Rüstəmov Haqq Səhraf oğlu 24 aprel 1996-cı ildə Bakı şəhərində
anadan olub. Körpəlikdə çox sakit, sözəbaxan, həmyaşıdlarından bilik və bacarığına görə
seçilən uşaq olub. Sevdiyi məşğuliyyət maşın sürmək, cizgi filmlərinə baxmaq
olub.
Məktəbə gedənə qədər anasının köməyilə yazıb-oxumağı
öyrənib. Uşaq bağçasında isə müəllim məşğul olub. Hətta ingilis dilini də öyrənməyə çalışırdı.
Təsviri incəsənətə, musiqiyə marağı lap uşaq bağçasına
gedərkən oyanıb. Hətta bağçada uşaqlar oyuncaqlarla oynayanda Haqq şəkil çəkərdi.
Bir gün atası ilə parkda gəzərkən böyüklərin şahmat oynadığını görərək onlara
yaxınlaşır. Diqqətlə onların oyunlarına baxır, atasına ona da belə şahmat
taxtası almasını xahiş edir və evə gələndə özləri ilə şahmat taxtası alıb gətirirlər.
Elə o gündən evdə hər gün şahmatla məşğul olur.
İlk təhsilini 5 saylı gözdən əlillər məktəbində alıb.
Hazırda həmin məktəbin XI sinfində oxuyur. Dərslərini yaxşı oxuyur, şəkli “Şərəf
lövhə”sində olub.
Ən sevimli fənnləri tarix, Azərbaycan dili, ədəbiyyatdır.
Demək olar ki, məktəbin bütün tədbirlərində fəal
iştirak edir. Yeni il şənliklərində aparıcı, Novruz şənliyində tamaşalarda müxtəlif
rollarda çıxış edib. H. Əliyevin doğum gününə həsr olunmuş tədbirdə şeir
müsabiqəsinin iki dəfə qalibi olub. Bundan başqa məktəbdə keçirilən M. Arazın,
Vüqar Əhmədin yaradıcılığına həsr olunmuş tədbirlərdə şeir söyləyib.
Həyatında ən maraqlı, uğurlu gün və hadisələr çox
olub. Azərbaycandan kənarda hər şahmat oyununda qazandığı qələbə onun üçün ən
uğurlu gündür. Ən uğurlu, yaddan çıxmayan günü isə 2009-cu ildə Rusiyanın Penza
şəhərində keçirilən şahmat turnirində Azərbaycana ilk qızıl medal gətirdiyi
gündür.
Onun şahmatda uğurları çox olub. İstər Azərbaycanda,
istərsə də Avropada vətənimizi layiqincə təmsil edib. 2007-ci ildə Moskvada,
02.10.2007-ci ildə Rusiya Federasiyasının Krasnodar vilayətinin Adler şəhərində
uşaqlar arasında keçirilən şahmat turnirində II yerin qalibi olaraq, gümüş
medala layiq görülüb.
2009-cu ilin oktyabrında yenidən Adlerdə keçirilən beynəlxalq
şahmat turnirində III yerə yüksəlib.
Dekabrın 25-də göstərdiyi yüksək nəticələrə görə Gənclər
və İdman Baş İdarəsinin rəisi R. Abbasov tərəfindən fərqlənmə diplomuna layiq
görülüb. 2010-cu ildə “Qafqaz-Media” İctimai Birliyinin sədri Azadə Taleh tərəfindən
“İlin ən yaxşı şahmatçısı” diplomu ilə təltif olunub. 2011-ci ilin mayın 6-da Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş turnirdə fərqləndiyinə
görə diploma layiq görülüb. 24.02.2012-ci ildə Hollandiyada şahmat turnirində
II yerə çıxıb. 2013-cü ildə “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi
“Vicdanlı qələm” mükafatına layiq görülüb. 2013-cü ildə Akademik Zərifə
Əliyevanın 90 illiyinə həsr olunmuş gözdən əlil uşaq, yeniyetmə və gənclər
arasında keçirilən respubilka çempionatında I yer tutub. İyunun 1-də Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İstedadlı Uşaqlar
Festivalı - 2013” mükafatına layiq görülüb. 21-25 iyul 2014-cü ildə Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Öyrən, idarə et, lider ol”
mövzusunda keçirilən təlimdə fəal iştirakıma diploma layiq görülüb.
Əldə etdiyi naliyyətlərə görə birinci növbədə valideynlərinə,
şahmatda ona böyük köməklik edən məşqçisi Gennadi Gelmana və maddi-mənəvi dəstək
verən hər kəsə borclu olduğunu deyir.
Aynur Sofiyevaya bənzəmək istəyir Haqq, həm bir vətəndaş
kimi, həm də bir dövlətinə xidmət edən insan kimi. Fəaliyyətdə zirvə yoxdur. Həmişə
yüksək zirvədə, pillədə olmaq istəyir və
var qüvvəsiylə çalışır ki, istəyinə
çatsın.
Gələcəkdə millət vəkili olmaq istəyir. 2014-cü ilin
noyabrında III ümumrespublika uşaq formunun iştirakçısı olub. Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə hazırlaşır.
Asudə vaxtlarında mütaliə edir, şahmatla məşğul olur,
kitablar oxuyur və tarixi şəxsiyyətlər haqqında olan mövzulara daha çox
üstünlük verir.
Ən böyük arzusu şahmat üzrə dünya çempionu olmaq, ali
təhsil almaq, arzularını gerçəkləşdirmək, xalqına, vətəninə, cəmiyyətinə gərəkli
bir vətəndaş olmaqdır. Bu addımları atmaq üçün isə oxuyur, ictimai işlərdə fəal
iştirak edir, var qüvvəsiylə çalışır.
Onun fəaliyyəti ilə bağlı əksər televiziya və radiolarda məlumat
verilib. ATV kanalının xəbərlərində, dəfələrlə İctimai kanalın “Yeni gün”
verilişində, ANS telekanalının xəbərlərində, Xəzər televiziyasında, Space-də,
Az.TV-də səhər kanalında, radionun uşaqlar üçün verilişində onun fəaliyyəti ilə
bağlı məlumatlar verilib. “Göy qurşağı” uşaq jurnalında “Dama-dama qələbəyə”,
Almaniya-Azərbaycan əlaqələdirmə və informasiya jurnalında “Həmişə oyunda”, “Bizim
dünyamız” foto kitab toplusunda, “Azərbayan müəllimi” qəzetində “Yaşıdları
arasında ilk qızıl medal sahibi”, “Zəfər qalası” qəzetinin “İşığa doğru”, “Hüquqşünas”
qəzetində “Çempion”, “Borçalı” qəzetində “Təbriklər”, “Hakimiyyət” qəzetində “Uğurlarına
görə təbriklər”, “Mədəniyyət” qəzetində “Haqqın yolu Mərhəmət işığında” adlı məqalələr
ona həsr edilib.
Uğurların daha çox olsun Haqq! Tanrı səni haqqın
yolundan sapdırmasın!
Комментариев нет:
Отправить комментарий