Qəhrəmanımız valideynlərinin ilk övladı olmaqla yanaşı həm ata, həm ana tərəfdən nənə-babasının ilk nəvəsidir. Hər iki tərəfin ilk nəvəsi olan İradədən adının mənasını soruşduqda özünəməxsus təbəssümlə belə cavab verdi: Həm nənəmin adı olduğuna görə, həm də görünür valideynlərim böyüyəndə mənim iradəli olmağımı arzu etdiklərinə görə məhz bu adı veriblər.
İradə Zaur qızı Rəfiyeva 6 noyabr 2005-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. I sinfə İlqar Kişiyev adına 17 saylı tam orta məktəbdə gedib. Hazırda İsmət Qayıbov adına 10 saylı tam orta məktəbin IV sinfində təhsilini davam etdirir. Dərs əlaçısıdır.
İradə uşaqlıqda özünəməxsus xüsusiyyətləri ilə yoldaşlarından seçilib. Şəkil çəkməyi və müəyyən əşyalar düzəltməyi hələ kiçik yaşlarından sevib. Sevə-sevə çəkdiyi rəsmlər əsasən təbiət təsvirlərini və mənzərələri əhatə edir. Bu da təsadüfi deyil ki İradəyə verilən - Təbiət hadisəsi olsaydın özünü nəyə bənzədərdin? - sualına belə cavab verdi: - Göy qurşağına. Onun rənglərə olan sevgisi verdiyi cavabda da aşıq-aşkar özünü göstərdi. Hərdən kiçik qardaşı Murad dəcəllik edəndə İradə qardaşının üz cizgilərini rəsmə çevirib, sonra qardaşına əsəbi və gərgin olarkən necə pis göründüyünü göstərməyə çalışır. İradənin bu özəlliyi valideynlərinin marağına səbəb olur.
Yazıb-oxumağı hələ məktəbəqədər tərbiyə müəssisəsindəki, uşaq bağçasındakı müəllimlərindən öyrənən İradə artıq məktəbə gedəndə yazmağı, oxumağı və müəyyən həddə qədər hesab əməllərini yerinə yetirməyi bacarırdı.
Ən çox sevdiyi fənlər təsviri incəsənət, texnologiya və riyaziyyatdır. İradənin valideynləri, xüsusilə də atası Zaur bəy onun boş zamanlarını daha səmərəli keçirməsi, övladının hərtərəfli inkişaf etməsi üçün əlindən gələn hər şeyi edir. Qızını rəqs dərnəyinə və ingilis dili məşğələlərinə aparır.
Vaxtaşırı sınaq imtahanlarında iştirak edən İradə sınaqlardan yüksək bal toplamasına baxmayaraq, səhvləri üzərində işləyərək, növbəti sınaqlarda daha yaxşı nailiyyət əldə etməyə çalışır.
Qəhrəmanımızın sinif rəhbəri Nərminə Əliyevanın onun barədə düşüncələrini öyrənmək istədik. O sevimli şagirdi barədə bunları dedi: “ - İradə I sinfi digər məktəbdə oxusa da II sinifdən mənim rəhbərlik etdiyim sinfə gələndə intellekti, erudisiyası, dünyagörüşünün genişliyi sayəsində yeni mühitə tez uyğunlaşdı. Hətta sinfin öncül şagirdlərindən birinə çevrilməyi bacardı. İradə həmyaşıdlarından bir çox müsbət keyfiyyətləri ilə seçildiyi üçün uğur qazanması təbiidir. O çox məsuliyyətli bir uşaqdır. Dərsə hər zaman hazırlıqlı olur. İstər təhsillə, istərsə də ictimai işlərlə bağlı ona tapşırılan işlərin öhdəsindən bacarıla gəlir.”
İradə böyüyəndə tərcüməçi olmaq istəyir. Ən böyük arzusu xarici ölkələri gəzə bilməkdir balaca İradənin.
Biz də öz növbəmizdə İradəyə bütün arzularına çatmağı, valideynlərinin etimadını doğrultmağı və savadlı bir tərcüməçi olaraq Azərbaycanın maraqlarını gedəcəyi xarici dövlətlərdə şərəflə qorumağı arzu edirik.
Həyatın göy qurşağı kimi əlvan rənglərlə bəzənsin, İradə!
Комментариев нет:
Отправить комментарий