elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 января 2017 г.

Talıbova İlahə İlham qızı

Talıbova İlahə İlham qızı 9 sentyabr 2007-ci ildə Bakı şəhərində anadan olub. Körpəlikdə çox sakit, ağıllı, səliqəli və səbrli uşaq olan İlahədə qızlara məxsus naz, ədalar elə uşaqlığından özünü büruzə verib. Kiçik yaşlarından dırnaqlarına boya çəkməyi, bəzək əşyaları və aksesuarlardan istifadə etməyi və hətta evdə ayaqqabıları ilə gəzməyi xoşlayıb. Tez-tez anasının saçlarını darayıb, müxtəlif formalar verərək, özünü gözəllik salonunda işləyən bir xanım kimi təsəvvür edib. Velosiped sürməyi xoşlayıb. Aktiv uşaq olmağına baxmayaraq, evə qonaq gələndə çox sakit davranar, dinib-danışmazdı. Rəqsə də həvəsi olub. Mahnı səsi gələndə, rəqs etməyə başlayıb. Sonradan şahmat oynamağa da həvəsi yaranıb və öyrənməyə başlayıb. Bunu məktəbdə Ofelya müəllimə öyrədib. Bu həvəs onu əsl oyunçu edib və hazırda, atası ilə şahmat oynayanda ona qalib gəlir. 1 yaşında olanda özündən böyük olan qardaşlarına baxmaqla, o da həvəslənib ki, yazı yazsın. Anası bildirir ki, əlinə vərəq alanda damaların arasında, səliqə ilə qeyri-adi işarələr cızırdı və elə bilirdi ki, nəsə yazır. Məktəbdən əvvəl hazırlığa gedib. Buna görə də yazmağı və oxumağı məktəb həyatına başlamamışdan əvvəl öyrənib. Bunları hazırda da sinif rəhbəri olan Əsginaz müəllimə öyrədib. İlahə 182 saylı tam orta məktəbin 4(a) sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Əlaçıdır. Azərbaycan dili, riyaziyyat, şahmat, texnologiya, ingilis dili dərslərini çox xoşlayır. V sinifdə rus dili dərslərinə başlayacağına görə, səbrsizliklə V sinfə keçməyini gözləyir.
Məktəbin tədbirlərində çox fəal iştirak edir. Gül bayramında H.Əliyev sarayının önündə təşkil edilən bayram tədbirlərində dəfələrlə rəqslə çıxış edib. Əlifba bayramında, IX sinif şagirdlərinin "Ana dili" tədbirində iştirak edib. Əlifba bayramında bir neçə rol ifa edib: Çinli qız, cəhirlə rəqs edən qız, riyaziyyatdan 1 rəqəmi rolu, "Lalələr" rəqsi, ingilis dilində şeirlər və s. İdman yarışlarında da həm milli, həm də hind rəqsləri ilə çıxış edib.
Ən maraqlı və uğurlu günü qardaşları məktəbin məzunu olanda 11-ciləri "Lalələr" rəqsi ilə təbrik edib. Həmin vaxt İlahə də I sinfi başa vurub.
Əldə etdiyi uğur və nailiyyətlərinə görə özünü valideynlərinə və sevimli müəllimlərinə borclu hesab edir. Gələcəkdə, atasına oxşamaq, həkim olmaq istəyir. Amma arzuları kifayətlənmir. İlahə, həm də rəssam-dizayner olmağı arzulayır. Bu sahələri çox sevir. Fikirləşir ki, insan hərtərəfli inkişaf etməlidir. Balaca müsahibimiz ətrafı, peşələri dərk edəndən bu sahələri çox xoşlayıb. Ona görə də indi bir neçə sahədə özünü sınayır.
Asudə vaxtlarında kitab oxuyur, şahmat oynayır, rəsm çəkir. Deyir ki, Fatma Həsənqızının bütün kitablarını oxuyur. İncəsənət sahələri arasında baletə, gimnastikaya da böyük marağı var. Onun incəsənətə olan marağının yaranmasında valideynlərinin rolu böyükdür. Belə ki, İlahənin anası bildirir ki, uşaqlar hələ kiçik olanda o, Novruz bayramı ərəfəsində evdə kiçik səhnəciklər qurmaqla uşaqlarda bayrama, adət-ənənələrimizə qarşı maraq oyadıb. Evin sonbeşiyi olduğundan, ailə üzvləri onu xüsusilə sevir. Həm valideynlərinin, həm də qardaşlarının göz bəbəyidir.
Tarixin yaddaşına adını yazmaq üçün həkim-alim olub, indiyədək çarəsi bilinməyən xəstəlikləri müalicə etmək istədiyini deyir. İlahə daha bir maraqlı arzusunu da bizimlə bölüşdü və dedi ki, əgər onun əlində sehrbaz olmaq imkanı olsaydı, ilk növbədə pis qəlbli insanları yer üzündən yox edərdi.

Məktəbin tədbirlərində, açıq dərslərdə fəal iştirak edən İlahə bildirir ki, bu sinfin tədbirləri məktəbin direktoru Zinyət müəllimə tərəfindən də bəyənilib və onların Texnologiya fənni üzrə təşkil etdikləri açıq dərsdə, müəllim-şagird-valideyn üçbucağı üzrə möhkəm işin nəticəsi kimi sinif kollektivi fəxri fərmanlarla təltif olunub. Onların bu uğurları barədə 182 saylı orta məktəbin elektron səhifəsində geniş məlumat işıqlandırılıb.

Əliyev İlqar Azad oğlu

Əliyev İlqar Azad oğlu 30 mart 2001-ci ildə Yevlax şəhərində anadan olub. Ailədə iki uşaqdırlar. İlqar, həm davranışları, həm də uğurları ilə öz doğmalarının rəğbətini qazanıb. İlk dəfə Yevlax şəhər S.Vurğun adına 5 saylı orta məktəbdə birinci sinfə addımlayan İlqar, hazırda həmin məktəbin 10(a) sinif şagirdidir.
Güləş idman növü ilə məşğuldur.  Gülər Quliyevanın rəhbəri olduğu 10(a) sinfində, güləş idman növü ilə məşğul olan şagirdlərdən əlavə, rəsm müsabiqələrində iştirak edib nailiyyət qazanan, elmi-texniki yaradıcılıq bacarıqlarına görə təltif olunan, fənn olimpiadalarında qalib gələn şagirdlər də təhsil alır. Sinif rəhbəri Gülər müəllimə sinfinin fərqlənən gənclərindən biri olan İlqar barədə təəssüratlarını bizimlə bölüşdü: "İlqar bacarıqlı, çalışqan şagirddir. Dərs əlaçısıdır. Məktəbin ictimai işlərində də fəal iştirak edir."
İlqarın məktəbdə keçirilən tədbirlərdə iştirakını da bildirmək yerinə düşər. Bu tədbirlərin sırasında Xocalı faciəsinə həsr olunan tədbiri, kimya, coğrafiya gecələrindəki iştirakını qeyd edə bilərik. Səsi və qiraət qabiliyyəti ilə fərqləndiyi üçün 2016-cı ildə məktəbin Son Zəng tədbirində aparıcılıq missiyası ona həvalə edilib. Dərslərindən adətən, "4 və 5" qiymətlər alır. Daha çox fizika, Azərbaycan dili, idman dərslərini xoşlayır. İdmana olan marağı sayəsində, İlqar bu gün idmanın sərbəst güləş növü üzrə xeyli uğura imza atıb. Onun bu nailiyyətlərindən dolayı qazandığı diplom və fəxri fərmanları var. Həmçinin, rayonun "Kür" qəzetində də onun qazandığı uğurları haqqında məlumatlar dərc olunub. 2013-cü ildə 9 Noyabr - Dövlət Bayrağı günü münasibəti ilə yunan-roma güləşi üzrə Yevlax şəhər Gənclər və İdman İdarəsi tərəfindən keçirilən Yevlax rayon birinciliyində iştirak edərək, II yeri tutub və fəxri fərmanla təltif olunub. 2014-cü ildə Ulu Öndər H.Əliyevin 91 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Yevlax şəhər Uşaq Gənclər İdman Mərkəzinin (UGİM) açıq birinciliyində iştirak edərək, 42 kq çəki dərəcəsində II yeri tutduğuna görə diplomla təltif olunub. Yenə də 2014-cü ildə, 8-9 noyabr tarixlərində Dövlət Bayrağı günü münasibəti ilə idmanın sərbəst güləş növü üzrə Yevlax rayon birinciliyində 50 kq çəki dərəcəsində I yeri tutduğuna görə, Yevlax şəhər Gənclər  və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub. Keçmiş SSRİ idman ustası Tofiq Tağıyev də tələbəsi İlqar Əliyev barədə fikirlərini bizimlə bölüşdü: "İstər davranışına görə, istərsə də idmandakı bacarıqlarına görə fərqlənir. 5 ilə yaxındır ki, tələbəmdir. Dəfələrlə turnirlərdə iştirak edib. Məsələn, mərhum idman ustası, məşqçi müəllim Cəfərov Qabil Məsim oğlunun xatirəsinə həsr olunan turnirdə də iştirak edib, çempion olub. Alicənab, mədəni oğlandır. Yoldaşları ilə davranışında da bu xüsusiyyəti özünü büruzə verir. İdman sahəsindəki gücündən əminəm və bilirəm ki, gələcəkdə İlqar Azərbaycanı təmsil edib, ölkəmizin şərəfini və bayrağını ucalda biləcək."
İlqar həm də Prezident İlham Əliyevin tapşırığına əsasən, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiyalarda da iştirak edib. 2016-cı ilin noyabr ayında Şəhər İcra Hakimiyyətinin də nəzarəti ilə həyata keçirilən tur çərçivəsində 4 gün müddətində gənclər Lənkəran, Masallı bölgələrində olublar. Tur-aksiya müddətində H.Əliyev mərkəzini, 1936-cı ildə salınan Hirkan dövlət qoruğunu, illərlə Masallı rayonunun Hişgədərə kənd natamam orta məktəbinin müəllimi olmuş Rəhim Tağıyevin öz təşəbbüsü və imkanları ilə yaratdığı, hazırda da onun adını daşıyan Tarix-diyarşünaslıq muzeyini, çay fabrikini gəziblər. Tur-aksiya müddətində devizə uyğun olaraq, bölgələrimiz barədə xeyli yeni məlumat qazanan gənclərimiz bu turdan razı qalıblar. Azərbaycan Dövlət Televiziyasının hazırladığı süjetdə İlqar da bu layihə barədə təəssüratlarını bölüşərək, çıxışının sonunda Prezidentə təşəkkürünü bildirib.
Öz uğurları ilə doğmalarının, müəllimlərinin ürəyində dərin yer qazanan İlqara biz də redaksiyamız adından daha yeni uğurlar arzulayırıq və inanırıq ki, gələcəkdə İlqar ona olan etimadı doğruldacaq. Xoş sorağın təkcə paytaxt Bakıda yox, bütün respublikada, hətta ölkəmizin hüdudlarından kənarda da eşidilsin.

Abdullayeva Nərgiz Rahim qızı

Abdullayeva Nərgiz Rahim qızı 2 avqust 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəykən hiperaktivliyi anasının diqqətini çəkib. Belə ki altı aylıq olarkən yeriməyə cəhd göstərməsi, bir yaşında dəqiqələrlə çox rahat şəkildə başaşağı vəziyyətdə qalması onu həmyaşlarından fərqləndirib. Dörd yaşı olanda anası Nərgizi gimnastika dərnəyinə yazdırıb. Səkkiz məşğələdən sonra bir il fəaliyyət göstərən qrup üzvlərini geridə qoyan qızcığaz hamının, o cümlədən müəllimi Sevil xanımın diqqətini çəkib. Musiqili gimnastik nömrələrlə “Space” kanalının “Kim nə bacacır?” telelayihəsində, “İctimai” televiziyanın səhər proqramında, ATV kanalında 1 İyun Ümundünya Uşaqları Müdafiə Günü münasibətilə hazırlanan səhər verilişində canlı yayımlarda iştirak edib.
Qızının ritm duyğusunun güclü, rəqsə olan həvəsinin böyük olduğunu görən anası onun sənədlərini Bakı Xoreoqrafiya Akademiyasına təqdim edir. İmtahanları uğurla verən Nərgiz burada da hamını üstələməyi bacarır və münsiflərin hamısının müsbət rəyilə akademiyanın (o vaxtki Bakı Xoreoqrafiya Məktəbinin) birinci sinfinə qəbul olunur. İlk günlərdən bütün diqqətləri özünə çəkməyi bacaran Nərgiz plastikası, elastikliyi ilə görənləri heyrətə salır. Bədənini büsbütün özünə ram etməyi bacaran bu qız sanki plastilindən düzəldilən fiqurları xatırladır. Məhz bu səbəbdən 6 yaşlı qız haqda “Aygün” jurnalının ilk sayında uşaq rubrikası üçün ayrılmış səhifədə maraqlı yazı dərc olunur. Məktəb tədbirlərində çıxış edən Nərgiz klassika müəlliminin rəğbətini qazanır və Opera və Balet Teatrında uşaqlar üçün hazırlanan “Zoluşka”, “Düyməcik” tamaşalarında, “Don Kixot” baletində səhnəyə çıxır. 2016-cı ildə MDB məkanında ilk olaraq Bakı şəhərində düzənlənən, Azərbaycanın ilk balerinası Qəmər Almaszadənin şərəfinə təşkil olunan milli və klassik rəqslər üzrə I beynəlxalq müsabiqədə Çaykovskinin “Şelkunçik” baletindən “Podetro” rəqsi ilə çıxış edir. Müsabiqə 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulduğundan mükafatlar uğrunda mübarizə aparmasa da sənətə, səhnəyə olan həvəsi münsiflərin rəğbətini qazanır və xoreoqrafların diqqətini ona yönəldir. Müsabiqədə çıxış etdiyi dörd nömrənin hamısında bacarıq göstərən qızçığazın ən böyük arzusu isə hələ də xəyal olaraq qalırdı. Bu, “Şelkunçik” operasında baş rol olan Klara (Maşa) obrazı idi. Özü üçün məşqlər edən, az qala hər gün bu operaya ya tam, ya da müəyyən fraqmentlərinə tamaşa edərək yuxulayan Nərgizin arzusu bir gün çin olur. BXA-nın ən nüfuzlu xoreoqraflarından olan albaniyalı mütəxəssis Pellumb Aqaliyay baş rola Nərgizin namizədliyini təsdiq edir. Üç aylıq gərgin məşqlərdən sonra yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşanın premyerası olur. Anşlaqla keçən tamaşadan nəinki ölkənin sayt və xəbər agentlikləri, hətta Rusiya və digər ölkələrin də mütəxəssisləri xoş sözlərlə yazılmış məqalələr dərc etdirirlər. MDB-nin bir çox dəyərli xoreoqrafları bu tamaşaya fəxri qonaq qismində dəvət olunmuşdular.
Lider TV-nin “Səda” xəbərlər buraxılışı bu haqda geniş reportaj hazırlayır və tamaşanın yaradıcı heyətindən müsahibələr götürür. Nərgiz öz ürkək və səmimi müsahibəsilə yadda qalır. Premyeradan dərhal sonra Az.TV nin “Pillə” verilişində BXA-nın ən qabaqcıl şagirdlərinin iştirakıyla veriliş çəkilir. Burada da Nərgizə xüsusi yer ayrılır.
Bütün bu uğurların arxasında gərgin məşqlər, istirahətsiz günlər və doyasıyla yaşana bilməyən uşaqlıq durur. Qəhrəmanımız dünyaca ünlü balerinaları və beynəlxalq müsabiqələri izləməkdən usanmır. Ən böyük arzusu isə ölkəmizi nüfuzlu yarışmalarda təmsil etməkdir. Bu il onun belə müsabiqələrin birinə qatılması planlaşdırılıb.
Təsviri incəsənət və ədəbiyyat fənlərini sevən Nərgiz pianoda ifa etməyi də xoşlayır. Buna görədir ki, musiqi imtahanından “əla” qiymət alır.
Ən böyük arzusu dünyaca məşhur balerina olmaq və vətənimizi bu sahədə tanıtmaqdır. Əldə etdiyi nailiyyətlərinə görə müəllimlərinə və valideynlərinə minnətdar olan kiçik qəhrəmanımız anasının üzərində daha çox zəhməti olduğunu qeyd edir.

Biz də Nərgizə uğurlar arzulayır və jurnalda yazıldığı kimi bir gün Qara Qu Quşu obrazında görməyi arzulayırıq. Yolun açıq olsun!

30 января 2017 г.

Quliyeva Zərifə Elfaq qızı

Quliyeva Zərifə Elfaq qızı 2007-ci il iyunun 10-da Gəncə şəhərində anadan olmuşdur. Zərifə ailənin ilkidir. O, 4 yaşına qədər Gəncə şəhərində böyümüş, sonra isə atasının işi ilə əlaqədar Tovuz rayonuna köçmüşdür. Hazırda Tovuz rayonunun N. Tusi adına məktəb-liseyin IV sinifində təhsil alır. Zərifə hələ uşaq vaxtlarından nənəsindən şeirlər öyrənir, çoxlu nağıllara qulaq asmağı xoşlayırdı. Onun uşaqlıq arzusu böyüyüb həkim olmaq, bu sahədə dövlətimizə xidmət etməkdir. Zərifə bütün fənləri çox sevir, o həmçinin mətnlər, şeirlər yazmağı da xoşlayır. İstedadlı balacamız hələ II sinifdə oxuyarkən kiçik həcmli kitab yazmışdır. Məhz buna görədə onun ən çox sevdiyi iş kitab oxumaqdır. Zərifə bilik yarışlarında da ön sıralarda olub, diplom və sertifikatlar almışdır. O, həmçinin bütün müəllimlərini çox sevir, hər birinə xüsusi hörmətlə yanaşır. Zərifənin ən çox sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat, rus və ingilis dilləridir. İstedadlı Zərifə öz dərsləri ilə yanaşı, kiçik bacısı Şövkətin dərslərində də kömək edir, bilmədiyi mövzuları ona izah edir.
Sinif rəhbəri Şəfəq xanım da Zərifə ilə bağlı fikirlərini bizimlə bölüşmüşdür. Şəfəq müəllimə qeyd edir ki, Zərifə I sinifin ilk aylarında çəkingən, utancaq bir şagird idi. Öz fikirlərini deməyə utanırdı. Vaxt keçdikcə təhsilə olan marağı onun bu vərdişlərini aradan qaldırdı. Zərifə dərsdə müəllimi diqqətlə dinləyir, verilən tapşırıqları mütləq yerinə yetirirdi. II sinifdə şifahi riyazi hesablamalardakı bacarığı onu sinifdə hamıdan fərqləndirirdi. Artıq sinifdə gedən müzakirələrə qoşulub öz fikrini sərbəst söyləməyə başlamışdı. Öz üzərində çalışmağı çox sevir. Ev tapşıdıqlarını sərbəst şəkildə, valideyninin köməyi olmadan yerinə yetirir. III sinifdə müxtəlif bilik yarışmalarında iştirak etmiş və birincilər sırasında yer almışdır. IV sinifdə Zərifənin daha bir bacarığı üzə çıxdı. O artıq özü şeirlər, nağıllar, hekayələr yazmağa çalışır. Zərifə hər həftə məktəbin kitabxanasından yeni bir kitab götürüb oxuyur. Hətta babasından ona yeni kitablar almasını xahiş edir. Məhz buna görə də Zərifə Azərbaycan dilindən müzakirə olunan mövzulara özünəməxsus şəkildə münasibətini bildirir. Sonda isə Şəfəq müəllimə xüsusilə vurğulayaraq bildirir ki, Zərifə bu cür məsulliyəti, çalışqanlığı və bacarğı ilə öz istəyinə-həkim olmaq arzusuna nail olacaq. Məktəbin direktoru Valeh müəllim də Zərifənin bu istedadları nəticəsində onun adının "Savalan" qəzetinə düşəcəyini söyləyir. Biz də öz növbəmizdə istedadlı balacamıza uğur, müvəffəqiyyət, parlaq gələcək arzu edirik. Əminik ki, Zərifə öz çalışqanlığı ilə öz məqsədinə çatacaq və dövlətimizin savadlı həkimlərindən biri olacaq.

İsmayılova Nuray Mehman qızı


İsmayılova Nuray Mehman qızı 20 oktyabr 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Nuray körpəlikdən şən, şıltaq uşaq olub. Rəsm çəkməyi sevib. Birinci və ikinci siniflərdə oxuyanda hətta məktəb dəftərlərində də şəkil çəkirdi və müəllimləri şikayət edirdilər. Məktəbə gedənə qədər məktəbəqədər hazırlıq kurslarına getmişdir və bu yaşda artıq ingiliscə danışırdı.
Bakı Modern məktəbində təhsil alır. Sevdiyi fənlər riyaziyyat və rəsmdir. Tarix dərsini hələ keçməsə də, səbirsizliklə onu gözləyir. Tarixə çox böyük həvəsi var. Ona görə tez- tez valideynlərindən tarixlə bağlı suallarına cavab vermələrini xahiş edir. Dərslərini yaxsı oxuyur. Nuray məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Rəqs etməyi sevdiyi üçün bu tədbirlərdə həvəslə rəqs edir. Rəsm sərgilərində çox iştirak edib və diplomlarla təltif edilib. Beynəlxalq “Saf rənglər” festivalında “Bakı mənim gözlərimlə” mövzusunda laureat olub. Hər bir uşaq kimi uğurlarında valideynlərinə borclu olduğunu deyir. Onlar da öz növbələrində Nuray üçün hər şeyin yaxşısına çalışırlar. Rəsm onun sevdiyi bir sahə olduğu üçün bu sahədə bacardığı qədər irəliyə getməyə can atır. Rəsmlərinin tanınmış muzeylərdə olmasını istəyir. Gələcəkdə interyer və eksteryer dizayneri olmaq fikrindədir.
Asudə vaxtı az olur.
Vətənə və ailəsinə layiqli övlad olmaq arzusundadır. Nuray istəyir ki, ailəsi onunla fəxr etsin.

Tarixin yaddaşına bir xeyriyyəçi kimi yazılmaq istədiyini deyir. Arzusu evsizlərə, köməyə ehtiyacı olanlara yardım etməkdir.