elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

28 ноября 2016 г.

Muxtarov Məhəmməd Ziya oğlu

 

Dahilərdən biri deyib ki, hər bir uşaq öz ailəsinin güzgüsüdür. Hansısa bir uşağın üzünə baxanda, onunla bir-iki kəlmə danışanda mənsub olduğu ailənin, valideynlərin uşaqlara olan diqqətinin, qayğısının səviyyəsini müəyyənləşdirmək olar.
Muxtarov Məhəmməd Ziya oğlu 6 oktyabr 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailənin sevimlisi Məhəmməd körpəlikdə sakit, ağıllı və mehriban uşaq olub. O, özünəməxsus davranışı və düşüncələri ilə hər zaman fərqlənmişdir. Hər zaman lider olmağı sevən uşaqdır. Gözəl və səlis nitqi var. 5 yaşında məktəbə qəbul olunub. Sinifdə ən balaca, amma ən fəal şagirddir. Məhəmmədin 3 yaşı olarkən onun təhsili ilə anası və bağçada müəlliməsi məşğul olmağa başlamışlar. Məhəmməd məktəbə gedəndə artıq hərfləri tanıyır, oxumağı, yazmağı, sadə riyazi hesablamaları bilirdi. Hazırda 132-134 №-li məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. O, bütün fənləri eyni həvəslə oxuyur və sevir. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Məhəmməd özü barədə bunları dedi: “Məktəbə ilk getdiyim gün məni Azərbaycan telekanalında yayımlanan “Səhər” verilişinə dəvət etdilər. Burada mən bütün birinciləri təmsil edirdim. Keçən il də Azərbaycan Teleradiosunda “Ənənə boğçası” adlı verilişdə çıxış etmişəm. 4 yaşında olarkən çəkdiyim rəsmlərim “Tumurcuq” jurnalında çap edildi. Tədbirlərin birində Nizami Gəncəvi rolunu ifa etmişəm. Həyatımda uğurum çoxdur, ancaq ən çox yaddaqalan həmişə ilk olur. Bu mənim bağçanı bitirib məktəbə imtahan verdiyim gündür. Həmin gün heç zaman yadımdan çıxmaz. Əldə etdiyim uğur və nailiyyətlərimə görə özümü valideynlərimə borclu bilirəm. Atama və babalarıma bənzəmək istəyirəm. Diplomat olmaq arzusundayam. Bu fikir məndə valideynlərimlə ölkəmizi və digər ölkələri gəzərkən yaranıb. Ölkələr barədə dərin biliklərə və anlayışa malik olmaq üçün onun tarix və mədəniyyətini öyrənməyə maraq göstərirəm. Asudə vaxtlarımda mütaliə ilə məşğul oluram. Rəsm kursuna gedirəm. Çünki rəsm çəkməyi çox sevirəm və rəsmlərimdən ibarət sərgi təşkil etmək arzusundayam. Tarixin yaddaşında əbədi olaraq qalmaq, nəhəng dövlətlər arasında vətənimizi layiqincə təmsil etmək, bayrağımızı daim yüksəklərdə görmək istəyirəm”.

 Biz də inanırıq ki, Məhəmməd gələcəkdə yüksək intellektual keyfiyyətləri ilə ölkəmizin adını daha da yüksəklərə qaldıracaq, ona bəslənən ümidləri doğruldacaq. Uğurların bol, yolun işıqlı olsun, Məhəmməd.

27 ноября 2016 г.

Mehrəlizadə Alış Elxan oğlu

Mehrəlizadə Alış Elxan oğlu 19 sentyabr 2000-ci ildə İmişli şəhərində ziyalı ailəsində anadan olub. Alış dəcəl, nadincliyi ilə həmişə ətrafındakı insanların diqqətini cəlb edən bir uşaq olub. Şəkil çəkməyi çox sevib. Uşaqlıqdan ağ vərəqlərdə öz uşaq dünyasını başqalarına tanıtmaq üçün maraqlı, qeyri-adi şəkilər çəkərdi. Bu şəkilləri özünəməxsus şəkildə başqalarına izah edərdi. Məktəbə gedənə qədər oxuyub-yazmağı bacarıb. Ailədə nənəsi və anasının müəllim olmalarına baxmayaraq ilk müəllimi babası olub. Dörd yaşı olanda Alışda oxumağa, yazmağa qeyri-adi bir həvəs yaranıb. Kitabdakı şəkilləri görüb onlara uyğun nə isə çəkməyə çalışırdı. Bu istedadını ilk görən babası olmuşdur və babası onda elmə, təhsilə həvəs yaratmışdır.
İlk təhsilini Sabunçu rayonu 252 №-li məktəb-liseydə alıb. Hazırda Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsilini davam etdirir.
Alış, demək olar ki, ilk gündən öz bacarığı ilə bütün müəllimlərin diqqətini çəkmişdir. Təhsildə olan bacarığı, qabiliyyəti ilə məktəb şagirləri arasında fərqlənməyi bacarmışdır. Ən çox sevdiyi fənn tarixdir. Bir çox məktəb tədbirlərində fəal iştirak edib.
2012-ci ildə Final kursunda keçirilən bilik yarışında II, 2014-cü ilin noyabrında məktəbdə keçirilən “Xəmsə” intellektual yarışmasında I, 2014-cü ilin dekabr ayında məktəbdə keçirilən “Breyn-Rinq” yarışmasında I, 2015-ci ildə keçirilən Respublika informatika olimpiadasında bürünc medala layiq görülüb. 2015-ci il 21 dekabrda Qafqaz universitetində tələbələr arasında keçirilən proqramlaşdırma üzrə “Science Olympiad”da “High Achievement” sertifikatı alıb. 2016-cı il yanvar ayında Azərbaycan televiziyasında yayımlanan “Əlaçı” verilişinində II yer, 2016-cı ilin mart ayında Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Breyn-Rinq” intellektual oyununda II yer qazanıb.
Uğurlarına görə özünü valideynlərinə, rəhmətə gedən babasına və bütün müəllimlərinə borclu bilir. Atasına oxşamaq istəyir. Həyatda ən yüksək zirvəyə ucalmaq istəyir. Gələcəkdə kompüter mühəndisi olmaq istəyir. Bu qərara gəlməsinin səbəbkarı atası olmuşdur. Dünyada tanınan mühəndis olmaq istəyir.
Asudə vaxtlarında hər hansı bir tarixi şəxsiyyətin bioqrafiyasını araşdırır.
Redaksiya heyəti adından biz də Alışa uğurlar arzulayır, ailənin fəxri olmasını diləyirik.


Seyidəliyeva Fidan Seyfəddin qızı

Azərbaycan xalqı həmişə öz qabaqcılları ilə fəxr edən bir xalq olub. Bu indi də belədir. Tarix boyunca yurdumuzun övladları arasından neçə-neçə alimlər, xanəndələr, rəssamlar, aktyorlar seçilib. Bu bir reallıqdır ki, insan yalnız öz məqsədləri uğrunda çalışarsa arzuladığı nəticəni əldə edər. Lakin bəzən xüsusi istedadla doğulmaq insanın həyatdakı ən böyük şansı olar. Məsələn, rəssam olmaq sadəcə çalışmaqla alınmır. Rəssam olmaq üçün “rəssam doğulmaq” lazımdır. Bu yerdə biz Azərbaycanın Xalq Rəssamları Arif Hüseynovun, Kazım Kazımzadənin, Vidadi Nərimanbəyovun, qadın rəssamlar arasından Elmira Şahtaxtinskayanın, Maral Rəhmanzadənin və daha neçə rəssamlarımızın adını sadalaya bilərik. Şairlər, yazıçılar, bəstəkarlar kimi rəssamlar da ətrafdakı gözəllikləri qəlbdən hiss edərək yeni əsərlər yaratmağa, qəlb gözü ilə gördüklərini fırça və boyaların köməyi ilə canlandıraraq bizlərə çatdırmağa nail olurlar. Rəssamlardan söhbət açmaqda məqsədimiz gələcəyə öz uğurları ilə  adını yazdırmağa iddialı olan gənc rəssamı sizlərə tanıtmaqdır. Bu, Fidandır. Onu daha yaxından tanımağa çalışaq.
Seyidəliyeva Fidan Seyfəddin qızı 6 fevral 2004-cü ildə anadan olub. Valideynləri Fidan haqqında danışarkən bildirdilər ki, Fidan uşaqlıqda çox sakit, ətrafındakı gözəlliklərə xüsusi fikir verən bir uşaq olub. İki yaşında olanda tam söyləyə bildiyi ilk söz rus dilindən tərcümədə "gözəl" mənasını ifadə edən "krasivo" sözü olub. Hər dəfə ona maraqlı gələn hər hansı bir ağac, çiçək, bina və s. gördükdə maraqlı reaksiyaları ilə yaxınlarının diqqətini çəkib. Yazmağı və oxumağı hələ uşaq bağçasında olarkən öyrənib. Fidan ilk təhsilini Era ümumtəhsil məktəbində alıb, hazırda da həmin məktəbin 7-ci sinif şagirdidir. Dərslərini yaxşı oxuyur.
Rəsm çəkməyə olan maraq onda 3 yaşından yaranıb. Bu qabiliyyəti ilə istər sinfində, istərsə də məktəbində tanınan Fidan, Alyona Bandurinanın rəsm dərnəyində professional rəsm dərsləri alır.  Əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimlərinə borclu olduğunu deyən gənc rəssamımız "gələcəkdə kimə oxşamaq istərdin" sualını isə belə cavablandırdı: "Heç kimə oxşamaq istəmirəm, yalnız özüm kimi olmaq istəyirəm və gələcəkdə kimsə mənə oxşamağa çalışsın."

Fəaliyyətində ən yüksək pillələrə qədər yüksəlmək arzusunda olan Fidan gələcəkdə rəssam - dizayner olmaq istəyir. Asudə vaxtlarında rəsm çəkməklə, internetdə maraqlı uşaq videolarına baxmaqla məşğul olur. Bacarıqlarını bir az da inkişaf etdirərək, gələcəkdə anasının peşəsini davam etdirməyi - yəni moda sahəsində çalışmağı düşünür.

Quliyev Aqşin Elşən oğlu

Quliyev Aqşin Elşən oğlu  17 fevral 2001-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri Aqşin barədə danışarkən bildirdilər ki, o uşaqlıqda ətrafında baş verən hadisələrlə dərindən  maraqlanmağı xoşlayıb. Ona maraqlı görünən hər hansı bir işi aydınlaşdırmağa çalışıb. Məsələn, radioda eşitdiyi səsin nəyə yaxud kimə aid olduğunu öyrənməyə can atıb. Məktəbə getməzdən əvvəl nənəsinin köməyi ilə hüsnxətt dəftərlərində çubuqlar çəkməyi, düzgün və səliqəli yazılış qaydalarını, saymağı öyrənib. Uşaqlığından musiqiyə həvəsi böyük olub. Qeyd edək ki, Aqşin uşaqlar arasında "Ələkbər əmi" kimi tanınan Əməkdar Artist  Ələkbər Hüseynovun verilişlərində, ATV telekanalında yayımlanan "Çıraq" müsabiqəsində iştirak edib. Diplomlarla təltif olunub. 
2007-ci ildə Beynəlxalq ümumtəhsil məktəbində (indiki adı ilə Era tam orta ümumtəhsil məktəbində) birinci sinfə addımlayan Aqşin hazırda  həmin məktəbin onuncu sinfində təhsilini davam etdirir. Ən sevimli fənni coğrafiyadır. Məktəbin bütün tədbirlərində fəal iştirak edir və belə tədbirlərdə iştirakına görə də bir neçə dəfə diplomlarla təltif edilib. 
Əldə etdiyi nailiyyətlərinə görə anasına, nənəsinə minnətdarlığını bildirən Aqşin xüsusilə vurğulayır ki, anasının babasının kasetlərə yazdırdığı musiqilərdən həzz alaraq və daha da ruhlanaraq çox şeyə nail olub. 
Aqşin bizə bunları danışdı: "Asudə vaxtlarımda musiqi dinləməyi çox xoşlayıram. 5 yaşımdan "Çıraq" verilişində iştirak etmişəm. 6 yaşım olanda Lider telekanalında yayımlanan "Talant Şou" verilişində iştirak etmişəm, ikinci yerə layiq görülmüşəm. Uşaqların müdafiəsi gününə həsr edilən tədbirlərlə əlaqədar olaraq ANS telekanalında, ATV telekanalında yayımlanan verilişlərin dəvətini qəbul edərək, orada da mahnı ilə çıxış etmişəm. Həmçinin, iştirak etdiyim konsertlərin arasında Azərbaycan Dövlət Kukla Teatrının qüsurlu uşaqlar üçün təşkil etdiyi xeyriyyə konsertini də qeyd edə bilərəm. Son olaraq 2014-cü ildə İctimai kanalda yayımlanan "Bu mənəm" verilişində iştirak edərək ilk 10-luğa düşməyə nail olmuşam. Bu uğurumla əlaqədar, seçilən uşaqların mahnılarından ibarət diskdə mənim ifam da yer alıb. Bu mənim həyatımda ilk diskdir." 
Yaşı ilə əlaqədar səsində yaranan dəyişikliklərə görə musiqi fəaliyyətinə müvəqqəti fasilə verən Aqşinə uğurlarının davamlı olmasını arzu edir və ümid edirik ki, onun adını tez-tez eşidəcəyik.

25 ноября 2016 г.

Umudov Nicat Qorxmaz oğlu

 
 
 
 
 
 
 
Umudov Nicat Qorxmaz oğlu 27 iyun 2007-ci ildə Azərbaycanın gözəl guşələrindən biri olan İsmayıllı rayonunda anadan olub. Körpəlikdən çox ağıllı, sakit uşaqdır. Heç vaxt yaxınlarını incidib, qəlbini qırmayıb. Adətən öz oyuncaqları ilə oynayır və maşınlarını söküb yenidən qurmağa çalışırdı. Uşaqlığından vətənini sevən, qəlbi təmiz, safdır. Hər kəsin yaxşılığını, daha rahat yaşamasını arzulayır. Nicat məktəb həyatına başlamazdan əvvəl, hətta üç yaşından bütün hərfləri və rəqəmləri tanıyır, yazmağı və səlis şəkildə oxumağı bacarırdı. Anasının köməyi ilə çoxlu şeirlər və nağıllar da öyrənmişdi. Bu həvəs Nicatda çox erkən yaranıb. Belə ki, 1 yaş 6 aylıq olarkən Nicat artıq uşaq şeirlərini sərbəst şəkildə söyləməyi bacarırdı. O, tez gəzməyə və tez danışmağa başladığı üçün, yeni şeylər öyrənmək ona çətin olmayıb. Anası da hər zaman onu daha çox çalışmağa ruhlandırıb. Nicatın musiqiyə də çox böyük həvəsi olub. Uşaqlığından şəkilli jurnallara, dəftərlərə baxır, bilik yarışları izləyirdi. Həmin vaxtlardan başlayaraq, tez-tez anasına iş adamı olmaq, gələcəkdə əhəmiyyətli mövqe sahibi olmaq istədiyini deyirdi.
İsmayıllı rayonu, İsrail Həsənov adına 1 saylı tam orta məktəbin dördüncü sinif şagirdi olan Nicat bizə bunları danışdı: “Mən isti bir yay günündə dünyaya göz açmışam. Nə az, nə çox – 5 kq çəki ilə doğulmuşam. Gözəl ailəmiz var. Adımı mənə Musa dayım verib. Bu ad  arzu, murad, istək mənasında səslənir. Dərslərimi əla qiymətlərlə oxuyuram. Bacım Fatimə ilə eyni sinifdə - Təranə Əliyevanın sinfində təhsil alırıq. İstəklərimə nail olmaq üçün daha çox çalışmalı olduğumu bilirəm. Bütün fənlər sevimlidir, ancaq Azərbaycan dili, riyaziyyat və informatika fənlərini daha çox sevirəm. Məktəbdə oxuduğum bu dörd il ərzində demək olar ki, hər il məktəbin tədbirlərində iştirak etmişəm. Bunların arasında Əlifba bayramında şeirlə çıxış etdiyim tədbiri, ikinci sinifdə oxuyanda 9 may – Qələbə günündə təşkil edilən veteranla görüşü, üçüncü sinifdə 28 May – Respublika gününə həsr edilən tədbirdə şeirlə çıxışımı sadalaya bilərəm. Təranə müəllimənin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə təşkil etdiyi tədbirdə mövzuya uyğun məlumatları ingilis dilində səsləndirmiş, həmçinin Azərbaycan dilində də şeir və mahnı ilə çıxış etmişəm. Rayonun təhsil müəssisələri arasında Gül bayramı münasibəti ilə təşkil edilən sərgidə əl işlərimi təqdim etmişəm və tərifnamə ilə təltif olunmuşam. Ümumilikdə nailiyyətlərim çoxdur. Dərs ilini yaxşı qiymətlərlə başa vurduğuma görə tərifnamələr də qazanmışam. Mənim üçün həyatdakı ən maraqlı gün 2013-cü ildə ilk dəfə məktəbə qədəm qoyduğum gündür. Məktəbin həyəti uşaqlar, valideynlər və müəllimlərlə dolu olarkən, mənim anam eyni gündə hər iki övladını: həm qızını, həm oğlunu birinci sinfə yola saldığı üçün fərəhlənirdi. Bu tarix həm də ona görə maraqlı idi ki, mən bacımla eyni parta arxasında əyləşmişdim. Həmin gündən indiyədək sinfin ən qabaqcıl şagirdlərindən biriyəm. Dərslərimdə əlaçı olduğuma görə bir neçə dəfə tərifnamələrlə təltif olundum. Bu günədək qazandığım nailiyyətlərimə görə öncə Allaha şükr edirəm, sonra isə valideynlərimə və müəllimlərimə borclu olduğumu bildirirəm. Mənim bu pillələrə yüksəlməyimdə ən çox zəhməti olan anama və Təranə müəlliməyə minnətdaram. Mənə elə gəlir ki, Təranə müəllimə Azərbaycanın ən yaxşı müəllimlərindəndir. Fəaliyyətimi həmişə geniş şəkildə davam etdirməyi, həyatda istədiklərimə nail olmağı hədəfə almışam. Heç vaxt piş işlərə qarışmaq istəmərəm, hər şeyin ən yaxşısının, ən gözəlinin olmasını istəyərəm. Prezidentimiz cənab İlham Əliyev kimi daim uğurla addımlamaq, yüksək mövqelərdə qərar tutmaq istərəm.”
Fəaliyyəti ilə əlaqədar tək öz sinfinin yox, bütün Azərbaycanın birincisi olmağı arzulayan Nicat məktəbi qızıl medalla başa vurub, seçdiyi ixtisas üzrə yaxşı təhsil alıb, Vətəninə layiqincə xidmət etmək istəyir. Gələcəkdə həm həkim, həm də polis olmaq haqqında düşünür. Uşaqlıqdan bu arzu ilə yaşadığını vurğulayır. İstəyir ki, iki universitet bitirsin, sevdiyi hər iki ixtisasa yiyələnsin. Nə zaman yolda bir polis görsə, yaxud bir xəstəxanada bəyaz xalatlı həkimlərimizi görsə özünü onların yerində təsəvvür edən Nicat asudə vaxtlarında çoxlu müxtəlif kitablar oxuyur, musiqi dinləməyi xoşlayır. Bəzən rəsm çəkməklə də məşğul olur. Bədii yaradıcılığa da üstünlük verir.
Təkcə ali təhsil almaqla kifayətlənmək fikrində olmayan Nicat magistratura pilləsinə qədər yüksəlmək, işini layiqincə yerinə yetirmək və xalqına xidmət edə bilmək üçün daim çalışmalıdır. Özü də bildirir ki, yaxşı bir iş sahibi olarsa, gələcəkdə oxumaq imkanı olmayan uşaqlar üçün məktəb yaratmaq, kasıb ailələrin övladlarının orada pulsuz təhsil alması üçün şərait qurmaqla, evsiz insanları imkanı daxilində isti bir yuva ilə təmin etməklə tarixin yaddaşında iz qoymaq istəyir. Xüsusilə vurğulayır ki, imkansız ailələrin uşaqlarının başqa ailələrə düşməyini istəmədiyindən, bütün uşaqların öz isti yuvalarında ailə sevgisi ilə böyümək haqqı olduğundan belə insanlara kömək etmək istəyir.

Məktəb həyatında öz fikirləri, yeni ideyaları ilə fərqlənən, müsahibənin sonunda bizə təşəkkür etməyi unutmayan Nicata biz də daim uğurlu yollarda addımlamağı, arzularına gedən yolda büdrəməməyi arzu edirik!