elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 апреля 2012 г.

Abdullayeva Minayə Mətləb qızı



Minayə ailənin ikinci övladıdır. Təbii ki, hər bir övladın arzusu valideyinlərinin adını gələcəkdə yaşatmaqdır. Ona görə də atası ilk gündən qızına anasının adını qoyacağını bildirmişdi. Yoldaşı da bu qərara hörmətlə yanaşdı. Beləliklə, qızının adını nənəsinin şərəfinə Minayə qoydular.
Minayə körpəlikdə çox sakit, utancaq uşaq olub. Özündən iki yaş böyük qardaşı Cavidlə oynamağı xoşlayırdı. Hər zaman yeni şeylər öyrənməyə can atır, hamının sevgisini qazanmağa çalışır. Artıq 4-5 yaşında Minayə əlifbanı bilir, tam saymağı bacarırdı.
 O, əvvəldən bütün yaşıdlarından güclü yaddaşı və səlist danışmağı ilə seçilirdi. Əzbər söylədiyi şeirlər hamıda heyranlıq doğururdu. Anası qızına sərf etdiyi əməyin hədər getmədiyini görüb, fərəh hissi keçirirdi. Yəqin ki, bu gözəl şeir demək qabiliyyəti ona ansından keçib, çünki, o da məktəb illərindən hər zaman şeir müsabiqələrində iştirak edib, fəxri fərmanlar qazanardı.
Minayə ilə bağlı bir anı sizinlə bölüşməyə bilmərik. Avqust ayı idi. Hər bir valideyin kimi valideyinləri 6 yaşlı Minayəni məktəbə yazdırmaq üçün evlərinə ən yaxın olan məktəbə getdilər. Bu yeni tikilmiş məktəbin Heydər Əliyev adına lisey və şagirdlərin bura yalnız imtahan yolu ilə qəbul olunduğundan tam xəbərsiz idilər. Binaya daxil olub sənədləri və ərizəni təqdim edəndən sonra Minayə ilk dəfə olaraq müəllimlər qarşısında dayanaraq suallara cavab verməyə başladı. Adını və soyadını soruşandan sonra ilk sual riyaziyyatla bağlı oldu.
Müəllim ondan iki-iki  saymağı tələb etdi. Minayə də təmkimlə saymağa başladı. 16-ya qədər sayandan sonra müəllim indi də iki-iki geri saymağı tələb etdi.  O, eyni ardıcıllıqla geri saydıqdan, toplama və çıxma ilə bağlı sualları tam sərbəst cavablandırandan sonra müəllimlərin üzündəki heyranlıq heç vaxt gözünün önünüdən çəkilmir. Sonra əzbər söylədiyi şeirlərlə, danışdığı nağılla və ümumi dünya görüşü ilə müəllimlərin rəğbətini qazanaraq ən yüksək balla liseyin I sinfinə qəbul olundu. Bu gün valideyinlərinin və əlbəttə ki, Minayənin də həyatında ən xoşbəxt və unudulmaz bir gün kimi xatirələrə həkk olundu
Minayə iki il Azərbaycan və müasir rəqslər üzrə Günəş rəqs qrupunda çıxış edib. Sonra isə iki ilə yaxın rəsm dərnəklərində öz fantazyalarını rəngli boyaların köməyi ilə ağ kağıza köçürüb. İndi isə S. Rüstəmov adına musiqi məktəbində fortepiano üzrə V sinifdə oxuyur. Musiqidə də uğur qazanmağı qarşısına məqsəd qoyan Minayə artıq məktəb üzrə təşkil olunmuş konsetrlərdə bir neçə dəfə iştirak edərək hamının rəğbətini qazanıb.
Minayə Mətləb qızı Abdullayeva 1997-ci ildə noyabrın 20-də Salyan rayonunda dünyaya gəlmişdir. İndi isə Bakı şəhəri Xətai rayonunda qeydiyyatdadır və burada yaşayır. H. Əliyev adına liseyin VIII sinfində oxuyur. Dərs əlaçısıdır və eyni zamanda sinif nümayəndəsidir. Asudə vaxtlarında Minayə daha çox qiraətlə məşğul olur. Vətənpərvərlik mövzusunda olan şeirləri oxumağı daha çox xoşlayır. Vətən, Ana, Qarabağ haqqında yazılan şeirləri söyləyəndə insan hissə qapılmaya bilmir.
Həqiqətən söylədiyi şeirlə dinləyicinin qəlbinin ən həssas tellərinə toxunmağı bacarır.
Yəqinki, anasının filoloq olmağı və atasının tarix fənninə böyük məhəbbəti Minayədə də humanitar fənlərə həvəs yaratmışdır.
O, dərslərini yaxşı oxuyur. Azərbaycan dili, ədəbiyyat, coğrafiya, riyaziyyat, tarix və xarici dil  onun ən sevimli fənləridir. Məktəbdə təşkil olunmuş teatr tamaşalarında, Qırmızı papaq nağılında Qırmızı papaq qız rolunda, ingilis dilində səhnələşdirilmiş Sindrella nağılında Sindrella rolunda və bir çox digər tamaşalarda aparıcı kimi çıxış edib.
Onun ən uğurlu günlərindən biri də fortepiano üzrə imtahan verdiyi gündür. Fortepiano ixtisasından imtahan verərkən aldığı 5 və müəllimin xoş baxışı onun heç vaxt yadından şıxmır. O günü onun sevincinin həddi-hüdudu yox idi. 
O, xoşbəxtdir ki, onu sevən, onu başa düşən və onun qayğısına qalan ailəsi var. Arzusu ailəsinin fəxri olub, ən yüksək nailiyyətləri əldə etməkdir. Təbii ki, o, hələ həyatda daha çox şey öyrənməlidir. Bildikləri ilə qətiyyən kifayətlənə bilməz. Nailiyyətlərini artırmaq üçün daim çalışmalı olduğunu çox gözəl başa düşür. Məqsədi gələcəkdə orta məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə ən yüksək balla qəbul olmaqdır. Onun fikrincə bir insanın arzusu tarixin yaddaşında qala bilməkdir. O da bu istəklə ailəsinə və vətəninə xeyirli övlad olmağa çalışır. İllər sonra tarixə böyük bir şəxsiyyət kimi adını yazdıra bilsə, dünyanın ən xoşbəxt  insanı olar.

24 апреля 2012 г.

Hacıyeva Kəmalə Rövşən qızı

Qəhrəmanımızın anası: “ - Deyirlər insanın adı onun taleyinə təsir edir. Kəmalə sözü ağıllı, kamallı deməkdir. Bu ad bizim qızımıza çox yaraşır. Kəmalə körpəlikdə çox maraqlı uşaq idi. O rəqs etməyi, mahnı oxumağı, şəkil çəkməyi çox xoşlayırdı. Kəmalədə şəkil çəkiməyə, rəqs etməyə meyl 4 yaşından yaranıb. Məktəbə gedənə qədər yazıb-oxumağı çox yaxşı bilirdi. Biz Kəmaləni “British school” ingilis istiqamətli məktəbə təyin etdikdə o ingiliscə bir kəlmə belə bilmirdi. Müəllimlərinin nə söylədiyini başa düşmürdü. Bundan çox narahat olurdu. Lakin bir ay ərzində sinifdə ən yaxşı şagirdlər arasında o da var idi”.
10 noyabr 2001-ci ildə Bakı şəhərində dünyaya gələn Kəmalə Rövşən qızı Hacıyeva “British School” məktəbinin şagirdidir. Bütün dərslərini yaxşı oxumağa çalışır və buna nail olub. Ən çox sevdiyi fənn tarix və ingilis dilidir. Məktəbin xor qrupunun üzvüdür. Məktəbdə keçirilən bayram tədbirlərdə fəal iştirak edir.
Mənim ən uğurlu günüm ilk dəfə 11 iyul 2009-cu ildə II yerə görə mükafatlandırıldığım iki diplom idi: “This award is presented for taking part in the ballrace”, “This award is presented for taking part in the froqrace”
Kəmalə: “ - 2011-ci ilin dekabrında mən “For working Hard” yarışmasında “You a star” fəxri adına layiq görülmüşəm. Şeir yazmağı çox xoşlayıram və çoxlu mütaliə etdiyimə görə asanlıqla qafiyəni tuta bilirəm. Mənim atam da şeir yazmağı çox xoşlayırdı. O çox istedadlıdır. Gözəl piano çalır, şəkil çəkir. Mən də ona oxşamaq istəyirəm. Gələcəkdə ürək-damar cərrahı olmaq və insanlara kömək etmək istəyirəm. 2 yaşımdan bu arzudayam.
Asudə vaxtlarımda kitab oxumağı, rəqs etməyi, bilgisayarda lahiyələr araşdırmağı, şəkil çəkməyi, gənclər üçün gözəl paltarların dizaynını verməyi xoşlayıram. “British school news” jurnalının birinci səhifəsində mənim şəklim və haqqımda informasiya verilmişdir.
Milli rəqsləri ifa etməyi çox sevirəm. Deyilənə görə pis rəqs etmirəm. Mən gələcəkdə çox istedadlı cərrah və hobbi olaraq dizayner olmağı planlaşdırıram. Bildiyim kimi həkimlərin çoxu şeir yazır, şəkil çəkir. Ümumiyyətcə cərrahlıq özü də bir incəsənətdir. Bunun üçün çox işləmək çalışmaq və öz işinlə insanlara faydalı olmaq vacibdir”.

İnsanlara şəfa vermək arzusundadır (Çalova Ellada Əli qızı)


Növbəti qəhrəmanımız Elladadır. "Mədəniyyət, tərbiyə" mənasını daşıyan adını ona xalası Leyla xanım qoymuşdur. Gəzəl mənası, incə səslənməsi və çox xoşladığı adlardan biri olduğundan bacısı qızının bu adı daşıması istəyini bildirəndə anlayışla qarşılanmışdır. Ellada diqqətli, həssas, zəhmətkeş, bacardığı işləri görmək qabiliyyətinə malik bir uşaq olub. Həmişə özündən böyüklərlə təmasda olmağı xoşlayır, maraqlandığı sualları verməklə nəsə öyrənməyə səy göstərirdi. Çılğın, inadkar idi. İstəyinə, məqsədinə nail olmaq üçün var gücünü səfərbər etməyi bacarırdı. Rəqsə, musiqiyə və təhsilə, şeirlər yazmaga böyük həvəsi var idi. Məktəbə qədər anası, bacıları ona yazmağı da öyrətmişdilər.
Ellada Əli qızı Çalova 1989-cu il aprelin 25-də Gürcüstanda ziyalı ailəsində doğulmuşdur. İlk təhsilini də Gürcüstanın Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndindəki orta məktəbdə almış, III sinifdən IX sinfə qədər təhsilini Nizami rayon 10 saylı məktəbdə davam etdirmişdir. IX sinifdən etibarən Kimya-Biologiya Təmayüllü respublika liseyinin şagirdi, 2006-cı ildə həmin məktəbin məzunu olmuşdur. Elə həmin ildə Azərbaycan Tibb Universitetinə yüksək balla daxil olmuşdur. Təhsildən əlavə, III sinifdə oxuyarkən rəqslə məşğul olub. Məktəb nəzdində xor dərnəyində ifa etmiş, həmçinin Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində fortepiano üzrə təhsil almışdır. Bunlardan əlavə, Azərbaycan Dövlət Teleradio Şirkətində həmyaşıdı ilə birgə həftənin hər bazar günü radio vasitəsi ilə yayımlanan uşaq verlişinin aparıcısı olmuş, “Diqqət - danışır Bakı”, “Təbiəti sevənlər” və. s kimi verilişlərdə də iştirak etmişdir.
Elladanın dediklərindən: “ - Ümumiyyətlə, uşaqlıqdan müxtəlif ixtisaslara marağım var idi. Əvvəl jurnalist, sonra hüquqşünas olmaq arzusundaydım. Atam isə onun davamçısı, yəni riyaziyyatçı olmağımı istəyirdi. İxtisasımla bağlı maraq isə mən də VIII sinifdə oxuyarkən oyanıb. Bu ixtisas çətin, lakin çətin olduğu qədər də şərəflidir. Daxilən olan sevgim, marağım, hörmətim məni bu ixtisasa yiyələnməyə vadar etdi. Qəlbimdə gözəl Azərbaycanımın sağlam əllərdə olmasını görmək istəyi yaşayır daim!
Orta məktəbdə də dərslərimi yaxşı oxumuşam. Ümumiyyətlə, özümə söz dedirtməyi xoşlamadığımdan dərslərimə hər zaman hazırlıqlı getmişəm. Ən sevimli fənnim riyaziyyat olub, hətta o vaxt riyaziyyat sahəsini seçmədiyimə görə sinif yoldaşlarım da çox təəccüblənmişdilər. "Həyat dərsi"ni atamdan alıram, çətin anlarımda onunla bolüşürəm. Ümumiyyətlə, valideynlərimlə qürur duyuram. Onlar kimi qayğıkeş valideyn olmaq arzusundayam.”
Ellada orta məktəbdə bir çox bayram tədbirlərində həm aparıcı olub, həm də bir cox rollar ifa edib. Həmçinin tarix üzrə elmi konfransda iştirak edib. Riyaziyyat üzrə olimpiadada qalib olduğuna görə 13 noyabr 2002-ci ildə diplomla təltif olunmuşdur. İbtidai təhsilini uğurla başa vurduğuna, 1998-1999-cu tədris ilində əldə etdiyi müvəffəqiyyətlərə görə məktəb direktoru Y. M. Mirzəliyev tərəfindən 21 may 1999-cu ildə tərifnaməyə layiq görülüb. 25 may 2002-ci ildə yenə də tədris ilində müvəffəqiyyətə görə tərifnamə ilə təltif olunub.
Ali məktəbdə də dərslərini yaxşı oxuyur. Əlaçıdır. Həyatının ən uğurlu günü universtetə qəbul olduğu gündür. İlk və ən məsuliyyətli, çətin sınaqdan uğurla keçib valideyinlərinin etimadını doğrultduğuna görə məhz həmin günü həyatının ən uğurlu günü hesab edir.
Onun əksər günləri maraqlı keçir. Əzizləri ilə, ona doğma olan hər kəslə keçirdiyi, sevimli işləri ilə məşğul olduğu günlərin hamısı onun üçün maraqlı və əvəz olunmazdır.
İxtisasına yiyələnməkdə özünü valideyinlərinə, müəllimlərinə borclu bilir. Ona psixoloji cəhətdən köməklik, qayğı göstərən, zərrə qədər də olsa köməyi dəyən insanların hər birinə minnətdardır. Hesab edir ki, seçdiyi ixtisası sevməyində valideyinlərinin, xüsusən də anasının rolu daha böyük olub.
Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə ibtidai təhsilindən başlayaraq, orta təhsilini başa vurana kimi əməyi olan bütün müəllimlərinə minnətdarlığını bildirir. Ali məktəbə qəbul imtahanı zamanı özünə güvənsə də həyacan yenə də özünü büruzə verirdi. İmtahan günü televizya vastəsilə imtahan suallarının düzgün cavabları deyilirdi. O, da cavablarını yoxlayıb, nə qədər bal topladığı haqda məlumat aldı. Ancaq cavablar çıxana qədər qəlbində həyəcan var idi. Ona görə də, cavablar çıxana qədər Azərbaycanın dilbər guşələrindən biri olan Qubada istirahət etməyi qərara aldılar. Cavablar tez çıxdığına görə onlar hələ Qubadaydılar. Atasının dostu hara qəbul olduğu haqqda məlumat almaq üçün zəng vurdu. Sms gəldi ki, “Tələbə adın mübarək!”. İnanılmaz dərəcədə həsrətindəydi bu cümlənin. Ardınca hara qəbul olduğu haqda məlumat gəldi. O qədər sevincli, o qədər şən idilər ki…. Hətta Qubadakı qonşuları onların başına toplaşmışdılar. Çox maraqlı gün idi.
O, xoşbəxtliyi yalnız karyerada deyil, "dəyərli insan" adını qazanmaqda görür. Valideyinlərinin etimadini doğruldan, baş ucaldan övlad və övladlarının fəxri, qayğıkeş ana olmağı bacaran valideyin, gözəl həyat yoldaşı , insanlara kömək etməyi bacaran, vətənpərvər və ən əsası yüksək karyera əldə etmiş olsa özünü çox xoşbəxt hiss edər.
Asudə vaxtlarında mütaliə etməyi sevir. İxtisası ilə bağlı əlavə ədəbiyyatlardan məlumat toplamağı xoşlayır. Çingiz Abdullayevin əsərlərini oxumaqdan zövq alır.
2012-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən Ellada xanim hazırda xaricdə akuşer-ginekoloq ixtisası üzrə təhsilini davam etdirir. Müxtəlif konfranslarda aktiv istirak edərək sertifikatlarla təltif olunub. Hər addımında Azərbaycanlı oldugunu, qərib ölkədə Azərbaycanı təmsil etdiyini dusunur. Tərbiyəsi, mədəniyyəti, dunyagöruşü, intellektual söhbətlərilə hər kəsin diqqətini çəkməyə, Azərbaycanımızın necə övladlar yetişdirməsi və gələcəkdə də necə əllərdə olacağı barədə hər kəsdə inam yaratmaq üçün əlindən gələni edir.
İbtidai sinif müəllimi Heyran Süleymanova: “ - Ellada fiziki və əqli cəhətdən sağlam, xaraktercə sakit, mehriban, yoldaşlarına qarşı qayğıkeş və səmimi bir şagird olub. Onun bütün fənlərə, xüsusilə riyaziyyata, təbiətşünaslığa marağı var idi. Çox çalışqan, qoyduğu məqsədə çatmağa səy göstərən şagird idi. Sinifdə nümunəvi olması, sinfin həyatında fəal iştirak etməsi ilə seçilib. Bilik, savad öyrənməyə daim cəhd göstərib. Dərslərini əla qiymətlərlə oxumaqla yanaşı, məktəbin ictimai həyatında da iştirak edib. Hamının sevimlisi olmasının səbəbi həddindən artıq mehriban, söhbətçil və sərbəst olmasıdır. Həmyaşıdları ilə şən və mehriban davranır. Boş vaxtlarında mütaliə etməyi xoşlayırdı. Gözəl danışığı ürək açır, könül oxşayır. Danışarkən təmkinli idi. Fikrini aram-aram, tələsmədən ifadə etməyi bacarırdı. Fikrini qısa və dolğun ifadələrlə çatdırırdı. Düşünmək, fikir yürütmək, nəticə çıxartmaq bacarığı ilə başqalarından seçilirdi. Gözəl, intonasiya ilə şeir demək qabiliyyəti var idi. Sinifdaxili tədbirlərdə göstərilən səhnəciklərdə maraqlı rollar ifa etmişdi. Xor dərnəyində oxuyurdu. Gözəl səsi vardı. Hiss olunurdu ki, valideynlərinə, müəllimlərinə bir sözlə, vətəninə layiqli bir övlad yetişir. Müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə inanır və bu dövlətin qurucularından olmağa can atır. Arzusu vətənimizi çiçəklənən ölkələr arasında görmək və ona sədaqətlə qulluq edən layiqli bir övlad olmaqdır”. 
Gəlin, Elladaya uğurlar arzulayaq.

Zamanı qabaqlamaq onunla ayaqlaşmaqdan çətindir. (Eyvazov Pərvin Eyvaz oğlu)













Ulduzlardan birinin adı olduğuna görə, oğlunun həyatda ulduz kimi parlaq olmasını istəyərək ana dünyaya gələn övladına Pərvin adı verdi. Pərvin körpəlikdə olduqca şən uşaq olub. 3-4 yaşlarından musiqiyə həvəs göstərib. Əşyalar üzərində nağara kimi çalmağı çox sevirdi. Bu marağını görüb ona uşaq qarmonu alırlar. Elə bu maraq onu musiqi məktəbinə gətirib çıxarır. 1995-ci ildə Neftçala rayon Uşaq Musiqi Məktəbinin qarmon ixtisasına qəbul olunur, 2000-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurur. Məktəbə getməzdən əvvəl Pərvin uşaq bağçasında tərbiyə alıb. Uşaq bağçası onun inkişafında əhəmiyyətli rol oynamışdır. Məktəbə getmədən öncə ixtisasca mühəndis olan atası Eyvaz müəllim  ona əlifbanı və rəqəmləri öyrətmişdi. Artıq 5 yaşında Pərvin əlifbanı bilirdi. Anası, orta məktəb müəllimi olan Aliyə xanımın xatirələri: “ - Çox yaxşı yadımdadır ki, körpə vaxtı Pərvin yerində tez-tez yırğalanardı. Bir dəfə onu çarpayıda yatızdırıb mətbəxə keçdim. Sən demə, yatmayıb və yerində o qədər yırğalanıb ki, sürüşüb çarpayının altına düşsə də, səsini çıxarmayıb. Otağa qayıdıb gələndə gördüm ki, uşaq yerində yoxdur. Bir anlığa qorxdum, evin otaqlarını bir-bir gəzdim. Hətta yadımdadır ki, həyəcandan yoldaşımın iş yerinə də zəng etmişdm ki, uşaq yoxdur. Çarpayının altına baxmaq ağlıma gəlmirdi.  Nədənsə, elə bil kimsə dedi ki, ora bax.  Gördüm ki, çarpayının altında yatıb-yuxuya gedib.  Nə isə, o gün hələ də yadımdan çıxmayıb.  Çünki ilk övladımız olduğundan Pərvinə çox bağlıydıq”.
Pərvin orta məktəb dövründən Azərbaycan  dili və ədəbiyyatı fənnini çox sevib.  “Muğan” liseyində oxuyarkən Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya elmləri namizədi Qüdsiyyə Məmmədova bu fənn üzrə onda xüsusi maraq oyadıb və VII sinifdə Pərvinə bu fənn üzrə olimpiadaya getməyi təklif edib. Qüdsiyyə xanım keçdiyi xüsusi məşğələlərdən sonra Pərvin ilk dəfə olimpiadanın rayon turunda III yer tutur.  Bu nailiyyət ona qol-qanad verir, daha sonralar böyüyüb boya-başa çatdığı Neftçala rayonunu respublika miqyaslı olimpiadalarda belə müvəffəqiyyətlə təmsil edir. Get-gedə növbəti uğurları qazandıqca bu sahəyə marağı daha da güclənir. Ali məktəbdə isə AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, professor Yusif Seyidov, dosent  İsmayıl Əhmədzadə və başqaları bu ixtisası ona daha çox sevdirir.   
Pərvin: “ - Ali məktəbin bakalavr pilləsinə qəbul olunmağımda orta məktəb müəllimlərimdən Qüdsiyyə, Fiqumə Babayeva və Həqiqət Camalova müəllimin, magistratura pilləsinə qəbul olunmağımda isə BDU-nun müəlimləri dosent Zemfira Şahbazova və filologiya elmləri namizədi Rüstəm Məmmədovun böyük zəhmətləri olub. İndi mən bu müəllimlərimə çox minnətdaram.  Onu da deyim ki, məndə bu ixtisasa həvəs və ruh yüksəkliyi verməkdə payı olan valideynlərimin də əməyini və dəstəyini qeyd etməyi özümə borc bilirəm.
Məncə, həyatda ən xoşbəxt insan fiziki cəhətdən və mənəviyyatca sağlam olandır. Bir də o insan xoşbəxtdir ki, onun gözəl ailəsi və ətrafında, yəni mühitində həyatda arxalana biləcəyi, güvənəcəyi yoldaşları var. Bəli, insanın özü, ailəsi və ətrafı sağlam olanda o özünü daha arxayın, daha qüvvətli hesab edir. Bax, həyatda da ən böyük arzum budur.
Hər bir gənc kimi mənim də məqsədim, amalım var. Bu da mənim istədiyim hədəfə çatmağımdır. Düşünürəm ki, buna nail olmaq üçün keçməli olacağım pillələr, mərtəbələr gələcəkdə mənim əqidəli və sağlam bir ziyalı kimi daha da formalaşmağımda öz izini qoyacaqdır. Həyat sınaq meydanıdır, sözsüz ki, məqsədə çatmaq üçün hər cür çətinliklə qarşılaşacaqsan. Xalq şairi N. Həsənzadə demişkən, həyat pilləkanlarını çıxa-çıxa, liftlə qalxanları çox görürsən. Bu mənada, Allah hər bir insana, o cümələdən mənə də daha möhkəm səbr, dözüm bəxş etsin ki, bütün çətinlikləri xətasız-bəlasız dəf edim. 
Asudə vaxtlarımda çox vaxt musiqi dinləyir, mahnı oxuyur, bəzən də qarmon ifa edirəm. Hərdən futbol da oynayıram. Lirik-klassik musiqi sədaları altında Azərbaycanın görkəmli şairlərinin şeirlərini deməyi də xoşlayıram. Bir də hərdən şeirlər yazıram. Nə vaxtsa qismət olsa, yazdığım şeirləri bir araya yığıb çap etdirmək fikrindəyəm.
Məktəb vaxtı çox yaxşı vokal səsim olub (əvvəlki kimi olmasa da, indi də səsim pis deyil). V sinifdə oxuyanda 5 Oktyabr Müəllimlər günü münasibətilə əlaqədar musiqili tədbir təşkil edilmişdi. Tədbir mənim mahnı oxumağımla başladı. Mahnını necə oxumuşdumsa, bütün müəllimlər uzun müddət bu barədə danışmışdı.  Hətta ondan sonra məni tanıyanlar təkid edirdi ki, gələcəkdə mütləq müğənni olum. Allaha şükürlər olsun ki, indi artıq ali təhsilliyəm, gələcəyimə inamım var.
Tarixə düşmək hər insana - şəxsiyyətə nəsib olmur. Peyğəmbərimizin bir hədisi var: “Elmlə məşğul olan insan heç vaxt ölmür”. Bu hər bir sahədə belədir. Sözün əsl mənasında insanların qəlbində həmişə yaşamaq elə onun tarixə düşməsi deməkdir. Bu mənada, tarixə düşmək üçün gərək tarixin səndən istədiyi bir şeyi ona verməyi bacarasan. Buna görə də həmişə yaşayıb-yaratmaqla yanaşı zamanın nəbzini də tutmaq lazımdır. Bir şeyi də qeyd edim. Vaxtilə görkəmli şairimiz H. Cavid gənc yazıçı Mir Cəlala belə bir məsləhət verir: “Elə bir elmi mövzuda iş götür ki,  adın tarixə düşsün.  Məsələn, Füzulidən yaz. Yaz ki, adın Füzuli ilə bərabər tarixdə qalsın” (Bu gün M. Cəlalın “Füzuli sənətkarlığı” kitabı da şair haqqında ən dəyərli elmi mənbə sayılır). Bax bütün bunlar mənim gələcək haqqında düşüncələrimə bir istiqamət verir”.
Pərvin Eyvaz oğlu Eyvazov 1987-ci il mart ayının 23-də Biləsuvar rayonunda anadan olub. 1994-cü ildə Neftçala rayon 1 saylı orta məktəbin I sinfinə qəbul olunub. 1999-2000-ci tədris ilindən orta təhsilini Neftçala rayon Humanitar Təmayüllü “Muğan” liseyində davam etdirən Pərvin 2002, 2003, 2004 və 2005-ci illərdə keçirilmiş rayon olimpiadalarının  hər iki mərhələsində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə I yeri tutub. 2003-cü ildə  respublika olimpiadasında II, 2005-ci ildə isə III yerə layiq görülüb. 2004-cü ildə rayon məktəbliləri arasında “Mən öz rayonumun tarixi, coğrafiyası və təbiəti haqqında nələri bilirəm” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsində I, “Narkomaniya ağ ölümdür” mövzusunda təşkil edilmiş inşa-yazı müsabiqəsində II yerə layiq görülüb. Elə həmin il təhsildə əldə etdiyi nailiyyətlərə görə Neftçala rayon Bələdiyyəsi tərəfindən tərifnamə ilə təltif olunub.
            2005-ci ildə “Muğan” liseyini “Təhsil aldığı müddətdə bilik yarışlarında şərəf və ləyaqətlə təmsil etdiyinə görə” məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla mükafatlandırılıb. Həmin il liseyi fərqlənmə attestatı ilə bitirən Pərvin Bakı Dövlət Universitetinin filologiya fakültəsinə  qəbul olunmuşdur. 2006-cı ildə BDU-nun filologiya fakültəsinin təşəbbüsü ilə keçirilən və “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransda “Azərbaycan dilçiliyində kar və cingiltili samitlər terminləri”, professor Tofiq Hacıyevin 70 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfransda “Heydər Əliyevin dil siyasəti” adlı elmi məqalələrlə çıxış edib. Elə o il “İnam” İntellektual İnkişaf Mərkəzində bilgisayar kurslarında təhsil keçmiş və sertifikat almışdır.
2007-ci ildə “Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir” mövzusunda keçirilmiş elmi-praktik konfransda “Heydər Əliyevin ədəbiyyat siyasəti” adlı elmi məqalə ilə çıxış edib. Həmin il BDU-nun filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri, fakültə üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifələrinə seçilmiş və universiteti bitirənə qədər bu vəzifələrdə çalışmışdır. Həmçinin Pərvin 2007-ci ildə ali məktəb tələbələrinin XII Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə I yeri tutmuşdur.
Eyni zamanda, BDU-da keçirilən “31 mart soyqrımı”, “Hüseyn Cavid-125” “Xocalının işğalının 16-cı ildönümü”, “Novruz bayramı” adlı və digər tədbirlərin aparıcı təşkilatçısı və fəal iştirakçısı olmuşdur.
2008-ci ildə BDU-da “Filologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfransda “Neftçala rayon şivəsinin leksik xüsusiyyətləri”, Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konfransda isə “Azərbaycan Respublikasının Qanunvericilik aktlarında Azərbaycan dilinin hüquqi mövqeyi” adlı elmi məqalələrlə çıxış edib. “Gəncliyin səsi” adlı ədəbi dərgidə iki şeiri çap olunub. Həmçinin o, BDU-nun filologiya fakültəsində fəaliyyət göstərən “Ədəbiyyat dərnəyi”nin də üzvü olub. Dərnəkdə dəfələrlə oxunub müzakirə edilmiş, lakin hələ çap edilməmiş  xeyli şeirlərin müəllifidir. Qeyd edək ki, Pərvin universitetin elmi və ictimai həyatında fəallığına görə akademik Abel Məhərrəmov tərəfindən 2008-ci ildə “İlin ən yaxşı tələbəsi” fəxri adı və döş nişanı ilə təltif olunub.
2009-cu ildə iki konfransda - Tələbələrin XXI Respublika Elmi Konfransında “M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyasında dramaturji sənətkarlıq” və Bakı Slavyan Universitetində “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda keçirilən respublika elmi-praktik konfransında “Onore de Balzakın yaradıcılığında kapitalizm” adlı elmi məqalələrlə çıxış etmiş və diplomla mükafatlandırılmışdır. Universitetin elmi və ictimai həyatında fəallıq göstərən istedadlı tələbə kimi BDU-nun 90 illik yubileyi ilə əlaqədar nəşr edilən tarixi-fotoensiklopediyaya daxil edilib.
2009-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin il “Azərbaycan dili” ixtisası üzrə Bakı Slavyan Universitetinin magistratura şöbəsinə qəbul olunmuşdur. Həmin il Milli Ordu sıralarına çağırılmış, hərbi xidmətini Murovdağda keçmiş və manqa komandiri vəzifəsinə qədər yüksəlmişdir. Hərbi xidmət dövründə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə  hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
Hərbi xidmətdən sonra təhsilini magistratura pilləsində davam etdirən Pərvin 2010-cu ildə BSU-da “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda keçirilmiş Respublika Elmi-praktik Konfransında “Müasir Azərbaycan və türk dillərində köməkçi nitq hissələrinin təsnifi” adlı elmi məqalə ilə çıxış etmiş və diplomla təltif edilmişdir.
2011-ci il aprelin 26-da Bakı Slavyan Universitetində mərhum prezident Heydər Əliyevin 88-ci ildönümünə həsr olunmuş “Humanitar elmlərin aktual problemləri mövzusunda” Magistrantların I Beynəlxalq Elmi Konfransında “Müasir türk dilində əsas nitq hissələrindən qoşmalara keçid prosesində bəzi məqamlar”, mayın 25-də Sumqayıt Dövlət Univesitetində keçirilimiş Magistrantların XI Respublika Elmi Konfransında “X.R.Ulutürkün dilində dialektizmlər”, mayın 27-də Bakı Dövlət Universitetində Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda keçirilmiş elmi-nəzəri konfransda “Müasir Azərbaycan və türk dillərində qoşmalar” adlı  elmi məqalələrlə çıxış etmiş və diplomlarla təltif olunuşdur. Bunun ardınca iyun ayının 10-da  Naxçıvan Dövlət  Universitetində keçirilmiş Magistrantların III Regional Elmi Konfransında “Müasir Azərbaycan və türk dillərində stabil qoşmalar” və “Müasir Azərbaycan dilində əsas nitq hissələrindən qoşmalara keçid prosesində dinamiklik” adlı iki elmi məqalə ilə çıxış etmiş və uğurlu çıxışına görə NDU-nun rektoru, millət vəkili, akademik İ.Həbibbəyli tərəfindən diploma layiq görülmüşdür.
2011-ci il oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar keçirdiyi ümumrespublika məqalə müsabiqəsinə “Müstəqilliyimizin dili - Dilimizin müstəqilliyi” adlı elmi məqaləsini təqdim edən Pərvin SAM tərəfindən diplom və mükafata layiq görülüb.
Daha sonra BSU-da “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda keçirilən tələbə və magistrantların X Respublika Elmi-praktik Konfransında “Müasir Azərbaycan və türk dillərində tabesizlik bağlayıcıları” adlı elmi məqalə ilə çıxış etmiş və BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdulla tərəfindən diplomla təltif edilmişdir.      
2011-ci il dekabrın 28-də BDU-da görkəmli şərqşünas alim, professor Mübariz Əlizadənin 100 illik yubileyinə həsr olunmuş “Şərq filologiyasının aktual problemləri” mövzusunda Respublika Elmi Konfransında “Müasir Azərbaycan və türk dillərində bağlayıcıların mənşəyi”, 2012-ci ildə BDU-da M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş və “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda keçirilmiş elmi-nəzəri konfransda “Müasir Azərbaycan və türk dillərində ədatlar” adlı elmi məqalələrlə çıxış etmişdir.
Qeyd edək ki, Pərvin 2011-2012-ci tədris ilinin əvvəlində BSU-da Magistrantlar Şurasının sədri seçilmiş və universiteti bitirənə qədər bu vəzifədə çalışmışdır. Onun sədrliyi dövründə bir çox maraqlı ictimai-mədəni tədbirlər təşkil edilmiş, rəhbərliyi ilə ilk dəfə “Magistrantların dostu” fəxri adı təsis olunmuşdur. Və respublikamızın bir neçə tanınmış, nüfuzlu şəxsiyyəti ilə  magistrantlarla keçirilən görüşlərdə bu fəxri ad onlara təqdim edilib. Həmçinin magistratura təhsili müddətində o, elmi və ictimai fəallığına görə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü K. Abdullayev tərəfindən akademik A. Mirzəcanzadə adına olan fəxri təqaüdə layiq görülmüşdür.
Pərvin 2012-ci ildə Bakı Slavyan Universitetinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirərərək universitetin "Fəxri məzun"u adına layiq görülmüşdür. Hazırda Bakı Dövlət Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən professor Bəkir Çobanzadə adına Qaradəniz Universitetləri Şəbəkəsinin Beynəlxalq Türkoloji Elmi Araşdırmalar Mərkəzinin əməkdaşıdır.