ictimai işlərində, bir sıra dövlət tədbirlərində müşayətçi və solo ifaçısı kimi çıxış edib.
Mirhüseyn 2008-ci ildə keçirilən I respublika müsabiqəsində qran-pri mükafatına layiq görüldüyü günü həyatının ən maraqlı və uğurlu günü hesab edir.
Mirhüseynin ilk uğuru uşaq musiqi və incəsənət məktəblərinin “Qönçə-2002” devizi ilə keçirilən VI Bakı uşaq musiqi festivalında yüksək səviyyəli çıxışına görə qazandığı fəxri fərmandır.
Qazandığı uğurlara görə valideynlərinə və müəllimlərinə minnətdar olan Mirhüseyn istedadı üzrə atası Murtuza müəllimə bənzəmək istəyir. Xoşbəxtliyi gələcəkdə cəmiyyətə yararlı bir şəxsiyyət olmaqda görən Mirhüseyn tarzən kimi fəaliyyət göstərib dünya şöhrəti qazanmaq istəyir.
Mirhüseyn yaxın gələcəkdə dünya səviyyəli musiqi müsabiqələrində Azərbaycanı layiqincə təmsil etmək, bir sıra solo konsertlər keçirmək, tar sənətini layiqincə yaşatmaq niyyətindədir.
Tarixin yaddaşında tar sənətinin layiqli təmsilçisi kimi yaşamaq istəyir.
Qoy qəlbində olan bütün arzuların vaxtında yerinə yetsin. Sənə gələcək həyat yollarında və seçdiyin sahədə uğurlar və müvəffəqiyyətlər diləyirik. 

Əlizadə Bəhruz Həsrət oğlu

İnformasiya texnologiyaları əsrinin bütün uşaqları kimi balaca vaxtı Bəhruzun da sevimli məşğuliyyəti bilgisayarla oynamaq idi. Buna baxmayaraq məktəbə gedənə qədər anası ona yazıb-oxumağı öyrətmiş, çoxlu şeirlər və mahnılar əzbərlətmişdi. Məntiqi mühakimə qabiliyyəti onu yaşıdlarından çox fərqləndirirdi.
Bəhruz Həsrət oğlu Əlizadə 1990-cu il aprelin 27-də Bakı şəhərində anadan olub. 1997-ci ildə Nəsimi rayonundakı 14 saylı orta məktəbin I sinfinə qəbul olunmuş, 2008-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Dərsdən kənar vaxtlarında müxtəlif illərdə rəqs, idman, rəsm, bilgisayar dərnəklərinə gedib. Həm də Şövkət Ələkbərov adına 20 saylı Uşaq Musiqi Məktəbinin tar sinfini bitirib. Orta məktəbi bitirdiyi ildə də Azərbaycan Dövlət Neft Akademiyasının arzusunda olduğum geoloji-kəşfiyyat fakültəsinə daxil olub.
Onda bu ixtisasa həvəsi respublikamızda neft sektorunun daim inkişafda olması yaratmışdır. Bu ixtisasa yiyələnməklə məqsədi ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə və iqtisadiyyatının inkişafına hər hansı töhfə vermək istəyidir.
Bəhruzun dedikləri: “ - Orta məktəbdə dərslərimi böyük həvəslə öyrənirdim. Cəbr və həndəsə, fizika, tarix, coğrafiya, rəsmxət və ingilis dili mənim üçün xüsusi ilə sevimli fənlər idi. Dəfələrlə fənn olimpiadalarında müvəffəqiyyət qazanmışdım. Ali məktəbdə də təhsilimi müvəffəqiyyətlə davam etdirirəm. I kursdan başlayaraq hər il BP Neft şirkətinin keçirdiyi “Təhsilə yardım” müsabiqələrində qalib olmuş, ARDNŞ-nin təqaüdünə layiq görülmüşəm. Həyatımda ən uğurlu günlərim təhsildə qazandığım nailiyyətləri biləndə olur. Sevdiyim ixtisasa yiyələnməkdə özümü Fərman Salmanova, akademiklər Yusif Məmmədəliyevə və Azad Mirzəcanzadəyə borclu bilirəm. Onların həyat və fəaliyyətləri haqqında aldığım məlumatlar məndə bu ixtisasa həvəs yaratmışdır. Məqsədim onlar kimi vətənə layiqli bir şəxsiyyət olmaqdır. Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə özümü ilk növbədə məktəbdəki müəllimlərimə və valideynlərimə borclu bilirəm.
Ali məktəbə qəbul olacağıma əmin idim. Mən həm də YÖS xəttilə İstanbul Univestetinin fizika fənn fakultəsinə daxil olmuşdum. Ancaq Azərbaycanda qalmağa üstünlük verdim. Hər iki təhsil müəssisəsinə qəbul olunma xəbəri özümə inamı artırdı. Sevincimi ilk olaraq Qiyam babam, Şəfiqə nənəm və sevimli Gülüstan bacımla bölüşdüm. Axı onlar daimi mənə mənəvi dayaq olurdular.
Təhsilimi bitirdikdən sonra respublikamızda qalıb ixtisasım üzrə işləmək istəyirəm. Xoşbəxtliyi sağlamlıqda və cəmiyyətə yararlı olmaqda görürəm. Əgər Vətənimin suverenliyinin möhkəmləndirilməsində, iqtisadiyyatının inkişafında bir töhvə verə biləcək olsam, peşəm üzrə hansı pillədə və ya zirvədə olmağımın fərqinə varmıram.
Asudə vaxtlarımda ingilis dili kurslarına gedir, musiqi dinləyir və həm bədii, həm də ixtisasımla bağlı ədəbiyyatlar oxuyuram.
Daim mütaliə etməyi və əzmlə çalışmağı qarşıma məqsəd qoymuşam. Uğurlarımla bağlı ADNA-nın yaradılmasının 90 illik yubileyi ilə əlaqədar nəşr olunan “Avropada və Asiyada neft-qaz təmayüllün ilk texniki ali təhsil müəssisəsi” adlı kitabda məlumat var”.

e-mail: bahruz_90@ mail.ru

Nəsibbəyli Ceyhun Sadiq oğlu

Ceyhunun adını nənəsi qoyub. Körpəlikdə zəif olmasına baxmayaraq çox dinamik bir idi. Böyüdükcə təbiətə, əsasən də heyvanlar aləminə tamaşa etməyi xoşlayırdı. Çox şeyə diqqət etməsinin nəticəsi idi ki, oxumağı öyrəndiyi ilk vaxtlarda kəndin torpaq və çınqıllı yolu ilə Bakıya üz tutarkən, kəndin əsas qapısının üzərinə yazılmış “Yaxşı yol” sözlərini oxuyaraq “ata bunun harası yaxşı yoldur” demişdir.
Ceyhun Sadiq oğlu Nəsibbəyli 1988-ci ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri Xətai rayonundakı 48 saylı orta məktəbin I sinfinə daxil olub. 2006-cı ildə orta təhsilini başa vuran Ceyhun yeni açılmış Azərbaycan Turizm İnstitunun turizm və sosial-mədəni servis fakultəsinə qəbul olub.
İnstitutda oxuduğu illər ərzində ATİ ilə Avstriyanın Krems Otelçilik İnstitutu arasında bağlanmış müqaviləyə əsasən həmin institutu da bitirib. Bu instituta qəbul ATİ-nin tələbələri arasından ingilis dilini mükəmməl bilən və bu dildən sertifikatı olan tələbələrdən seçilmişdi. Həmin institutda bütün dərslər ingilis dilində keçirilirdi. Oxuduğu illər ərzində yay tətillərində iki dəfə xarici ölkədə, Türkiyə və Yunanıstanda təcrübə keçib. Ali təhsili 2010-cu ildə bitirib ordu sıralarına çağırılıb və 2011-ci ildə tərxis olunmuşdur.
Azərbaycanın gözəl təbiəti, qədim tarixi abidələri həmişə onun maraq dairəsində olub. Məhz zəngin mədəni irsimiz, gözəl təbiətimiz, qədim tarixi abidələrimiz və əsrlərdən süzülüb gələn milli adət-ənənələrimizin yaratdığı təəsüratlar və onu ATİ-yə gətirib çıxarıb.

Ceyhunu dinləyək: “ - Orta məktəbi və institutu yaxşı və əla qiymətlərlə başa vurmuşam. Həyatımın ən uğurlu günü instituta qəbul olunduğum gün olub. Bütün nailiyyətlərimdə ilk növbədə valideynlərimə və müəllimlərimə borcluyam. Mənim formalaşmağımda onların rolu danılmazdır. Ali təhsilimin reallaşmasında, qazandığım və qazanacağım nəticələrin arxasında dövlətimizi, TQDK-nın ədalətli qəbul qaydaları və nəzdində olduğumuz Mədəniyyət və Turizm Nazirliyinin göstərdiyi qayğılar durur. İxtisasa yiyələndikdən sonra doğma Azərbaycanımızın turizm potensiallarını artırmaq, onu bütün dünyaya çatdırmaq və bunun üçün var qüvvəmlə, aldığım biliklərlə Azərbaycanın turizm sektorunu iqtisadiyyatın ən gəlirli sahəsinə çevirmək ən böyük arzumdur. Boş vaxtlarımda təbiəti seyr edirəm və kitab oxumağı çox sevirəm”. 

29 августа 2012 г.

DİNİ DƏYƏRLƏRİMİZƏ ÇOX BAĞLIDIR (Gülşən Ələsgər qızı Qəniyeva)


Gülşən Ələsgər qızı Qəniyeva 1990-cı il yanvarın 1-də Bakı şəhərində anadan olub.
Körpəlikdə sakit və ətrafdakı hər bir hadisə ilə maraqlanan uşaq olan Gülşən musiqiyə böyük maraq göstərib. Hələ körpə ikən ağlayanda qardaşının ifa etdiyi qarmonun səsinə sakitləşərdi.
Gülşən 1996-cı ildə Səbail rayonundakı 49 saylı orta məktəbdə təhsil almağa başlayıb. 1999-cu il noyabrın 8-dək bu məktəbdə oxumuş, sonra təhsilini Yasamal rayonundakı 286 saylı orta məktəbdə davam etdirmişdir. 2007-ci ildə məktəbi müvəffəqiyyətlə bitirən Gülşən Azərbaycan Dillər Universitetinin tərcümə (ingilis dili) fakültəsinə qəbul olur. İngilis dilini çox sevdiyi üçün bu ixtisası seçib. Sinxron tərcüməçi olmağı daha çox istəyirdi, çünki bu yolla vətənini və dinini əcnəbilərə daha gözəl təmsil etmək imkanı əldə edəcəyini düşünürdü. Orta məktəbdə IX sinfədək dərslərini əla, digər siniflərdə isə yaxşı oxuyub. Ən sevimli fənləri Azərbaycan dili, ingilis dili və riyaziyyat olub. Ali məktəbə qəbul imtahanlarında 635 bal topladığına görə fəxri fərmanla təltif olunub.
Hər günü maraqlı və uğurludur, lakin bu günlər içərisində onun üçün iki ən dəyərli gün var. Biri 23 sentyabr, digəri isə 12 aprel tarixləridir. Birincisində ilk dəfə namaz qılmağa, digərində isə hicab örtməyə başlayıb. O, namazın ALLAH TƏALAnın müsəlmanlara vacib buyurduğu ən gözəl ibadət olduğunu, hicabı isə xanımların qoruyucusu və başlarının tacı olduğunu deyir. Sevdiyi ixtisasa yiyələnməkdə, qəbul imtahanlarında göstərdiyi nəticələrə görə öncə ALLAHa, sonra isə üzərində əziyyəti olan valideynlərinə və müəllimlərinə borclu sayır özünü. Onun üçün əsl xöşbəxtlik ALLAH TƏALAnın sevgisinə layiq olmaqdır.
Riyaziyyat müəllimi Almaz Rəhimova şagirdi haqqında belə söyləyir: “ - Əlbəttə ki, ilk günlər şagirdlərlə təmas quranda onların fərqli xüsusiyyətlərini ortaya çıxarmaq bir qədər çətin olsa da, Gülşəndəki müsbət keyfiyyətləri görməmək mümkün deyildi. Sadəliyi, dərsə hazırlığı, səmimiliyi ilə məndə ona, onun gələcəyinə qarşı müsbət fikirlər, inam yaratmışdı. Digər şagirdlərdən davamiyyəti, intellektual səviyyəsi ilə seçilirdi. Onun çətinlik çəkmədən ali məktəbə qəbul olacağına, təhsilini başa vurduqdan sonra isə vətənə, xalqımıza layiqli övlad kimi yetişəcəyinə böyük inam bəsləyirdim.
Onu həmyaşıdlarından fərqləndirən cəhətlərdən biri də dini dəyərlərimizə bağlılığı idi. Qloballaşan dünyada milli, mədəni, o cümlədən dini dəyərlərimizi qoruyub saxlaması Gülşənin amallarından başlıcası kimi görürəm və ona bu yolda möhkəm iradə, müvəffəqiyyətlər arzulayıram”.
 İngilis dili müəllimi Vəsilə Mənsimova belə söyləyir: “ - Mən gələcəkdə Gülşənin yüksək nailiyyətlər əldə edəcəyinə böyük ümid bəsləyirəm. İnanıram ki, o, çalışdığı sahədə çox məsuliyyətli və vicdanlı olacaq. Ona həyatda bütün işlərində uğurlar arzulayıram”. 

HƏR UĞURU BİR ZİRVƏDİR (Qurbanov Nurlan Vilayət oğlu)

 
Nurlan Vilayət oğlu Qurbanov 1990-cı il noyabrın 1-də Göyçay rayonunun Çərəcə kəndində anadan olmuşdur. Nurlanın adını ata babası Piri kişi qoyub. Bu adı seçməsi müğənni Nurlan Əzizbəyliyə olan məhəbbətindən irəli gəlmişdir. Körpəlikdə çox dəcəl olub. Nə qədər dəcəl olsa da, məktəbə getdikdən sonra kitab oxumağa xüsusi maraq göstərib. Həmçinin gəzməyi, futbol oynamağı da çox sevirdi. Hələ məktəbə getməzdən əvvəl rus dilində bəzi sözlər, bir az yazmağı və şeirlər bilirdi. Bütün bunları dünyasını dəyişmiş, böyük qardaşı İlkin dərslərini hazırlarkən ona baxıb öyrənmişdi.
1997-ci ildə Çərəcə kənd orta məktəbinin I sinfinə daxil olur. IV sinifdə oxuyanda test üsulu ilə Ağdaş Özəl Türk liseyinə daxil olur, ancaq anası narazı olduğu üçün təhsilini davam etdirmir. 2008-ci ildə Çərəcə kənd ota məktəbini bitirərək Bakı Slavyan Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına daxil olur. İxtisasına qarşı maraq onda hələ məktəb dövrlərində yaranmışdır. Gözəl nitqə və yazmaq qabiliyyətinə sahib olduğu üçün jurnalist olmağı qərara aldı. Anasının arzusu da onun jurnalist olmağı idi.
Orta məktəbdə dərslərini əla oxuyurdu. Ən çox sevdiyi fənlər tarix, ədəbiyyat, riyaziyyat və Azərbaycan dili idi. Məktəb olimpiadalarında qalib olub. Universitetdə də dərslərini yaxşı oxumağa çalışıb.
Ən uğurlu günü bütün tələbələr kimi universitetə daxil olduğu gündür. Bu ixtisasa yiyələnməkdə ilk növbədə valideynlərinə borcludur. Jurnalistikaya qarşı sevgi onda Etibar Babayevlə tanışlığından sonra yaranıb. Nurlan Etibar Babayevi dahi insan, örnək müəllim bilir və onunla fəxr edir. Gələcəkdə Etibar Babayev kimi jurnalist olmaq istəyir. Bu sahədə ondan güclü mütəxəssis tanımır. Ali məktəbə qəbul olmağına görə Hamlet, Səbinə, Kəbirə və Məhəbbət müəllimlərinə təşəkkürünü bildirir. Ali məktəbi bitidikdən sonra Azərbaycan Dövlət Televiziyasında işləmək istəyir. İxtisası ilə bağlı hər uğurunu bir zirvə kimi görür.              
Asudə vaxtlarında kitab oxumağı, internetə girməyi və avtomobil sürməyi xoşlayır.
Çərəcə kənd orta məktəbinin ədəbiyyat müəllimi Zahidə Quliyeva Nurlanın məktəbdə çox böyük hörmət qazandığını bildirdi.
“Onu həmyaşıdlarından fərqləndirən cəhəti təşkilatçı olmasıdır. Biz onu gələcəkdə gözəl bir mütəxəssis, vətənə layiq vətəndaş kimi görürük. Gənc olmasına baxmayaraq gələcəkdə onu ciddi uğurlar gözləyir. Ona təhsilində, şəxsi həyatında müvəffəqiyyətlər arzulayırıq!” - dedi Zahidə müəllim.

Niyyətin hara, mənzilin ora (Ağayalı Aygül Azər qızı)


Ağayarlı Aygül Azər qızı 1989-cu il martın 12-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Xırdalan qəsəbəsindəki 2 saylı orta məktəbin I sinfinə getmişdir. 2007-ci ildə məktəbi bitirən Aygül Bakı Dövlət Universtetinin filologiya fakültəsinə qəbul olur.
Filologiyaya maraq V sinifdə oxuyakən yaranıb. O, dedi: “ - Bu marağı məndə ədəbiyyat fənnini tədris edən Südabə Məmmədova yaradıb. İndiki kimi yadımdadır, V sinfə yenicə başlamışdıq. Ənvər Məmmədxanlının “Buz heykəli” hekayəsi ilə bağlı inşa yazmalı idik. Müəllim necə yazmağımız barədə məsləhətlər verir, mən də onu diqqətlə və böyük həvəslə dinləyirdim. Çünki inşanı hamıdan yaxşı yazmaq istəyirdim. Növbəti dərsdə inşalarımızı oxuduq. Müəllim ən çox mənim inşamı bəyəndi və məni təriflədi. O gündən ədəbiyyat fənninə marağım daha da artdı. İxtisas seçiminə gəlincə isə, gözəl bir atalar sözü var “Niyyətin hara, mənzilin ora”. Bax elə mənim ixtisas seçimim də belə oldu. Çox sevdiyim bir fənn üzrə ali məktəb tələbəsi oldum”.
Orta məktəbdə dərslərini əla oxuyub. Sinif nümayəndəsi olduğu üçün hər zaman məsuliyyətli olmağa çalışıb. Sevimli fənləri Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, rus dili, fizika, insan və cəmiyyət, rəsm olub. Orta məktəbdəki elmi yarışlarda, ictimai işlərdə fəal iştirak edib. İlk dəfə I sinifdə oxuyarkən “Əlifba bayramı”nda aparıcı olub. Yuxarı siniflərdə oxuyarkən məktəbdə keçirilən tədbirlərdə də aparıcılıq edib, sonuncu dəfə isə 2007-ci ildə “Son zəng”. Məktəb həyatına sözün yaxşı mənasında nöqtə qoyan 2007-ci il 31 may “Son zəng” günü xoş bir xatirə kimi hər zaman onun hafizəsində yaşayacaqdır. VI sinifdə “Xocalım mənim” şeir müsabiqəsində iştirak edib və yazdığı şeirə görə II yerə layiq görülüb. Ədəbiyyat müəllimi Südabə Məmmədovanın dəstəyi ilə “Yalan danışma” adlı şeiri “Azərbaycan Gəncləri” qəzetinin 2002-ci il 28 may buraxılışında nəşr olunub. IX sinifdə oxuyarkən Azərbaycan dili və ədəbiyyatı olimpiadasının rayon turunda I, respublika turunda isə II yerin sahibi olmuş və 2005-ci ilin aprelin 30-da Təhsil Nazirliyində olimpiadada qaliblər üçün təşkil olunmuş tədbirdə təhsil naziri Misir Mərdanov tərəfindən diplom və medalla mükafatlandırılmışdır. 2007-ci ildə “Heydər Əliyev və müstəqil Azərbaycan” inşa müsabiqəsinin qalibi olmuş və Abşeron rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmanla mükafatlandırılmışdır.
Ali məktəbdə əlaçıdır, bütün fənləri sevərək oxuyur. Ən çox Azərbaycan dili və ədəbiyyatı fənlərini sevir. 2007-ci il dekabr ayında universitetdə keçirilən “İlin ən yaxşı tələbəsi” müsabiqəsində iştirak edib. II, III, IV kurs tələbələrinin iştirak etdiyi bu müsabiqənin qaliblərini tələbələr özləri müəyyən edirlər. Çox sevindirici hardır ki, hər fakültədən seçilən 4 nəfər qalibdən biri də Aygül oldu. 2007-ci il dekabrın 25-də universitetin akt zalında qaliblər üçün təşkil olunmuş tədbirdə tərifnamə ilə təltif olundu.
Universitetdə ona dərs deyən müəllimlərdən hər dərsdə yeni bir şey öyrənir, onların biliyindən, mənəvi dünyasından bir tələbə kimi o da pay alır.
Ali məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetində filoloq kimi işləmək arzusundadır.
Asudə vaxtlarında şeir yazır, mənəvi-əxlaqi mövzularda olan kitablar, jurnallar oxumağı, musiqi dinləməyi çox sevir.
V-XI siniflərdə sinif rəhbəri olmuş Solmaz Babayeva: “ - Aygül mənim sevimli şagirdlərimdən olub, hər zaman xatirəmdə bu cür qalacaqdır. Ona dərs dediyim müddətdə hər zaman dərsə hazırlıqlı, çalışqan, tərbiyəli şagird, məsuliyyətli sinif nümayəndəsi kimi fərqlənmişdir. Əminəm ki, Aygül gələcəkdə böyük nailiyyətlər əldə edəcək və ixtisasına mükəmməl yiyələnəcəkdir. Onu gələcəyin təcrübəli filoloqu kimi görürəm.
Aygülün digər həmyaşıdlarından fərqli cəhəti ona dərs deyən bütün müəllimlərinin sevimlisi olması idi. Heç bir müəllimlə Aygül arasında kiçicik də olsa bir mübahisə ola bilməzdi. O bütün müəllimləri ilə gözəl ünsiyyət qurmağı bacarırdı”.

Gecənin mələyi (ay)

Göylərdə göründü gecənin mələyi,
Son qoydu səmanın həsrətinə o,
Nur yaydı aləmə gecənin mələyi,
Döndü ulduzların nəğməsinə o,
Seyr edib o anın sənsizliyini,
Zövq aldı göylərin mənzərəsindən,
Dinlədi rüzgarın həzin səsini
Qəm-kədər silindi hafizəsindən.
***
Sığmadı qəlbinə şirin arzular,
Səadət gətirdi o kainata.
Sevincli ümüdlər, gözəl duyğular,
Bir sevgi bəxş etdi sanki həyata.
***
Danışdı göylərə öz sevgisindən,
Səssiz yağan yağış göz yaşı oldu.
Bir həsrət duyuldu onun səsindən,
Səma ulduzlarla sirdaşı oldu.
***
Növbəti bir səhər açılan zaman
Səmanı tərk edib getdi o mələk.
Günəş qürub edib gün bitən zaman
O yenə səmaya geri dönəcək.

Kimdir o?

Bir çiçəkdir zərif, incə,
   Ətrindən doymaq olarmı?!
Bir günəşdir qəlb isidən
   Xoş, mehriban təbəssümlə o gülüncə,
   Günəşsiz həyat olarmı?!
Bir dəryadır, bir ümmandır,
   Sədaqətlidir, mehribandır,
   Sevgilidir, o, canandır,
   Sevgisindən böyük sevgi
   Bu cahanda ola bilməz.
Bəs kimdir o?
- O, anadır,
Anamız tək heç kəs bizi sevə bilməz.

Azərbaycan

Azərbaycan! Eli üçün canlar verən
    ərənlərin, igidlərin canı sənsən,
Azərbaycan! Həyatından keçib yurda həyat verən
    Şəhidlərin qapısısan sən.
 Azərbaycan! Vuran qəlbim, görən gözüm,
    Varlığımın özüsən sən.
Azərbaycan! Dədəm Qorqud qopuzusan,
    Dastanım sən, məğməm sənsən
Azərbaycan! Odlar yurdu vətənimsən,
    Dünənimsən, bu günümsəm, sabahımsan.
    Günüm, ayım, ilimsən sən.
Azərbaycan! Biz qığılcım, sən günəşsən,
    Qəlbimizdə daim yanan,
Heç bir zaman sönməyəcək-
 “Vətən” adlı bir atəşsən.
Azərbaycan! Sazım, sözüm, şeirim sənsən,
  Min illərə sığışmayan tarixin var,
Türk yurdum, türk elim sənsən.

Ağaliyeva Xanım Vaqif qızı

 
Dünyaya gələn övlada baba-nənənin adını qoymaq ənənəsi Azərbaycan türklərində əsrlər boyu formalaşaraq bir qanunauyğunluğa çevrilib sanki. Növbəti qəhrəmanımız da istisna deyil. Xanım da nənəsinin adını daşıyır.
Körpəlikdə sakit, sözəbaxan uşaq olub. Ona çoxlu kitablar almağı tələb edirdi. Kitablar toplamaq, piano çalmağı xoşlayırdı. Məktəbə gedənə qədər anası Svetlana xanım ona oxuyub-yazmağı da öyrətmişdi. Hələ uşaq yaşlarından özündən şeirlər deyirdi.
Xanım Vaqif qızı Ağaliyeva 1990-cı ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Xırdalan şəhər 1 saylı orta məktəbin I sinfinə getmişdir. Orada 4 il təhsil aldıqdan sonra Nərimanov rayonundakı Gültəkin Əsgərova adına 43 saylı liseyə qəbul olmuşdur. 2008-ci ildə 43 saylı liseyi bitirib Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olub. Orta məktəbdə çox yaxşı oxuyub. Bütün müəllimlərin sevimli şagirdi olub. Ən sevimli fənləri Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili olmuşdur. Məktəbdə hər zaman tədbirlərin aparıcısı kimi çıxış edib. Çünki aydın nitq, düzgün tələffüz etmək qabiliyyəti və güclü yaddaşı var. Uşaq yaşlarından ən böyük arzusu hüquqşünas olmaq idi. Bu ixtisası ədalətli qərarlar vermək, vətəninə gərəkli şəxsiyyət olmaq üçün seçib.
Ali məktəbdə də dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri münaqişəli cinayət hüququ, münaqişəli mülki hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər tarixi, xarici ölkələrin dövlət və tarixi, hüquq tarixi, ingilis dili fənləridir.
Həyatında ən maraqlı hadisə ali məktəblərdə qəbul cavablarının çıxdığı gün olub. Səbirsizliklə gözləyirdi. Sınaq imtahanlarında yüksək nəticələr topladığı üçün əminlik də var idi içində. Universtetin kodunu yadında saxlamışdı. Hamıya da demişdi kodun əvvəlini mənə demək kifayətdir. O dəqiqə biləcəm ki BDU-dur. Elə də oldu. O anda sevincdən ürəyi dayanırdı. Çünki ən böyük arzusu BDU-nun tələbəsi olmaq idi.
Sevdiyi ixtisasa yiyələndiyinə görə onun üzərində çox böyük əziyyyəti olan valideynlərinə borcludur. Atası hər zaman ona dəstək olub. Onun bu sənəti seçməyində həm atasının, həm də anasının rolu böyük olub. Onların “biz səni hüquqşünas görürük”, “sən bizim tanınmış övladımız olacaqsan” kimi sözləri daim stimul verib.
Qəbul imtahanında göstərdiyi nəticələrə görə 43 saylı liseydə ona dərs deyən müəllimlərinə minnətdardır. Onların verdiyi dərin biliklərə görə o ali məktəbə qəbul olub.
Ali məktəbi bitirdikdən sonra ən böyük arzusu məhkəmədə işləməkdir. Hakim vəzifəsinə qalxmaq ən böyük arzusudur.
Təhsildən əlavə bədii kitablar oxumaq, şeir yazmaq, piano çalmaq, rus, ingilis, alman dilləri ilə maraqlanmaq, onları dərindən öyrənməklə məşğul olur. Asudə vaxtlarında kitablar oxuyur. İxtisasına qismən uyğun olduğu üçün ən çox Cingiz Abdullayevin romanlarını oxuyur.
Valideynləri onunla fəxr edəndə özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Tarixin yaddaşında qalmaq üçün vətən üçün gərəkli, layiqli şəxsiyyət kimi qalmaq niyyətindədir.

28 августа 2012 г.

ŞƏFALI ƏLLƏR SAHİBİ (Mehdiyev Vasif Əliyar oğlu)

Körpəlikdə çox sakit uşaq olan Vasif məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı və onunla ən çox babası Mehdi kişi və nənəsi məşğul olurdu.
Vasif Əliyar oğlu Mehdiyev 16 aprel 1987-ci ildə Salyan rayonunun Kürsəngi kəndində həkim ailəsində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirmişdir. 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə proflaktika fakültəsinə daxil olmuşdur. Təhsildən əlavə idmanla məşğul olur. Həkim ailəsində doğulduğu və həkimlik peşəsinin insanlara nə qədər çox lazım olduğunu gördüyü üçün VIII sinifdən o da bu peşəyə yiyələnməyi qarşısına məqsəd qoyur.
Orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyub. Bütün fənləri sevməklə yanaşı kimya, biologiya, riyaziyyat, fizika, fənlərinə daha çox fikir verib.
Ali məktəbdə dərslərini yaxşı oxuyur və ictimai işlərdə fəal iştirak edir. Bu yaxınlarda ali məktəb tələbələrinin IX respublika spartakadasının qalibi olub və diplomla təltif olunub.
Vasif həyatında ən maraqlı gün ali məktəbə daxil olduğu günü hesab edir. Çünki ən böyük arzusuna çatmışdı.
Gələcəkdə cərrah olmaq istəyən Vasif qəbul imtahanlarında göstərdiyi nəticəyə görə fənn müəllimlərinə minnətdardır. Xoşbəxtliyi insanlara gərəkli bir həkim olmaqda görür və hər bir normal insan kimi zirvəyə qalxmağa can atır.
Asudə vaxtlarında idmanla məşğul olmağı və gəzintini xoşlayır.