Atakişiyev Bəxtiyar Əjdər oğlu 19 dekabr 2002-ci ildə
Ağsu rayonunun Hacman kəndində anadan olub. Bəxtiyar körpəlikdə çox sakit və
ağıllı oğlan olub. Ətrafda baş verən hadisələri dərk etdiyi gündən onu
maraqlandıran şeylərlə bağlı valideynlərinə suallar verər, cavablar onu qane
etməyənə qədər əl çəkməzdi. Atla gəzməyi xoşlayırdı, həmçinin müxtəlif ot
bitkilərini toplayaraq, adlarını öyrənməyə çalışırdı. Uşaq yaşlarından bəri
ciddi, ətrafındakılara diqqət yetirən bir oğlandır. Çox gülməyi sevmir.
Məktəbə getməmişdən əvvəl onun təhsili ilə bağlı
maraqlanan olmayıb. Lakin öz yaşıdlarından fərqli olduğunu görən valideynləri
onu hələ 6 yaşı tamam olmamış məktəbə yönləndiriblər. Bu, yaşına görə ona çətin
olsa da, məktəbdə ona verilən sualları düzgün cavablandıra bilib. Yazmağı və
oxumağı məktəbdə öyrənib. Sinifdə yaşca ən balaca şagird Bəxtiyar olsa da dərsləri
sinifdə digərlərinə nisbətən daha yaxşı qavrayırdı.Ona verilən şeiri bir dəfə
oxumaq kifayət edirdi ki, onu əzbərləsin. Ən sevimli fənni riyaziyyatdır.
Elm dünyasına ilk addımı 5 saylı peşə liseyində atıb,
lakin hal-hazırda Qobu qəsəbəsi Qəzənfər Xalıqov adına 1 saylı orta məktəbdə təhsil
alır. Dərslərini yaxşı oxuyur. Dəqiq elmlərə qarşı xüsusilə maraqlı olan Bəxtiyar
riyaziyyat, fizika, kimya fənnlərini daha çox sevir. Məktəbdə keçirilən tədbirlərdə
də iştirak edən Bəxtiyar Novruz şənliyində və digər şənliklərdə “Çobanlar”, “Qoçəli”
rəqsləri ilə çıxış edib. “Söz inciləri” adlanan tədbirdə də əkinçi rolunda
iştirak edib. Yeni il şənliyində dəniz qulduru rolunda çıxış edib. Həmçinin məktəbdə
keçirilən idman yarışlarında da çox fəal iştirak edir.
Bəxtiyar, həm riyaziyyat, həm də fiziki tərbiyə dərsləri
üzrə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə tərifnamələr alıb. İlk dəfə
4-cü sinifdə oxuyanda riyaziyyat fənni üzrə, daha sonra isə 5-ci sinifdə
oxuyanda fiziki tərbiyə dərsi üzrə tərifnamə alıb. 7-ci sinifdə oxuyanda da riyaziyyat
fənnindən fəxri fərmana layiq görülüb.
Bəxtiyar fəaliyyətindən dolayı əldə etdiyi uğurlara
görə müəllimlərinə və valideynlərinə borclu olduğunu deyir. Xüsusilə də onun təhsili
ilə anası maraqlandığı üçün anasına minnətdarlıq edir.
Bəxtiyar gələcəkdə polis olmaq istəyir. Əvvəllər rejissor olmaq istəsə də,
sonradan insanları düzgün yola yönəltmək üçün, əmin-amanlıq yaratmaq üçün belə
qərar verib ki, polis olsun.
Bəxtiyar boş vaxtlarında dünya ədəbiyyatının nümunələrinə
üz tutur, həmçinin heyvanlar aləmindən bəhs edən sənədli filmlərə baxır. Sinif
yoldaşları ilə vaxtaşırı görüşüb birlikdə futbol oynamağı da sevir. Həmçinin
şahmat oynayır.
İncəsənət sahəsinə marağı az deyil. Rəsm çəkməyi xoşlayır.
Mənzərə şəkillərinə daha çox üstünlük verir.
Gələcəkdə xalqının firavanlığı uğrunda çalışan bir
insan olmaq, ən yaxın zamanda Qarabağ torpaqlarını erməni hərbi dəstələrindən
azad etməyi arzulayır. Vətənpərvər bir oğlan kimi yadda qalmaq istəyir.
Комментариев нет:
Отправить комментарий